Azərbaycan Parlamenti necə
yarandı
Milli Şuradan Azərbaycan Parlamentinə
1918-ci il mayın 28-də Tiflisdə, keçmiş
Qafqaz Canişininin sarayında Milli Şuranın ilk iclası
keçirilir. Həsən bəy Ağayevin sədr,
M.Mahmudovun katib olduğu bu tarixi iclasda Milli Şuranın 26
üzvü iştirak edirdi. İclas son hadisələrlə
əlaqədar Yelizavetpolda (Gəncədə) vəziyyət
barədə Həsən bəy Ağayevin məlumatını
dinlədikdən və M.Ə.Rəsulzadənin Batumdan N.Yusifbəyli
ilə göndərdiyi məktub və teleqramlarla tanış olduqdan sonra gündəliyin əsas
məsələsinin müzakirəsinə başlayır. X.Xasməmmədov Seymin buraxılması və
Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə
əlaqədar Azərbaycanda yaranmış vəziyyət
haqqında məruzə edərək Azərbaycanın
Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və
təxirəsalınmazlığını əsaslandırır.
Məsələnin işgüzar müzakirəsindən sonra
şuranın 24 üzvü - H.Ağayev, F.Xoyski, N.Yusifbəyli,
X.Xasməmmədov, M.Cəfərov, M.Mahmudov, Ş.Rüstəmbəyov,
X.P.Sultanov, F.Köçərli, M.Seyidov, N.Nərimanbəyov,
H.Məmmədbəyov, R.Vəkilov, Ə.Mahmudbəyov,
M.Hacınski, C.Hacınski, A.Qardaşov,
Ə.Şeyxülislamov, M.Hacıbababəyov, X.Məlikaslanov,
H.Şahtaxtinski, M.Məhərrəmov, H.S.Axundzadə, C.Məlik-Yeqanov
təxirə salınmadan Cənub-Şərqi Zaqafqaziyanı əhatə
edən Azərbaycanın müstəqil Azərbaycan Xalq
Cümhuriyyəti kimi elan edilməsinə səs verirlər. İki nəfər - S.M.Qənizadə və C.Axundov
səsvermədə bitərəf qalırlar. Bundan sonra Milli Şura üzvləri İstiqlal Bəyannaməsini
ayaq üstə dinləyirlər. 6 bənddən
ibarət olan bu müstəqillik aktı bütün
türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda
ən demokratik respublika idarə üsulunun - parlamentli
respublikanın yaradılacağından xəbər verirdi.
Həmin dövr Əqdnamə və ya Misaqi-Milli adlanan bu sənədi
Milli Şura üzvlərindən Həsən bəy
Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli,
Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli,
Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və
Mustafa Mahmudov imzalayırlar.
Azərbaycan Milli Şurasının 28 mayda
keçirilmiş bu tarixi iclasında eyni zamanda, Fətəli
xan Xoyskinin başçılığı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin
də tərkibi təsdiq edilir.
İstiqlal
Bəyannaməsinin qəbulu milli dövlətçiliyin əsasını
qoymaqla Azərbaycan
xalqının taleyində misilsiz tarixi hadisə idi. Xalqın
öz müqəddəratını təyin etmək, millətindən,
dinindən, sinfindən və cinsindən asılı olmayaraq
insanların, o cümlədən Azərbaycanda yaşayan
bütün vətəndaşların hüquq bərabərliyinə
hörmət, bütün xarici dövlətlərlə, eləcə
də qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində
yaşamaq, bir-birinin suverenliyinə və ərazi
bütövlüyünə hörmətlə yanaşmaq
prinsiplərini özündə ehtiva etməklə İstiqlal
Bəyannaməsi Azərbaycanın istiqlal mübarizəsi
tarixində ən dəyərli və parlaq sənəd
sayıla bilər.
Lakin İstiqlal Bəyannaməsinin əhəmiyyəti
yalnız qeyd etdiklərimizlə məhdudlaşmırdı. Yeni
yaradılan dövlətə "Azərbaycan"
adının verilməsi özlüyündə böyük
bir tarixi hadisə idi. "Azərbaycan" kəlməsinin
XIX əsrin sonları - XX əsrin əvvəllərindən
milli ruhlu Azərbaycan ziyalıları tərəfindən
türk dilli mətbuatda və ədəbiyyatda dövriyyəyə
gətirilməsi ilə başlanan bu proses, coğrafi mənada
- Cənub-Şərqi Zaqafqaziya, ərazi-inzibati vahidləri
kimi Bakı, Yelizavetpol (Gəncə), İrəvan
quberniyaları adlanan ərazilərə, müsəlman, tatar,
Qafqaz türkü adlanan xalqa və türk adlanan dilə
"Azərbaycan" adının şamil edilməsi ilə
ildən-ilə və gündən-günə geniş vüsət
almaqla, nəhayət ki, İstiqlal Bəyannaməsində
öz qanunauyğun həllini tapdı. Təsadüfi deyil ki,
"Azərbaycan" adının onun aid olduğu xalqın
şüuruna və ictimai-siyasi baxışlarına hakim
olmasında müstəsna xidmətləri olmuş Məmməd
Əmin Rəsulzadə İstiqlal Bəyannaməsinə qiymət
verərkən bu məqamı da xüsusi vurğulayır:
"28 mayıs 1918-ci il Bəyannaməsini
nəşr etməklə, Azərbaycan Şurayi-milliyəsi,
sözün siyasi mənası ilə bir Azərbaycan millətinin
varlığını təsbit etmişdir. Beylə
ki, Azərbaycan kəlməsi sadə çoğrafi, etnoqrafik
və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir
aləm olmuşdur".
Burada M.Ə.Rəsulzadənin şəxsiyyətini səciyyələndirən
bir cəhətə diqqət yetirilməlidir. Rəsulzadənin 1915-1918-ci
illərdə Bakıda təsis və nəşr etdiyi
"Açıq söz" qəzeti azərbaycançılıq
ideyasının təşəkkülündə böyük
rol oynamış, Məmməd Əmin bəy özü isə
hələ o vaxtlar istər həmməsləkləri, istər
S.Şaumyan da daxil olmaqla siyasi rəqibləri tərəfindən
birmənalı olaraq Azərbaycan milli istiqlal hərəkatının
ideoloqu kimi qəbul edilmişdir. Bununla belə, M.Ə.Rəsulzadə
"Azərbaycan" ideyasına siyasi məna verilməsi təşəbbüsünün
onun özünə deyil, Nəsib bəy Yusifbəyliyə aid
olduğunu daim etiraf etmişdir: "Azərbaycan
ideyasını siyasi bir tələb maddəsi şəklində
formulə etmək şərəfi mərhum Nəsib bəyindir".
Burada daha bir haşiyə çıxaq ki, "Azərbaycan"
adının tarixən ilk dəfə siyasi məfhuma
çevrilməsi hələ öz zamanında heç də
birmənalı qarşılanmamış və böyük
siyasi, elmi-tarixi mübahisələr doğurmuşdur. Bu günə qədər gəlib
çıxan həmin mübahisələrin üzərində
ətraflı dayanmadan qeyd olunmalıdır ki, Cənubi
Qafqazda müstəqil Azərbaycan Cümhuriyyəti elan edilməsi
ümumiyyətlə, qonşu dövlətləri, ilk növbədə,
sovet Rusiyasını və İranı narahat etmiş, yeni
yaradılan dövlətin adına "Azərbaycan"
toponiminin verilməsi isə İranda xüsusilə kəskin
etiraz və təşviş doğurmuşdur. Azərbaycan
Xalq Cümhuriyyətinin Təbriz daxil olmaqla Cənubi Azərbaycana
da iddia etdiyi və hətta bu əraziləri
Osmanlı-türk qoşunlarının dəstəyi ilə
işğal etmək qəsdində olduğu kimi əsassız
ehtimalları və şübhələri ən geniş
şəkildə müzakirələrə və ittihamlara
çevirən İran tərəfi İran mətbuatında
və siyasi dairələrində Cümhuriyyət əleyhinə
böyük kampaniya açmış, müxtəlif xarici
yazışmalarda isə Azərbaycan Xalq Cümhuriyyətini
Qafqaz Azərbaycanı adlandırmışdır. Hətta Azərbaycan siyasi xadimləri ilə sıx əməkdaşlıq
edən İran Demokrat Firqəsinin Bakı təşkilatı
da bu kampaniyaya qoşulmuş, Bakıda "Azərbaycan cozv-e
layinfək İran" (Azərbaycan İranın ayrılmaz
hissədir) adlı bir qəzet nəşr edərək (1918,
13 sayı çıxmışdır), Azərbaycan
adının məhz İran Azərbaycanına aid olduğu
kimi fikirləri təbliğ etmişdir. Bununla
belə, Azərbaycan tərəfi bütün bu
ittihamların əsassızlığını sübut etməklə,
İranla qonşuluq əlaqələrini tənzimləməyə
müvəffəq olmuşdur.
Azərbaycan Milli Şurasının Tiflisdə cəmi 6
iclası keçirilmişdir. Bu iclasların əksəriyyətində
müzakirələr əsasən İrəvan quberniyası,
qəzası və şəhəri ətrafında getmiş,
Milli Şuranın qəbul etdiyi ən ağır və
ağrılı qərar isə İrəvanın Ermənistana
güzəştə getməsi ilə bağlı
olmuşdur. Milli Şuranın 29 may tarixli iclasında
"İrəvanın Ermənistana güzəştə getməsinin
qaçılmaz olduğunu" bildirən, bunu "tarixi zərurət,
bizim üçün isə qaçılmaz acı bir həqiqət"
kimi qiymətləndirən və bu qərara səs verən
16 nəfər şura üzvlərinin işlətdiyi
"qaçılmaz" sözünün arxasında həmin
qərarın qəbul edildiyi dövrdə regionda
yaranmış son dərəcə mürəkkəb vəziyyət
dururdu. Azərbaycanlılarla eyni gündə
müstəqil Ermənistan Respublikasının
yaradıldığını elan etmiş erməni milli
qüvvələrinin regionda həm də real siyasi və hərbi
qüvvə, bu dövlətin yaradılmasının isə
artıq həll edilmiş məsələ olduğu ilə
hesablaşmamaq mümkün deyildi. Digər tərəfdən,
yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində
Osmanlı Türkiyəsinin həlledici rol oynadığı,
Ermənistan Respublikasının hansı ərazilərdə
yaradılması məsələsini həmin dövrdə məhz
bu dövlətin həll etdiyi də qaçılmaz həqiqət
idi. Həmin məsələdə Osmanlı
siyasi dairələrinin mövqeyinin birmənalı olmaması
onsuz da mürəkkəb vəziyyəti daha da dərinləşdirirdi.
Birinci Dünya müharibəsinin son aylarında Osmanlı
ordusunun Qafqaz cəbhəsindəki uğurları
qarşısında Tələt paşa və Ənvər
paşa (baş nazir və hərbi nazir) Cənubi Qafqazda erməni
dövlətinin yaradılmasını ümumiyyətlə məqsədəuyğun
bilmir, yaxud çox zəif, yaşamaq qabiliyyəti olmayan bir
Ermənistan yaradılmasını mümkün hesab edirdilər.
Batum danışıqlarında Türkiyəni
təmsil edən nümayəndə heyəti isə tarixən
Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə
verilməsini vacib sayır və Azərbaycan nümayəndələrinə
beynəlxalq aləm qarşısında ermənilərin
mövcudluğunu tanımağı və onlara müəyyən
ərazi güzəştləri etməyi məsləhət
görürlər. Mayın 27-də hələ Milli
Şuranın yaradılması haqda tarixi qərarın verilməsindən
əvvəl fövqəladə iclasa yığılan Seymin
keçmiş azərbaycanlı deputatları
qarşısında Batumdan yenicə qayıtmış Nəsib
bəy Yusifbəylinin etdiyi məruzə bu məsələdə
son qərarın kim tərəfindən
verildiyini göstərdi: "Türkiyə nümayəndə
heyətinin qənaətinə görə Zaqafqaziyanın
çiçəklənməsinin başlıca rəhni
Zaqafqaziya xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün bizim
tərəfimizdən ermənilərə bir qədər
torpaq güzəşt olunmalıdır". Həmin iclasda yaradılan Milli Şuranın
mayın 28-də keçirdiyi ilk tarixi iclasda M.Ə.Rəsulzadənin
Batumdan göndərdiyi məktublar və teleqramlar oxunur.
Həmin günün ən mühüm məsələsi
İstiqlal Bəyannaməsinin qəbulu olduğundanmı, ya
hansı səbəbdənsə, iclasın protokolunda bu məktub
və teleqramların məzmunu açıqlanmır. Lakin Milli Şuranın ertəsi gün, mayın
29-da keçirdiyi iclas artıq bütünlüklə Ermənistana
ərazi verilməsi məsələsinə həsr olunur və
burada nə üçün məhz İrəvanın siyasi mərkəz
kimi ermənilərə güzəştə gedilməsinin səbəbi
də açıqlanır. Həmin
dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan
artıq 5-i, o cümlədən quberniyanın ikinci
böyük şəhəri - Aleksandropol (Gümrü)
artıq türk qoşunları tərəfindən
tutulmuşdu. F.Xoyski məhz bu faktı vurğulamaqla,
"ermənilərə veriləcək siyasi mərkəzin"
artıq ancaq
İrəvan şəhəri ola biləcəyini və bu
şəhərin ermənilərə güzəştə
gedilməsinin qaçılmaz olduğunu qeyd edir.
Azərbaycan Milli Şurasının bu
"qaçılmaz" reallıqla, xüsusilə,
Türkiyə nümayəndələrinin "tövsiyələri"
ilə hesablaşmamaq imkanı var idimi? Bütün bu məsələlərin
Batumda və Tiflisdə həll edildiyi, Azərbaycan Xalq
Cümhuriyyətinin hələ özünün siyasi mərkəzinin
- Bakının düşmən əlində -
bolşevik-daşnak Bakı Soveti hökumətinin
ixtiyarında olduğu, bu siyasi mərkəzi azad edə bilən
Azərbaycan qoşununun hələ də
yaradılmadığı, Azərbaycanın işğal
edilmiş torpaqlarını azad edəcək və
xalqımızı kütləvi qırğından qurtaracaq
yeganə qüvvə kimi Osmanlı Türkiyəsinə
ümid edildiyi nəzərə alınarsa, bu sualın
cavabı özlüyündə aydınlaşar.
Həmin dövr Azərbaycan Xalq Cümhuriyyətinin
milli mərkəzi sayılan Gəncədə hələ
onları nə gözlədiyindən xəbərsiz olan Milli
Şura üzvləri itirilmiş torpaqların
acısını azaltmaq üçün elə həmin
iclasda ermənilərlə konfederasiya yaratmaq məsələsini
müzakirə edir və yekdil səslə qəbul edirlər. Eyni zamanda, Ermənistan
qarşısında onlara edilən güzəştlər
müqabilində həmin dövr Zəngəzur və
Qarabağda erməni generalı Andranikin silahlı dəstələri
tərəfindən azərbaycanlılara qarşı
aparılan hərbi əməliyyatların
dayandırılması, ermənilərin Qarabağa olan
iddialarından imtina edilməsi kimi şərtlər qoyulur. Azərbaycan hökumətinin başçısı
F.Xoyskinin mayın 29-da xarici işlər naziri M.Hacınskiyə
yazdığı məktubdakı sətirlər - "Biz ermənilərlə
bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul
edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə
getdik" - Azərbaycan dövlət xadimlərinin bu labüd
itkidən mümkün qədər siyasi fayda götürmək
cəhdlərindən xəbər verirdi.
1918-ci il iyunun 16 da öz fəaliyyətini Tiflisdən
Gəncəyə köçürən Azərbaycan Milli
Şurası və hökuməti burada son dərəcə
gözlənilməz və xoşagəlməz bir münasibətlə
qarşılaşır. Bu zaman şəhərdə real
hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik
hərbi təlimatçılarla Gəncəyə gəlmiş
Türkiyə Qafqaz Ordusunun Baş komandanı Nuru
paşanın əlində idi. Onun ətrafında cəmlənmiş
bir qrup dini-klerikal və mülkədar-burjua zümrələrin
nümayəndələri Azərbaycan Milli Şurası və
hökumətinin "həddən artıq demokratik"
islahatlar keçirəcəyindən ehtiyat edərək Milli
Şura və hökumət üzvlərinə
etimadsızlıq göstərir, onlara xalq adından müstəqil
dövlət yaratmaq səlahiyyəti verilmədiyi, azərbaycanlıların
müstəqil yaşamaq qüdrətinə malik
olmadığı və bu səbəbdən Türkiyəyə
birləşməyin daha məqsədəuyğun olduğunu
bəyan edərək əslində, Azərbaycanın dövlətçiliyini
tanımaqdan imtina edirlər. "İlhaqçılar"
adlanan bu siyasi qüvvələr Gəncə qəzası əhalisi
arasında öz tərəfdarlarından Osmanlı dövlətinə
birləşmək arzusunu ifadə edən mindən çox
imza toplayıb Nuru paşaya təqdim edirlər. Qeyd edilməlidir ki, hələ Trabzon və Batum
danışıqları getdiyi zaman Türkiyəyə birləşmək
təklifi ilə ayrı-ayrı azərbaycanlı nümayəndə
heyətləri bu şəhərlərə gedir və
Türkiyə xadimləri ilə görüşürdülər.
İlhaqçıların Azərbaycanda
türkçülük hərəkatının
ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, 1909-cu ildə
Türkiyəyə mühacirət etmiş və Nuru
paşanın siyasi müşaviri kimi onunla birgə Gəncəyə
gəlmiş Əhməd bəy Ağaoğlu tərəfindən
dəstəkləndiyi tezliklə məlum olur.
Cəmi
bir neçə aydan sonra Osmanlı dövlətinin I Dünya
müharibəsində məğlubiyyətə
uğrayıb, qalib dövlətlər tərəfindən
tutduğu bütün ərazilərdən
çıxmağa məcbur ediləcəyi (Mudros sazişi) və
Türkiyənin özünün müstəqil dövlət
olaraq qalması uğrunda ölüm-dirim savaşına
qalxacağı nəzərə alınarsa Milli Şura və
hökumət üzvlərinin ilhaqçıların tələbləri
qarşısında geri çəkiləcəyi təqdirdə
azərbaycanlıların və onların ərazilərinin
taleyinin hansı ölkələr tərəfindən və
necə həll ediləcəyi o qədər də sual
doğurmur. Hər halda, Milli Şuranın
üzvləri yaranmış vəziyyətin
ağırlığını və nə kimi təhlükəli
nəticələrə gətirib
çıxaracağını aydın təsəvvür
edirlər.
İyunun 17-də M.Ə.Rəsulzadənin
başçılığı ilə Milli Şura Gəncədə
iki qapalı iclas keçirir. F.Xoyski 26 nəfər
Milli Şura üzvünə M.Ə.Rəsulzadə və
M.H.Hacınskinun Nuru paşa ilə görüşü və
apardığı danışıqlar barədə məlumat
verir. Nuru paşanın özünü əsgər
adlandıraraq daxili işlərə
qarışmadığını bildirib siyasi məsələlərin
müzakirəsini özünün mülki işlər
üzrə müavini Əhməd bəy Ağaoğluna həvalə
etdiyi aydınlaşır. Daha sonra göstərilən
şəxslərin Ə.Ağaoğlu ilə son dərəcə
ağır keçən danışıqlarının nəticəsi
kimi Milli Şuranın buraxılması, ölkədə
hökm sürən anarxiyanı, habelə daxili və xarici
maneələri nəzərə alaraq geniş səlahiyyətlər
verilmiş yeni hökumətin təşkili kimi razılıq
əldə edildiyi bildirilir.
Milli Şuranın son dərəcə gərgin və əsəbi
şəraitdə keçən ikinci iclasında onun üzvlərinin
bir hissəsi Milli Şuranın buraxılmasına qəti
etiraz edir, bu tələbi Nuru paşanın və Türkiyə
hökumətinin Azərbaycanın daxili işlərinə
qarışmaq kimi qiymətləndirir. M.Y.Cəfərovun titrəyən
səslə: "Bizim azadlığımızı əlimizdən
alırlar. Biz də əldə etdiyimiz
azadlığımızı asanlıqla əldən veririk.
Əfsuslar olsun ki, bizim kömək gözlədiyimiz
türk qardaşlarımız bizim ürəyimizi
parçalayır, bizim hisslərimizi zəhərləyirlər"
- sözlərindən sonra ağlaması bu müzakirələrin
ən yüksək emosional səviyyəyə
çatdığını göstərir. Lakin M.Ə.Rəsulzadə öz həmkarlarını
"...belə bir fövqəladə ağır vəziyyət
olduğu bir zamanda bu məsələni olduqca
soyuqqanlılıqla müzakirə etməyə"
çağırır. Nəticədə Milli Şura
üzvləri sözün əsl mənasında, siyasi
müdriklik və iradə nümayiş etdirir, yaranmış
real vəziyyəti və konkret tarixi şəraiti nəzərə
alaraq mümkün olan həddə qədər güzəştlərə
getmək, lakin istiqlalı saxlamaq məqsədilə iki
mühüm qərar qəbul edirlər: Milli Şura öz fəaliyyətini
müvəqqəti dayandırsın, birinci Hökumət
buraxılsın, bütün hakimiyyət (qanunvericilik və
icra) Müəssislər Məclisi çağırılanadək
F.X.Xoyskinin sədrliyi ilə yaradılmış yeni - ikinci
Müvəqqəti hökumətə həvalə edilsin.
Bu məsələni Əhməd Ağaoğlu və
onun vasitəsilə Nuru paşa ilə
razılaşdırdıqdan sonra tərkibinə
ilhaqçılar da daxil edilmiş yeni hökumətin səlahiyyətləri
müəyyənləşdirilir. Bu səlahiyyətlər
xeyli genişləndirilsə də, hökumətə Azərbaycanın
dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları
ləğv etmək hüququ verilmir.
Gəncə dövrü cəmi bir neçə
günü əhatə etməsinə baxmayaraq, Azərbaycan
parlamentarizminin yaranma tarixində ən dramatik və eyni zamanda
təhlükəli bir mərhələ hesab edilə bilər. Bu təhlükənin
içəridən - azərbaycanlı və qismən də
dost türk nümayəndələrindən gəlməsi
bütöv bir millətin taleyinin nə dərəcədə
fərdi yanaşmalar və ziddiyyətli münasibətlərdən
asılı olduğunu göstərirdi. Bununla belə, olduqca
mürəkkəb beynəlxalq və daxili şəraitdə
Azərbaycanın siyasi xadimləri həmin dövrdə
faktiki olaraq soyqırımına məruz qalan xalqın
varlığını və dövlətçiliyini qorumaq məsuliyyətini
bir daha öz üzərlərinə götürürlər,
Azərbaycanın istiqlalını bütün digər məsələlərdən,
o cümlədən vəzifə və partiya maraqlarından
üstün tutaraq siyasi böhrandan çıxmağa müvəffəq
olurlar.
Sonrakı
aylar ölkənin siyasi, ictimai, iqtisadi və mədəni həyatında
son dərəcə mühüm hadisələrlə əlamətdar
olur ki, onların arasında ən əhəmiyyətlisi
sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən
azad edilməsi, bütün bu müddət ərzində
geniş fəaliyyət göstərmiş Azərbaycan
hökumətinin öz siyasi mərkəzinə - paytaxt
Bakıya köçməsi hesab edilə bilər. Lakin cəmi
iki aydan sonra, 1918-ci ilin noyabr ayında Türkiyə Mudros
barışığına əsasən məğlub tərəf
kimi öz hərbi qüvvələrini Cənubi Qafqazdan
çıxarmalı olur və bununla da, Azərbaycan hökuməti
üçün yaranmış əlverişli daxili şəraitə
son qoyulur.
Yeni
sarsıntılardan xəbər verən həmin günlərdə
- 1918-ci il noyabrın 16-da Azərbaycan Milli
Şurası Bakıda öz fəaliyyətini bərpa edərək
ölkənin müqəddəratını yenidən öz əlinə
aldığını bildirir. Milli Şuranın 20 noyabrda
keçirilən növbəti iclasında artıq
"Müvəqqəti Azərbaycan Parlamanı"nın (Məclisi-Məbusan) təsis edilməsi
haqqında qanun layihəsi geniş müzakirə olunaraq qəbul
edilir. Qanunda göstərilirdi ki, Azərbaycan
müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli
Şurası milli bir idarə formasından dövlət idarə
forması almışdır. Lakin Azərbaycan
əhalisi yalnız türklərdən ibarət
olmadığı üçün bu ərazidə yaşayan
bütün xalqlar Parlamentdə təmsil olunmalıdırlar.
Azərbaycan Parlamenti Qafqaz məlumat-təqviminə görə
2 milyon 750 nəfər təşkil edən ölkə əhalisinin
hər 24 min nəfərinə 1 nümayəndə hesabı
ilə 120 deputatdan ibarət olmalı, bu deputatlardan 80 nəfər
türk-müsəlman, 21 nəfər - erməni, 10 nəfər
rus, 1 nəfər alman və 1 nəfər yəhudi əhalisini
təmsil etməli idi. Hətta sayları çox az olduğu üçün seçkilərdə
iştirak edə bilməyən gürcü və polyaklara da
Parlamentdə hərəsi bir deputatla təmsil olunmaq hüququ
verilirdi.
Qanunda qeyd edilirdi ki, Milli Şuranın 44 üzvü
ümumi səsvermə yolu ilə seçildikləri
üçün mexaniki olaraq parlamentə keçirlər. Lakin bu 44 nəfər
müxtəlif siyasi partiyaların nümayəndələri
olduğundan Azərbaycan xalqının ayrı-ayrı təbəqələrinin
nümayəndələrinin də parlamanda təmsil
olunmalarına ehtiyac vardır. Odur ki, qalan
36 yer ölkənin müxtəlif şəhər və qəzalarının
türk-müsəlman əhalisi arasında bölünür.
Qanuna görə, erməni əhalisinin 21 nəfər
nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa,
5-i Bakı erməni milli şuralarından, rus əhalisinin 10
nəfər nümayəndəsi isə Rus Milli Şurası
tərəfindən təklif edilməli idi.
Azərbaycan
Parlamentinin çağırılması ilə əlaqədar
Azərbaycan Milli Şurası 1918-ci il
noyabrın 29-da "Bütün Azərbaycan əhalisinə"
müraciət edir. Bu sənəddə
dekabrın 3-də 120 üzvdən ibarət parlament
toplanacağı, həmin məclisə azlıqda qalan millətlərin
nümayəndələri, eləcə də ölkənin
vilayətlərindən olan vəkillər gələcəyi
bildirilirdi. Müraciətnamədə deyilirdi ki, bu
üsulla yığılacaq parlament qarşıda ümumi
seçki üsulu ilə Azərbaycan Müəssislər Məclisi
toplanana qədər "yurdumuzun sahibi olacaq, onun müqəddəratını
həll, hökumətini təşkil və mənafeyini
müdafiə edəcək..." Parlamentin
dekabrın 3-də açılacağı nəzərdə
tutulurdu.
Lakin bu
böyük günə hazırlıq işləri ölkənin
hər an dəyişən siyasi həyatında
çox mühüm və azərbaycanlılar
üçün arzuedilməz hadisələrlə
müşayiət olunurdu.
Cənubi Qafqazın taleyini həll edən müttəfiq
dövlətlərin razılığına əsasən həmin
ərəfədə bu region İngiltərənin təsir
dairəsinə verildi. 1918-ci il noyabrın 17-də
Bakıya daxil olan ingilis hərbi qüvvələrinin
komandanı general Tomsonun əmri ilə yalnız Osmanlı
deyil, Azərbaycan hərbi qüvvələri də
Bakını tərk etməli oldular. Şəhərdə
ingilis general-qubernatorluğu yarandı və bütün idarəçilik
onun nəzarəti altına keçdi. Azərbaycan
hökuməti və xalqı üçün yenidən
ağır günlər başlandı. Bakı
azad edilərkən şəhəri tərk etmiş
bütün erməni-daşnak və rus qüvvələri təntənəli
əhval-ruhiyyə ilə Bakıya qayıtdılar. Mart
hadisələri zamanı əli azərbaycanlıların
qanına bulaşmış ermənilər, rus generalı
Bıçeraxovun əsgər və zabitləri ilə birgə
Bakının küçələrində azad və asudə
gəzərək Azərbaycan dövlətçiliyinin
atributlarını təhqir edir, azərbaycanca
yazılmış lövhələri sındırır, azərbaycanlılara
məxsus dükan və idarələri dağıdır,
müsəlman kişilərin papaqlarını
başlarından vurub yerə atırdılar.
Azərbaycanın müstəqilliyinin tanınmasına mənfi
münasibət bəsləyən Tomson Rusiya dövlətinin əvvəlki
hüdudlarda bərpasını müttəfiq dövlətlərin
başlıca vəzifəsi olduğunu bəyan edərək
ilk vaxtlar Azərbaycan hökumətinə etimadsızlıq
nümayiş etdirir. Rus və erməni-daşnak təşkilatları ingilis
komandanlığı qarşısında Azərbaycan
hökumətini türklərin oyuncaq rejimi kimi qələmə
verərək onu nüfuzdan salmağa və ümumən
siyasi səhnədən silməyə çalışır,
ilk vaxtlar buna həqiqətən, nail də olurdular.
Azərbaycan Xalq
Cümhuriyyətinin müqəddəratı üçün
yaranmış belə bir ağır şəraitdə Fətəli
xan Xoyski hökuməti nəinki mövcud vəziyyət
qarşısında geri çəkilir, əksinə,
müvazinətini saxlayaraq öz fəaliyyətini davam etdirir
və Tomsonla intensiv danışıqlar aparırdı. Tomson Azərbaycan hökumətindən
Bakıdakı Rus Milli Komitəsi ilə əməkdaşlıq
etməyi tələb edirdi. Rusiya Milli
Şurası Azərbaycan siyasi qüvvələri
qarşısında Rusiyanın birliyi və
bütövlüyünü, Rusiya Məclisi-Müəssisanı
və Ufadakı Kolçak hökumətini qəbul etmək
kimi şərtlər irəli sürürdü. Milli
Şuranın 24 noyabr tarixli qapalı iclasında bu şərtlər
müzakirə olunur və həmin şərait daxilində Azərbaycanın
maraqlarını ifadə edən bir qərar qəbul edilir:
"Milli Şura Rusiya ərazisinin bölünməzliyi
prinsipini tanıyaraq, üzvlərinin və ictimai xadimlərin
yığıncaqlarının təkliflərini nəzərə
alaraq belə hesab edir ki: 1) Azərbaycanın siyasi vəziyyəti
və dövlət quruluşu məsələsi qəti olaraq
Ümumi Sülh Konfransında həll olunmalıdır; 2) O
vaxta qədər Azərbaycanda mövcud olan faktiki idarə
sistemi öz qüvvəsində qalır; 3) Əgər
Rusiyada öz müqəddəratını təyin etmiş
bütün millətlərin nümayəndələrinin
iştirakı ilə Ümumrusiya Müəssislər Məclisi
Ümumi Sülh Konfransından əvvəl
çağırılarsa, onda Azərbaycan orada iştirak edəcək
və orada öz müqəddəratının təyini məsələsində
öz prinsipləri üzərində təkid edəcəkdir".
Milli Şuranın noyabrın 26-da M.Ə.Rəsulzadənin
sədrliyi ilə keçirilən növbəti qapalı
iclasında M.H.Hacınski Xəzər-Qafqaz hökuməti təşkil
etmək istəyən sol eserlərlə aparılan
danışıqlar, F.Xoyski isə rus və erməni milli
şuraları ilə Azərbaycan Parlamentinə daxil olmaq ətrafında
aparılan danışıqlar barədə məlumat verirlər. Aydın olur
ki, sol eserlər tərəfindən qoyulan şərtlər
Milli Şuranın 24 noyabr tarixli qərarına zidd olduğu
üçün ümumi dil tapmaq mümkün olmayıb.
Rus Milli Şurası ilə danışıqlar
da demək olar ki, eyni səbəblərdən uğursuzluqla
başa çatıb. Erməni Milli
Şurasının bəzi nümayəndələri isə
Rus Milli Şurasının bu işə münasibətindən
asılı olmayaraq, yeni yaradılacaq parlament və hökumətə
daxil olmağa hazır olduqlarını bildiriblər. Rus Milli Şurasının kəskin barışmaz
mövqeyi qarşısında Milli Şura üzvləri Azərbaycanda
yaşayan rus əhalisini daha dolğun təmsil edən
Slavyan-Rus Cəmiyyətinə müraciət barədə qərar
qəbul edirlər.
Bütün
bu iclaslar Parlamentin milli baxımdan geniş nümayəndəli
olmasında istər Milli Şuranın özünün
maraqlarını, istərsə onun
çağırılması üçün ingilis
komandanlığının mövqeyini nəzərə alan şura sədrinin və üzvlərinin, eləcə
də hökumət başçısının nə qədər
səy göstərdiklərini nümayiş etdirirdi. Bu məqam Milli Şuranın dekabrın 1-də
keçirilən növbəti iclasında xüsusilə
aydın nəzərə çarpır. Həmin
iclasda Parlamentə seçkilərin gedişi barədə məlumat
verən F.Xoyski bildirir ki, artıq əyalətlərdə
seçkilər başa çatmışdır və
nümayəndələr dekabrın 3-nə təyin
olunmuş Parlamentin açılışına gəlib
çata bilərlər. Lakin həmin
gün peygəmbər Məhəmməd əleyhissəlamın
hüzr gününə düşdüyü
üçün Parlamentin açılışını
dekabrın 7-nə keçirmək qərara alınır.
İclasda həmçinin Slavyan-Rus Cəmiyyətindən
Parlamentdə rus əhalisini təmsil etmək barədə
daxil olan müraciət müzakirə edilərək səs
çoxluğu ilə qəbul olunur.
Daha sonra
F.Xoyski general Tomsonla olan görüşünün nəticələri
haqqında məlumat verərək bildirir ki, Tomson Mili
Şuranın 24 noyabr tarixli qətnaməsindən çox
razı qalmış, həmin qətnamədən sonra Rus
Milli Şurasının öz tələblərində həddini
keçdiyini, böyük səhv buraxdığını və
tezliklə peşman olacağını qeyd etmişdir. Görüş zamanı Tomson həmçinin Azərbaycan
hökumətinə xeyirxah münasibətini bildirmiş, onun
təşəbbüslərini bəyənərək daxili
işlərinə qarışmayacağını vəd
etmişdir.
Beləliklə, sanki Azərbaycan Parlamentinin təyin
olunduğu gün açılmasına mane olacaq həll edilməmiş
bir məsələ qalmır. Lakin 2 gündən
sonra vəziyyət birdən-birə dəyişir. Dekabrın 3-də axşam saat 8-də şura
üzvləri, həmçinin yaradılacaq Parlamentin yeni
seçilmiş üzvləri və hökumət nümayəndələrinin
iştirakı, M.Ə.Rəsulzadənin sədrliyi və
H.Ağayevin katibliyi ilə Milli Şuranın geniş
iclası çağırılır. Hökumət
başçisi F.Xoyski həmin gün günorta saat 2-də
Tomsondan aldığı məktubun məzmununu
açıqlayır. Məlum olur ki,
Bakıdakı İngilis Komandanlığı koalisiyalı
hökumət elan edilməyənə qədər Bakıda
Parlamentin açılmasına icazə verməyəcək.
Məktuba münasibət bildirən Fətəli xan qeyd edir
ki, general Tomsona yalnız Azərbaycan Parlamentinə təbii
olaraq qərəzkarlıqla yanaşan ruslar və ermənilər
deyil, bəzi müsəlman şəxslər tərəfindən
də güclü təsir göstərilir, bütün vasitələrdən
və böhtanlardan istifadə edilərək Azərbaycan
Milli Şurasını Tomsonun gözündə nüfuzdan
salmaq, onun əhəmiyyətini azaltmaq və heçə
endirmək üçün cəhdlər edilir.
Daha sonra Fətəli xan bu məktubla bağlı
özünün atdığı addımlar barədə məlumat
verir. Aydın olur ki, Xoyski qəti şəkildə
hökumətin təşkilinin yalnız parlament yolu ilə
formalaşması prinsipi üzərində israr etməklə
Tomsonu Milli Şura haqqında bir qrup şəxs və dəstələr
tərəfindən müəyyən məqsədlərlə
deyilən böhtan və iftiraların əsassız
olduğuna inandırmağa müvəffəq olmuşdur.
"Yalnız və yalnız Milli Şura
seçilmiş üzvlərdən ibarət olmaqla, Parlament
çağırılana qədər səlahiyyətli orqan
sayıla bilər. Milli Şura xalqın
böyük əksəriyyətinin etimadını
qazanmışdır, Hökumət ona arxalanır və onun
qarşısında məsuliyyət daşıyır".
Son nəticədə Tomson F.Xoyskinin bu arqumenti
ilə razılaşmışdır.
Generalın Parlamentdən əvvəl koalisiyalı
hökumət yaratmaq təklifini də Fətəli xan
inandırıcı məntiqlə təkzib etmiş, Azərbaycan
müsəlmanlarının ümidlərinin hazırda
Parlamentə çevriləcək məhz Milli Şurada ifadə
olunduğunu vurğulayaraq Tomsonun diqqətini bu amillə
hesablaşmağın zəruriliyinə cəlb etmişdir. "Yeni və
koalisiyalı hökumət yalnız Parlament tərəfindən
yaradıla bilər, bunu Avropa ölkələrinin ənənələri,
adi məntiq və məqsədəuyğunluq tələb
edir. Ayrı üsulla yaradılmış
koalisiyalı hökumət fəlakətli səhvə gətirib
çıxarar, ölkədə qayda və asayişin
yaradılmasına və ingilislərin nüfuzuna xidmət etməz,
xalqın hüquqlarını pozar".
Fətəli
xan Tomsonun koalisiyalı hökumətdə 5 nəfər azərbaycanlı,
5 nəfər isə azlıqda qalan qeyri-millətlərin (3
rus, 2 erməni) nümayəndələri olması kimi təklifi
ilə də razılaşmamış, bu nisbəti ölkə
əhalisinin əksəriyyətini təşkil edən
müsəlmanlara qarşı yanlış və ədalətsiz
hesab etmişdir. Hökumət başçısı ingilis
generalına 7 azərbaycanlı, 3 erməni və 2 rus, yaxud 8
azərbaycanlı, 3 erməni və 3 rusdan ibarət hökumət
təşkil etməyi düzgün saymışdır. Tomson bu təkliflərin hər hansı birinin
mütləq olması şərti ilə
razılaşmış və beləliklə, bu məsələ
də müsbət həllini tapmışdır.
Bu
danışıqlar zamanı Fətəli xanın söhbətarası
verdiyi "Parlament xaricində yeni hakimiyyət yaratmaq
olarmı" - sualına Tomsonun verdiyi cavabdan məlum
olmuşdur ki, ingilis generalına yeni hökumət təşkil
edə biləcək iki nəfərin - Mirzə Əsədullayev
və Məmməd Həsən Hacınskinin adını
çəkiblər. Tomson M.Əsədullayevi dəvət
edərək onunla 2 saat söhbət edib və onun yeni
hökumət təşkil etmək təklifinə cavab vermək
üçün Mirzə bəy iki gün vaxt istəyib.
Bu məlumatın müqabilində, Fətəli xanın
"Əlbəttə, hökumət təyin də oluna bilər,
lakin təyin olunmuş hökumətə xalqın münasibətinin
necə olacağı barədə gərək generalın
özü də düşünsün" - deyə
etirazı ilə razılaşan Tomson bu fikrindən imtina edir.
Sonda ingilis generalı Azərbaycan xadimlərinin köməyi
ilə razılaşdırılmış nisbətdə
koalisiyalı hökumət təşkil etməyi, rusları və
erməniləri Parlamentdə iştiraka məcbur edəcəyini,
həmçinin Parlamentin işini tamamilə müdafiə edəcəyini
və onun açılacağı gün baş verə biləcək
hər hansı bir xoşagəlməz halların
qarşısını alacağını vəd etmişdir.
Beləliklə, Azərbaycan Parlamentinin öz işinə
başlaması yolunda kifayət qədər ciddi olan bu maneə
Azərbaycan hökumətinin başçısı Fətəli
xan Xoyskinin qəti və prinsipial mövqeyi, yüksək
professionallığı və diplomatik məharəti nəticəsində
aradan götürülür. Parlamentin
açılışı ərəfəsində Azərbaycanda
qəsdən hökumət böhranı törədilməsi
cəhdinin qarşısının alınmasında da Fətəli
xanın müstəsna xidməti Milli Şura üzvləri tərəfindən
yüksək qiymətləndirilir.
Lakin Fətəli
xanın məlumatında səsləndirilən bir sıra məsələlər
- ingilis komandanlığının Milli Şuradan və
ümumiyyətlə, Azərbaycan hökumətindən xəbərsiz
yeni hökumət yaratmaq təşəbbüsü, baş
nazir postuna mümkün namizədlər kimi M.Əsədullayev
və M.H.Hacınskinin adının çəkilməsi,
xüsusilə, bu namizədlərin ermənilər tərəfindən
təklif edilməsi başqa iclas iştirakçıları
arasında geniş müzakirələrə səbəb
olur.
Daxili
İşlər naziri B.Cavanşir bu məsələyə
aydınlıq gətirir, M.Əsədullayevin Tomsonla söhbətində
Milli Şura haqqında mənfi fikir söyləmədiyi,
Tomsonun baş nazir postuna ümumiyyətlə, qeyri-müsəlman
bir şəxsin nəzərdə tutduğunu, sonra bu post
M.Əsədullayevə təklif edilərkən onun həmin vəzifədə
yalnız Fətəli xanı gördüyünü bildirdiyi
və bu kimi məqamlar açıqlanır.
Xarici işlər naziri M.H.Hacınski də
özünün bu məsələyə aidiyyəti
olmadığını söyləyir və hökumətdə
hər hansı vəzifə tutmaqdan imtina edir. Fətəli
xan isə bütün bu söhbətlərdən sonra hökumətdə
qalmayacağını bəyan edir.
Parlamentin
açılmasına üç gün qalmış Milli
Şuranın iclasında yaranmış gərginik M.Ə.Rəsulzadə
tərəfindən aradan qaldırılsa da, Azərbaycan
istiqlalının düşmənlərinin, eyni zamanda, erməni
və rus milli şuralarının Parlamentin
açılışına hər vasitə ilə mane olmaq cəhdləri
göz qabağında idi.
Bu məqsədlə
müttəfiq qoşunların baş komandanından istifadə
etməkdən belə çəkinməyən erməni-rus
qüvvələrinin yalnız Azərbaycan hökumətinin
deyil, ümumilikdə azərbaycanlı əhalinin
hüquqlarının danılmasında irəli sürdükləri
tələblər öz hədsiz nifrəti və həyasızlığı
ilə hətta general Tomsonu da heyrətə salmış və
tədricən onun Azərbaycan hökumətinə və
siyasi xadimlərinə münasibətinin dəyişməsinə
səbəb olmuşdur. Hələ Bakıya gəlmək ərəfəsində,
Ənzəlidə onunla görüşə təşrif gətirmiş
Azərbaycan nümayəndə heyətini (Ə.Ağayev,
N.Yusifbəyli, M.b.Rəfiyev) əvvəlcə qəbul belə
etmək istəməyən və Azərbaycan hökumətini
tanımaqdan imtina edən Tomsonun tez bir zamanda öz fikrini dəyişməsində
şübhəsiz ki, yalnız onun erməni-rus millətçilərinin
xislətini anlaması deyil, Azərbaycan liderlərinin siyasi məharəti
və eyni zamanda, şəxsi keyfiyyətləri də müstəsna
rol oynamışdır. Təsadüfi deyil ki, "vəhşi,
barbar, qaragüruhçu müsəlmanlar" əvəzinə
Avropa düşüncəli, bir neçə xarici dillərdə
danışan, sivil, mədəni dövlət xadimləri ilə
üzləşən və yerli şəraitlə tanış olan general Tomson artıq bir aydan
sonra Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət
orqanı kimi tanıyır.
1918-ci il 3 dekabr tarixli protokol Milli Şuranın fəaliyyətini
əks etdirən iclas protokollarının sonuncusudur. Həmin sənəddən Milli Şuranın
növbəti iclasının dekabrın 4-də, axşam saat
7-yə təyin olunduğu aydın olsa da, təəssüf
ki, Parlamentin açılışına qədər
keçirilən iclasların protokolları
qalmamışdır. Lakin 1918-ci il
dekabr ayının 7-də, yəni, Milli Şura tərəfindən
təyin edilən gün Azərbaycan Parlamentinin öz işinə
başlaması Milli Şuranın bu məqsəd yolunda üzərinə
düşən vəzifələri ləyaqətlə sona
çatdırdığını göstərir.
Azərbaycanın müstəqillik, istiqlal, dövlətçilik
və parlamentarizm tarixində Milli Şuranın misilsiz xidməti
olmuşdur.
Azərbaycanın "İstiqlal bəyannaməsinin" qəbulundan
başlanan bu yolda Milli Şura üzvləri "Gəncə
böhranı"ndan keçmiş, Bakının yad əllərdən
xilasına nail olmuş, ingilis komandanlığı ilə
iş birliyi yaratmış, öz hakimiyyət
strukturlarını saxlamaqla yanaşı, Qarabağ və Zəngəzur
məsələlərinin həllində onun dəstəyindən
faydalanmışlar. Azərbaycan Parlamentinin
yaranması ilə Milli Şuranın tarixi funksiyası
başa çatmış və onun fəaliyyətinə
xitam verilmişdir.
Azərbaycan
Parlamentinin açılışı
1918-ci il dekabrın 7-də, saat 13-də
H.Z.Tağıyevin Bakının Nikolayevski (İstiqlal)
küçəsində yerləşən qız məktəbinin
(indiki Əlyazmalar İnstitutu) binasında təntənəli
surətdə Azərbaycan Parlamenti açıldı.
Həmin gün güclü xəzri küləyinin əsməsinə
baxmayaraq bu münasibətlə bəzədilmiş şəhərdə
bayram əhval-ruhiyyəsi hökm sürürdü,
mağazalar, dövlət idarələri və təhsil
müəssisələri bağlanmış, şəhər
əhalisi gəzintiyə çıxmışdı. General Tomson Azərbaycan
hökumətinin başçısı Fətəli xan
Xoyskiyə söz verdiyi kimi ingilis komandanlığı tərəfindən
şəhərdə nümunəvi qayda-qanun
yaradılmış, Parlamentin işinə hər hansı əngəllər
törədilməsinin qarşısını almaq
üçün lazımi təhlükəsizlik tədbirləri
görülmüşdü. Parlamentin
keçirildiyi binanın qarşısında iki zirehli avtomobil
qoyulmuş, binaya gələn bütün yollar kənar adamlar
üçün bağlanmışdı. İngilis və Azərbaycan polisi, eləcə də
hərbçilər bir neçə yerdə patrul xidmətində
duraraq yalnız Parlament üzvləri və xüsusi vəsiqəsi
olan şəxslərə Parlaman binasına girməyə icazə
verirdilər.
Binanın içi, bütün keçidlər və məclisin
keçirildiyi zal xalçalarla döşənmiş və
üçrəngli milli bayraqlarla bəzədilmişdi. Parlamentin
açılış mərasimində deputatlardan başqa
hökumət üzvləri və hörmətli qonaqlar -
görkəmli ziyalılar, iş adamları, mətbuat
nümayəndələri və b. iştirak edirdi. Qonaqların arasında xeyli sayda müsəlman
qadınları da var idi. Diplomatik lojalarda xarici qonaqlar -
general Tomsonun nümayəndəsi polkovnik Kokkerell,
İranın Bakıdakı baş konsulu M.Saidol-Vezare,
Gürcüstan Respublikasının nümayəndəsi
Korçevadze, Şimali Qafqaz dağlıları hökumətinin
sədri T.Çermoyev və başqaları əyləşmişdilər.
Rus və
erməni milli şuralarının nümayəndələri
Azərbaycan Parlamentini boykot etmək qərarı vermiş,
lakin Slavyan-Rus Cəmiyyətinin 5 üzvü Parlamentin işinə
qatılmışdı (rus və erməni milli
şuralarının nümayəndələri yalnız iki
aydan sonra Parlamentin işində iştirak etməyə
başlamışlar).
Nəhayət, düz saat 1-də Milli Şuranın sədri
Məhəmməd Əmin Rəsulzadə zala girərək rəyasət
heyətinə keçir. Azərbaycan Parlamentinin
açılış mərasimini redaktoru olduğu "Azərbaycan"
qəzetində işıqlandıran Üzeyir bəy Hacıbəyov
"Padşahlı məmləkətlərdə məclisi-məbusanı
padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını
bir nəfər vətən oğlu açdı" - deyərək
"qəlbən nikbin" Məhəmməd Əminin
"açıq və gülər bir üz və yerə
baxmaq adəti olmayan bir göz ilə" məclis üzvlərinə
xitabən nitq etməyə başladığını
yazır.
M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin
açılışında söylədiyi nitq dəfələrlə
alqışlarla müşayiət olunmaqla, istər məzmununa,
istərsə də məclis iştirakçılarında
oyatdığı təsir gücünə görə ən
parlaq natiqlik nümunəsi hesab edilə bilər. Onun
"...müstəqil Azərbaycanı təmsil edən o
üç boyalı bayrağı Şurayi-Milli
qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti
və müasir Avropa iqtidari-əhrarinəsini təmsil edən
bu üç boyalı bayraq daima başlarımızın
üstündə ehtizaz edəcəkdir. Bir
dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir"
sözlərindən sonra bütün zal ayağa
qalxmış, gur və sürəkli alqışlar uzun
müddət davam etmişdir.
Bu məşhur nitqində yaşanan anları yüksək
qiymətləndirən M.Ə.Rəsulzadə daha sonra
"Müsavat" partiyası adından gənc Cümhuriyyətin
dövlət quruluşu, daxili və xarici siyasətinin əsas
prinsipləri barədə bəyannamə ilə
çıxış edir. Nitqinin sonunda M.Ə.Rəsulzadə
Parlamentin sədrinin seçilməsini təklif edir və
ciddi müzakirələrdən sonra "Musavat"
fraksiyasının təklifi ilə heç bir siyasi
partiyanın üzvü olmayan, görkəmli siyasi xadim, Azərbaycan
parlamentarizminin əsaslarını qoyan ən təcrübəli
diplomat və böyük ziyalı Əlimərdan bəy
Topçubaşov Azərbaycan Parlamentinin sədri seçilir.
Ə.Topçubaşov özü bu vaxt
İstanbulda olduğundan sədrin 1-ci müavini seçilən
Həsən bəy Ağayev Parlamentin işinə sədrlik
edir. Mehdi bəy Hacınski katib olmaqla
Parlamentin üç nəfərdən ibarət katibliyi seçilir.
Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti
Hökumətinin başçısı Fətəli xan Xoyski
Parlamentdə hökumətin daxili və xarici siyasəti barəsində
hesabat xarakterli məruzə ilə çıxış edir. Bu məruzədən
sonra Parlament köhnə hökumətin istefasını qəbul
edərək yeni hökumətin təşkil edilməsini
yenidən Fətəli xan Xoyskiyə tapşırır.
Daha sonra mandat, reqlament və təsərrüfat
komissiyalarına seçkilər keçirilir.
Azərbaycan
Parlamentinin açılması münasibəti ilə siyasi məhbuslara
amnistiya verilməsi haqda "İttihad" partiyasının
təklifi Parlamentin bütün fraksiyaları tərəfindən
dəstəklənir və müvafiq aktı hazırlayacaq
komissiyanın yaradılması haqda qərar qəbul etməklə
Azərbaycan Parlamenti özünün birinci iclasını
bağlı elan edir.
Azərbaycan Parlamentinin açılışı Azərbaycan cəmiyyətində böyük əks-səda doğurmuş, bu münasibətlə Parlamentin və hökumətin ünvanına gələn təbrik teleqramları, açılış mərasiminə həsr edilən yazılar, bu hadisəyə verilən qiymətlər dövri mətbuatda geniş yer almışdır. Parlamentli respublika üsul-idarəsinin yaradılması ilə Azərbaycanın siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə qalxması və bu hadisənin onun bütün sonrakı taleyində son dərəcə mühüm rol oynaması təkzib edilməyəcək bir fakt olmuşdur .
Azərbaycan Parlamentinin açılışı günü onun yaradıcılarından birinin, Fətəli xan Xoyskinin dediyi "...yatsa idik də yuxumuza girməzdi..." sözlərinin fərqinə varılarsa, çox kiçik bir zaman kəsiyində - azərbaycanlıların Rusiya Dumasında ilk təmsilçiliyindən başlayaraq Azərbaycan Parlamentinin yaradılmasına gətirən böyük yolun Üzeyir bəyin "vətən oğlu" adlandırdığı insanların idealları, əzmi və əməlləri ilə salındığını görərik.
Azərbaycan
Xalq Cümhuriyyəti Məclisi-Məbusanın 1918-ci il
dekabrın 7-də qaldırdığı "üç
boyalı bayrağın" bu gün, 2013- cü il
dekabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinin
binası üzərində dalğalanması keçilmiş
bu yola verilən ən yüksək qiymət, bu bayrağı
qaldırmış Vətən oğullarının xatirəsinə
isə ən gözəl abidədir.
Solmaz
RÜSTƏMOVA-TOHİDİ,
tarix elmləri
doktoru, professor
Azərbaycan.-2013.- 7 dekabr.- S.1,2.