Heydər Əliyev Fondunun bu il AFR-də planlaşdırılan tədbirləri

 Hamburqda sərgi və caz konserti ilə başa çatmışdır

 

Dekabrın 5-də Avropanın ən böyük liman şəhərinin - "dünya üçün açıq şəhər" adlandırılan Almaniyanın Hamburq şəhərinin Ticarət Palatasının tarixi Bersensaal salonunda Heydər Əliyev Fondunun bu il AFR-də planlaşdırılan yekun tədbiri keçirilmişdir. Mayın 18-də Münxendə, noyabrın 14-də Ştutqartda və noyabrın 20-də Kölndə keçirilmiş üç əvvəlki tədbirdə olduğu kimi, Hamburqda keçirilən tədbirin də təşkilatı dəstəyini Azərbaycanın AFR-dəki səfirliyi öz üzərinə götürmüşdür. Gecənin proqramında iki sərgi və Azərbaycanın istedadlı bəstəkar və ifaçısı, 2009-cu ildə "Montreux-Jazz" festivalının laureatı İsfar Sarabskinin caz ansamblının konserti daxil idi.

"Almanlar Azərbaycanda" mövzusuna həsr edilmiş fotosərgi bu dəfə də qonaqların səmimi marağına səbəb olmuşdur. Buradakı fotoşəkillər Azərbaycanın indiki Göygöl rayonunda əsasən şərabçılıq sektorunda çalışan almanların, habelə onların ata-babalarının saldığı Yelenendorf (Göygöl), Annenfeld (Şəmkir), Georqsfeld (Çinarlı) və Qrunfeld (Vurğun) kəndlərində yaşamış alman kolonistlərinin həyatını, məişətini və əməyini əks etdirir. Gənc Azərbaycan rəssamlarının işlərindən ibarət sərgidə həmin rəssamların heç vaxt görmədikləri Almaniya barədə təsəvvürləri öz əksini tapmışdır. Almaniyanın digər şəhərlərində də nümayiş etdirilmiş bu sərgiyə hamburqlular da başqalarından az maraq göstərməmişlər.

Xatırladaq ki, bu sərgi 2008-ci ildən başlayaraq hər il keçirilən "Almaniya rəssamın gözü ilə" müsabiqəsinin tərkib hissəsidir. Müsabiqədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və gənc rəssamlar iştirak edir. Müsabiqənin münsiflər heyətinin qalib kimi seçdiyi üç gənc rəssam Almaniyaya səfər etmək, bu ölkəni öz gözləri ilə görmək, buradakı muzeylərdə və qalereyalarda olmaq, məşhur alman rəssamlarının ustad dərslərində iştirak etmək, habelə Almaniya haqqında öz fantaziyalarını burada gördüklərindən yaranan real təəssüratlarla müqayisə etmək imkanı qazanacaqlar.

Proqramın musiqili hissəsi başlanmazdan əvvəl Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov çoxsaylı qonaqları salamlayaraq, iki dövlət arasında münasibətlərin dinamik inkişaf etməsini xatırlatmış, həm ikitərəfli formatda, həm də çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin genişlənməsini vurğulamışdır. P.Şahbazov qonaqların diqqətinə çatdırmışdır ki, zəngin neftqaz ehtiyatlarına malik olan Odlar Yurdu həm də mədəni və musiqi ənənələri ilə zəngindir.

Səfir bu gecənin təşkil edilməsində Heydər Əliyev Fondunun xüsusi rolunu qeyd edərək vurğulamışdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fond çoxsaylı mədəni layihələr həyata keçirmiş, Azərbaycan-Almaniya mədəni əlaqələrinin genişlənməsinə sanballı töhfələr vermişdir. Səfir qeyd etmişdir ki, musiqi xalqları və ölkələri birləşdirən körpüdür. P.Şahbazov məlumat üçün bildirmişdir ki, islam dünyasında ilk opera olan "Leyli və Məcnun" Azərbaycanda yazılmış və 100 il bundan əvvəl Bakıda tamaşaya qoyulmuşdur. Müsəlman Şərqində ilk balet də Azərbaycanda yaradılmışdır.

Azərbaycanda muğam, cazpop musiqisinin populyar olmasından söhbət açan P.Şahbazov qeyd etmişdir ki, muğam sənəti UNESCO-nun Ümumdünya Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Səfir çıxışının sonunda qeyd etmişdir ki, Azərbaycan öz coğrafi mövqeyinə görə Qərb ilə Şərq arasında körpü rolunu oynayır. Diplomat demişdir: "Biz Avropa dəyərlərinə şərik olmaqla yanaşı öz bənzərsiz mədəniyyətimizi qoruyub saxlamağı bacarırıq. Bugünkü tədbir də bu fikri təsdiq edir".

P.Şahbazov vurğulamışdır ki, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağ Ermənistan tərəfindən işğal edilmişdir, rəsmi Yerevan beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinin bu işğala dərhal son qoyulması və azərbaycanlı qaçqınların öz evlərinə qaytarılması barədə tələblərini yerinə yetirmir, nəticədə təcavüzkar dövlətin təqsiri üzündən Azərbaycanın bu tarixi bölgəsi inkişaf etmək imkanından məhrum olmuşdur. Üstəlik, erməni silahlı qüvvələri bu ərazidə təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin sərvəti olan yüzlərlə mədəniyyət abidələrini dağıtmış və murdarlamışlar.

Tədbirin aparıcısı, Almaniyanın tanınmış teleaparıcısı Co Fehneröz çıxışında iki xalq arasında çoxəsrlik əlaqələr mövzusuna toxunmuşdur. O qonaqlara bildirmişdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (ADR) islamtürk dünyasında ilk parlament respublikası olmuşdur. ADR-də Avropa ölkələrinin çoxundan xeyli əvvəl qadınlara seçki hüququ verilmişdir.

Aparıcı Heydər Əliyev Fondununonun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycanla başqa ölkələr arasında mədəni əlaqələrin inkişafı, Azərbaycan dövlətinin və onun xalqlarının zəngin mədəniyyətinin və qədim tarixinin dünyada populyarlaşdırılması sahəsində yorulmaz fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Fehner xüsusi qeyd etmişdir ki, "Mədəniyyət sərhəd tanımır" prinsipini rəhbər tutan Heydər Əliyev Fondu bütün dünyada 400-dən çox məktəbi, Strasburqda və Parisdə tarixi kilsələri bərpa etmiş, Roma katakombalarının bərpasına kömək etmişdir. Aparıcı demişdir: "Heydər Əliyev Fondu həm də Azərbaycan-Almaniya mədəni əlaqələrinin genişləndirilməsinə xidmət edir. Berlin qəsrinin bərpasına kömək etmiş, Berlində müasir incəsənət ustalarının "Bakıya uçuş" sərgisini təşkil etmiş Heydər Əliyev Fondu bu nəcib missiyasını davam etdirir, bu gün Hamburqdakı Bersensaal salonunda möhtəşəm gecə təşkil etmişdir".

Fondun icraçı direktoru Anar Ələkbərov gecədə iştirak etmişdir.

Tədbir İsfar Sarabskinin caz ansamblının konserti ilə davam etmişdir. Aleksandr Maşin, Makar Novikov, Şəhriyar İmanov, Elnur Hüseynov, Ümid Abbasov, Osman Əyyublu, İlqar RzayevAleksey Miltix kimi virtuoz ifaçıların daxil olduğu ansambl İsfar Sarabskinin "Novruz", "G-Man", "Prelüd", "Diyar", "Fortuna" əsərlərini və Vaqif Mustafazadənin əsərlərindən "Popurri" təqdim etmişdir. İstedadlı vokalçı Elnur Hüseynov "Sarı gəlin" Azərbaycan xalq mahnısı, Dyuk Ellinqtonun "It don't mean a thing" əsərini və "Latch" kompozisiyasını solo ifa etmişdir.

Tamaşaçılar arasında olan Almaniyanın görkəmli siyasi, ictimai və mədəniyyət xadimləri, habelə bu ölkədə yaşayan azərbaycanlıların və digər diasporların nümayəndələri Azərbaycandan gəlmiş ansamblın çıxışını heyranlıqla qarşılamışlar.

Tədbirin təşkilatçısı konsertdən sonra foyedə milli Azərbaycan şirniyyatı süfrəsi açmışdır. Masaların üstündə Azərbaycanın mədəniyyətindən və tarixindən bəhs edən çoxsaylı mətbu materialları və kompakt disklər düzülmüşdü.

Beləliklə, Heydər Əliyev Fondunun AFR-də bu il üçün planlaşdırdığı tədbirlər başa çatmışdır.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Hamburq

Azərbaycan.-2013.-7 dekabr.-S.7.