İstanbulda Xəzər Forumu keçirilmişdir

 

İstanbuldakı "Çırağan" sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı və SOCAR, BP, TPAO şirkətlərinin dəstəyi ilə keçirilən Xəzər Forumunda Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerjikommunikasiya layihələri müzakirə olunmuşdur.

Forumun əvvəlində Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının çıxarılması və nəqlindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

HASEN-in baş katibi Haldun Yavaş tədbiri açaraq Xəzər Forumunun əhəmiyyəti, burada keçirilən müzakirələrin bölgədəki enerjikommunikasiya layihələri üçün konstruktiv rolundan bəhs etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrikini Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxumuşdur. Dövlət başçısının məktubunda qeyd olunmuşdur ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrindən sonra Trans-AnadoluTrans-Adriatik boru kəmərlərinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın sürətli iqtisadi inkişafı regionda nəhəng layihələrin həyata keçirilməsi və irimiqyaslı sərmayələr yatırılmasına imkan verir.

Dövlət başçısı siyasət, iqtisadiyyat, elm adamlarının iştirakı ilə aparılacaq müzakirələrin Avropanın enerji xəritəsini dəyişəcək yeni-yeni layihələrin meydana çıxmasına töhfə verəcəyini vurğulamış, forumun işinin məhsuldar olacağına əminliyini bildirmişonun işinə uğurlar arzulamışdır.

Sonra Türkiyə Prezidenti Abdullah Gülün forum iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubda deyilir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsi "Cənub" qaz dəhlizinin onurğa sütununu təşkil edəcəkdir. Bundan başqa, modern İpək Yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn  il istifadəyə veriləcəkdir. Bütün bu layihələr sayəsində Xəzər bölgəsi enerjikommunikasiya xətlərinin mərkəzi olacaqdır.

Forumun açılışında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da "Cənub" qaz dəhlizinin formalaşmasında Azərbaycan və Türkiyənin aparıcı rol oynadıqlarını söyləmişdir. TANAP layihəsinin həyata keçirilməsi qardaş ölkələrimizin birgə səyləri ilə mümkün olacaqdır. Artıq hazırlıq işləri tamamlanmış və tezliklə tikintiyə başlanacaqdır. Azərbaycan qazı təkcə Avropanın deyil, habelə Türkiyənin də 50 milyard kubmetr təbii qaza olan tələbatının təmin edilməsinə mühüm töhfə olacaqdır.

Sonra forum işini bölmə iclaslarında müzakirələrlə davam etdirmişdir.

"Xəzər regionunun nəqliyyat dəhlizi: Böyük İpək Yolunun canlanması" mövzusunda bölmə iclasında çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, İpək Yolu strategiyası Azərbaycanın da aparıcı rol oynadığı kommunikasiya layihələri ilə daha da canlanmışdır. TRACECA layihəsinin əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars layihəsi (BTQ) və ilkin mərhələdə 10 milyon ton yük daşınmasına imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Limanı buna əyani sübutdur. "Marmaray" layihəsindən sonra BTQ-nin də tamamlanması zərurətə çevrilmişdir. Xəzər regionunda multi modal daşımaların sürətlənməsi və dəniz daşımalarının daha da artırılması prosesi hələ 1998-ci ildə keçirilmiş konfransda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır.

Bölmə iclasında çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladze, Sloveniyanın infrastruktur və planlaşdırma naziri Samo Omerzel, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Rumıniyanın nəqliyyat üzrə dövlət katibi Nikuşor Marian Bulça regional nəqliyyat layihələrinin əhəmiyyətindən danışmışlar.

Müzakirələr "Cənub" dəhlizi: Regional enerji ehtiyatları üçün əsas marşrut" mövzusunda bölmə iclasında davam etdirilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bölmə iclasındakı çıxışında bildirmişdir ki, Azərbaycan ilə Avropa arasında etimadın  təminatçısı kimi TANAP önəmli layihədir. "Cənub" dəhlizinin canlanmasının əsası Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında 2011-ci ildə Bakıda keçirilmiş görüşdə imzalanmış enerji sektorunda Strateji Tərəfdaşlıq haqqında Sazişlə qoyulmuşdur. Beş il müddətində Avropa İttifaqı ilə aparılmış danışıqlar cari ilin iyununda Avropaya qaz nəqli marşrutunun müəyyən edilməsi, həmçinin sentyabr ayında "Şahdəniz" konsorsiumu və Avropanın qaz alıcıları arasında sazişin imzalanması ilə nəticələnmişdir. İlk mərhələdə Azərbaycan qazının daşınması "Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaqdır. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaqdır. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaqdır. Bizim 3 trilyon təsdiq olunmuş qaz ehtiyatımız vardır. Türkiyə və Avropa üçün alternativ qaz mənbəyi bazarda rəqabəti də artıracaqdır. Artıq hazırlıq işləri tamamlanır. "Şahdəniz" konsorsiumu Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz daşınması layihəsi üzərində də çalışır. Azərbaycanın həyata keçirdiyi kəşfiyyat işləri yeni qaz yataqlarının hasilatına da gətirib çıxaracaqdır. Yeni kəşf edilmiş "Abşeron" və "Ümid",  perspektivli "Şəfəq-Asiman" və "Babək" yataqlarını buna misal göstərmək olar. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaqdır. Bu həcmdə qazın nəqli üçün əvvəlcə "Şahdəniz-1" qazını nəql edən "Cənub" qaz Qafqaz boru xəttinə veriləcək mavi yanacağın həcmi artırılacaq, sonra "Şahdəniz-2" qazını nəql edəcək və gələn il inşasına başlanacaq TANAP boru kəməri çəkiləcəkdir. Sonuncu layihə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi nəticəsində həyata keçirilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, enerji təhlükəsizliyi bu gün dünya gündəmində yer alan ən mühüm mövzulardan biridir. Azərbaycan ortaqlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün üzərinə götürdüyü öhdəlikləri böyük iradə ilə yerinə yetirməkdədir.

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxışında bildirmişdir ki, milli neft strategiyasının üç əsas amili vardır. Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəlində maliyyə və texniki imkanlar yox idi. Ümummilli lider Heydər Əliyevin cəsarətli addımları ilə beynəlxalq enerji şirkətləri dəvət olundu. Sonra müxtəlif istiqamətlərdəki nəqliyyat marşrutlarından istifadə edildi və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi mühüm layihələr reallaşdı. Nəhayət, ən mühüm üçüncü addım Dövlət Neft Fondunun yaradılması oldu. Bu fond TANAP kimi iri layihələri maliyyələşdirməklə yanaşı, təhsil və digər proqramlara da vəsait ayırır.  

İclasda çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Albaniyanın iqtisadiyyat, enerji və ticarət naziri Damian Qjiknuri, Gürcüstanın enerji nazirinin müavini Mariam Valişvili, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birell, Türkiyənin BOTAŞ şirkətinin baş menecerinin müavini İbrahim Said Arınç, İtaliyanın Beynəlxalq Siyasət Araşdırmalar İnstitutunun direktoru Paolo Maqri "Cənub" qaz dəhlizinin və Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolundan ətraflı bəhs etmişlər.

Forumun sonunda "Xəzər mükafatı" laureatlarına mükafatların təqdim edilməsi mərasimi olmuşdur.        

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2013.-6 dekabr.-S.2.