«Euronews» kanalında «BakuTel-2013» sərgisi ilə bağlı süjet yayımlanmışdır

 

Azərbaycan paytaxtında keçirilən "BakuTel-2013" XIX Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi artıq bir neçə gündür ki, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. Dünyanın nüfuzlu televiziya kanallarından olan "Euronews"un sərgi haqqında geniş süjet hazırlaması bunu bir daha təsdiq edir.

AzərTAc xəbər verir ki, reportajın müəllifi - "Euronews"un müxbiri Qalina Polonskaya "BakuTel"in dünyada ildən-ilə daha böyük maraqla qarşılandığını xüsusi vurğulayaraq Azərbaycan paytaxtında bu sərginin keçirilməsinin telekommunikasiya bazarında mühüm hadisə olduğunu bildirmişdir. Müəllif diqqətə çatdırmışdır ki, "BakuTel-2013"ə müxtəlif ölkələrdən mütəxəssislər, ekspertlər gəlirlər. Sərgi telekommunikasiyainformasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək üçün yaxşı platformadır.

Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews"un müxbirinə müsahibəsindən aşağıdakı fikirlər də yer almışdır: "Bu il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bu, əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır".

Videosüjetdə su və işıqla təchiz olunmuş "Ağıllı ev"ə, eləcə də digər funksiyalara və sistemlərə smartfon vasitəsilə nəzarət edildiyi vurğulanmışdır. Bildirilir ki, sistemin köməyi ilə evi açmaqbağlamaq olar, hətta qəhvədanı və paltaryuyan maşını da işə salmaq mümkündür.

"Azercell" şirkətinin böyük mütəxəssisi Günay Məmmədli deyir: "Təsəvvür edin ki, bir adam başqa qitədədir, tamamilə başqa yarımkürədə yerləşən evini mobil telefon vasitəsilə idarə edir.

Yəni, bu, ilk növbədə təhlükəsizlikdir. Həmin adam evdə nə baş verdiyindən xəbər tutur".

Bildirilir ki, sərgidə israilli mühəndislər yeni ixtiralarını nümayiş etdirirlər. Bədənin hərarətini, qanda şəkərin səviyyəsini və digər parametrləri ölçən mobil telefon həkimə xəstələrin səhhəti barədə diaqnoz qoymağa imkan yaradır.

İsrail-Azərbaycan Ticarət Palatasının sədri Aleks Kaplun deyir: "Telefon bizə nə etmək lazım olduğunu göstərir. Sensoru düz tutmaq lazımdır. Bu minvalla aparat 35 saniyəyə elektrokardioqramı çıxarıb serverə göndərəcəkdir. Biz serverdən vəziyyətin normal, yaxud qeyri-normal olması cavabını alırıq. Əgər normaldırsa, deməli, vəziyyət yaxşıdır, qeyri-normaldırsa, bütün məlumatlar serverdə qalacaqdır. Yəni, xəstə öz həkiminə dünyanın istənilən nöqtəsindən zəng edərək deyə bilər ki, mənim kardioqramımı nəzərdən keçirin".

Süjetdə qeyd olunur ki, sərgi çərçivəsində nümayiş etdirilən yeniliklər arasında interaktiv məktəb lövhəsi də vardır. Bu qurğu qiyabi təhsil alan şagirdlərə çox kömək edir. "Hitachi" şirkətinin regional meneceri Marek Kaiser deyir: "Zərurət olduğu təqdirdə mən özüm bu lövhədə işləyirəm. Dinləyicilərim internet kanalı vasitəsi ilə də lazımı material alırlar".

Verilişdə sərginin sürprizlərindən biri olan "Titan" robotu barədə məlumat verən müəllif Qalina Polonskaya bildirir: "Bu sərginin ulduzu içi naqilsiz rabitə ilə təchiz olunmuş "Titan" robotudur".

Müəllif vurğulayır ki, "BakuTel" sərgisi təkcə ziyarət və ekskursiya deyil, həm də danışıqların aparılması və müqavilələrin imzalanması üçün əlverişli platformadır. Çoxsaylı iştirakçıların ümid etdiyi kimi, bu amil gələcək uğurların da bünövrəsini qoyur.

 

Azərbaycan.-2013.-7 dekabr.-S.5.