Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə
Hökumətlərarası Komitəsinin
8-ci sessiyası işgüzar müzakirələrlə davam
edir
Dekabrın 5-də Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini davam etdirmişdir.
Sessiya çərçivəsində günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas olmuşdur.
İlk olaraq sessiyada iştirak edən UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuranı salamlayan Ə.Qarayev bildirmişdir ki, bu günlərdə 10 illik yubileyini qeyd edəcəyimiz Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın hazırlanmasında onun müstəsna xidmətləri olmuşdur.
İclasda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin köməkçi qurumunun 2013-cü il üzrə fəaliyyətinə dair hesabatı dinlənilmiş və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyalar nəzərdən keçirilmişdir.
Tədbirdə hər bir nominasiya barədə ətraflı məlumat verilmiş, təqdim edilən qovluqların müvafiq tələblərə cavab verib-vermədiyi, bu nominasiyaların çatışmayan tərəfləri göstərilmiş və onlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Nəzərdə tutulmuş qaydalara cavab verən Monqolustan, Nigeriya, Peru, Koreya Respublikası, Rumıniya-Moldova, Seneqal, Sloveniya, Makedoniya, Ukrayna, Venesuela və Vyetnama məxsus nümunələr Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir.
Bu siyahıda qardaş Türkiyənin təqdim etdiyi türk qəhvəsinin də yer alması olduqca sevindiricidir.
Həmin ölkələrin nümayəndələri ilk növbədə bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, siyahıya salınmış nümunələr xalqların öz mədəni irsinə olan sevgisini daha da artıracaq, millətlər arasında yeni mədəni körpülərin yaranmasına təkan verəcəkdir.
Bir sıra ölkələrin siyahıya düşmüş mədəniyyət nümunələri fasilə zamanı canlı olaraq nümayiş olunmuş və iştirakçılarda böyük maraq doğurmuşdur.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini günün ikinci yarısında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirmişdir.
Əvvəlcə təqdim olunmuş "8.COM 8" qərar layihəsi nəzərdən keçirilmiş və 16 maddə qəbul edilmişdir. Həmçinin Albaniya və Burkina Fasonun təklifləri əsasında sənədə müvafiq olaraq 17-ci və 18-ci maddələr əlavə edilmişdir. Sonra sənədə əlavə edilmiş maddələrin bütün mexanizmlərə aid edilməsi barədə 19-cu maddə daxil edilmişdir.
Bildirilmişdir ki, müzakirə olunan məsələlərdən biri də 2014-cü il dövrü üçün məşvərətçi və köməkçi qurumların yaradılmasıdır. Müvafiq istiqamətdə gələn il üçün məşvərətçi qurumun yaradılması və onun texniki şərtləri nəzərdən keçirilmişdir. Həmçinin müvafiq dövr üçün köməkçi qurumun yaradılması və onun texniki şərtləri nəzərdən keçirilmişdir.
Digər müzakirə olunan məsələ 2014-cü il dövrü üçün təqdim olunmuş qovluqların sayı, 2015 və 2016-cı illərdə müraciət oluna bilən qovluqlar olmuşdur. Bildirilmişdir ki, bu sənəd vasitəsilə komitə 2015-2016-cı illərdə nəzərdən keçirilə biləcək qovluqları müəyyən edəcəkdir. Həmçinin 2014-cü il üçün qovluqların sayı barədə məlumat verilmiş və müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan.-2013.-6 dekabr.-S.6.