Böyük Britaniyanın nüfuzlu «Diplomat»

 jurnalı Azərbaycanın uğurlarından yazır

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun nüfuzlu "Diplomat" jurnalında ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründəki uğurlarından bəhs edən məqaləsi dərc olunmuşdur.

Məqalədə qeyd edilmişdir ki, 2011-ci ildə BMT-nin üzvü olan dövlətlərin böyük əksəriyyətinin dəstəyi ilə Azərbaycan Təhlükəsizlik Şurasının üzvü seçilmiş, 2 il ərzində bu təşkilatın əsas dəyər və prinsiplərinə sadiq qalmışdır. BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycan beynəlxalq ictimaiyyəti maraqlandıran əsas məsələlərə diqqət yetirmişdir. 2012-ci il may ayında terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi üçün xüsusi iclas keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxışı zamanı BMT-yə üzv dövlətlər arasında əməkdaşlığı genişləndirməyin və bu problem ilə məşğul olan müvafiq strukturların imkanlarını artırmağın əhəmiyyətini vurğulamışdır. Dövlət başçısı, həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı rolu çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalacağını diqqətə çatdırmışdır. İclasda terrora qarşı mübarizədə BMT ilə regional təşkilatlar və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Məqalədə qeyd edilmişdir ki, 2013-cü ilin oktyabrında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəmləndirilməsinə dair iclas keçirmişdir. İclasda müxtəlif dəyərlərin dərk edilməsi, inanc və dinlərə hörmət məsələləri müzakirə olunmuşdur.

Məqalədə III Bakı Beynəlxalq Humanitar Forumu nümunə göstərilərək Azərbaycanın son dövrlərdə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri üçün beynəlxalq səviyyədə aktual mövzuların müzakirə edildiyi məkana çevrildiyi diqqətə çatdırılmışdır.

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi dövründə Afrikanın üzləşdiyi çətinliklər müzakirəyə çıxarılan əsas məsələlərdən biri olmuşdur. Azərbaycanın təşəbbüsü ilə BMT-yə üzv dövlətlərin rəsmi şəxslərinin Afrikaya səfərləri təşkil edilmişdir. Ölkəmizin gündəmə gətirdiyi digər məsələ isə humanitar fəlakətlərə beynəlxalq səviyyədə sürətli yardım olmuşdur.

Məqalənin sonunda  BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın gənc diplomatiyasının geniş potensialını nümayiş etdirdiyi vurğulanmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında öz rolunu uğurla tamamladıqdan sonra, beynəlxalq sülh və təhlükəsizlik uğrunda fəaliyyətini daha böyük səylə davam etdirəcəyinə əminlik ifadə edilmişdir.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar: http://www.diplomatmagazine.com/issues/2013/december/809-international-peacemakers.html

 

 

Orxan İSMAYILOV,

AzərTAcn xüsusi müxbiri

London

Azərbaycan.-2013.-7 dekabr.-S.3.