Əmək və əhalinin sosial müdafiəsi naziri Siyəzəndə vətəndaşları qəbul etmişdir

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 6-da Siyəzən şəhərində vətəndaşları qəbul etmişdir.

Qəbulda Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarının sakinlərinin müraciətlərinə baxılmışdır.

Vətəndaşlar nazirə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin fərdi evlərlə, mənzillərlə təmin edilmələri, əlilliyi olanlara əlil arabalarının verilməsi, onların xaricdə müalicəyə göndərilməsi və ünvanlı sosial yardımla təmin olunması ilə bağlı müraciət etmişlər.

Müraciətlərdə nazirliyin fəaliyyət sahələrinə dair qaldırılan bəzi məsələlər yerindəcə həllini tapmışdır. Digər müraciətlər isə nazirliyin müvafiq strukturları əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılması üçün qeydiyyata alınmışdır.

Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirmişdir ki, qeydə alınmış mənfi halların aradan qaldırılması üçün inzibati tədbirlər həyata keçirilir. Bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işində ciddi nöqsanlara yol verən 10-dan çox yerli şöbəsinin rəhbərləri, müdir müavinləri işdən azad olunmuşlar.

Nazir qeyd etmişdir ki, mənfi halların tamamilə aradan qaldırılması üçün bu sahənin mütləq şəkildə elektronlaşdırılması həyata keçirilməlidir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-7 dekabr.-S.6.