İrina KAJAL: «Azərbaycan-Rumıniya əlaqələri yüksək səviyyədədir»

 

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasında iştirak edən Rumıniyanın Mədəniyyət Nazirliyinin dövlət katibinin müavini İrina Kajal AzərTAc-a məxsusi müsahibə vermişdir. Müsahibəni təqdim edirik:

- UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycan UNESCO-nun mühüm tərəfdaşlarından biridir və təşkilata böyük töhfələr verir. Bu mötəbər tədbirə də uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Mən çox şadam ki, mədəni irsin qorunması Azərbaycan üçün prioritet məsələlərdəndir. Bu, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində də açıq-aydın görünür. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsinin əsas səbəblərindən biri də məhz onun qeyri-maddi mədəni irsin qorunmasına verdiyi əvəzsiz töhfələrdir.

Azərbaycanın birinci xanımının dəstəyi və təşəbbüsü ilə ayrı-ayrı dövlətlərdə, eləcə də Rumıniyada irimiqyaslı layihələr həyata keçirilir.

Bir ay əvvəl Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Belə tədbirlər dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi və mədəniyyət xadimlərini, elm adamlarını bir araya gətirməklə müasir dünyamız üçün olduqca vacib məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, həm də Azərbaycanın beynəlxalq miqyasda tanıdılması istiqamətində uğurlu addımdır.

 

- Azərbaycan-Rumıniya əlaqələrinin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

 

 - Azərbaycan Rumıniya üçün vacib tərəfdaşdır. Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Əminəm ki, bu əlaqələr daha da möhkəmlənəcək və genişlənəcəkdir. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkənizin Rumıniya, eləcə də Avropa İttifaqına daxil olan digər dövlətlərlə əlaqələrinin genişlənməsinin böyük əhəmiyyəti vardır. Rumıniya Azərbaycanı beynəlxalq arenada hər zaman dəstəkləyir. Bu da münasibətlərimizin inkişafı sayəsində mümkün olmuşdur.

Dünyanı bürümüş maliyyə böhranı şəraitində Cənubi Qafqazın lider dövləti olan Azərbaycan iqtisadi inkişafını qoruyub saxlamışdır. Azərbaycan son 20 ildə böyük nailiyyətlər əldə etmişdir. Ölkəniz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır. Azərbaycan həm də Avropaya doğru inamlı addımlarla irəliləyən ölkədir. Azərbaycan Rumıniyaya mədəniyyət, iqtisadiyyat və digər sahələrin inkişafında kömək göstərir. Biz bunu yüksək qiymətləndiririk.

Biz xüsusilə mədəniyyət sahəsində Azərbaycan ilə əlaqələri daha da genişləndirmək niyyətindəyik. Bununla bağlı gələcəkdə sənədlərin imzalanması da nəzərdə tutulur.

- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolu haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Bütün dünyaya bəllidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu, həm indiki zaman, həm də gələcək üçün vacib amildir. Bu gün Avropanın enerji marşrutlarının şaxələndirilməsinə böyük ehtiyac vardır. Azərbaycan bu məsələdə böyük rol oynayır. Regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycana enerji resurslarını Avropaya ixrac etməyə imkanlar açmaqla yanaşı, bölgənin davamlı inkişafına da şərait yaradır.

 

Azərbaycan.-2013.-6 dekabr.-S.6.