Ədəbiyyat İnstitutu illik hesabatını verdi

 

AMEA Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İslası giriş sözü ilə açan institutun direktoru, akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Hicran Nəsibovanı 60 illik yubileyi münasibətilə təbrik etmiş, ona institutun fəxrı fərmanını təqdim etmişdir. Sonra akademik İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun türkdilli dövlətlərin Türk Akademiyası ilə bağladığı saziş haqqında ətraflı bəhs edərək müqavilənin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, digər türkdilli dövlətlərlə də əməkdaşlıq sazişi nəzərdə tutulmuşdur ki, bu da qarşılıqlı elmi əlaqələrin yeni istiqamətlərdə inkişaf edəcəyinə zəmin yaradacaqdır. Akademik həmçinin gələcəkdə ortaq türk ədəbiyyatının yaradılmasını, bununla bağlı ilkin razılaşmaların əldə edildiyini, eləcə də müştərək elmi-tədqiqatların aparılmasında bu kimi elmi əlaqələrin vacib əhəmiyyətə malik olduğunu nəzərə çatdırmış, bununla əlaqədar qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Qeyd etmişdir ki, türk xalqları ilə əlaqələr genişləndirilərək birgə elmi konfranslar keçiriləcək, mühacirət və diaspor ədəbiyyatının öyrənilməsində önəmli addımlar atılacaqdır.

İclasda institutun elmi katibi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabatı ilə çıxış etmişdir. O, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi barədə məlumat verərək bildirmişdir ki, cari ildə institutda bir sıra tədbirlər keçirilmişdir. Bu il institutda 2 istiqamət, 5 problem, 18 mövzu üzrə 100-dən çox üzərində tədqiqat aparılmışdır. Professor B.Əhmədov qeyd etmişdir ki, "Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları" elmi istiqaməti institutun əsas profilini təşkil etdiyindən problem və mövzuların böyük bir qismi bu istiqaməti əhatə etmişdir.

Həmçinin elmi-tədqiqat işləri, elmi-tədqiqat işlərinin tətbiqi və müqavilələr üzrə aparılan işlər, nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə çap olunmuş məqalələr, institut tərəfindən keçirilmiş konfranslar, elmi sessiyalar, seminarlar və yubileylər, institut əməkdaşlarının respublikanın digər elm və təhsil müəssisələrində təşkil olunan elmi konfranslarda iştirakı, beynəlxalq əlaqələr, elmi kadrların hazırlanması haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, cari ildə institutun nəzdindəki Dissertasiya Şurasında 9 nəfər elmlər doktorluğu, 16 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. Hesabat üzrə institutun elmi-təşkilati fəaliyyəti, həmçinin Elmi Şuranın işi barədə ətraflı danışılmış, əməkdaşların problem şuralarının fəaliyyətində iştirakı ilə bağlı məlumat verilmişdir. Xüsusi qeyd edilmişdir ki, son bir ay ərzində institut tarixində ilk dəfə olaraq dalbadal iki beynəlxalq müqaviləyə imza atmışdır.

Hesabat məruzəsi dinlənildikdən sonra müzakirələr aparılmış, akademik İsa Həbibbəyli və digər çıxış edənlər fikir və mülahizələrini bildirmiş, təkliflərini vermişlər. Elmi Şuranın iclasında institutun illik yekun hesabatı bəyənilmiş, bəzi əlavə və düzəlişlərlə qəbul edilməsi qərara alınmışdır. Sonra gündəlikdə duran digər məsələlərə baxılmışdır.

İclasda AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, akademik Vasim Məmmədəliyev iştirak etmişdir.

 

 

 

V.RƏHİMLİ,

Azərbaycan.-2013.- 6 dekabr.- S.7.