Moskvada Rusiya Azərbaycanlı
Gənclər Birliyinin təşkilatçılığı
ilə
«Qanın
milləti yoxdur! Donor ol - həyat bəxş et!»
aksiyası
İ.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Qan Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə "Qanın milləti yoxdur! Donor ol - həyat bəxş et!" aksiyası keçirilmişdir.
Aksiyanın təşkilatçılarından biri - RAGB-nin idarə heyətinin üzvü Samir Əliyev bildirmişdir ki, budəfəki aksiyada 250 tələbə iştirak etmişdir. Azərbaycanlı tələbələrə universitetdə təhsil alan Malayziya, Suriya, Mərakeş, İran, İsrail, Abxaziya, Osetiya, Dağıstan, Özbəkistan, Tacikistan, Türkmənistandan olan tələbələr də qoşulmuşlar. Donorlar arasında K.Skryabin adına Rusiya Dövlət Baytarlıq və Biotexnologiyalar Akademiyasının, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Rusiyanın digər ali məktəblərinin tələbələri də vardır.
İ.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin direktoru, universitetin transfuziologiya kafedrasının müdiri, professor Əliheydər Rəhimov qeyd etmişdir ki, MDTU-da ilk belə aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilmişdir. Ə.Rəhimov demişdir: "Biz bu ənənəni davam etdiririk. Aksiya universitetin klinikalarını qan və qan komponentləri ilə təmin etməyə imkan verir".
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşəbbüslərini daim dəstəklədiyinə görə İ.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirmiş, RAGB-nin fəaliyyətinin daha da genişləndiyini diqqətə çatdırmışdır. N.Axundova vurğulamışdır ki, hazırda RAGB-nin səhiyyə, iqtisadiyyat, mədəniyyət və digər sahələri əhatə edən bölmələri uğurla fəaliyyət göstərir.
İ.Seçenev
adına Birinci MDTU-nun beynəlxalq fəaliyyət üzrə
prorektoru P.Litvitski, Mərakeş Krallığının
Rusiyadakı səfirliyinin müşaviri Ə.Kerauni də
aksiyada iştirak edən tələbələrə təşəkkürlərini
bildirmişlər.
Fəridə
ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.-6 dekabr.-S.8.