Azərbaycan və Çin
arasında növbəti
texniki-iqtisadi Əməkdaşlıq Sazişi imzalanmışdır
Dekabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Xun Tsyuinin görüşü olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın inkişafı məqsədi ilə Çin hökumətinin Azərbaycana 30 milyon yuan (4.477.611 ABŞ dolları) məbləğində növbəti qrant yardımının ayrılması ilə bağlı texniki-iqtisadi Əməkdaşlıq Sazişi imzalanmışdır. Sayca 10-cu olan bu saziş Azərbaycana Çin istehsalı olan müxtəlif təyinatlı texnikanın gətirilməsini nəzərdə tutur.
Danışıqlar zamanı Baş nazirin müavini Abid Şərifov iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirmiş, qarşılıqlı ticarət dövriyyəsinin artdığını vurğulamışdır. O qeyd etmişdir ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 900 milyon dollardan artıq olmuşdur. Baş nazirin müavini demişdir: "Bu göstəricini daha da artırmaq üçün hər iki ölkənin böyük potensialı vardır. Azərbaycanda bir sıra Çin şirkətləri uğurla fəaliyyət göstərir və iqtisadi əlaqələr inkişaf edir".
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimiz arasında münasibətlərin sıx dostluq və tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini qeyd etmişdir. Səfir demişdir ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmindən artıqdır. Diplomat belə müsbət göstəricilərin ölkələrimizin əlaqələri üçün daha geniş perspektivlər açdığını demişdir.
Bugünə
qədər Azərbaycan Respublikası hökuməti və
Çin Xalq Respublikası hökuməti arasında ümumi məbləği
245 milyon Çin yuanı (36.567.164 ABŞ dolları) olan 9
texniki-iqtisadi əməkdaşlıq sazişi
imzalanmışdır. Bu sazişlər
çərçivəsində 2012-ci ildə Azərbaycana Çin istehsalı olan kommunal təyinatlı 160-dan artıq texnika gətirilmişdir. Hazırda tikinti sahəsində istifadə etmək üçün 155 ədəd texnikanın
ölkəmizə gətirilməsi məqsədi ilə
danışıqlar aparılır. Eyni zamanda, Azərbaycan əlavə olaraq kommunal təyinatlı
50 texnikanın alınması üçün
Çin hökumətinə müraciət
etmişdir. Bundan əlavə, iki ölkə
arasında imzalanmış texniki-iqtisadi
sazişlər çərçivəsində
"Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi" MMC-nin toxumçuluq təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi
üçün tələb olunan maşın, aqreqat və
avadanlığın alınaraq muxtar respublikaya çatdırılması məsələsi
ilə bağlı müzakirələr aparılır.
Azərbaycan.-2013.- 6 dekabr.- S.2.