Uşaqların sağlamlığının keşiyində dayanan qocaman şəfa ocağı

 

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına əsaslı təkan vermişdir.  İldən-ilə səhiyyə sahəsinə ayrılan büdcə vəsaitlərinin artırılması Azərbaycanda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqla təchiz olunmuş yeni ən müasir tibb mərkəzlərinin yaradılmasını təmin edib. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 dövlət proqramının həyata keçirilməsi xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin yüksək səviyyədə aparılmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verib.

Azərbaycanda səhiyyənin müxtəlif sahələri ilə yanaşı, anauşaqlara göstərilən tibbi xidmətin də keyfiyyətinin daim yüksəldilməsi prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Respublikada yeddi perinatal mərkəzin yaradılması, Respublika Uşaq Xəstəxanasının, Bakı şəhəri 2 və 3 nömrəli klinik uşaq xəstəxanalarının, Uşaq Nevroloji Xəstəxanasının əsaslı təmiri, bərpası və yeni avadanlıqlarla təchiz olunması, regionlarda yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir. Elə bunun da nəticəsidir ki, ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Məsələn, respublikamızda körpə ölümü göstəricisi 2003-cü ildə 16,7 promille idisə, artıq bu rəqəm 10,8-ə düşmüşdür. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5 promilledən 14,9-a enib. Son 10 ildə ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin səviyyəsi yüksəldiyi üçün ölüm faizi azalıb. Əgər əvvəllər talassemiyalı xəstələr 10-12 yaşa qədər yaşayırdılarsa, indi onların ömrü 26 yaşa qədər uzanıb. Əldə edilən uğurlarda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Fond indiyədək ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında çox böyük layihələrə imza atıb.

Respublikanın tanınmış elm və müalicə mərkəzlərindən olan Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi- Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) fəaliyyəti ən nəcib bir işə - xalqın ümidi və gələcəyi olan uşaqların sağlamlığının qorunmasına həsr olunub. 1925-ci ildə yaradılan ETPİ ötən əsrin 50-ci illərinə qədər tibbi xidmət və elmi fəaliyyətlə yanaşı, tibb işçilərinin hazırlanmasında da yaxından iştirak edib. 80-ci illərə qədər isə doğuşa yardım xidmətini həyata keçirib. 1986-cı ildə Elmi-Tədqiqat Pediatriya İnstitutu adlandırılıb. Bu mənada ölkəmizin ən qocaman şəfa ocaqlarından olan ETPİ özünəməxsus ənənələrə malikdir.

İnstitut elmiklinik bölmələrdən ibarətdir. Klinik bölmə 230 çarpayılıqdır. Bu bölmənin əsas profili yeni doğulan körpələrin müayinə və profilaktikasının həyata keçirilməsidir. Elmi bölmə isə adından göründüyü kimi, elmi-tədqiqat işlərinin aparılması ilə məşğuldur. Uşaqların sağlamlığının monitorinqi, uşaqlar arasında daha çox yayılmış xəstəliklərin öyrənilməsi, müalicə və profilaktika üsullarının araşdırılmasına yönəlmiş tədqiqat tədbirlərinin həyata keçirilməsi bölmənin əsas vəzifələridir.

ETPİ-də Respublika Neonatoloji-Reanimatoloji Mərkəzi, Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri və Neonatologiya kafedraları yerləşir. Hazırda burada 200 nəfərdən çox həkim və elmi işçi çalışır. Kafedralarla birgə ETPİ-də çalışanların 5 nəfəri tibb elmləri doktoru, 30 nəfərdən çoxu tibb üzrə fəlsəfə doktorudur.

İnstitutun direktoru, respublikanın baş pediatrı, əməkdar elm xadimi Nəsib Quliyevin sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra institutun fəaliyyətində yeni keyfiyyət dəyişiklikləri baş verib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra səhiyyədə keçirilən islahatlar ETPİ tərəfindən uşaqlara göstərilən tibbi xidmətin yüksəlməsinə, elmi- tədqiqat işlərinin genişləndirilməsinə imkan verib.

Prezident İlham Əliyevin 10 aprel 2013-cü il tarixli "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi- Tədqiqat Pediatriya İnstitutunun və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamı ilə ETPİ-nin təmiri və maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılıb. Ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən bu institutda hazırda qızğın təmir və yenidənqurma işləri gedir. Bu barədə danışan Nəsib Quliyev bildirdi ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqramların başlıca istiqamətlərini tibb müəssisələrinin təmir və bərpası, onların ən müasir avadanlıqlarla təchiz olunması, vətəndaşların pulsuz dərman vasitələripreparatlarla təminatı və müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə, uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması təşkil edir. Bu mənada  təmir və yenidənqurmadan sonra ETPİ-də həm elmi-tədqiqat işlərinin aparılması, həm də ana və uşaqların müalicəsinin təşkili keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq.

Hazırda qızğın təmir və yenidənqurma işlərinin getməsinə baxmayaraq, ETPİ uşaqların sağlamlığının etibarlı mühafizəsindədir. Yeni doğulanların reanimasiyaintensiv terapiya şöbəsində gördüklərimiz bunu təsdiq etdi. Şöbənin müdiri Solmaz Eyvazova başda olmaqla bütün tibb işçiləri yeni doğulan, erkən dünyaya gələn körpələrin sağlam həyata qovuşmaları üçün əllərindən gələni əsirgəmirlər.

"Ağır uşaq xəstəliklərinin qarşısının alınmasında, kökünün kəsilməsində və xəstəlik baş verən kimi ona qarşı vaxtında qəti tədbirlərin görülməsində institutumuzun xidmətləri çox böyükdür. Məhz bu tədbirlərin ardıcıl həyata keçirilməsi sayəsində təhlükəli xəstəliklərin yayılması dayandırılıb. Təqdirəlayiq haldır ki, ölkəmizdə uşaqların sağlamlığının qorunması ilə bağlı tibbi xidmətlərin keyfiyyətinin artırılması daim diqqət mərkəzindədir. İnstitumuzda aparılan təmir işləri bunun bariz təsdiqidir. Bu, həm müalicə işinin yüksəldilməsinə, həm yeni texnologiyaların tətbiqinə, həm də elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Son nəticədə isə qazanan məhz milli genofondumuz olacaq" - deyir Solmaz Eyvazova.

Həkimlik peşəsi insanlar tərəfindən həmişə hörmətlə qarşılanıb. Çünki həkimin işi bilavasitə insanların sağlamlığını qorumaqla bağlıdır. Həkimlik həm də dünyada ən humanist peşələrdən biri sayılır. İnsan doğulduğu gündən həkimlə təmasda olur, həyatı boyu daim həkimlərin diqqət və qayğısına ehtiyac duyur, onların şəfalı əllərindən nicat tapır. Bu mənada həkim olmaq müqəddəs bir missiyanın daşıyıcısı olmaq deməkdir. ETPİ-nin həkim kollektivinin missiyası isə daha çox təqdirə və alqışa layiqdir. Çünki onlar gələcəyimiz olan körpələrin və uşaqların sağlamlığının keşiyində dayanıblar. Zəngin  ənənələri və təcrübələri olan institut uşaqların sağlamlığı naminə bundan sonra da qarşısında dayanan vəzifələri əzmlə yerinə yetirəcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.-7 dekabr.-S.8.