Rəşidə MANCU: «Azərbaycanda qadınlara qarşı zorakılıqla

mübarizə istiqamətində əldə edilmiş nailiyyətlər təqdirəlayiqdir»

 

Dekabrın 5-də BMT-nin qadınlara qarşı zorakılıq məsələləri üzrə xüsusi məruzəçisi Rəşidə Mancu Azərbaycana 10 günlük səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.  

R.Mancu bildirmişdir ki, səfər müddətində o, Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıtda bir sıra görüşlər keçirmişdir.

Məruzəçi demişdir ki, Azərbaycanda bərabərliyə əsaslanan və ayrı-seçkilik olmayan mühitin yaradılması üçün mühüm addımlar atılmışdır. "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunların qəbulunu buna misal kimi göstərmək olar. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da bu istiqamətdə mühüm addım kimi qiymətləndirilməlidir. Komitənin bir sıra maarifləndirmə kampaniyaları, təlimlər keçirməsi, həmçinin regionlarda ailələrə dəstək mərkəzləri yaratması təqdirəlayiqdir.

R.Mancu demişdir ki, Azərbaycan hökuməti qadınların ictimai həyatda səlahiyyətlərinin artırılmasına, o cümlədən təlimlər və maarifləndirmə kampaniyaları vasitəsilə onlara yönəlmiş təşəbbüslərə xüsusi diqqət yetirir. O əlavə etmişdir ki, Azərbaycanda qadınların ictimai-siyasi həyatda iştirakı ilə bağlı görülmüş işlər, eləcə də sahibkar qadınlar üçün maliyyə vəsaitlərindən istifadə imkanlarının yaradılması məmnunluq doğurur.

Xüsusi məruzəçi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan ciddi fəsadlardan qadınların və uşaqların da əziyyət çəkmələrinin təəssüf doğurduğunu bildirmişdir. O demişdir ki, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdundan zorla çıxarılmışdır, onların yarıdan çoxunu qadınlar və uşaqlar təşkil etmişdir. O, Azərbaycanda ailə üzvləri itkin düşmüşya şəhid olmuş qadınlarla da görüşdüyünü diqqətə çatdırmışdır.

R.Mancu ölkəmizdə qadınların təhsil, məşğulluq, tibbi xidmət, psixoloji yardım və mənzillə təminat məsələlərində hökumət tərəfindən lazımi tədbirlərin görüldüyünü söyləmişdir.

Məruzəçi ümumilikdə Azərbaycanda qadınlara qarşı zorakılığın bütün növlərinin qarşısının alınmasında görülən işlərin təqdirəlayiq olduğunu vurğulamış, missiyasının nəticələrinin 2014-cü ilin iyun ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyi hesabatda əksini tapacağını bildirmişdir.

Sonda R.Mancu onu səfərə dəvət etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-6 dekabr.-S.6.