Azərbaycan Dövlət İqtisad
Universitetinin beş tələbəsinə
Beynəlxalq
Nobel Qardaşlıq Fondunun
2013-cü il üzrə təqaüdləri təqdim edilib
Dekabrın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) xüsusi istedadlar qruplarında təhsil alan beş tələbəsinə Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsis etdiyi "İqtisad elmləri üzrə 2013-cü il təqaüdü" təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev Beynəlxalq Nobel Qardaşlıq Fondunun təqaüdünün Cənubi Qafqazda artıq üçüncü ildir ki, yeganə olaraq ADİU-nun tələbələrinə təqdim edilməsini universitet üçün çox mühüm göstərici olduğunu vurğulamış, bunun tələbələr üçün ciddi motivasiya yaratdığını bildirmişdir.
Məşhur
Nobellər ailəsinin nümayəndəsi, Beynəlxalq Nobel
Qardaşlıq Fondunun sədri, tanınmış
iqtisadçı, ADİU-nun fəxri doktoru Filip Nobel yenidən
Bakıda və bu ali təhsil ocağında olmaqdan məmnunluğunu
bildirmiş və 2013-cü ildə də təqaüd
üçün ən layiqli tələbələrin
seçildiyini qeyd etmişdir.
Bildirilmişdir ki, təqaüd verilən tələbələrin seçimi zamanı onların tədris göstəriciləri, universitetin və respublikanın təhsil və ictimai həyatda fəallığı, eləcə də bir neçə xarici dil bilmək, digər müvafiq təqaüdlərin qalibi olmaq, xüsusi istedada (idman, musiqi və s.) malik olmaq və digər göstəricilər əsas götürülmüşdür.
Nobellər ailəsinin digər nümayəndəsi - İsveçin "HeatCore AB" şirkətinin icraçı direktoru Peter Nobel də qalibləri təbrik etmiş, onlara yeni təhsil uğurları arzulamışdır.
Sonra ADİU-nun xüsusi istedadlar qruplarının rəhbəri Çeşmi Hacıyeva qaliblər və onların nailiyyətləri haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, 2013-cü il ərzindəki nailiyyətləri nəzərə alınaraq ADİU-nun beş tələbəsi - Mobil Məmmədov, Vədat Rzalı, Zeynəb Dadaşova, Tural Süleymanlı və Əsəd Qurbanzadə Beynəlxalq Nobel Qardaşlıq Fondunun təqaüdünə layiq görülmüşlər.
Tədbirdə qaliblərə Beynəlxalq Nobel Qardaşlıq Fondunun təqaüdünü təsdiq edən sertifikat və pul mükafatları təqdim olunmuşdur.
Sonda
rektor Şəmsəddin Hacıyev qalibləri bir daha təbrik
etmiş, onlara təhsil və elmi fəaliyyətlərində
yeni uğurlar arzulamış, Beynəlxalq Nobel
Qardaşlıq Fonduna və Bakı Nobel İrsi Fonduna əməkdaşlığa
görə təşəkkürünü bildirmişdir.
Azərbaycan.-2013.-6 dekabr.-S.6.