Ukraynada GUAM Xarici İşlər Nazirləri Şurasının 22-ci iclası keçirilmişdir

 

Dekabrın 6-da Ukraynanın paytaxtı Kiyevdə ATƏT-in Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Demokratiyaİqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 22-ci iclası keçirilmişdir.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə nazir Natalya German, Ukraynanın xarici işlər naziri Leonid Kojara və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak etmişlər.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə GUAM-a üzv dövlətlər arasında qarşılıqlı siyasi fəaliyyət və GUAM+ formatında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Həmçinin iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq haqqında fikirlər səsləndirilmişdir.

İclasda GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılmışdır.

GUAM-ın digər dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrinin davam etdirilməsi haqqında razılıq əldə olunan görüşdə nazirlər təşkilata üzv ölkələrin Avropa İttifaqı ilə fəal əməkdaşlığını dəstəkləmişlər. İclasda GUAM-a sədrlik Gürcüstandan Moldovaya keçmişdir.

 

Azərbaycan.-2013.-7 dekabr.-S.4.