Ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr
olunmuş dördüncü «Baku
Open» beynəlxalq
karate turnirinin açılış
mərasimi olmuşdur
Dekabrın 6-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dördüncü "Baku Open" beynəlxalq karate turnirinin açılış mərasimi olmuşdur.
Mərasimdə Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən idmanın karate növünə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açmışdır.
Bildirilmişdir ki, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın idman sahəsində potensial imkanları ilə yanaşı, eyni zamanda bu sahəyə dövlət qayğısını əks etdirən göstəricilərdir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mərasimdə çıxış edənlər Bakıda təşkil olunmuş beynəlxalq turniri yüksək qiymətləndirmiş, idmançılara uğurlar arzulamışlar.
Sonra federasiya tərəfindən turnirin fəxri qonaqlarına diplomlar təqdim edilmişdir.
"Baku Open" turnirinə 10-dək ölkədən idmançılar qatılmışlar. Turnirin ilk günü 60, 67, 75, 84 kiloqram və daha yuxarı çəki dərəcələrində kişilərin, 50, 55, 61, 68 kiloqram və daha yuxarı çəki dərəcələrində qadınların kumite və kata yarışları keçirilir. Dekabrın 7-də isə mübarizəyə yeniyetmə və gənclər qoşulacaqlar. Həm oğlanlar, həm də qızlar müxtəlif çəki dərəcələrində yarışacaqlar.
AzərTAc
Azərbaycan.-2013.-7 dekabr.-S.7.