«Azərbaycanda internetin
bu günü və
sabahı» mövzusunda
respublika elmi-praktik konfransı keçirilmişdir
Dekabrın 6-da AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunda
(İTİ) "Azərbaycanda internetin bu günü və
sabahı" mövzusunda respublika
elmi-praktik konfransı keçirilmişdir.
AzərTAc
xəbər verir ki, XIX Azərbaycan Beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisi
("BakuTel-2013") çərçivəsində
keçirilən tədbiri Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi (RİTN) ilə AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutu təşkil
etmişlər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Akif Əlizadə rabitə və informasiya texnologiyaları işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirin "BakuTel-2013" çərçivəsində keçirildiyini qeyd edən A.Əlizadə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi son nailiyyətlərin nümayiş olunduğunu bildirmişdir.
Alim "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində ölkəmizdə həyata keçirilən bir sıra mühüm işlərdə AMEA-nın yaxından iştirak etdiyini söyləmiş, Azərbaycanda internetin formalaşması, inkişaf mərhələləri, müasir vəziyyəti və perspektivlərinə həsr edilən konfransın yekunlaşmaqda olan "İnformasiya-kommunikasiya texnologiyaları ili" üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən olduğunu vurğulamışdır.
Ölkədə informasiya cəmiyyəti, elektron dövlət quruculuğu proseslərinin uğurla həyata keçirildiyini qeyd edən AMEA-nın prezidenti bu tərəqqi sayəsində internetin dinamik inkişaf etdiyini, istifadəçilərin sayının sürətlə artdığını vurğulamışdır. A.Əlizadə demişdir: "Hazırda Azərbaycan internetin, bütövlükdə, İKT sektorunun inkişaf tempinə görə dünya ölkələri arasında ön sıralardan birini tutur. Müxtəlif nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu nailiyyətlərini təsdiq edir. Bütün bunlar ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqinin, internet infrastrukturunun inkişafının, internet azadlıqlarının yüksək səviyyədə təmin olunmasının göstəricisidir".
Akademik diqqətə çatdırmışdır ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında internet infrastrukturunun davamlı inkişafı, informasiya cəmiyyəti quruculuğunun yüksək səviyyədə aparılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi öz əksini tapmışdır. Azərbaycan internet şəbəkəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, kibercinayətkarlıqla milli və beynəlxalq miqyasda daha səmərəli mübarizə aparılması, elektron kommersiyanın etibarlı fəaliyyəti, kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi istiqamətində müvafiq beynəlxalq təşkilatlarla, dünya ölkələri ilə intensiv və səmərəli əməkdaşlıq edir.
Çıxışının sonunda A.Əlizadə konfransın alim və mütəxəssislərin bu sahədə elmi nailiyyətlərinin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması, fikir və şərhlərinin ifadəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov "İnternet və dövlət siyasəti" mövzusunda çıxış etmişdir. Ə.Abbasov dövlət başçısı İlham Əliyev tərəfindən 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinin son illər bu sahədə yüksək tərəqqinin göstəricisi olduğunu diqqətə çatdırmışdır. Nazir İKT xidmətlərinin genişləndirilməsinin, informasiya və bilik bazarının formalaşdırılmasının və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd etmişdir. O, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli və genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramlarının, həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır.
Cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında "Elektron hökumət" portalının xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasının vacibliyini vurğulayan Ə.Abbasov RİTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılmasının əhəmiyyətini qeyd etmişdir. Nazir elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılması baxımından agentliyin strateji qurum olduğunu bildirmişdir. Ə.Abbasov 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, kiberçinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacağını bildirmişdir. O, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə çatmaq üçün İKT mütəxəssislərinin üzərinə yeni və məsuliyyətli vəzifələrin qoyulduğunu qeyd etmişdir.
İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev "Azərbaycanda internetin formalaşması mərhələləri və inkişaf perspektivləri" mövzusunda məruzə etmişdir. R.Əliquliyev internetin 44 ildə keçdiyi sürətli inkişaf yolunun bir çox təzadlarla, siyasi-ideoloji qarşıdurmalarla, mental dəyərlərin itirilməsi qorxusundan irəli gələn təzyiqlərlə müşahidə olduğunu bildirmişdir. O demişdir: "Bütün bunlara baxmayaraq, internet dünyada vüsət almaqla, müxtəlif fəaliyyət sahələrinə getdikcə daha dərindən nüfuz edir, insanların həyat tərzinin ayrılmaz hissəsinə çevrilir".
İnstitutun direktoru qeyd etmişdir ki, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsi ölkənin gələcək inkişafını səciyyələndirən vacib amillərdəndir. Bu gün internetin aktual elmi problemlərinin həlli alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoymuşdur.
İnstitutda internetin inkişaf perspektivlərinin araşdırıldığını deyən professor qlobal şəbəkənin "Əşyaların interneti", "Kosmik internet", "Tibbi internet", "Biometrik internet" kimi yeni istiqamətlərinin öyrənildiyini bildirmişdir. Natiq bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd etmiş, müxtəlif nüfuzlu beynəlxalq reytinq agentliklərinin son hesabatlarında ölkəmizin nailiyyətlərinin əks olunduğunu nəzərə çatdırmışdır. Alim qeyd etmişdir ki, qabaqcıl informasiya texnologiyaları sahəsində innovativ ideyaların tətbiqi, yeni proqram təminatlarının yaradılması yaxın gələcəkdə cəmiyyətdə əhəmiyyətli dəyişikliklərə səbəb olacaqdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanlarından bəhs etmişdir.
Konfransda informasiya
texnologiyaları üzrə aparıcı mütəxəssislərin,
alimlərin çıxışları dinlənilmişdir. Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin
olunmasında onun imkanları, sosial medianın problemləri, internetin
inkişafı naminə dövlət-biznes-vətəndaş
cəmiyyətinin birgə səyləri, internet
və informasiya texnologiyalarının hüquq elmi və təhsilinin
inkişafına təsiri, Azərbaycanda internetskopiya
problemlərinə dair müzakirələr
və fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2013.-7 dekabr.-S.5.