Azərbaycanın Avstraliyadakı səfirliyində görüş

 

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Avstraliya üzrə əlaqələndiricisi Rəşad Həsənov və bir qrup fəal gənc Azərbaycanın bu ölkədəki səfirliyində olmuşdur.

Səfir Rövşən Cəmşidovla keçirilən görüşdə ASAIF-in yaranma tarixi, strukturu, fəaliyyəti, həyata keçirdiyi layihələr, eləcə də qurumun Avstraliyada görəcəyi işlərlə bağlı məlumat verilmişdir. R.Cəmşidov ASAIF-in fəaliyyətini yüksək qiymətləndirmişdir.

Diplomat azərbaycanlı gənclərin şəbəkələşməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avstraliya ictimaiyyətinə çatdırılması, ölkəmizin tarixinin, mədəniyyətinin, əldə etdiyi nailiyyətlərin təbliği istiqamətində məsləhətlər vermiş, onlara bu işdə hər cür yardım ediləcəyini bildirmişdir.

Görüşdə həmçinin ASAIF ilə əməkdaşlıq, həyata keçiriləcək birgə layihələrlə bağlı müzakirələr aparılmışdır.

Sonra gənclər səfirliyin inzibati binası və buradakı iş prosesi ilə yaxından tanış olmuşlar.

 

Azərbaycan.-2013.-6 dekabr.-S.4.