Əsrin şəxsiyyəti

 

Hər bir dövlətin tarixində elə şəxsiyyətlər var ki, onlar bütövlükdə xalqın taleyini dəyişirlər. Əqidəsi, məsləki xalqının azadlığı, inkişafı, qüdrətlənməsi uğrunda mübarizəyə həsr olunmuş belə simalar nəsillər dəyişdikcə daha böyük əbədiyyət qazanırlar.

Ulu öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixinə daxil olmuş şəxsiyyətdir. Onun siyasi fəaliyyəti, Vətəninə, xalqına təmənnasız, müqəddəs münasibəti güclü bir məktəb, tükənməz xəzinədir. Gələcək nəsillər bu məktəbdən hələ çox şey öyrənəcək, bu xəzinədən bəhrələnəcəklər. Heydər Əliyev müasir demokratik Azərbaycanı yaratdı, onu dünyanın nüfuzlu ölkəsinə çevirdi. Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, müstəqil dövlətimizin memarı, uzaqgörən siyasətçi, vətənpərvər və qayğıkeş bir rəhbər kimi yazıldı.

Əfsuslar ki, tarix ədalətli olduğu qədər, həm da amansızdır. Artıq 10 ildir ki, xalqın qəlbində məskən salan, xatirələrdə yaşayan Azərbaycanın böyük oğlu Heydər Əliyev əbədiyyətə qovuşmuşdur. Ötən müddətdə biz onun ideyalarının, arzularının  əbədi nurunu hiss edir və onların reallaşmasında az da olsa öz töhfələrimizi vermək üçün səy göstəririk.

Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolunu xüsusi qeyd edirdi: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır."

Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Tarixin istənilən zaman kəsiyində biz Azərbaycan qadınının öz yerininmövqeyinin olduğunu görərik.

Məlumdur ki, qadının hüquq və azadlıqları uğrunda Azərbaycan ictimai fikrinin qabaqcıl nümayəndələri uzun illər boyu mübarizə aparmışlar. Onların təhsil, seçib-seçilmək, işləmək, sərbəst fikir yürütmək və öz seçimlərində heç kimdən asılı olmamaları üçün ədəbi, ictimai, siyasi xadimlərimiz maarifləndirmə işləri aparmış, hüquqi sənədlər qəbul etmişlər.

Lakin Azərbaycan tarixində qadın probleminin həlli, sistemli şəkildə dövlət səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətin və dövlətin idarə edilməsində əsas hərəkətverici qüvvə mövcuddur ki, bunlardan biri də qadınlardır. Bu baxımdan ümummilli lider Heydər Əliyev istər müstəqillikdən əvvəl, istərsə də müstəqillikdən sonrakı dövrdə qadınların cəmiyyətdə aktiv fəaliyyət göstərməsi üçün bütün imkanları yaratmışdı.

Xalqımızın hüquq və azadlığını daim müdafiə etmiş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev hansı dövrdə fəaliyyət göstərməsindən asılı olmayaraq qadın hərəkatını, onlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. Ulu öndər Heydər Əliyev qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkmiş, yüksək vəzifələrə təyin etmişdir. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi. Ümummilli liderimiz hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsində, onların mükafatlandırılmasında, orden-medallarla təltif olunmasında öz səyini əsirgəməmişdi. Həmin illərdə neçə-neçə qadın "Sosialist Əməyi Qəhrəmanı" fəxri adı almışdı. Bütün bunlar ölkə başçısının xalqına göstərdiyi sonsuz diqqət və qayğının nəticəsi idi.

Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. O dövrdə ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olundu, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yarandı. Dağılan ailələr, yaşanan faciələr qadınların və uşaqların həyatında dərin iz qoydu.

Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkə müstəqilliyinin qorunub saxlanılması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, ümumilikdə xalqın həyat səviyyəsinin yüksəldilməsi demək idi. Bununla da ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin inkişafı üçün geniş imkanlar yaratmışdı.

Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regionalqlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.

Ulu öndər ən çətin məqamlarda da qadın məsələlərini diqqətdə saxlayır, onların problemlərinin həllinə lazimi kömək göstərirdi.

Ulu öndər bildirmişdi: "Dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mənəviyyatımızın inkişaf etdirilməsi üçün bu günvar qüvvələrini sərf edirlər".

Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq ölkədə yaranan sosialiqtisadi sabitlik qadın məsələlərinin inkişafına təkan verdi. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. 1994-cü il Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında iştirak etmək üçün qadınlardan ibarət Milli Şura yaradıldı. Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşuldu. Bizim bu konvensiyaya qoşulmağımız Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Bu gün bütün dünyada müasir iqtisadi inkişafın tələblərindən və reallıqlarından biri gender aspektidir. Azərbaycanda da BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konvensiyasına uyğun olaraq qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində ölkədə mühüm addımlar atılmışdı.

Öncə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra qanunlar qəbul olundu. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Ailə Məcəlləsi və Mülki Məcəlləsində qadınların işləmək, iqtisadi, yaşamaq və mülkiyyət hüquqları öz əksini tapdı.

Müvafiq dövlət qurumları aztəminatlı ailələrdən olan qadınların məşğulluğunun artırılması üçün müxtəlif sahələrdə onların işə cəlb olunmaları istiqamətində tədbirlər planı həyata keçirirlər. Xüsusilə, 400 minə yaxın qaçqın və məcburi köçkün qadınlara diqqətin artırılması, onların bütün sahələrdə, o cümlədən sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi vacib məsələ kimi qarşıya qoyulmuşdur. 2000-ci ildə "Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi" üçün Dövlət Proqramı qəbul edilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin priortet istiqamətlərindən biri də qadınların hüquqlarının müdafiəsi, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün sisitemli şəkildə işlərin görülməsi idi. Məhz ulu öndərin siyasi iradəsi nəticəsində qadın siyasəti dövlət səviyyəsində həyata keçirilməyə başlamışdır. O, bu məsələyə elə həssaslıqla yanaşırdı ki, hətta Çində keçirilən Qadınların IV Beynəlxalq Konfransında qadınlarımızın yüksək səviyyədə təmsil olunmaları üçün Milli Hazırlıq Komitəsinin yaradılması barədə sərəncam imzalamışdı. Tarixə Pekin Konfransı kimi düşən beynəlxalq toplantının qəbul etdiyi qərar və qətnamələr dünyada qadın problemlərinin həlli istiqamətində mühüm əhəmiyyət kəsb edir. Dahi şəxsiyyət Heydər Əliyev bunu görürhiss edirdi. Azərbaycan qadınına böyük hörmət və qayğı ilə yanaşan Heydər Əliyev bu işlərin ölkəmizdə hələ xeyli illər öncədən həyata keçirilməsinə start vermişdi. Onun 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla, qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Ulu öndər 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" fərman imzaladı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisidir. Heydər Əliyevin 2000-ci ildə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə xidmət edən əsas sənəd oldu. Çox sevindirici haldır ki, bu fərmanın əks-sədası 2001-ci ildə bütün dünya dövlətlərinə yayılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.

Ölkəmizin bugünkü iqtisadi-siyasi, sosial-hüquqi, elmi-mədəni səviyyəsi ulu öndərin vaxtı ilə gördüyü işlərin əməli nəticəsidir. Onun rəhbərliyi ilə milli iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşdırılması xalqın rifahının yüksəldilməsinə xidmət edirdi. Heydər Əliyev özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində mühüm dövlət tədbirləri həyata keçirmişdi.

Hazırda Azərbaycan əhalisinin ümumi sayının 50,3 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28 faizə çatmışdır. Milli Məclisdə qadın deputatların sayı artıb, hazırda ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizdir. Parlament sədrinin 3 müavinindən biri qadındır. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və onların xüsusi çəkisi 26,7 faiz olmuşdur. Bələdiyyə sədrlərinin 17,7 faizi, icra hakimiyyəti başçısının müavinlərindən 35-i qadındır. İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və Konstitusiya Məhkəməsinin sədr müavini qadındır. Nazir müavinlərindən üçü qadındır. Auditorlar Palatasının 3 müavinindən biri, dövlət komitələrindən və dövlət komissiyalarının birinin sədri qadındır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini və Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkil (ombudsman) qadındır. ARDNŞ-nin vitse-prezidentlərindən biri qadındır. Daxili işlər orqanlarında ortaböyük rəis heyəti vəzifələrində 287, sıravi və kiçik rəis vəzifələrində 835 nəfər qadın xidmət edir. 52 nəfər qadın hakimdir. Ədliyyə orqanlarında işləyənlərin 1055 nəfəri qadındır, rəhbər vəzifələrdə çalışan qadınlar 80 nəfərdir. Diplomat qadınlarımızın sayı da artır. Elmin müxtəlif istiqamətlərində fəaliyyət göstərən qadınların xüsusi çəkisi 50 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40 faizi qadınlardır.

1996-cı ildən etibarən MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlandı. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda həyata keçirilən özəlləşdirilmə, torpaq islahatları kimi genişmiqyaslı islahatlar nəticəsində mənzil fondutorpaq sahələri də daxil olmaqla yüz minlərlə dövlət əmlakı xüsusi mülkiyyətə verilmişdir.

Torpaq islahatı nəticəsində kənd yerlərində qadın və kişilər bərabər olaraq xüsusi mülkiyyətçiyə çevrilmiş və əmlak sahibi olmuşlar. Lakin kişilərdən fərqli olaraq, qadınların bu sahədə biliklərinin və təcrübələrinin az olması onların öz əmlaklarından daha səmərəli istifadə etməsində müəyyən problemlər yaradır. Qadın sahibkarlığının inkişafının mühüm amili zəruri maliyyə vəsaitlərinin əldə edilməsi imkanları ilə bağlıdır. Ölkədə qadın sahibkarların ictimai birliklərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində də müvafiq işlər görülmüşdür. Hazırda qadınlarımızın 49,5 faizi əmək fəaliyyətilə məşğuldur. Qadınlar da ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar. Son illərdə qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə olunur. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadisosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına xidmət edir. Hazırda statistik vahidlərin dövlət reyestrində qeydə alınmış qadın sahibkarın sayı 73 469 nəfərdir. Ümumi sahibkarlar arasında qadın sahibkarların xüsusi çəkisi 17 faizə çatmışdır.

Azərbaycanda qadınların ictimai fəallığının qısa müddət ərzində hərəkat kimi formalaşması Heydər Əliyev siyasəti nəticəsində özünün yüksək mərhələsini yaşamış və bu gündavam etdirilir. 1998-ci, 2003-cü illərdə keçirilmiş Azərbaycan qadınlarının I və II qurultayı ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqi olmaqla, eyni zamanda, Heydər Əliyevin qadın siyasətinin təntənəsi kimi tarixə çevrildi. 2008-ci və 2013-cü illərdə Azərbaycan qadınlarının III və IV qurultayı keçiriləndə də bu dahi insanın ideya və arzuları prioritet istiqamət kimi qəbul edilmişdi.

Dövlət-qadın siyasətinin təkmilləşdirilməsinə, geniş və davamlı formada həyata keçirilməsinə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev xüsusi diqqət göstərir. 2006-cı il fevralın 6-da Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması əslində, qadın məsələlərinə kompleks yanaşmanın nəticəsi idi. Bu o deməkdir ki, ailə, qadın və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil edir. Dövlət-qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökumət təşkilatlarında qadınların sürətlə artan təmsilçiliyini xüsusi qeyd etmək lazımdır.

Həyatımızın bütün sahələrini əhatə edən "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" qanunun təsdiqi ilə bağlı ölkə Prezidentinin 10 oktyabr 2006-cı il tarixli fərmanı, əslində, müstəqillik dövrünün ən önəmli sənədlərindən biridir. Buradan belə nəticəyə gələ bilərik ki, "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" qanun təkcə qadınlara şamil olunmur, həm də cəmiyyətin bütün üzvlərini əhatə edir. Fərəhli haldır ki, Azərbaycanda gender büdcələşməsi təsdiq olunmuşdur. Prezident  İlham Əliyevin 2 oktyabr 2010-cu il tarixdə imzaladığı fərmanla "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür. Bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələrdə, qəbul olunan dövlət proqramlarında gender komponentləri nəzərə alınır və əsas istiqamət kimi götürülür. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir. Bu qanunların və Məcəlləyə dəyişikliklərin edilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının liderlərindən biri olaraq, dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlaraorden-medallara layiq görülməsi Mehriban xanım Əliyevanın öz xalqına, dövlətinə sədaqətinin, yerinə yetirdiyi şərəfli missiyanın göstəricisidir. Qısa  müddət ərzində gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə Azərbaycan xalqının sevgisini və etibarını qazanmışdır. Mehriban xanım demək olar ki, əsas fəaliyyətini böyüməkdə olan nəslin düzgün təlim-tərbiyəsinə yönəlmiş layihələrin reallaşdırılmasına həsr etmişdir. Bütün bu fəaliyyəti ilə Heydər Əliyev ənənələrinə, Heydər Əliyev irsinə sədaqətini bir daha təsdiqləyir.

Bu gün - XXI əsrin ikinci onilliyində Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin arzuladığı yoldadır. Çünki ulu öndərin qurduğu dövlətin sükanı etibarlı əllərdədir. Xalqımız Heydər Əliyev dühasından bəhrələnmiş, şəxsiyyətindən güc almış Prezident İlham Əliyevin ardınca inamla gedir. Ulu öndərimizin ülvi arzusu olan xalqımızın bir varlıq kimi yaşamasını əbədiləşdirmək, dövlətimizi daha da qüdrətli etmək, torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs işi başa çatdırmaq istəyini Prezident İlham Əliyev uğurla davam etdirir.      

 

 

 

Hicran HÜSEYNOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

 Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

Azərbaycan.-2013.-8 dekabr.-S.1.