ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə

 müavininin brifinqində regionun enerji sistemində

 Azərbaycanın rolu xüsusi qeyd edilmişdir

 

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müavini Nişa Desai Bisval Dövlət Departamentində "ABŞ-ın Cənubi və Mərkəzi Asiyada xarici siyasətinin prioritetləri" mövzusunda brifinq keçirmişdir.

Xanım Bisval öz çıxışında ABŞ-ın Cənubi və Mərkəzi Asiya ölkələrinə münasibətdə xarici siyasətinin rolu barədə jurnalistlərə məlumat vermişdir. O vurğulamışdır ki, region ölkələri ilə ABŞ-ın münasibətləri təkcə hökumətlərin əlaqələrinə deyil, həm də xalqların qarşılıqlı münasibətlərinə əsaslanır.

N.D.Bisval qeyd etmişdir ki, Prezident Obama Administrasiyası region ölkələrinin sıx birləşməsi yolunu ticarət və kommersiya münasibətlərinin inkişafında görür.

ABŞ xarici siyasət idarəsinin nümayəndəsi bildirmişdir ki, ABŞ Cənubi və Mərkəzi Asiya ölkələri ilə energetika, ticarət və mədəniyyətlərarası münasibətlər sahəsində əlaqələrin inkişafını davam etdirir.

AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Azərbaycanın bu regionda əhəmiyyətinin və regionlararası layihələr üçün tranzit ölkə kimi rolunu nəzərə alaraq xanım Bisvala Azərbaycan barədə sual vermişdir. AzərTAc-ın nümayəndəsi öz sualında Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın əhəmiyyətinin artmasını xatırladaraq soruşmuşdur: "Transxəzər layihəsinin reallaşacağına ümidlər nə dərəcədə əsaslıdır və ABŞ administrasiyası bu layihə üzrə dəstəyi artırmaq üçün nə etməlidir?" N.D.Bisval bu suala cavab verməzdən əvvəl qeyd etmişdir ki, Qırmızı Xaç Cəmiyyətində işləyərkən Bakıda yaşamışdır. Dövlət katibinin müavini Transxəzər qaz kəməri layihəsi barədə onu bildirmişdir ki, ABŞ administrasiyası bütün region üzrə enerji layihələri və enerji sistemi arasında qarşılıqlı əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə yönəlmiş səyləri dəstəkləyir. N.D.Bisval demişdir ki, bir müddətdən sonra bu suala ətraflı cavab verə bilər. Dövlət katibinin müavini vurğulamışdır: "Mənim fikrimcə, enerji resursları ilə zəngin ölkələrin iqtisadi inkişaf üçün əlavə enerji resursları axtaran ölkələrlə qarşılıqlı əlaqələrinin möhkəmlənməsi bütün region üçün çox faydalıdır".

Nişa Desai Bisval ABŞ Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya ilə münasibətlər bürosunda dövlət katibinin müavini vəzifəsinə 2013-cü il oktyabrın 21-də təyin edilmişdir. Bundan əvvəl 2010-cu ilin sentyabr ayından ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Asiya üzrə rəhbərinin müavini vəzifəsində çalışmış, burada 22 ölkəyə 1,2 milyard dollar məbləğində maliyyə yardımı proqramlarına kuratorluq etmişdir. Bundan əlavə, N.D.Bisval Qırmızı Xaç Cəmiyyətində işləmiş və bir müddət Bakıda yaşamışdır.

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2013.-6 dekabr.-S.1.