Azərbaycan Parlamenti necə yarandı
Dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir hadisə - nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 95 illiyi qeyd olunur. Həmin gün müasir Azərbaycan Respublikası Parlamentinin - Milli Məclisin varlığını və fəaliyyətini milli dövlətçiliyimizin labüd bir reallığı kimi qəbul edən və bu məntiqində haqlı olan vətəndaşlarımızın böyük əksəriyyəti Cümhuriyyət Parlamentinin tarixən öz yaranma mərhələlərində nə qədər mürəkkəb və ağır, çətin və kəşməkəşli, eyni zamanda şərəfli bir yol keçdiyini bəlkə də bilmirlər, yaxud bunun fərqinə varmırlar. Keçilən yola nəzər salaq.
Rusiya Dövlət
Dumasından Ümumrusiya Müəssislər Məclisinə
Azərbaycanlıların təbəələri olduqları Rusiya imperiyasının ali nümayəndəli qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. Çar II Nikolayın 1905-ci il 17 oktyabr tarixli manifesti əsasında təsis edilən I Dövlət Duması 1906-cı il aprelin 27-də işə başlasa da, Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında seçkilər yalnız mayın 31-də keçirilmiş və azərbaycanlı deputatlar onun işinə sonradan qoşulmuşdular. İmperiyanın, o cümlədən Cənubi Qafqazın müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən bu seçkilərdə Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdilər. Azərbaycanlı deputatlar 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament fraksiyasına daxil idilər və maraqlıdır ki, tatarların üstünlük təşkil etdikləri bu fraksiyaya o dövrdə artıq peşəkar hüquqşünas və nüfuzlu ictimai xadim kimi tanınan Ə.Topçubaşov rəhbərlik edirdi. Azərbaycanlı deputatlar I Dumanın işində kifayət qədər fəal iştirak etmiş və müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərkən təmsil etdikləri xalqın hüquqlarının müdafiəsini əsas tutmuşlar. Belə çıxışlar arasında İsmayıl xan Ziyadxanovun millətlərarası toqquşmalarla əlaqədar verilmiş sorğu ilə bağlı söylədiyi nitq çarizmin Azərbaycandakı siyasətinin kəskin tənqidi ilə seçilməklə o zaman üçün son dərəcə böyük cəsarət tələb edən addım sayılırdı: "Artıq elə bir vaxt gəlib çatmışdır ki, biz də oyanmışıq və bizim susmağa ixtiyarımız yoxdur. Rusiya yüz il bundan əvvəl Cənubi Qafqazı zəbt etmişdir. Yüz il ərzində biz, bir növ, hərbi əsir hesab olunurduq... heç bir hüququmuz yox idi, milli varlığımıza təcavüz edilmişdir. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyil... Torpaq azlığından əziyyət çəkirik, lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürülür... Artıq səbrimiz tükənmişdir..."
Qeyd edilməlidir ki, I Dövlət Dumasının ömrü çox qısa olmuş, demokratiya qanunlarına alışmamış çar hakimiyyəti Dumadaxili və ondan kənarda ziddiyyətlərin kəskinləşməsindən narahat olaraq 1906-cı il 9 iyul manifesti ilə Dumanın buraxıldığını elan etmişdir. Burada bəzi azərbaycanlı deputatların cəmi bir sessiya fəaliyyət göstərmiş Dövlət Dumasının işində nə qədər cəsarətli və prinsipial mövqe tutduqlarını nümayiş etdirən bir məqama diqqət yetirmək maraqlı olardı. I Dumanın buraxılması ilə razılaşmayan bir qrup deputat (kadetlər, trudoviklər və sosial-demokratlar) öz iclaslarını Peterburq yaxınlığında - Viborqda keçirməyi qərara alır. 9-10 iyulda 200 deputatın iştirakı ilə keçirilən bu iclaslarda hökumətə passiv müqaviməti nəzərdə tutan Vıborq Müraciətnaməsi qəbul olunur. Həmin müraciətnaməni imzalayanlar arasında Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov da var idi. Çar hökuməti bu sənədi imzalayanları ən ciddi şəkildə cəzalandırır, onlar, o cümlədən Ə.Topçubaşov və İ.Ziyadxanov üç aylıq həbsə məhkum edilməklə növbəti dövlət dumalarına seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər. Azərbaycanın və Rusiyanın bu dövlət və ictimai xadimlərinin, xüsusilə artıq o dövr Rusiya müsəlmanlarının ən nüfuzlu lideri sayılan Əlimərdan bəyin Dumanın sonrakı heyətlərində iştirak etməməsinin səbəbi bu qadağa ilə bağlıdır.
Bununla
belə, 1907-ci il 20 fevral - 2 iyun tarixdə
çağırılmış II Dövlət Dumasında
azərbaycanlı deputatların artıq yeni dəstəsi
qanunvericilik fəaliyyətinə başlayır. Seçkilərdə
iştirak edənlərin dairəsi seçki qanununa "Senat
izahı" adlı sənədlə məhdudlaşdırılsa
da, bu dəfə artıq 6 azərbaycanlı deputat mandatı almağa müvəffəq
olur: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd
ağa Şahtaxtlı, Mustafa Mahmudov, Zeynal Zeynalov və
İsmayıl Tağıyev. Sonuncu şəxs
Dumanın işində iştirak etməsə də, Müsəlman
fraksiyasına daxil olan azərbaycanlı deputatlar, xüsusilə F.Xoyski və X.Xasməmmədov dəfələrlə
müzakirələrdə yalnız öz adlarından
deyil, fraksiya adından da çıxışlar etmişlər. Bu dəfə də Dumaya
seçkilərin nəticələrindən narazı qalan və
onun qovulması üçün bəhanə axtaran çar
hökuməti cəmi 103 günlük fəaliyyətdən sonra II Dumanın da işinə son qoyur.
I və II dumaların mahiyyət etibarilə hökumətə müxalif mövqedə durması çar rejimini Dumaya seçki prosesini daha ciddi tənzimləmək qənaətinə gətirir. III Dövlət Dumasına seçkilər artıq 1907-ci il 3 iyun tarixində qəbul edilmiş, vəziyyəti mülkədar və burjua nümayəndələrinin xeyrinə dəyişmiş yeni seçki qanunu əsasında aparılır və nəticədə milli ucqarlardan olan nümayəndəliklərə verilən yerlər xeyli azaldılır. 1907-ci il noyabrın 1-də çağırılan III Dumanın cəmi 8 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edir. Əvvəlki dumalardan fərqli olaraq, bu Dumaya nəzarəti ələ almış çar hakimiyyəti onun səlahiyyət müddətinə müdaxilə etmir və Duma 1912-ci ilə qədər beş çağırış sessiyasını tam işləyir. Artıq ikinci dəfə Dumaya deputat seçilən X.Xasməmmədov müsəlman fraksiyasının ən fəal üzvü olur, müsəlmanların hüquq və azadlıqları, ana dilində təhsil almaları və digər məsələlərə dair çıxışlar edir, 1905-1907-ci illər Cənubi Qafqazda milli zəmində baş verən münaqişələrin müzakirələri zamanı onların bir səbəbi kimi çarizmin köçürmə siyasətini açıb göstərir.
1912-ci il noyabrın 15-də fəaliyyətə başlayan IV Dövlət Dumasına seçkilər də milli ucqarlardan nümayəndəliklərinin sayının məhdudlaşdırılması prinsipi üzrə aparılır və bu səbəbdən Dumanın artıq 7 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yenə də yalnız bir deputat - bu dəfə Məmməd Yusif Cəfərov təmsil edir. Əvvəlki dumalarla müqayisədə nüfuzu xeyli aşağı düşmüş bu qanunvericilik orqanının hakimiyyətə münasibətdə bir qədər gözləmə mövqeyi I Dünya müharibəsi başlayandan sonra tədricən əks xarakter alır. İmperator II Nikolaya qarşı müxalifət mərkəzlərindən birinə çevrilən Dövlət Duması Rusiya imperiyasının əsaslarını dağıdan 1917-ci il fevral inqilabında mühüm rol oynayır və İmperatorun Dumanın fəaliyyətinin aprel ayına qədər dayandırılması haqqında 25 fevral tarixli əmrinə tabe olmur. Artıq inqilabın ilk günü - fevralın 27-də Dövlət Dumasının Müvəqqəti Komitəsi yaradılır və faktiki olaraq ölkədə ali hakimiyyət funksiyasını yerinə yetirən bu orqan Rusiyanın Müvəqqəti Hökumətini təşkil edir. Monarxiya devrildikdən sonra Duma bir daha tam tərkibdə toplaşa bilməsə də, onun Müvəqqəti Komitəsi müntəzəm olaraq öz iclaslarını keçirir. Müvəqqəti hökumət "Müəssislər Məclisi"nə seçkilərin başlanması ilə əlaqədar olaraq 1917-ci il oktyabrın 6-da Dövlət Dumasının buraxılması haqqında qərar qəbul edir. Lakin bu məsələyə son nöqtəni 1917-ci il 25 oktyabr (yeni təqvimlə 7 noyabr) çevrilişi qoyur. RSFSR Xalq Komissarları Sovetinin 1917-ci il 18 (31) dekabr tarixli dekreti ilə Dövlət Duması və Müvəqqəti Komitənin dəftərxanası ləğv olunur.
Cəmi
11 illik tarixi olan Rusiya Dövlət dumaları Azərbaycanda
parlamentarizmin inkişafında əhəmiyyətli rol
oynayır. İmperiyanın müsəlman əhalisinin ölkənin bu ali nümayəndəli hakimiyyət orqanında az sayda təmsil edildiklərinə baxmayaraq,
müsəlman, o cümlədən azərbaycanlı
deputatlar üçün bu təmsilçilik
yalnız dövlət idarəçiliyi sistemi ilə içəridən
tanışlıq, qanunvericilik
prosesində bilavasitə iştirak və Dumanın fəaliyyətini
istiqamətləndirən müxtəlif təmayüllü
partiya fraksiyaları ilə ünsiyyət nəticəsində
sırf siyasi, parlamentçilik
təcrübəsi əldə edilməsi ilə məhdudlaşmır.
Etnik, dini və mədəni baxımdan rəngarəng
Rusiya imperiyasının özünəməxsus "xalqlar nümayəndəliyi"
funksiyasını yerinə yetirən bu ali hakimiyyət
orqanında dini eyniyyətinə görə "müsəlman"
adlanan fraksiyada birləşən, Dumanın digər üzvləri
tərəfindən isə daha çox "milli qrup" kimi qəbul edilən müsəlman
deputatların birgə fəaliyyət təcrübəsi
artıq həmin dövrdə Rusiya müsəlmanlarının,
(azərbaycanlı deputatların ən fəal iştirakı
ilə) ümummilli siyasi mərkəzlərinin
yaradılması cəhdlərinə gətirib
çıxarır.
Azərbaycanlı deputatların Rusiya Dövlət dumalarındakı fəaliyyəti ayrıca bir mövzudur. Burada isə belə bir məqamı qeyd edək ki, dumaların üzvü olmuş 11 azərbaycanlı deputatdan 5 nəfəri - Ə.Topçubaşov, F.Xoyski, İ.Ziyadxanov, X.Xasməmmədov və M.Y.Cəfərov professional hüquqşünas idilər və bu sahədə öz vətənlərində geniş fəaliyyət göstərirdilər. Məhəmməd ağa Şahtaxtlı Sarbonna Universitetinin dinləyicisi olmuş, Leypsiq Universitetini bitirmişdi. Digər deputatlar da Rusiyanın və Avropanın müxtəlif ali məktəblərində təhsil almış və öz xalqlarının ictimai-mədəni həyatında xidmətləri ilə tanınmış ziyalılar idi. Az sonra onların əksəriyyəti Azərbaycanda öz xalqlarının taleyüklü məsələlərinin həlli məsuliyyətini öz üzərinə götürəcək və son nəticədə öz vətənlərində parlamentarizmin əsasını qoyacaqlar. Lakin 1917-ci ilin fevralında onlar bu məqsədə aparan yolun hələ başlanğıcında idilər.
Ümumrusiya
Müəssislər Məclisindən Zaqafqaziya Seyminə
Fevral inqilabının ilk günlərində Müvəqqəti hökumət yerlərdə hakimiyyət məsələsini həll etmək zərurəti ilə üzləşir və artıq martın 9-da (22-də) Tiflisdə IV Dövlət Dumasından olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi (XZK) adlanan milli hakimiyyət orqanı yaradılır. Qarşısına "Zaqafqaziya diyarında möhkəm qayda yaratmaq və hakimiyyət orqanını təşkil etmək" vəzifəsi qoyulmuş və cəmi 5 nəfərdən ibarət olan bu Komitəyə sədrlik etmək bütün Rusiya dumalarının üzvü olmuş Don kazak birləşmələrinin nümayəndəsi Vasiliy Xarlamova həvalə edilir. Qalan 4 komitə üzvü - azərbaycanlı Məmməd Yusif Cəfərov (kadet, sonra müsavatçı), gürcü A.Çxenkeli (menşevik), gürcü K.Abaşidze (sosial-federalist) və erməni M.Papacanov (daşnak) arasında isə vəzifə bölgüsü aparılır. M.Y.Cəfərova yeni yaradılan XZK-də sənaye və ticarət işlərinə nəzarət tapşırılır. Lakin vaxtilə "mərkəzləşdirilmiş bürokratik mexanizmin Rusiyanın özgə xalqlarının milli hissələrini" təhqir etməsinə kəskin etirazını bildirən sonuncu, IV Dumanın yeganə azərbaycanlı deputatının fəaliyyəti ona tapşırılan sahələrə nəzarətlə bitmir. M.Y.Cəfərov Rusiya dumalarının "Müsəlman" fraksiyalarına daxil olan deputat həmkarları ilə birlikdə həmin "özgə xalqlar"ın milli maraqlarının təmin edilməsi sahəsində geniş fəaliyyətə başlayır.
Hər günü qarşıya yeni, taleyüklü tələblər qoyan bu dövrdə, yəni Fevral inqilabının ilk aylarında Azərbaycan siyasi qüvvələrinin gördüyü işlər sırasında iki mühüm tədbir xüsusi qeyd olunmalıdır. Bunlar 1917-ci ilin aprel və may aylarında keçirilən Qafqaz müsəlmanlarının Bakı və Rusiya müsəlmanlarının Moskva qurultaylarıdır. Belə ki, Azərbaycan milli qüvvələri Rusiyanın bütün müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlayırlar.
Burada bir haşiyə çıxaq ki, Rusiya imperiyasında yaşayan müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və bu məqsədlə onların siyasi cəhətdən təşkilatlanması ideyası hələ 1905-ci ilin əvvəllərində Azərbaycanda meydana gəlmiş, həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və tatar ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim Əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı "İttifaqi-Müslimin" (Ümumrusiya Müsəlmanlar İttifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər. Cəmi 4 aydan sonra, avqustun 15-də Rusiyanın Nijni-Novqorod şəhərində yarmarka vaxtı, hökumətin rəsmi razılığı olmadan, 150 nəfər nümayəndənin iştirakı ilə Rusiya müsəlmanlarının I qurultayı keçirilmiş və bu təşkilatın əsası qoyulmuşdur. 1906 (2 dəfə), 1914 və 1917-ci illərdə bəzən gizli, bəzən icazəli keçirilən və Rusiya müsəlmanlarının problemləri geniş mənada müzakirə olunan sonrakı qurultaylarda Azərbaycan nümayəndə heyəti ən fəal surətdə iştirak etmiş, Əlimərdan bəy isə əvəzsiz olaraq onların sədri, yaxud sədrlərindən biri seçilmişdir.
1917-ci il 15-20 aprel tarixdə Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayına da sədrliyi Ə.Topçubaşov edir, Rusiya və Azərbaycan müsəlman xalqlarının ağsaqqalı sayılan bu böyük nüfuz sahibi Qafqazın bütün xalqlarını ümumi vətənin rifahı naminə həmrəyliyə çağırır. Qafqaz müsəlmanlarının siyasi və milli-mədəni amallarını açıq ifadə etmək məqsədilə çağırılan bu ali məclisdə müzakirəyə qoyulan və geniş fikir ayrılığı doğuran əsas məsələlərdən biri Rusiyanın gələcək quruluşu və əsarətdə olan xalqların hüquqları olur. Bu məsələ üzrə məruzəni Məmməd Əmin Rəsulzadə edir. Rusiya kimi geniş ərazilərə malik, çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi prinsipinin xalqların azad birgə yaşayışı baxımından məqbul olmadığını bildirən məruzəçi milli müqəddəratın azad surətdə təyin olunması hüququnu əsas götürərək ərazi muxtariyyəti ideyasını irəli sürür. Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri bu ideyaya qarşı çıxırlar. İslamçılar ərazi muxtariyyəti tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini pozmaqda, sosialistlər, o cümlədən bolşeviklər isə inqilabi hərəkatı parçalamaqda günahlandırırlar. Uzun və qızğın müzakirələrdən sonra qurultay səsvermə yolu ilə M.Ə.Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul edir: "Federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən yaxşı forma kimi tanınsın".
Bakı qurultayından cəmi 10 gün sonra, 1917-ci il mayın 1-də Moskvada artıq Rusiya müsəlmanlarının qurultayı öz işinə başlayır. Bakı milyonçusu Şəmsi Əsədullayevin Moskva müsəlmanlarına bağışladığı binada keçirilən, 11 gün davam edən və 600-ə qədər nümayəndənin, o cümlədən 100 qadının iştirak etdiyi Moskva qurultayının gündəliyinə 13 məsələ daxil edilsə də, qurultayın mərkəzi məsələsi Bakı qurultayında olduğu kimi, yenə də Rusiyanın siyasi-dövlət quruluşu olur. Qurultaya sədrlik edən M.Ə.Rəsulzadə və osetin Əhməd Salikov bu məsələyə dair müzakirəyə iki qətnamə layihəsi çıxarırlar. M.Ə.Rəsulzadənin "milli-ərazi federasiya prinsipləri əsasında demokratik respublika yaradılması" ideyası qarşısında Ə.Salikov "Rusiya xalqlarına milli-mədəni muxtariyyət verilməklə unitar dövlətin saxlanılması" təklifini irəli sürür. Hər iki layihə səsə qoyulur və böyük səs çoxluğu ilə (446271) M.Ə.Rəsulzadənin təklif etdiyi qətnamə qəbul edilir. Beləliklə, Rusiya müsəlmanlarının qabaqcıl nümayəndələri Rusiyanın milli-federativ respublikaya çevrilməsi və müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi ideyasını günün tələbi kimi irəli sürürlər.
Burada nəzərə alınmalıdır ki, bu tələb 1917-ci ilin mayında - monarxiya rejimi devrilmiş Rusiyada demokratik prinsiplərə əsaslanan yeni dövlət quruluşu məsələnin hələ son dərəcə aktual olduğu və ən müxtəlif siyasi partiyalar və cərəyanlar tərəfindən qızğın şəkildə müzakirə edildiyi zaman səslənirdi və Rusiyanın müsəlman xalqları, o cümlədən azərbaycanlılar üçün o dövr federativ respublika tərkibində ərazi muxtariyyətinə nail olmaq çox mühüm nəticə sayılardı.
Düz bir ildən sonra, 1918-ci il may ayının sonlarında Azərbaycan milli siyasi qüvvələri artıq başqa bir seçim qarşısında duracaqlar və birmənalı şəkildə öz xalqlarının müqəddəratını tamamilə digər bir ideya əsasında həll edəcəklər.
Lakin 1917-ci ilin yazında, azərbaycanlılar öz gələcəyini Rusiyanın digər xalqları ilə birlikdə görür və ciddi surətdə Ümumrusiya Müəssislər Məclisinə seçkilərə hazırlaşırdılar.
Ümumrusiya Müəssislər Məclisinin - dövlətin idarə formasını müəyyən etmək və ən mühüm siyasi, iqtisadi və milli problemlərin qanunvericilik əsasında həllini tapacaq konstitusiya hazırlamaq üçün ümumi seçki hüququ əsasında yaradılacaq ali nümayəndəli orqanın çağırılmasını Rusiya Müvəqqəti hökuməti özünün başlıca vəzifəsi hesab edirdi. Seçkilər haqqında Əsasnamə ümumi seçki hüququ əsasında proporsional seçki sisteminin nəzərdə tutulması, qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması və s. baxımdan demokratik sənəd idi. Müvəqqəti hökumət seçkilərin keçirilməsi vaxtını 1917-ci il 12 (25) noyabra, Müəssislər Məclisinin çağırılmasını isə 28 noyabra (11 dekabr) elan etmişdi. Bu müddət ərzində Rusiyada Oktyabr çevrilişi baş versə də, hakimiyyətə gəlmiş bolşeviklər Müəssislər Məclisi fikrinin geniş xalq kütlələri və siyasi dairələr arasında son dərəcə dəstəkləndiyini nəzərə alaraq seçkilərin keçirilməsi vaxtını dəyişmədən saxlayırlar. Bolşeviklər Sovet hakimiyyətinin ilk dekretlərinin, ilk növbədə sülh və torpaq haqda dekretlərin seçicilərin səslərini onların xeyrinə toplayacağına və bununla da Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) partiyasının Müəssislər Məclisinə seçkilərdə uğur qazanacağına ümid edirdilər.
Rusiyada bolşevik hakimiyyətinin qurulması Cənubi
Qafqazda rəğbətlə qarşılanmır. Bu dövrdə bütün ölkədə
olduğu kimi, Cənubi Qafqazda da müxtəlif siyasi cərəyanların,
partiyaların və sosial təbəqələrin fəallığının
artdığı, münasibətlərin
isə gərginləşdiyi
bir şəraitdə yerli
hakimiyyət orqanı olan Xüsusi Zaqafqaziya Komitəsinin sabitliyi təmin etməyə
qadir olmadığı aydınlaşır. Regionu
anarxiya və xaosdan qorumağa çalışan və Sovet
Rusiyasına tabe olmaq istəməyən gürcü
menşevikləri, azərbaycanlı müsavatçılar,
erməni daşnaklar və sağ eserlər 1917-ci il
noyabrın 15-də Tiflisdə Zaqafqaziya
Komissarlığı adlanan
koalision hökumət yaradırlar. Yeni hakimiyyət Cənubi Qafqazdan Ümumrusiya Müəssislər
Məclisinə seçkilərin keçirilməsi prosesini
sürətləndirir.
Müəssislər Məclisinə seçkilər Cənubi Qafqazın, o cümlədən Azərbaycanın da siyasi həyatında mühüm rol oynamalı idi. Belə ki, ilk dəfə olaraq azərbaycanlılar Ümumrusiya nümayəndəli qanunverici məclisinə seçkilərdə müstəqil milli siyasi təşkilatlar qismində iştirak edirdilər. XZK nəzdində seçkilər üzrə Mərkəzi Zaqafqaziya Komissiyası təşkil edilmişdi. Azərbaycanda yaradılmış müvafiq komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. Həmin dövr aparıcı mövqe tutan "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırsa da, prinsipial məsələlərdə fikir ayrılığı milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmağa imkan vermirdi. Müəssislər Məclisinə seçkilərdə iştirak edən 4 əsas Azərbaycan partiyası - "Musavat", "Müsəlman sosialist bloku", Müsəlman sosial-demokrat menşevik "Hümmət" və Rusiyada müsəlmançılıq "İttihad" - müstəmləkə keçmişinin, milli zülmün və hüquq bərabərsizliyinin tənqidində eyni mövqedə dursalar da, milli hərəkatın gələcək inkişafı və perspektivləri məsələsində yolları ayrılırdı. "Musavat" qəti şəkildə federativ Rusiya tərkibində milli-ərazi muxtariyyəti formasında Azərbaycan dövlətçiliyinin yaradılmasının tərəfdarı idi, qalan üç partiya isə yalnız milli-mədəni muxtariyyətlə kifayətlənməyə üstünlük verirdi. Bu səbəbdən "Musavat" partiyası hər iki tərəfdən - sosialistlərin və islamçıların kəskin tənqidinə məruz qalırdı. Azərbaycan sosialistləri Azərbaycan xalqının öz milli arzularına yalnız "yeni" Rusiya ilə ittifaqda çatacağını bildirərək müsavatçıları xalq kütlələrinin deyil, "vahid Ümumrusiya inqilabi hərəkatını" parçalamağa can atan burjua və xan-bəy dairələrinin mənafeyini dəstəkləməkdə ittiham edirdi. İslamçılar əksinə, "Musavat"ı həddən artıq sosialist yönlü olmaqda günahlandırır, xüsusilə qadın məsələsində onun mövqeyini qəbuledilməz hesab edirdi. "Musavat"ın qadınlara kişilərlə bərabər hüquq verilməsi tələbini islamçılar "dinsizlik və əxlaqsızlıq" kimi qiymətləndirirdilər. Lakin Müəssislər Məclisinə seçkilərin gedişi artıq çoxdan öz həllini gözləyən qadın məsələsinin "Musavat" tərəfindən irəli sürülməsinin özünü nə qədər doğrultduğunu göstərdi. İslamçıların güclü əks-təbliğatına baxmayaraq, Azərbaycan qadınlarının bu seçkilərdə iştirakı "Musavat" partiyasının qələbəsinin həlledici amillərindən biri oldu.
Seçkiqabağı kampaniyada "Musavat" partiyasına qarşı daha güclü barışmaz mövqeyi rus partiyaları nümayiş etdirirdi. Bolşeviklər, menşeviklər, eserlər və kadetlər Azərbaycan milli qüvvələrinin güclənməsi təhlükəsi qarşısında bütün partiyadaxili münaqişələrini kənara qoyaraq milli qüvvələrin əsas sütunu hesab edilən "Müsavat"a qarşı vahid cəbhədə birləşdilər. Beləliklə, Müəssislər Məclisinə seçkilər, eyni zamanda, Cənubi Qafqazın siyasi partiyalarının cəmiyyətdə nüfuzunun göstəricisi olmalı idi.
Nəhayət, 1917-ci il noyabrın 26-28-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. 2 455 274 seçicinin iştirak etdiyi bu seçkilərin yekununa görə, gürcü menşevikləri 661934 səs (seçicilərin ümumi sayının 26,9 faiz), müsavatçılar - 615816 (25,1 faiz), daşnaklar - 558400 (22,7 faiz), "Müsəlman Sosialist bloku" - 159770 (6,5 faiz), eserlər - 117522 (4,8 faiz), bolşeviklər 95581 (3,9 faiz), menşevik "Hümmət" - 84748 (3,5 faiz) və "İttihad" - 66504 (2,7 faiz) səs aldılar.
Seçkilərin nəticələri istər Cənubi Qafqazda, istərsə də Azərbaycanda siyasi qüvvələrin real nisbətini göstərdi. Topladığı səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçıların öz əsas rəqibləri - bolşevikləri 6,5 dəfə üstələməsi "Müsavat"ın şəksiz qələbəsi idi.
Seçkilər, həmçinin Cənubi Qafqaz əhalisi arasında Azərbaycan partiyalarının təsir və nüfuz dərəcəsini müəyyən etdi. Bu partiyaların birlikdə aldığı 926 838 səs Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə Cənubi Qafqazdan verilən ümumi səsin 37,7 faiziini təşkil edirdi ki, bunun da 66,5 faizi "Müsavat", 17,2 faizi "Müsəlman sosialist bloku", 9,1 faizi "Hümmət", 7,2 faizi "İttihad" partiyasına düşürdü. Seçkilərin nəticəsinə görə "Musavat" partiyası azərbaycanlılar arasında tam üstünlük qazana bilməsə də, Azərbaycan partiyalarına verilən səslər arasında alınan 66,5 faiz "Müsavat" partiyasının lider mövqeyinin təsdiqi ilə yanaşı, cəmiyyətin böyük əksəriyyətinin Azərbaycana milli-ərazi muxtariyyəti verilməsinin tərəfdarı olduğunu göstərdi.
Seçkilərin yekun nəticəsinə görə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə 34 deputat seçildi ki, onlardan da 12 nəfəri azərbaycanlı idi. Məclisə "Müsavat"dan Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xosrov Paşa bəy Sultanov, Qazi Əhməd Məmmədbəyov; "Müsəlman sosialist bloku"ndan İbrahim Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski; "Hümmət"dən Cəfər Axundov, "İttihad"dan Sultanməcid Qənizadə mandat almışdılar.
Ümumrusiya Müəssislər Məclisində üstünlüyü 62 faizdən çox səs toplamış eser və menşeviklər əldə etmiş, bolşeviklər isə cəmi 23,9 faiz səs yığmışdılar. Məhz bu amil Məclisin taleyində həlledici rol oynadı.
1918-ci il 5 (18) yanvar tarixində Petroqradda açılan Müəssislər Məclisi Sovet hökumətinin dekretlərini tanımadığını bildirdi və bolşeviklərin təklif etdiyi "Zəhmətkeş və istismar olunan xalqların hüquq bəyannaməsi"nin müzakirəsini rədd etdi. Müəssislər Məclisinin bolşevik platformasında durmadığı dərhal aydın oldu və 13 saat davam edən elə birinci iclasdan sonra, səhər saat 5-də Məclisin keçirildiyi Tavriya sarayının mühafizə rəisinin tələbi ilə onun işinə xitam verildi. Bir gündən sonra isə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Leninin məruzəsi əsasında Müəssislər Məclisinin buraxılması haqqında dekret qəbul etdi.
Hadisələrin belə istiqamət alması yollar bağlı olduğu üçün Müəssislər Məclisinə gedib çıxa bilməmiş Cənubi Qafqazdan olan nümayəndələri region xalqlarının taleyini həll etmək vəzifəsini öz öhdələrinə götürmək zərurəti ilə üzləşdirdi. Bu zərurət yalnız Müəssislər Məclisinin qovulması ilə deyil, eyni zamanda 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda yaranmış son dərəcə mürəkkəb vəziyyətlə bağlı idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçmişdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vehib paşaya teleqram göndərərək Türkiyə ilə sülh danışıqları aparmaq təklifi vermişdi. Lakin regionda güclü hakimiyyətə və nüfuza malik olmayan bu hökumətin yaranmış ağır vəziyyətdən çıxa biləcəyi böyük sual doğururdu. Odur ki, Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar əhalinin səlahiyyətli nümayəndələri kimi yaranmış şəraiti real qiymətləndirərək 1918-ci il fevralın 22-də keçirilən yığıncaqda Zaqafqaziya Komissarlığının buraxılması, yeni qanunvericilik orqanı kimi Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul etdilər.
(Ardı
var)
Solmaz RÜSTƏMOVA-TOHİDİ,
tarix elmləri doktoru, professor
Azərbaycan.-2013.- 5 dekabr.- S.9.