Azərbaycan regionda həyata keçirilən
transmilli layihələrdə
lider dövlətdir
Prezident İlham Əliyevin
"İlin Xəzər
dövlət adamı"
mükafatına layiq görülməsi bunu bir daha
təsdiqlədi
Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində
əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə
aparıcı qüvvəyə
çevrilməsi rəsmi
Bakının mövqelərinin
güclənməsi ilə
müşayiət olunur. Prezident İlham
Əliyev əməli
addımları ilə
hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət
təminatının olduğunu
praktik surətdə təcəssüm etdirir.
Bu gün Azərbaycan
regionda hansısa ölkədən enerji asılılığı olmayan
yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri
dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş
imkanlar açır.
Bu layihələr, eyni zamanda, respublikamızı
daha da gücləndirir,
regionda müstəqil
siyasət aparmasını
təmin edir. Azərbaycan dünyaya qaz nəql edən ölkə kimi də tanınmaqdadır.
Beş il müddətində Avropa İttifaqı ilə aparılmış danışıqlar
cari ilin iyununda Avropaya qaz nəqli marşrutunun müəyyən
edilməsi, həmçinin
sentyabr ayında "Şahdəniz" konsorsiumu
və Avropanın qaz alıcıları arasında sazişin imzalanması ilə nəticələnib. İlkin mərhələdə
Azərbaycan qazının
daşınması "Şahdəniz-2"
layihəsinin hasilatı
hesabına olacaq.
Təbii
qazın nəqli ilk mərhələdə 15-16 milyard
kubmetrlə başlanacaq.
2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə
6 milyard kubmetr qaz nəql olunacaq.
2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard
kubmetrə çatdıracaq.
Prezident
İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə
məhz ölkə üçün taleyüklü,
strateji əhəmiyyətli
hadisələrin müəllifinə
çevrilmiş, onun
ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar vətəndaşların
rifahının yüksəlməsinə,
cəmiyyətin mənəvi
yüksəlişinə və
birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik
keyfiyyətləri, siyasi
prosesləri yönəltmək
məharəti, cəmiyyətin
maraq və mənafelərini ümumi
bir nöqtədə birləşdirmək bacarığı
Azərbaycan xalqının
ona sonsuz etimadının əsas səbəblərindən biri
kimi qiymətləndirilir.
Ölkə həyatının
bütün sahələrində
əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında,
nüfuzlu sosioloji mərkəzlər tərəfindən
vaxtaşırı keçirilən
rəy sorğularında
təqdir olunur və respublikamızın
davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.
2013-cü
il dekabrın
5-də İstanbulda keçirilən
Xəzər Forumunun sonunda müxtəlif nominasiyalar üzrə Xəzər mükafatları
təqdim olunub. "İlin Xəzər
dövlət adamı"
mükafatına regionda
həyata keçirilən
transmilli layihələrdə
liderliyinə görə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev layiq görülüb. Mükafatı Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənova təqdim edib.
İstanbuldakı "Çırağan" sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı
və SOCAR, BP, TPAO şirkətlərinin
dəstəyi ilə keçirilən Xəzər
Forumunda Türkiyə,
Azərbaycan və
Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın
35 ölkəsindən gəlmiş
ekspertlərin iştirakı
ilə enerji və kommunikasiya layihələri müzakirə
olunub. Forumda Xəzər hövzəsinin
karbohidrogen ehtiyatlarının
çıxarılması və
nəqlindən bəhs
edən sənədli
film nümayiş etdirilib.
HASEN-in baş katibi Haldun Yavaş
Xəzər Forumunun əhəmiyyəti, burada
keçirilən müzakirələrin
bölgədəki enerji
və kommunikasiya layihələri üçün
konstruktiv rolundan ətraflı danışıb.
Xatırladaq ki, 2012-ci ilin sonuna Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri"
çərçivəsində keçirilən sorğunun
nəticələri də
mühüm məqamları
ilə diqqəti cəlb etmişdi. Qeyd edək
ki, sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində
ictimai rəyin öyrənilməsi üzrə
Avropa İttifaqı
(Aİ) tərəfindən maliyyələşdirilən layihə
çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında
keçirilmişdi. Rəyi soruşulanların
65 faizi həyatlarından
razı olduqlarını
bildirimişdilər. Həyatından
məmnunluq səviyyəsi
gənclər və təhsil alan
respondentlər arasında
daha yüksək olmuşdur. Rəyi soruşulanların böyük əksəriyyəti
hökumətinə (92 faiz)
və parlamentə (68
faiz) inandığını
ifadə etmişdir.
Prezident İlham Əliyev həmçinin Türkiyənin
nüfuzlu "Ekovitrin"
jurnalı tərəfindən
keçirilmiş rəy
sorğusunun nəticəsinə
görə türk dövlətləri, Orta Asiya və Cənubi
Qafqazda "10 ilin dövlət adamı"
seçilmişdi. "Ekovitrin" jurnalı tərəfindən keçirilən
rəy sorğusunda
270 min 992 respondent iştirak etmişdi. Jurnalda cənab İlham
Əliyevin Azərbaycan
Respublikasının Prezidenti
vəzifəsində səmərəli
fəaliyyəti, qazandığı
uğurlar barədə
ətraflı məlumat
verilmişdi. Qeyd edilmişdi
ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan sürətlə inkişaf
etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə
çevrilmişdir. Nəşrdə dövlət başçısının
daxili və xarici siyasətinin uğurlu nəticələri
də geniş əks etdirilmişdi.
Bir müddət əvvəl Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumu
(DƏ-İKGF) İstanbulda dünyanın 40 ölkəsindən
50-dən artıq universtetini
təmsil edən 170-dən
çox gənc və 10 minə yaxın tələbə arasında online sorğu keçirmişdi. Sorğuya əsasən
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev İƏT coğrafiyasında
"İlin dövlət
başçısı" seçilmişdi. Bu barədə
qərar iyulun 6-da
DƏ İKGF və Malayziya
Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı
ilə Kuala Lumpur şəhərində
keçirilən 3-cü Beynəlxalq
İslam Əməkdaşlıq
Təşkilatı Modelinin
Sammitinin bağlanış
mərasimində elan edilmişdi.
"İlin dövlət başçısı" nominasiyasında
iştirak etmiş və İƏT-nin 57 üzv ölkəsi sırasından seçilmiş
dövlət başçılarının
namizədlikləri islam
irsinə göstərilən
qayğı, İƏT ölkələri
arasında həmrəyliyin
möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi
inkişafı və beynəlxalq mövqelərinin
gücləndirilməsi sahəsində
fəaliyyətləri kimi meyarlar üzrə qiymətləndirilmişdi.
Dövlət başçısı bu nominasiyanın da qalibi olmuşdu.
Prezident
İlham Əliyev
"İlin dövlət
başçısı" seçilərkən Azərbaycan
Prezidentinin rəhbərliyi
altında əldə
olunmuş nailiyyətlər,
o cümlədən Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi və bu mövqedən
İƏT ölkələrinin maraqlarının müdafiəsi,
Fələstin dövlətinə
yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin
təsis konfransı və Qüds şəhərinin inkişafına
yardım üzrə
donor konfransına 2013-cü ilin iyununda Bakıda
ev sahibliyinin edilməsi, bütövlükdə
Azərbaycanın İƏT-nin islam həmrəyliyi
istiqamətində fəaliyyətinə
dəstəyi, həmçinin
Cənubi Qafqazın
ilk məscidi və islam sivilizasiyasının
incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri
nəzərə alınmışdı.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
inkişaf strategiyasının
Prezident İlham Əliyevin yeni mərhələdə uğurla
davam etdirilməsi bu gün müstəqil
Azərbaycanı regionun
ən güclü və qüdrətli dövlətlərindən birinə
çevirmişdir. Bütün bunların
nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq
mərkəzi kimi tanınır.
2013-ci ilin 10 ayında Avropanın bir sıra ölkələrində
maliyyə böhranının
doğurduğu çətinliklər
özünü qabarıq
göstərmiş, büdcə
xərcləri azaldılmış,
vergilər artırılmış,
dövlət və özəl sektorda iş yerlərinin ixtisara salınması geniş vüsət almış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir.
Bəzi ölkələrdə büdcə
kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı
isə mənfi təzahürləri hələ
də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş
etdirərək müvazinətini
itirməmiş, artım
dinamikasını və
əldə olunmuş
sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Uğurla həyata
keçirilən qabaqlayıcı
tədbirlər nəticəsində
ölkədə güclü
sabitlik potensialının
yaradılması şəraitində
gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır. Dövlət başçısının uğurla
davam etdirdiyi çoxşaxəli islahatlar
kursu respublikamızın
yeni sosial-iqtisadi təmayüllərini dəqiq
şəkildə müəyyənləşdirməklə
yanaşı, böyük
uğurlara zəmin yaratmış, hər bir vətəndaşın
həyatında nəzərəçarpacaq
irəliləyişlərə səbəb olmuşdur.
Elnur HACALIYEV,
Azərbaycan.-2013.- 7 dekabr.- S.3.