Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul etmişdir

 

Dekabrın 6-da Sumqayıt Tarix Muzeyində təhsil naziri Mikayıl Cabbarov vətəndaşları qəbul etmişdir. Şəhərlərdə və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Sumqayıt vətəndaşları, habelə Abşeron, Xızı və Qubadlı rayonlarının nümayəndələri qəbul olunmuşlar. Vətəndaşların rahatlığını təmin etmək məqsədilə nazirliyin "Qaynar xətt" və "Elektron müraciət" xidmətləri vasitəsilə onlar qabaqcadan qəbula yazılmışlar. Yeri gəlmişkən qeyd edək ki, vətəndaşların qəbula yazılması qəbul başlandıqdan sonra daha bir saat davam etmişdir.

Qəbulda göstərilən rayonların təhsil şöbələrinin müdirləri, habelə nazirliyin tabeliyində olan digər qurumların rəhbərləri iştirak etmişlər.  Axşamadək davam edən qəbul zamanı 112 nəfərin müraciəti dinlənilmişdir. Müraciət edən vətəndaşların sayının çox olmasına baxmayaraq, onların hər biri diqqətlə dinlənilmişdir. Müraciətlərin əksəriyyəti ictimai, həmçinin şəxsi xarakter daşımışdır.

Vətəndaşların sualları əsasən işədüzəlmə, təhsil haqqında sənədlərin tanınması, tədris müəssisələrində  yaş senzi, iş yerinə bərpa olunma,  dərs saatlarının artırılması, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri ilə, ali məktəblərdəki problemlərlə, təhsil haqqı ödənişləri və sair məsələlərlə bağlı olmuşdur.

Problemlərin çoxu yerindəcə həll edilmişdir. Digər məsələlərin həlli üçün  nazirliyin müvafiq strukturlarına  xüsusi tapşırıqlar verilmişdir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-7 dekabr.-S.6.