«Azərbaycan» heyəti-təhririyyəsi Məclisi-Məbusan güşadını təbrik edir və istiqlali-milliyə uğrunda səbat, istiqamət və mətanət ibrazı gözliyor

 

1918-ci il dekabrın 7-si Azərbaycan Cümhuriyyəti Parlamentinin açılış günü olub. Bu münasibətlə həmin tarixi gündə "Azərbaycan" qəzeti xüsusi nömrə buraxmışdır. Parlamentin fəaliyyətə başlamasının 95 illiyi ilə əlaqədar 1918-ci il 7 dekabr tarixli "Azərbaycan" qəzetini olduğu kimi latın qrafikası ilə oxuculara təqdim edirik.

 

 

 

Bakı, 7 kanuni-əvvəl

 

 

 

Bir çoxu əvvəllərdə təşrini-saninin 16-cı gününə intiqadi təyin edilmiş parlamanı bu gün açılan parlamanımız ilə bir nəzərdə tutmağa iman edəmiyorlar.

 

"O vəqt  başqa idi, indi isə başqa bir vəqtdir"-diyorlar.

 

"O vəqt siyasi vəziyyətimiz digər idi, indi isə digərdir"-söyliyorlar.

 

Buna görə də bir qədər soyuqluq, bir qədər tərəddüd, bir qədər şübhə, bir qədər skeptizm müşahidə ediliyor.

 

Oylə əsəbi nazik və tez hissiyatə uğruyan  qardaşlarımız bunu bilməlidir ki, nə qədər "siyasi vəziyyət" dəgişəcəksə-dəgişsin, nə qədər "bu vəqt" o "vəqtə" bənzəmiyəcəksə-bənzəməsin, lakin qayə və amal birdir.

 

İnsan qəlbində bəslədigi amalın və idealın tərvicinə vəqt müsaidəsi istəməz. Nə vəqt olursa-olsun, nə zəman olursa-olsun, hal və övza nə dürlü dəgişir-dəgişsin, mətanəti-qəlbiyyə ilə müəyyən bir amal və qayəyə xidmət edən şəxs tərəddüdə uğraşmamalıdır.

 

Bəd: bu gün parlamanımız açılması özü buna dəlalət edir ki, "siyasi vəziyyət" bir o qədər də dəyişməmişdir. Lakin aralıqda bir qədər müşkülat törəmişdir ki, onun dəfinə çalışmaq həmin parlamanımızın  vəzifəsindən ədd olunacaqdır. Bu etiqadla heç bir tərəddüdə yer verməksizin, Azərbaycan türkləri bu gün milli parlamanlarının güşadını alqışlamaqla onun fəaliyyətinə və iş görməsinə yardım etməlidirlər

 

Yaşasın milli parlamanımız!

 

Yaşasın istiqlaliyyətimiz!

 

 

 

Tarixi günümüz

 

 

 

1337 sənəyi-hicrisi rəbiüləvvəlin 2-ci günü  Türk-Azərbaycan  tarixində xüsusi bir yer tutub böyük bir əhəmiyyəti haiz olacaqdır.

 

Bu gün o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb, Azərbaycan təkmil bir hökumət şəklinə girir.

 

Yüz, yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu topraq üzərində qurulmuş olan saxta və əməli hüdudları silinib-süpürülüb müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyonu mütəcaviz nüfusilə Azərbaycan Cümhuriyyəti namini daşımağa kəsbi-ləyaqət etdi.

 

Pəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin Milli Parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmamə yetir.

 

Parlamanımız daxilən və xaricən nə şərait içində açılır?

 

İstiqlalımızın felən yürüdülməsinə qarşı bugünki cahan zorluları tərəfındən məmaniətlər göstərilmiyorsa da, qəbuluna da hələ qol qoyanlar yoxdur. Məsələnin həlli, istiqlalımızın rədd və ya qəbulu gələcək sülh konfransının baxacaq işlərindəndir.

 

Bir tərəfdən dəxi türk Azərbaycan Cümhuriyyətində vətəndaşcasına yaşamaq, asayiş və istirahətimizin təmini yolunda əl-ələ verib çalışmağa dəvət etdiyimiz qeyri-müsəlmanlar arasında öylələri tapıldı ki, uzatdığımız ələ arxalarını çevirib parlamanımızı və hətta Cümhuriyyətimizi belə "namüssəm" ədd edərək istiqlalımıza qarşı bədxah olduqlarını indidən bildirdilər. Bunların içində hətta "boykot" sözünün istemalı kimi qabalıq və nəzakətsizlik  göstərənlər də olmadı deyil.

 

Daxilən dəxi  quldurluqları və ya rəsmi hökumət məmurluqları hələlik bizcə bəlli olmayan bir takım müsəlləh ermənilərin hüdudumuza təcavüz edib Azərbaycan müsəlmarları həqqində icra etdikləri qətl və qarət, zülm və cəfa xəbərləri cümləmizi mükəddər və mütəhəyyus etməkdədir.

 

Bu şərait, nə qədər mucibi-məsərrət olmasa da, parlamanımızın açılmasına qarşı  məmaniət təşkil etmədi; biləks, Məclisi-Millimizin tezlik ilə açılmaq lüzumiyyətini meydanə qoydu.

 

Çünki yuxarıda icmalən zikr etdiyimiz əhvalatın bilaxirə Türk Azərbaycan Cümhuriyyəti üçün mübarək və müsaid bir yola düşməgi - məhz parlamanımızın vücudindən və  çalışmasından asılı bir məsələdir.

 

Böylə olan surətdə, deməli, qəlbimizdə bəslədigimiz ümid - parlamanımızadır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və siyasi imtəhanını xaricilər ənzari qarşısında parlaq bir surətdə verməklə vətənimizin istiqlal  və azadlığına birinci səbəb olacaqdır.

 

Yaşasın Türk-Azərbaycan Cümhuriyyətinin cavan parlamanı!

 

 

 

Hacıbəyli Üzeyir

 

 

 

 

 

Azərbaycan Parlamanı dəvəti münasibətilə

 

                                 -4-

 

 

 

Bu gün Azərbaycanın həqiqi sahibləri-xəlq öz nümayəndələri lisanilə parlaman kürsi-xitabətindən öz arzu və amallarını aləmi-bəşəriyyət hüzurunda nümayiş etdirəcəklərdir.

 

Azərbaycan türkləri məhkum ikən hüquqi-milliyyə və istiqlal mübarizəsi düsturu  olaraq meydanə atmış olduğu "yaşa və özgələrə yaşamaq imkanı ver" şüarına sadiq qalaraq məhkum ikən tələb etdigi mütənasib nümayəndəlik əsasını müstəqil olduqda da unutmayaraq Azərbaycanda əqəliyyət təşkil edən millətlərin də mütənasib nümayəndəlik həqqinə riayətlə bu əsas üzərinə parlaman çağırmağı lazım bildilər.

 

Azərbaycan türkləri həmişə ağalıq, hakimlik üçün degil, hüquqi-milliyyə və bəşəriyyənin təmini üçün çalışdıqlarını bir daha isbat edərək cümhuriyyətimiz daxilində yaşayan ümum vətəndaşlarımızı həyatımızın quruluşunda iştirakə dəvət etdilər, Azərbaycanda heç millət, heç sinif, heç silk hakim, ya məhkum ola bilməz, hamı vətənin həm ağasıdır, həm nökəri. Hər bir vətəndaş gərək ümumi vətənin səadətilə məsud, ələmilə mövləm olsun.

 

Hamı özünü müsavülhüquq vətəndaş hiss etsin. Bu isə məmləkət daxilində yaşayan bütün vətəndaşların gərək nəşriyyə və gərək icraiyyə müəssisələrində miqdarına mütənasib nümayəndəliklə iştirak etməsilə hasil ola bilər. Bu mülahizə ilədir ki, Azərbaycan parlamanına da hər millətin miqdarına görə nümayəndəlik dəvət edilmişdir.

 

Parlamanın bugünki iclasında bütün millətlərin nümayəndəligi üz-üzə gələrək məmləkətimizin gələcək müqəddəratını təyinə şüru ediləcəkdir.

 

Fəqət bu iclasda milli nümayəndəlik əsasına riayətlə bərabər vətənimizin mənafei və bütün istiqlalımızın bu heyət əlində olduğu nəzərə alınaraq burasına diqqət verməlidir ki, parlamana milli nümayəndəlik bayrağı altında hər təsadüfi gəldi-keçər nümayəndələr daxil olmuyub, ancaq Azərbaycan vətəndaşları iştirak etsinlər. Buraya gələcək nümayəndələr və onları göndərən təşkilat özlərini Azərbaycan vətəndaşı hiss edərək gəlməli və göndərilməlidirlər. Bu gün parlaman açılmasilə hökumət təşkili məsələsinin də növbəti gəldigi və həllinin tamamilə parlamandan asılı olduğu nəzərə alınarsa, bu məsələnin əhəmiyyəti bir qat daha artır. Həftələrdən bəri mövzuyi-bəhs olan hökumət təşkili məsələsində millətlər, firqələr və siyasi cərəyanlar arasında hələ bu vəqtədək ümumi bir dil tapılmamış və uzlaşma hasil olmamışdır.

 

Müştərək hökumət təşkili məsələsi hal-hazırda ən ixtilaflı bir məsələdir. Bunun ətrafında bu gün hirs və təmələr qaynaşaraq min dürlü qeydlər, şərtlər qoyulur. Bəziləri müştərək  Azərbaycan hökuməti təşkilinə iştirak etmək üçün Ümumrusiya Məclisi-Müəssisanının  Azərbaycan Hökuməti tərəfindən qəbul və  təsdiqini şərt qoyurlar.

 

Digərləri bizə müttəhid Rusiyanın qəbul və təsdiqini təklif ediyorlar. Fəqət hankı Rusiyayı tanımalıyız - bilmiyoruz. Biz müttəhid Rusiya prinsipini əsas etibarilə danmıyoruz. Fəqət hal-hazırda Rusiyanı yoxdan var etmək azərbaycanlıların əlində degildir. Hətta Ümumrusiya hökuməti adında bir neçə hökumət var ki, bu da müttəhid Rusiya şüarından uzaqdır. Bu məsələnin qövldən felə gətirilməsi və surəti-həllində bütün dünya mənfəətdar olduğundan beynəlmiləl mühüm bir məsələ təşkil ediyor ki, həlli də beynəlmiləl bir məclisə bağlıdır: bu da hamının gözlədigi beynəlmiləl Sülh konfransından ibarətdir. Fəqət biz nə yapalım. O məclis çağrılaraq Rusiya məsələsini həll edənədək (hələ surəti-həllindən sərfi-nəzər) ayağımızı ayağımız üstündən aşıraraq laqeyd oturub da məmləkəti hökumətsiz, başsız buraxalımmı? Bu suala cavab vermək üçün darısqal firqə proqramı, yaxud mənsəb həvəsini buraxıb da xəlqin mənafei, cəmaətin arzusuna riayətlə məsələyə bu nöqteyi-nəzərdən yaklaşmalıdır.

 

Onların mənafeyi isə Rusiyanın təcdidi millətlərin münasibat və müqəddəratını daha səlahiyyətli cahan konqresinə buraxıb da bu gün məhəlli dərdlərimizə çarə tapmağı tələb ediyor. Ona görədir ki, bu gün parlamana cəmləşəcək olan Azərbaycan vətəndaşları ancaq səlahiyyətdar olduqları məsələlərin müzakirə və həllilə iştiğal edib min dürlü müsibət və məşəqqət çəkmiş olan fəqir əhalinin yaralarına mərhəm qoymalı, onların sükut və asayişlə yaşamalarını təmin etməlidirlər.

 

Niza və ixtilafı kənara ataraq cəmaətin mənafeini hər şeydən uca tutmaq və onun təmini üçün çalışmaq lazımdır.

 

Ümidvar oluyoruz ki, keçirdigimiz ağır və məsuliyyətli tarixi günlərdə xalq nümayəndələri ümumi bir lisan taparaq öhdələrinə düşən vəzifəyi şərəflə ifa edərlər.

 

Xəlil İbrahim

 

 

 

Parlamandan nə tələb olunur?

 

 

 

Üçüncü Aleksandr rus təxtinə çıxar-çıxmaz rıcali-kibardan bir məclis tərtib verilmişdi ki, haman məclis Rusiyada parlaman üsulunu tərtib vermək üçün bir proqram yapsın. Proqram yapılıb imperatorun hüzurunda müzakirə olunur və ümumin meyl və məhəbbətini qazanır.

 

Bu halda, Rusiyanın misyonerlər ocağı pərəstarı və hamisi Mitofa Pobedonovsev  imperator hüzurunda səcdəyə düşüb gözləri yaşlı bir halda sübutlar və dəlillər ilə "Parlamanın" müzürr bir şey olduğunu isbata yetirir və məraminə də nail olur: məclis qapadılır və proqram da yandırılır.

 

Pobedonovsevin  dəlillərindən biri də bu idi ki, "Avropa parlamanlarında boş-boş danışıqlardan başqa əhalinin mənfəətinə dair heç bir iş görülmüyor! Odur ki, böylə məclislərə-parlaman, yaxud parlamento demişlər ki, mənası da "göftügüxanə" deməkdir".

 

Bu nöqteyi-nəzərlə Pobedonovsev parlaman kəlməsini ruscaya tərcümə edib "qovorilnaya" adı qoymuşdur. Bu kəlmənin lüğəvi mənalarından biri də "göftügüxanə" deməkdirsə də, lakin istehza təriqilə söylənmiş bu kəlmənin doğruca mənası: "laqqırtıxanə" deməkdir.

 

İştə rus "laqqırtıxanəsi" düzəlmədi! Pobedonovsev gözəlcə anlıyordu ki, "qovorilnaya" tərtib yapılarsa, misyonerlərin tamamən paxırları açılacaqdır. Mədəni Avropa əhalisi biləcəkdir ki, Rusiyanın qeyri-rus taifələrı, əzöncümlə milyonlarca tatarlar, qırğızlar, nuqaylar, başqırdlar ... misyonerlər əlilə zorən xristian dinini qəbul ediyorlar: qəbul etməyənlərin əllərindən suları, torpaqları cəbrən alınıb rus mühacirlərinə verilir, biçarələrin yüzlərcə məktəbləri qapadılır, şkollardan türk-tatar dili qovulur, mətbuata, cəridəyə, kitab və risalə təbinə izn verilmiyor, daha nə cəbr və zülmlər olur!

 

 Söz yoxdur ki, bu işlər açıldığı halda Avropa parlamanlarında  da bu barədə bəhs açılacaq idi və olur ki, misyonerlik məsələsi tamamən qaldırılmasa idi, yenə də qeyri-rus taifələrinə olan cövr və zülmün qabağına ya bir hədd, ya bir sədd çəkilə idi.

 

Bu gün açılan Azərbaycan parlamanına biz pobedonosevlər nöqteyi-nəzərilə baxmayıb " laqqırtıxanə" yox, haşa, hətta "göftüguxanə" belə demiyoruz!

 

Bu-müqəddəs bir yerdir ki, orada millətin dərdi, vətənin haləti müzakirə olunub çarələri üçün də tədbirlər ittixaz olunacaqdır.

 

Əlbəttə, məbusan arasında bəliğ və uzun-uzadı nitq söyləyənlər də az degil, lakin onlardan millət naminə rica olunur ki, fəsahət və bəlağət qabiliyyətlərini və nitqçilik məharətini sair "asari-nəfisə" məclislərinə buraxıb parlamanımızda ancaq dərdlərimizdən danışsınlar: əlaclar yapsınlar.

 

Bunların hamısından sonra məclis xitamə irdikdə millətimiz məbuslarımızdan nə iş gördüklərini tələb edəcəklər. Bu-gərək hər bir qədəmdə, hər bir hərəkətdə məbusanın yadından çıxmasın.

 

Məbusanın görəcəgi işləri hədsiz və hesabsızdır. Burada hamısını zikr etmək mümkün olmadığı üçün zehnimizi işğal edən və ən dəgərli məsələlərdən bir neçəsini burada zikr edirəm.

 

1) Azərbaycanın ənva nöqtələrində bu gün aclıq davam ediyor. Birinci çarə gərək bu dərdə olsun. Zira aclıq bəlasını çəkən milləti mədəniyyətə və sair islahata dəvət etmək mümkün deyil. "Əvvəl təam-sonra kəlam."

 

2) Yollar gərək islah olunsun, taki cəmaətin zəxirəsi bir yerdən o biri yerə vəqtli-vəqtində gedib çatsın da, aclığın qabağı alınsın.

 

3) Bahalığa bais olan kişilərdən: möhtəkirlər ilə bərabər rüşvətxorlar da gərək təhti-məsuliyyətə alınsın. Hərgah bu məsələyə imdidən çarələr aranmazsa, şəvval vəqt Rusiyanın başına gəlmiş bəlalardan bir çoxu da bizim Azərbaycanın başına gələcəkdir!

 

4) Məktəb, ziraət, sənaət və ticarət kibi ən mühüm məsələləri gərək parlamanımız fəramuş etməsin, qanunlar yapsın.

 

5) Əhalinin bu gün əhvali-səhiyyəsi çox fəna bir haldadır. Öylə kənd, ya şəhər vardır ki, əmrazi-sariyədən yarısı, bəlkə də daha çoxu qırılmışdır. Böylə ağır bir işə etinasızlıq ilə baxılırsa, daha bir ağır, daha bir şiddətli nəticə hüsula gəlir!

 

6) Nizam və asayiş bərpa olmazsa, heç bir mətləbə də nail olmarız, bina bərin xarici və daxili təcavüzatın qabağı gərək alınsın.

 

İştə bu altı bab ilə bizim tələbatımız bitdi. Bundan  artıq bu il iş görülürsə, minnət və təşəkkürümüz vardır. Ancaq bu göstərilən maddələrə çarə aramaq hamı məsələlərdən fərzdir.

 

Haydı Allahın tövfiqi ilə, millətin də müavinət və qeyrəti ilə işə başlayınız və millət məsuliyyətini də bir saət, bir dəqiqə unutmayınız!

 

 

 

Fərhad Ağazadə

 

 

 

"Prometey"

 

 

 

Qədim yunan xurafatınca ilk dəfə Yer üzünə alovu gögdən alıb gətirən "Prometey" olmuşdur ki, bu cəsarətinə görə böyük məbud "Zevs" tərəfindən edamına hökm edilərək Qafqasiya dağlarında çarmıxa çəkilmiş və qartallar onun cigərini para-para qoparıb yemişlərdi. Prometey edam edilmişsə də, onun dünya üzünə gətirdiyi alov sönməyib əsrlərcə qalmış, mədəniyyət və bəşəriyyətə, bəlkə bütün həyatə əvəzsiz bir xidmət etmişdir... Zavallı müvərrix, bu əfsanəyi tarixə yazırkən bunu qədim yunanlara bir masal, əyləncə olmaq üçünmü yazıyordun, yaxud bir neçə min  il sonra bir millətin, bir ölkənin tarixinə sərtövhistmi yazıyordun?... Bax bu gün sənin Prometeyin yenə canlanır, yenə Azərbaycanın qayalarında onun parə-parə cigərindən həqiqət alovu nümayan ediyor. Ay ixtiyar yunan müvərrixi, sən Prometeyi alovu gətirdiyi üçün Qafqasiyada edam edildiginə hökm edərkən, şübhəsiz Azərbaycanın təbii atəşgədələrindən bixəbər degildin. Bax bu gün yenə o atəşgədədən nur doğuyor. Fəqət şimdiki nur vəhdət, həqiqət, hürriyyət nurudur. Bir zamanlar Şərqin atəşpərəstləri ziyarət üçün Azərbaycanın "Suraxana"  atəşgədələrinə gəlir, onu təvaf edirdisə, imdi də yenə həman Şərqin bütün əsir, zəlil millətləri Azərbaycanın hürriyyət və istiqlalını,  cümhuriyyətini təqdisə gələcəkdir. İştə bu gün o cümhuriyyət bütün mənasilə başlıyor. Bu gün əsrlərcə işgəncə, zülm görmüş bir millət kəndi idarəsini əlinə alıyor və bu idarəyi də ədl və insaf üzərinə, yəni cümhuriyyət əsasilə quruyor. Bədbinlər, bədxahlar nə deyəcəksə desinlər - ədalətə, cümhuriyyətə bunların boş sözlərindən heç bir ləkə qonmaz. Cümhuriyyət bütün əsrlərdə möhtərəm və sağlam bir üsuli-idarə olduğu kibi bu gün onun sayəsində yaşamaq istəyən Azərbaycan vətəndaşları üzərinə də heç bir töhmət atıla bilməz. Qəzalardan, şəhərlərdən, siyasi partiyalardan, əqəliyyətdə olan millətlərdən müsavi nümayəndələr gələrək müstəqil Azərbaycan hökumətinin əsasını qoyurlar. Bu əsas sağlam olursa, Azərbaycanın  istiqbalı və tərəqqisi təmin edilmişdir deməkdir. Zira, bir ölkənin tərəqqisi üçün xidmət edən alimlər təbii sərvət, ziraət, ticarət və sairə Azərbaycanda bərəkət versin ki, bir çox sair məmləkətlərə nisbətən pək əla dərəcədədir. Məsələ yalnız qurulacaq əsasların sağlam, milli və yaşamağa müstəid olması məsələsidir ki, bu da ümum millətin, əhalinin nümayəndələri isbati-vücud etdikləri üçün təmin ediləcəkdir demək olar. İnşallah, ən yaxın atidə atəşpərəstlər məbədi Azərbaycanı nurpərəstlər qütbü, mədəniyyət ocağı görməklə hər bir azərbaycanlı bəxtiyar olacaqdır. Yaşa, istəkli cümhur vətənimiz, yaşa ey Şərq tarixinin Prometeyi! Sən xalqa mənfəət verəcək alovlu nuru gögdən alaraq yerə saç,  insanlara tapşır, istər bunun üçün səni edam etsinlər.

 

Əli Yusif

 

 

 

 

 

Salam Sizə

 

 

 

Salam Sizə, ey Azərbaycan Parlamentosu məbusları! Hələlik sizləri salamla qarşılıyor, nasıl təbrik edəcəgimizi  sonraya buraxıyoruz. Keçirməkdə olduğumuz  bu təhlükəli, böhranlı və məsuliyyətli  bir zamanda iş başına  çağrıldınız.  Millətin müqəddəratını əllərinizə aldınız, ağır vəzifələr  dəröhdə etdiniz siz, siz ey Azərbaycan  məbusları, istiqlalımızın bünövrəsi hayındasınız, necə ki, bir imarətin bünövrəsinə  qoyulan daşların üstünə yığın-yığın daşlar töküldükdən sonra ancaq o imarət ucaldılıyor, öylə də sizin üstünüzə bir çox ağırlıqlar, daşlar və daha  bilməm nələr-nələr töküləcəkdir. Siz özünüz  görünməsəniz də, ucaldacaq olduğunuz amali-istiqlal sizi göstərəcək, aləmə  bildirəcəkdir. "Bünövrə daşları" kibi "zirzəmidə" qalmaq fikrilə işə başlanılmazsa, bütün imarət də ucalmaz. Amal arzulara da nail olunmaz.

 

Millətimizin varlığını, istiqlalını təmin üçün möhtərəm məbuslarımız  varlıqlarından keçməyəcəklərinə əlimizdə heç bir dəlilimiz yoxdur.  Zatən varlıq gizli qalmaz. Bir zaman gələr ki, özünü göstərər. Möhtərəm nümayəndələrimizi də cənab həqqin tövqifi ilə, işlərindən, fədakarlıqlarından görəcək, tanıyacağız və ancaq o zaman adlarını altun hərflərlə gənc Azərbaycan Cümhuriyyəti tarixinin ilk səhifələrinə yazacağız.

 

 

 

Hüseyn Mirzəcamalov

 

 

 

Məclisi-Məbusan güşadını təbrik ediyorum!

 

 

 

Bu gün müstəqil vətənimizin hürr Məclisi-Məbusanı güşad ediliyor. Bu günün biz azəri türkləri tarixində xüsusi bir səhifədə, xüsusi bir yer tutacağı vazehdir.   

 

Yüz sənədən ziyadə istiqlalını yerə gömmüş bir millət, hüquqi-milliyyəsi naminə iza və rəzalətə düçar olmuş bir kütlə, bu gün azad nəfəs almağa başlıyor. Yüz sənədən ziyadə mədəniyyəti təqib edilən, varlığı tapdalanan, abadlığı xarabazarlığa mübəddəl edilən azəri türkləri öz "tanrı"sı inayətilə yenidən hürriyət zəmisinə çıxıb mədəniyyət toxumu saçmağa dəvət ediliyor. Yüz sənədən ziyadə milliyəti qaralanan, amalı ürəgi məhbəsində qalan millətimizə  özünü göstərməyə müsaidə veriliyor.                                                                                                                                                      

 

Millətimiz özünü göstərəcəkdir!

 

Millətimiz dünyayı işğal etmiyəcək, başqalarını yıxmağa çalışmayacaq, qonşularına həsəd bəsləməyəcək. Millətimiz mədəniyyətə, tərəqiyyə, sülhə, müsalimətə başqalarının da azad yaşamasına bacardığı qədər müavinətdə bulunacaq.

 

İştə böylə bir millət istiqlaliyyətə layiq və böylə bir millət bu gün dünya üçün timsal deyilmidir, əcəba?

 

Bunu, bu şüarları biz kürreyi-ərzin bütün gizli bucaqlarına belə bildirməliyiz. Mədəniyyət hamisi Avropadan başlamış tüfəng şaqqırtıları, top gumburtuları, bomba partlayışından da qüvvəli, qan nəhrləri arasından "millətlərə istiqlaliyyət" şüarı doğuran Amerikayadək,  Asiya və Afrikayadək işbu şüarlarımızı ərməğan aparmalıyız.

 

İştə parlamanımız bunu yapacaq. Parlamanımız istiqlaliyyətimizi təsdiq etdirəcək. Parlamanımız bütün varlığımızı, biz azəri türklərinin fəqət sülh və müsalimət tərəfdarı olduğumuzu sübutla müstəqil həyəta yararlı olduğumuzu, qara fikirli timsahlara millətlər əzasilə xoşlanan kabuslara göstərəcək. Göstərəcək də, lal olmağa məcbur edəcəkdir!

 

Parlamanımızın vəzifəsi ağırsa da, kirdari genişliyinə itminanımız tamdır. Tanrı müvafiq buyursun.

 

 

 

Tələbə: Ü.Əbdül

 

 

 

- Bu gün Azərbaycan Məclisi-Məbusanı açılması münasibətilə məbuslar ilə Azərbaycan qardaşlarımı təbrik edirəm və bu münasibətlə hədiyyəyi-acizanə olaraq Azərbaycan türk yetimləri nəfinə olmaq üzrə darülyetimə 1000 (min) manat ianə veriyor və istiqlalımızın paydar olmasını xəllaqi-alidən istirham edirəm.

 

Qulaməli Əliəskərzadə

 

 

 

İdarədən: Məzkur məbləğ idarəmizə təhvil verilmişdir.

 

 

 

Təbrik

 

 

 

Hacıbəyov qardaşları müdiriyyəti və onun təhti-idarəsində olan artistlər dəstəsi cavan parlamanımızın güşadını ən səmimül-qəlb təhniyyət və təbriklə, vətən və millətimizin azad və istiqlalı uğrunda var qüvvəsilə çalışmaqla milli ədəbiyyat, milli mədəniyyət və sənayei-nəfisəmizin azad və sərbəst tərrəqi və inkişafına bir vəsilə olacağına qüvveyi-imanla  etiqad ediyor.

 

- "Azərbaycan" qəzetəsinin zəhmətkeş türk mürəttibləri bu gün cavan məmləkətimizin xəlq nümayəndəligi olan Məclisi-Məbusanımızın güşadını ürəkdən təbrik və təhniyyətlə istiqlali-milliyyəmizin təmini və füqərayi-kasibənin rifah və səadəti uğrunda çalışacağına inanıyoruz.

 

Yaşasın qəzetə xəlq nümayəndəligi!

 

Şuşa ali məkatib tələbələri cəmiyyəti Azərbaycan Məclisi-Məbusanının güşadını ən səmimül-qəlb təhniyyətlə istiqlal və hürriyyət uğrundakı bütün fəaliyyətində müvəffəqiyyətlər dilər.

 

 

 

Sədr və katib

 

 

 

Azərbaycan Məclisi-Məbusanı güşadı münasibətilə rəis

Məhəmməd Əmin bəy Rəsulzadə naminə aşağıdakı teleqraflar alınmışdır:

 

 

 

Gəncə: - Bu gün, parlaq tarixi bir gündür. Azərbaycan parlamanı güşad ediliyor. Bən və bütün Gəncə quberniyası əhalisi, bilafərq din və millət, səmimi-qəlblə sizi və hamı parlaman əzasını, çoxdan bəslədiyimiz parlaman güşadı münasibətilə təbriklə Allahü-Zülhcəlal həzrətlərinin inayətilə ilə fəaliyyətinizə müvəffəqiyyət diliyoruz.

 

 

 

Qubernator: Vəkilov

 

 

 

Gəncə: - Gəncə bələdiyyəsi bütün əhali təbəqələri ilə bilafərq din və bənim vasitəmlə Azərbaycan Cümhuriyyətinin birinci parlamınını səmimi-qəlblə təbrik etməklə işbu ağır gündə və gələcəkdə Azərbaycanda yaşayan millətlər üçün mədəniyyət yolunda fəaliyyətində müvəffəqiyyət diliyor.

 

Gəncə bələdiyyə rəisi:

 

Əliəsgər Xasməhəmmədov

 

 

 

Tiflis - İşbu tarixi və təntənəli parlaman güşadı gününü Azərbaycanın Tiflisdəki mürəxxəsligi səmimi-qəlblə təbrik edərək inanıyor ki, vətənə olan doğru hiss və məhəbbətlə vətəni mədəniyyət, tərəqqi və parlaq istiqbala  tərəf aparacaqdır.

 

 

 

Faris bəy Vəkilov

 

 

 

Kürdəmirdən - Gənc dövlətimizin istiqlaliyyətini mühafizə etmək arzusunda olan Şamaxı uyezdinin zəhmətkeş kəndliləri əvvəlinci Azərbaycan Məclisi-Məbusanının güşadını təbrik ediyor və Məclisi-Məbusan ilə Azərbaycan dövlətinin, Azərbaycan demokratiyasının ehtiyaclarına əməl edəcəginə ümid bəsləməkdədir.

 

 

 

Cəmaət vəkilləri

 

 

 

Şəki - Yeni dünyaya gəlmiş Azərbaycan Cümhuriyyətinin parlaman güşadı kibi tarixi bu addımını təbrik ediyorum. İşbu addım sevgili vətənimiz və əzimi-islam millətinin istiqbalı rəhnidir, qoy müəzzəm Avropanın fulad (polad) qələmi istiqlalımızı təsdiq etsin.

 

 

 

Bələdiyyə rəisi: Yeluseyski

 

 

 

Şəki - Azərbaycan parlamanının tarixi güşadı gününü Şəki əhalisi təbrik etməklə gələcəkdə xəlq hüquqi yolundakı fəaliyyətində müvəffəqiyyət diliyor. Şəki əhalisi sevgili Azərbaycanın istiqlaliyyəti və hüququ yolunda heç bir müavinətdən çəkinməyəcəkdir.

 

 

 

Qəza qaimməqamı: Rəfibəyov

 

 

 

Qazax - Qazax mütəəllimlərə müavinət cəmiyyəti Azərbaycan Cümhuriyyəti parlamanının güşadını təbriklə inanıyor ki, işbu tarixi gün hamı cavan cümhuriyyətlə parlaman əzasını bir yerə cəm edərək millət və Azərbaycanın istiqlaliyyətini müdafiə təriqinə sövq edəcəkdir. Allah-təala müvəffəq buyursun.

 

 

 

Sədr: Şıxlinski

 

 

 

Qazax - Qazax qəzasının müsəlman əhalisi parlaman güşadını təbrik ediyor. İmperializm yədindən qurtarmış Azərbaycanın üfiqində yeni həyat günəşi doğuyor, işbu günəş gələcək sülh konfransının istiqlalımızı təsdiq edəcəgini göstəriyor. Əhali muxtar xəlq müvərrici-əfkarlığını təbriklə müşəmməs fəaliyyət diliyor. Əhali parlamanın fəaliyyətində heç bir müavinətdən çəkinməyəcəkdir.

 

 

 

Müvəkkil: Firudin Köçərli

 

 

 

Ağdam - Qarəbret əhalisi yeni doğmuş Azərbaycan parlamanını səmimi- qəlblə təbrik etməklə öz minhəcc itminan  izhar ediyor, gələcək fəaliyyətində parlamana müvəffəqiyyət diliyor.

 

 

 

Müvəkkil: İbrahimov

 

 

 

Ucar: Göyçay qəzasının kənd cəmaatları müvəkkillərinin ümumi iclası Azərbaycan cümhuriyyətinin demokrasi parlamanına öz "səlam"ını göndərməklə gələcək ağır fəaliyyətində müvəffəq olmasını istirham edərək inanıyor ki, bütün dünyaya özünün istiqlaliyyətə layiq və müqəddəratını təminə müqtədir olduğunu göstərəcək və müdafiə edəcəkdir.

 

 

 

Ümumi iclas

 

 

 

Quba: Subub cəmiyyətinin müvəkkili Azərbaycan parlamanı güşadını təbriklə inanıyor ki, parlaman türk millətinin tərəqqisi və qonşular ilə sülh ilə yaşaması yolunda heç iqdamatdan çəkinmiyəcəkdir.

 

 

 

Subub cəmiyyətinin müvəkkili:

 

Soltan Mahmud Hacı Əbdürrəhim oğlu, Şamil Qurban oğlu

 

 

 

Quba: Qəza idarəsi məmurunu parlaman güşadı ilə ziyadəsincə məmnun olmaqla öz səmimi təbriklərini izhar və parlaman əzasına fəaliyyətlərində qüvvə və kərdar genişligini istirham ediyorlar.

 

 

 

Quba qəza idarəsi məmuruni müvəkkili, Quba qəza qaimməqamının baş müavini:

 

Ağakişibəyov

 

 

 

Quba - Azərbaycan parlamanı açılması münasibətilə biz Xuqbalın kəndliləri fəlakətə düçar olmuş kəndlilərin  hüququnu mühafizə edəcək tazə məclisimizi təbrik edirik.

 

 

 

Xuqbalı cəmaət vəkilləri:

 

Hacı Puram və Hüseyn Xası oğlu

 

 

 

Quba - Azərbaycan parlamanı açılması münasibətilə biz Palıq kəndliləri fəlakətə məruz olmuş kəndlilərin hüququnu mühafizə edəcək tazə məclisi təbrik edirik.

 

 

 

Palıq cəmaət vəkili:

 

Məhəmməd Oruc oğlu

 

 

 

Quba - Xızı kəndliləri namından çoxdan bəri arzusunda olduğumuz Azərbaycan parlamanının açılmasını ürəkdən təbrik edib öz vətəndaşlıq həqqimizə nail olmağımıza əmin oluruq.

 

 

 

Xızı kəndi cəmaəti vəkilləri:

 

Ruhullah Hacıvəli bəy oğlu və İbrahim bəy Rəcəb bəy oğlu

 

 

 

Quba - Həmsar kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbriklə Azərbaycan parlamanının türk millətinin dirilməsi və Qafqasiya millətləri ilə mehriban qonşuluq münasibatı vücudə gətirməsindən ötrü heç bir müxalifət qarşısında dayanmayacağına ümidvar olur.

 

 

 

Həmsar kənd cəmaəti vəkilləri:

 

Hacıəli Rzaimamqulu oğlu və Ağası Hacı Osman oğlu

 

 

 

Quba - Suğub kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edib türk millətinin dirilməsi və Qafqasiya millətləri ilə mehriban qonşuluq münasibatı vücudə gətirməsindən ötrü Azərbaycan parlamanının heç bir məmaniət qarşısında dayanmayacağına ümidvar olurlar.

 

 

 

Suğub kənd cəmaəti vəkilləri:

 

Soltan Mahmud Hacıəbdürrəhim oğlu və Şamil Qurban oğlu

 

 

 

Quba - Dubir kənd cəmaət vəkilləri cəmaət namından birinci Azərbaycan parlamanını təbrik edirlər.

 

Cəmaət vəkilləri Həmzə Abdə oğlu və Hacı Hacıbəy Dostu oğlu

 

 

 

Quba - Azərbaycan parlamanının açılmasını təbrik edib cavan Azərbaycan cümhuriyyətinin möhkəmləşıb və nəşvü-nüma etməsi yolunda var qüvvəsilə çalışmağı parlaman nümayəndəligindən gözlüyürük.

 

 

 

Zəvin kənd vəkili:

 

Həsən Bədəl oğlu

 

 

 

Quba - Azərbaycan parlamanının açılması şad xəbərini eşidib səmimi- qəlbdən təbrik edirik.

 

Baxşılı kənd cəmaət vəkili:

 

Əbülfəzl Səfər oğlu

 

 

 

Quba - Miyuğbuc kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edirlər.

 

 

 

Miyuğbuc kənd vəkilləri:

 

Hacı Murad İsa oğlu və Şükür Musa oğlu

 

 

 

- Keçirdigimiz hadisələr münasibətilə fəlakətə düçar olan Alpan kənd cəmaəti tezliklə qanun və asayiş bərpa ediləcəgi ümidilə Azərbaycanın birinci parlamanını təbrik etməklə şaddır.

 

 

 

Cəmaət vəkilləri: Bəybala bəy

 

Qaibov və Qədir Qurban oğlu

 

 

 

 

 

- Azərbaycan parlamanının açılması münasibətilə biz Bostançı cəmaəti vəkilləri fəlakətə düçar olan kəndlilərin hüququnu müdafiə edəcək parlamanımızı təbrik ediriz.

 

 

 

Bostançı cəmaət vəkili:

 

Zal bəy Ədilbəyov

 

 

 

- Azərbaycan parlamanının açılması münasibətilə İqriq kəndliləri fəlakətə düçar olan kəndlilərin hüququnu müdafiə edəcək parlamanımızı təbrik edir.

 

 

 

İqriq kənd cəmaət vəkilləri:

 

Ömər Məsum oğlu və Novruz bəy Hacı bəy oğlu

 

 

 

- Talıblı cəmaətinin vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edib ümidvar olur ki, Azərbaycan parlamanı türk millətinin dirilməsi və Qafqasiya millətləri ilə mehriban qonşuluq münasibətinin vücudə gətirilməsinə çalışmaqla heç bir məmaniət qarşısında dayanmayacaqdır.

 

 

 

Talıblı cəmaət vəkilləri:

 

Əli Nəriman Hacı Allahverdi oğlu, Əbdül Qəhrəman oğlu və Ağa Əkbər oğlu

 

 

 

- Azərbaycan parlamanının açılmasını təbrik edib kəndlilərin tapdalanmış hüquqlarını müdafiə edəcək parlaman üzvlərinə salam göndəririk.

 

 

 

Pirəbədil kənd cəmaəti vəkilləri:

 

Q. bəy Oruc oğlu və Müzəffər Musabəyov

 

 

 

Quba - Rivek cəmiyyəti vəkilləri Azərbaycan Məclisi-Məbusanının güşadını təbrik ediyorlar. Bununla bərabər türk millətinin çoxalmasına və Qafqasiyada yaşayan qonşu millətlər ilə əlaqəmizin bərpa edilməsi üçün Məclisi-Məbusanımızın heç bir maneə qarşısında durmayacağına inanıyorlar.

 

 

 

Rivek cəmiyyəti vəkilləri:

 

Salman Arzuman oğlu və Məhəmmədrza İsa oğlu

 

 

 

- Mirzəcan kənd cəmaət vəkilləri Azərbaycan Məclisi-Məbusanının güşadını təbrik ediyorlar.

 

 

 

Mirzəcan kənd cəmaəti vəkilləri:

 

Hacı Zülfüqar Molla Şeyx Məhəmməd oğlu və Molla Nurəli Hüseyn oğlu

 

 

 

- Səyad kəndi cəmaət vəkilləri Azərbaycan Məclisi-Məbusanının güşadını təbrik ediyorlar.

 

 

 

Səyad kəndi cəmaət vəkilləri:

 

Həmid Hacı Qurban oğlu və Məhəmməd Sadıq oğlu

 

 

 

- Ləkir kənd cəmaət vəkilləri Azərbaycan parlamanının güşadını təbrik edirlər.

 

 

 

Ləkir kənd cəmaət vəkilləri:

 

Feyzulla Əmirbəyov və S.Səfərov

 

 

 

- Xuc kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik ediyorlar.

 

 

 

Xuc kənd cəmaəti vəkilləri:

 

A.Hacı Mustafa oğlu və Heydər Əhməd oğlu

 

 

 

- Bizi vəkil edən Sadan cəmaəti tərəfindən Azərbaycanın birinci parlamanını ürəkdən təbrik edirik.

 

 

 

Sadan cəmaəti vəkilləri:

 

Behbud Əhməd oğlu və Səttar Eldar oğlu

 

 

 

- Cəmaətin vəkalətilə birinci Azərbaycan parlamanını təbrik edib parlamanda olan möhtərəm üzvlərə salam göndəririk.

 

 

 

Yukın Əzir kənd cəmaət vəkilləri:

 

Çərkəs Şahbaz oğlu və Süleyman Mustafa oğlu

 

 

 

- Azərbaycanın birinci parlamanının açılmasını ürəkdən təbrik edirik.

 

 

 

Zərgərli kənd cəmaət vəkili:

 

Abbas Zal oğlu

 

 

 

Quba həbsxanə məmurları Azərbaycan parlamanının açılmasını təbrik edib Azərbaycanın daimi surətdə davamını arzu edirlər.

 

 

 

Həbsxanə müdiri: Şəfibəyov

 

 

 

Quba - Bugünki gündə hüquqi-milliyyə və miryəmizə malik olacağımıza bir vasitə olan və çoxdan bəri həsrətlə gözlədigimiz Azərbaycan parlamanının açılmasını Birəl kənd cəmiyyəti tərəfindən səmimi-qəlblə təbrik ediyoruz.

 

 

 

Birəl kənd cəmiyyəti tərəfindən:

 

Səfər bəy Əli oğlu və Zeynal Özbəy oğlu

 

 

 

Quba - Bu gün kəndliləri hərcü-mərc və nizamsızlıqlardan mühafizə edəcək olan Məclisi-Məbusan açılıyor. Böylə tarixi bir günlə müsəvvər olaraq hörmətli əzalarına salam göndəriyoruz.

 

 

 

Həbib kənd cəmaəti vəkilləri:

 

Qalabəy Ağababa oğlu və Sədullah Məhəmmədkərim oğlu

 

 

 

Quba - Bugünki gündə milli hüquqi-milliyyə və miryəmizi təmin edəcək bir vasitə olan  çoxdan bəri həsrətlə gözlədigimiz Azərbaycan Məclisi-Məbusanın açılmasını səmimi-qəlbdən Böyük Zixur kənd cəmaəti namından təbrik ediyoruz.

 

 

 

Böyük Zixur kənd vəkilləri:

 

Qəhrəman Yüzbəyoğlu və Qaraxan Qədəşoğlu

 

 

 

Quba - Hacıxur kənd cəmaəti namından çoxdan bəri gözlədigimiz Məclisi-Məbusan açılmasını səmimi-qəlbdən təbrik edər və bununla milli hüquqa vasil olacağımıza inanıyoruz.

 

 

 

Hacıxur cəmaət vəkilləri:

 

Məhəmmədağa Azayoğlu və Yusif İsmayıl oğlu

 

 

 

Quba - Açıldığı günündən vətəndaşlıq hüququna irəcəgimizə etimad bəslədigimiz Məclisi-Məbusan güşadını Həsənqələ kənd cəmiyyəti namından səmimi-qəlblə təbrik ediyoruz.

 

 

 

Həsənqələ kənd cəmiyyəti vəkilləri:

 

Eyvaz bəy Musa bəy oğlu və Gülməhəmməd Samay bəy oğlu

 

 

 

Quba - Hərcü-mərc və nizamsızlıqdan kəndliləri mühafizə edəcək Azərbaycan Məclisi-Məbusanı güşad ediliyor. Bugünki günlə məsrur olaraq hörmətli əzalarına salam göndəriyoruz.

 

 

 

Güzkənd cəmaət vəkilləri:

 

Rəşid Mustafa oğlu və Fərman  Seyidəli oğlu

 

 

 

Quba - Hərcü-mərc və nizamsızlıqdan kəndliləri himayə və mühafizə edəcək Azərbaycan Məclisi-Məbusanı güşad ediliyor. Bugünki günlə məsrur olaraq hörmətli və möhtərəm əzalarına salam göndəriyoruz.

 

 

 

Ulukənd cəmaət vəkilləri:

 

Yusif Qoca oğlu və Rza Məhəmmədəli  oğlu

 

 

 

Quba - Yasab kənd cəmiyyəti vəkilləri Azərbaycan parlamanını təbrik edirlər.

 

 

 

Yasab kənd cəmaəti vəkilləri:

 

Hacıhidayət Ağaəli oğlu və Cahangir Mürsəl oğlu

 

 

 

Quba - Bu  gün kəndliləri hərcü-mərclikdən mühafizə edəcək parlaman açılır. Bu tarixi günə şad olub parlamanın möhtərəm əzalarına salam göndəririk.

 

 

 

Avarankənd cəmaəti vəkilləri:

 

Molla Kamal Məhəmməd oğlu və Yunus bəy Səfər oğlu

 

 

 

Quba - Çoxdan bəri gözlədigimiz arzu bu gün vücuda gəldi. Cavan Azərbaycan parlamanının açılmasını təbrik edib özümüzü xoşbəxt hesab etməklə bərabər, ümidvar oluruq ki, bizim sevgili parlamanımız məqsədə çatmağımız üçün bizim qanuni hüquqlarımızın müdafiəsi yolunda heç bir məmaniət qarşısında dayanmayacaqdır. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan parlamanı!

 

 

 

Tuğədən kənd cəmaəti vəkilləri:

 

Müslim Hənifəyev, Nuhbala Faydanov, Mustafa Xələf oğlu və Atabala Qədir oğlu

 

 

 

Quba - Üçgün kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edirlər.

 

 

 

Kənd cəmaəti vəkilləri:

 

Baqi Bağırov və A.Səfixan oğlu

 

 

 

Quba - Qusar meşə məmurları vətənin tərəqqisi, hürriyyəti və istiqlaliyyəti rəhni olan Azərbaycan parlamanını təbrik edirlər.

 

 

 

Vəkillər: Yusifov və Orucov

 

Quba - Zizik kənd cəmaət vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edirlər.

 

 

 

Zizik kənd cəmaət vəkilləri:

 

Muxtar Vəli oğlu və A.Abbasəli oğlu

 

 

 

Quba uyezdinin nahaq yerə mütəzərrir olan kəndliləri Azərbaycan parlamanının açıldığı günü bayram edib parlaman üzvlərinə səmimanə salam yetirirlər. Bu müəssisənin açılması ilə öz hüquqlarının özlərinə qaytarılacağına ümidvar olurlar.

 

 

 

Xudat cəmaət vəkilləri:

 

Heybət Mahmud oğlu və Şəmsəddin Yusif oğlu

 

 

 

Quba -  Azərbaycan parlamanının açılmasını təbrik edib kəndlilərin tapdalanmış hüquqlarını müdafiə edəcək parlaman üzvlərinə salam göndəririk.

 

 

 

Köhnə Xudat cəmaət vəkilləri:

 

Mahmud əfəndi Hacıabdullah əfəndi oğlu və Knyaz bəy Xeyir bəy oğlu

 

 

 

Quba -  Azərbaycan parlamanının açılmasını təbrik etməgə vəkil olunub kəndlilərin tapdalanmış hüquqlarını müdafiə edəcək parlaman üzvlərinə salam göndəririk.

 

 

 

Xuran cəmaət vəkilləri: Məhəmməd İlğı bəy oğlu və Nurullah Oruc oğlu

 

 

 

Quba - Bu gün Azərbaycan kəndliləri parlamanın açılması ilə öz həqlərinə nail oluyorlar.  Azərbaycan parlamanının açılmasını ürəkdən təbrik edirik.

 

 

 

Çarıx cəmaət vəkilləri:

 

Məşhədi Kərim Xıdır oğlu və Kərbəlayi Cəfər Manaf oğlu.

 

 

 

Azərbaycanın birinci parlamanını təbrik edib müsəlmanların xeyrini mühafizə edəcəginə ümidvar oluruq.

 

 

 

Sizan kənd cəmaət vəkilləri:

 

Xəlil Fərzəli oğlu və Daşdəmir Dəmir oğlu

 

 

 

Azərbaycan parlamanının açılmasını eşidib birinci parlamanımızı ürəkdən təbrik edrik. Yaşasın Azərbaycan!          

 

 

 

Fəndiqan cəmaət vəkilləri:

 

Fətullah Nəsrullah oğlu və Mirbəy Zakir oğlu

 

 

 

Azərbaycanın birinci parlamanını ürəkdən təbrik etməklə kəndimizi bəxtiyar ədd edib Allahın inayəti ilə məmləkətdə sülh və səlah bərpa ediləcəginə ümidvar oluruq.

 

 

 

Əlixanlı kənd cəmaət vəkilləri:

 

Hüseynağa Hüseyn oğlu və Taacəddin Xeyri oğlu

 

 

 

Gil cəmaəti vətəndaşları Azərbaycan parlamanını ürəkdən təbrik edirlər.

 

 

 

Gil cəmaət vəkilləri:

 

Zəki Babaxan oğlu vəSoltan Əhməd  Rəməzan oğlu

 

 

 

Qafqaz mütəəllimlərinin mərkəzi komitəsi " Bakı və dairəsi islam mütəəlimlərinin ittifaqı" səmimi-qəlblə gənc Azərbaycan Cümhuriyyəti parlamanı güşadını təbriklə əsrlərdən bəri bəslədigi amalına irişməsinə müvəffəqiyyət diliyoruz. Biz mütəəlimlər vargənç qüvvələrimizi vətənimizin tərəqqi və hürriyyəti məbədi ədd etdigimiz parlamanımıza təqdim ediyoruz.

 

 

 

Bakı ittifaqi-mütəəllimin sədri:

 

Teymur Aslanov,

 

Mərkəzi Komitəsi tərəfindən:

 

Cəfər Cabbarzadə

 

 

 

Əmirhacıyandan

 

 

 

Əmirhacıyan kənd cəmaəti Azərbaycanın birinci parlamanını təbrik edib türk millətinin daimi surətdə nəşvü nüma tapmasına və Qafqaz millətləri ilə mehriban qonşuluq münasibati bərpa ediləcəginə ümidvar olur.

 

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan parlamanı!

 

Əmirhacıyan kənd cəmaəti vəkilləri:

 

Ağa Bünyadov, Məhəmməd Hüseyn

 

Dadaşov, Malik Rəhimov

 

 

 

 

 

Qeyri-müsəlman vətəndaşların təbrikləri

 

 

 

Gəncə. Azərbaycan parlamanının açılmasını təbriklə cavan cümhuriyyətin ümum vətəndaşlarının hürriyyətini təmin edəcək dövlət əsasları quruluşu işlərində böyük müvəffəqiyyətlər diləriz.

 

Gəncə quberniyası

 

almanlarının təşkilatı

 

 

 

Quba. Parlaman güşadını səmimi- qəlbdən təbrik və təhniyyətlə təvəqqe edəriz bizim təşəkkürümüzü bir ovuc erməniləri milli ədavətdən mühafizə və müdafiə etmiş olan Azərbaycan hökumətinə yetirəsiniz.

 

 

 

Kilvar kənd cəmiyyəti nümayəndələri:

 

Cavad Apresov, Avans Bugilyov, Qriqor Kazaryans.

 

 

 

Quba. Qusar qəsəbəsinin rus əhalisi Azərbaycan Cümhuriyyətinin yeni müəssisəsini təbriklə əmin oluyor ki, ümumcümhuriyyət vətəndaşlarının sərvət mənbəi olan həyat və zəhməti-cümhuriyyət eşqinə asayiş və mənfəətlə təbəyan edəcəkdir və xalq mədəniyyəti mənbəi olan parlaman cavan Azərbaycan cümhuriyyətini lazım gələn dərəcəyə yüksəldərək onu böyük Avropa cümhuriyyətləri sırasına qoyacaqdır.

 

 

 

Rus əhalisi vəkilləri:

 

Dumburovski, Çikovani, Konovalov, Solovyov

 

 

 

Quba. Azərbaycan Cümhuriyyəti üfüqündə tülu etmiş olan günəşin həyatbəxş hərarətilə isinmiş və məsrur olmuş olan biz Quba yəhudiləri parlaman güşadı bayramanı təbrik və təhniyyət edəriz. Ümidvar oluyoruz ki, cəmaətin etimadına  məzhər olan xalq nümayəndələri nur və ədalətə doğru getdikləri yollarında təsadüf oluna biləcək ümum maneələri dəf edə biləcəklər və bu nur yəhudi cəmaətini də işıqlandıracaqdır.

 

 

 

Quba yəhudi cəmiyyəti vəkilləri

 

 

 

Şəki. Erməni milli komitəsi Azərbaycan parlamanının güşadını təbrik və təhniyyətlə, ümidvar oluyor ki, xalq nümayəndəligi dəvətilə iki qonşu millətin ittifaq və müvafiqətlə yaşaması ideyası felən hasil olacaqdır. Komitə inanıyor ki, Azərbaycan millətlərinin səadəti ermənilər ilə  müsəlmanların doğma qardaş kibi mehriban yaşamalarındadır. Bir-birimizə qarşı ədavət və nəzain aşkar mənasız olduğunu anlayaraq artıq əl-ələ verib millətlərin kəndi müqəddəratının kəndi əllərinə verilməsi əsası üzərinə cavan Azərbaycanın dövlət ümuratını təmir etməlidirlər.

 

 

 

Şəki erməni milli komitəsi sədri:

 

Tumanyans

 

 

 

Azərbaycan parlamanı ətrafında

 

Rus əhalisinin parlamanda iştirakı

 

 

 

Bakıdakı slav-rus cəmiyyəti Azərbaycan Şurayi-Milli rəisi naminə bir məktub göndərib Azərbaycan parlamanına daxil olmağı qərara aldığını xəbər vermişdir. Azərbaycan Şuarayi-Millisi kanuni-əvvəlin 5-də vaqe olan iclasında Azərbaycan parlamanında rus əhalisinə verilən 10 yerdən 5-nin slav-rus cəmiyyəti nümayəndələrinə verilməsini qərara almışdır.

 

 

 

Azərbaycan vətəndaşlarına, zəhmətkeş köylülərə

 

Mübarizədə hüququnu alarsan!

 

 

 

Vətəndaşlar! Dekabrın 7-də Azərbaycanın paytəxti Bakı şəhərində Azərbaycanın parlamanı açılacaq.

 

Neçə il davam edib də axirüləmr "hamı millətlərə istiqlal" şüarilə xitampəzir olan aləmşümul Avropa müharibəsindən aldığımız təxribat və xəsarət mühitində vətənimiz Azərbaycanda əbədi və əsası qanun və nizamiyyat tapacağımız bu gün, bizim üçün daha da qiymətli, daha da əziz bir gündür.

 

Kəndli  vətəndaşlar, firqəmizin ən birinci şüarlarından ədd olunan  millətlər bu gün Avropada və Rusiyada geniş surətdə yürüdüldiginə biz fəxr etməliyiz.  Keçmişdə, dövri-istibdadda təzyiqat altında əzilən millətlər imdi kəndi hüquqlarını tələb edib müstəqil hürr  yaşamağa səy ediyorlar. Bu millətlər cərgəsində azərbaycanlılar da Rusiya inqilabı-kəbirinin səmərələrindən  istifadə edib öz istiqlaliyyətlərini ümumə elan etdilər.

 

Kəndli qardaşlar! Siz kəndi həyati-məişətinizi "topraq və ixtiyar"ınızı müdafiəyə qalxışmalısınız. Bu da yaşadığınız Azərbaycan məmləkətinin müstəqil bir şəkli-idarə alması ilə olacaqdır. Azərbaycan kəndliləri hamıdan artıq əsarətdə və təzyiqatda yaşadıqları üçün kəndi Azərbaycanı üçün istiqlaliyyət tələb etməgə həqqi vardır. Bu gün hər  məmləkətin öz dairəsində ancaq müstəqil bir surətdə müəyyən bir qanın qoyulub hüquqa dəxi təcavüz edilməyəcəginə Azərbaycan kəndliləri daha inanmışlardır.

 

Hal-hazırda Rusiyanın hər bir küncündə,  hətta hər bir şəhərində böylə bəzi firqələr və yaxud şəxslər baş qaldırıb hökumət təşkil edir və Rusiyayı təcdid etmək arzusunda bulunur. Bu hökumətlərdən əsla xəlqin xəbəri yoxdur. Azərbaycan kəndliləri bu hökumətlərə inanıb heç özlərini  ixtilal ağuşuna atmaq istəmiyəcəklər.

 

Azərbaycan kəndliləri  özlərinə istiqlaliyyət tələb etdikdə arkadaşları Rusiya kəndlisi və xəlqindən heç də üz çevirməyorlar. Biləks, Rusiyada yaşayan kəndlilərin də kəndiləri üçün hürr və azad bir idarə qurmalarına mənəvi köməkdən çəkinməyəcəklər.

 

Kəndli qardaşlar!

 

Siz bu axır illər müddətində çox zəhmət çəkdiniz, yoruldunuz. İmdi isə yenidən mübarizeyi-həyatə girişməlisiniz. Keçmişdəki nöqsanları bu gün düzəldiniz. Dünki ədavəti bu gün qəlblərinizdən çıxarınız. Bu gün müttəhidən istiqlaliyyət yolunda çalışarsanız, yarın dinc yaşamanız təmin ediləcəkdir.

 

Bu gün hamı kəndlilər bunu düşünüb bir nəfər kimi məmləkətimizdə istiqlaliyyət "Topraq və ixtiyar" şüarını tutmalısınız.  Kim  qarşınıza çıxıb sizə mane olarsa, hamınız ona qarşı qalxıb ciddi mübarizəyə girişməlisiniz, bu uğurda mübarizənizlə istiqlaliyyət və "Topraq və ixtiyar"a layiq olmağınızı aləmə bildirməlisiniz.

 

Yaşasın Azərbaycan istiqlaliyyəti!

 

Yaşasın Azərbaycan Məclisi-Məbusanı!

 

Yaşasın topraq və ixtiyar!

 

Yaşasın Azərbaycan köylüləri!

 

Azərbaycan ictimaiyyun-inqilabiyyun firqəsi!

 

 

 

Bakı xəbərləri

 

 

 

İngiltərə  su nəqliyyat vəsaiti idarəsi bütün mal göndərəcək zəvatə elan ediyor ki, göndəriləcək mallar üçün məhəlli gömrükxanədən vəsiqə alınmalıdır. Bundan sonra mallar göndərilə bilər.

 

Bütün mallar gömrük vergisi baqi qalıyor. Fəqət ərzaqdan gömrük alınmayacakdır.

 

 

 

General Tomsonun cavabı

 

 

 

Britaniya   maliyyə şöbəsinin müdiri bələdiyyə rəisi naminə bu məzmunda bir məktub göndərmişdir:

 

"Bən sizin məktubunuzu təşrini-saninin 27-də aldım. Məlum  ediyorum ki,  biz Bakıda dövlət bankı əmanət kassası və ticarət bankası açılmasına çalışıyoruz. Dövlət bankı siyasi əhvala baxmayaraq, İngiltərə kontrolu altında fəaliyyətə başlayacaqdır. Biz ehtimal ediyoruz ki, bu işdə bizə hamı müavinətdə bulunacaqdır".

 

 

 

Gömrükxanə idarəsində

 

 

 

İşbu günlərdə Belokanı gömrükxanəsi müdiri tərəfindən alınmış məktuba Azərbaycan gömrügü müdiri Lupato cənabları böylə cavab göndərmişdir:

 

"Gömrükxanə fəaliyyətini dayandırmaq mümkün deyildir. Əhaliyə məlum ediriz ki, göndəriləcək şərabə və ərzağa gömrük vergisi ləğv edilmişdir. Bu, yəni mallar əcnəbiyə aparmadan ötrü gömrük vergisi təyin edilmiş. Maliyyə nəzarətinin göstərdiginə məbnu daxiliyyə nəzarəti və Zaqatal nahiyyəsi müdirlərinə müraciət ediyorum. Nəticə  barəsində teleqrafa xəbər veriniz".

 

Göndəriləcək mallara baxmaq barəsində Azərbaycan gömrük müdiri Lupato cənabları su nəqliyyat və sahili müdiri Maysur Bravun cənabları ilə müsahibədə bulunmuşdur. Məsarileyhə bütün mallara baxmağa  gömrük məmurunun ixtiyarı olmasını təsvilə bu barədə porta idarəsinə məlumat göndərmişdir.

 

 

 

Ərzaq məsələsi

 

 

 

Ərzaq naziri həzrətlərinin səfayi-nəticəsi olaraq yarın şəhərimizə 30 vaqon taxıl gətiriləcəkdir. Əlavə bu günlərdə Şamaxı qəzasından da taxıl gözləniyor.

 

Ərzaq nəzarəti ilə Ukrayna nümayəndəligi miyanında nefti taxıla mübadilə etmək barəsində müzakirat davam ediyor.

 

 

 

Mərkəzi ev komitəsində

 

 

 

Mərkəzi ev komitəsi cünbindəki iaşə məntəqələri şöbəsi, bələdiyyə idarəsi cümbində tibb və hifzülsihhə şöbəsinə böylə bir kağız göndərmişdir:

 

"Axır vəqtlərdə başqa-başqa nöqtələrdən aşkara müsri xəstəliklərə düçar olmuş bir çox qaçqınlara, aclıq və başqa xəstəliklərdən zəif düşmüşlər, vaporlar ilə Bakıya gəliyorlar. Şəhərdə müsri xəstəliklərin artması ehtimalı önünü almaqdan ötrü körpülərdə ianə məntəqələri açmalıdır. Bələdiyyə idarəsinin  tibb və səhiyyə şöbəsi, bələdiyyə məclisi tibbiyyə komisyonu ilə işbu barədə müzakiratda bulunsun. Sizə təklif ediyoruz ki, öz nəzəriyyatınızı təcili surətdə xəbər verəsiniz. Körpülərdə iaşə məntəqələri açmaq və yaxud başqa yerlərdən məntəqələrini körpülərə köçürmək barəsindəki bütün nəzəriyyatınızı  bələdiyyə idarəsi cünbindəki tibb və səhiyyə şöbəsinə göndərəsiniz".

 

 

 

Ev təşkilatlarının seçkiləri

 

 

Kanuni-əvvəlin (dekabrın) 8, 11 və 13-də 2, 3 və 4-cü uçastokda olan ev komitələri nümayəndələrinin ümumi iclası vaqe olub uçastok komitələrinə və mərkəzi ev komitəsinə üzvlər intixab ediləcəkdir.

Kanuni-əvvəlin 8-də 3-cü uçastok, 11-də 2-ci uçastok və 13-də 4-cü uçastok. Seçkilər hamısı Nikolayevski küçədə realnı məktəbin binasında saət 4-də vaqe olacaqdır. Təyin edilən vəqtən bir saət keçdikdən sonra iclas hər halda qanuni hesab ediləcəkdir. Məzkur iclaslarda iştirak etməkdən ötrü hər ev komitəsi öz ümumi iclasında bu qərar üzrə nümayəndə intixab etməlidir.  Hər 50 nəfər 1 nümayəndə seçməlidir. 50 nəfərdən 25 nəfərə qədər artıq olduğu halda bir nəfər dəxi intixab olunmalıdır. 50 nəfərdən az olsa da, bir nəfər nümayəndə seçməlidir. Ev komitələri nümayəndələri nümayəndələrə mandat verməlidir. Mandatsız nümayəndələr iclasa buraxılmayacaqlardır. Nümayəndə intixabında neçə nəfər iştirak etdigi mandatda göstərilməlidir. Uçastok komitələri seçkiləri ilə bərabər mərkəzi ev komitəsinə   üzvlər intixab ediləcəkdir. Mərkəzi ev komitəsinə hər 10 min adama bir üzv seçiləcəkdir.

 

 

Müdir və baş mühərrir:

Ceyhun bəy Hacıbəyli

 

 

Təqdim edəni, ərəb əlifbasından latın qrafikasına çevirəni:

professor Şirməmməd Hüseynov

Transliterasiya redaktorları:

professor Şamil Vəliyev,

elmi işçi Samir  Xalidoğlu (Mirzəyev)

Nəşrə hazırlayan:

fəlsəfə doktoru Aygün  Əzimova

Azərbaycan.-2013.-7 dekabr.-S.8,11.