Tarix yaradan şəxsiyyət

                                                                    Ulu öndər Heydər Əliyev belə xatırlanır

İllər, əsrlər ötsə də, tarix yaradan nadir şəxsiyyətlər daim zirvə kimi meyar sayılır. Ulu öndər, müasir Azərbaycanın xilaskarı və qurucusu Heydər Əliyev zamanın sınağından uğurla çıxan dahi şəxsiyyətlərdəndir. Bu gün Azərbaycanda onun adını, xatirəsini əbədiləşdirən o qədər ünvanlar var ki... Elə Qaradağ rayonunda da bu ənənə layiqincə davam etdirilir. Bir vaxtlar ulu öndər Heydər Əliyev bu yerlərə tez-tez gələrdi. Adamlarla görüşləri, səmimi ünsiyyəti bu gün də dönə-dönə xatırlanır...

Hələ 1993-cü ildə Qaradağ rayonunda çadırlarda və yataqxanalarda yaşayan məcburi köçkünlər ilk dəfə Heydər Əliyevlə görüşəndə öz xilaskarlarına böyük  inam bəsləyirdilər. Ümid edirdilər ki, güclü lider onları çətinliklərin burulğanından çıxara bilər. Belə də oldu. Ən qısa müddətdə Heydər Əliyevin təşəbbüsü ilə Lökbatan qəsəbəsində "Ümid" yaşayış kompleksinin bünövrəsi qoyuldu. İlk mərhələdə yüzlərlə məcburi köçkün ailəsi yeni mənzillə təmin olundu. Ulu öndər Heydər Əliyev "Ümid" qəsəbəsində yaşayan məcburi köçkünlərin ilk toy məclisində də iştirak etdi. Böyük şəxsiyyətin sadəliyi, qayğıkeşliyi bu günunudulmur. Lökbatanda yaradılan Heydər Əliyev parkı, ucaldılan abidə, idman kompleksi, ən böyük sənaye obyektləri... Bütün bunlar ulu öndərin adını əbədiləşdirən ünvanlardır. Təkcə bir faktı qeyd edək ki, Cənubi Qafqazda ən böyük sənaye obyektlərindən biri - Bakı Dərin Özüllər Zavodu Heydər Əliyevin təşəbbüsü ilə Qaradağ rayonunda tikilib. Bu gün minlərlə zəhmət adamının çalışdığı həmin müəssisə ulu öndər Heydər Əliyevin adını daşıyır. Hələ bu sənaye mərkəzinin birinci mərhələsi işə başlayanda Heydər Əliyev kollektivlə görüşmüş, zavodun gələcək layihəsi barədə konkret təkliflərini vermişdir. Zəngin istehsal ənənələri olan müəssisədə Heydər Əliyev məktəbi, dövlətçilik ənənələrindən bəhs edən zəngin guşə yaradılıb.

Heydər Əliyevin adamlarla səmimi görüşləri, dəyərli məsləhətləri, tövsiyələri də unudulmur. Məşhur "91-lər"dən biri Qaradağ sakini Munis Bayramov da o illəri səmimiyyətlə xatırlayır: "1992-ci ildə ölkəmizdə ictimai-siyasi vəziyyətin ağır olduğu vaxtda bir qrup ziyalı, o cümlədən mən Naxçıvanda Heydər Əliyevə müraciət etdik, ondan kömək istədik. Təşəbbüskarların iştirakı ilə yeni yaradılacaq partiyanın nizamnaməsi barədə danışdıq.

Heydər Əliyev hər şeyi dəqiq ölçüb-biçirdi. Qərar verəndə qətiyyətli mövqe tuturdu. Xeyli müzakirədən sonra yeni yaradılan partiyaya rəhbərlik etməyi öz üzərinə götürdü. Partiyanın nizamnamə və proqramında ciddi dəyişikliklər və düzəlişlər etməklə sənədləri yenidən hazırladı. 1992-ci ilin noyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının birinci ümumrespublika təsis konfransı keçirildi. Azərbaycanın 40-a qədər rayon və şəhərindən 500-dən çox nümayəndə həmin konfransda iştirak etdi. O illərdə Naxçıvan blokadada olsa da, Heydər Əliyevin yenilməz əqidəsi adamları bir yerə cəmləşdirir, eyni amal uğrunda mübarizəyə səsləyirdi...

Heydər Əliyevin çətinliklə yaratdığı partiya bu gün minlərlə adamı öz sıralarında birləşdirir. Elə Qaradağ rayonunda da Yeni Azərbaycan Partiyasının üzvləri sayca çoxdur. Onlar Heydər Əliyev ənənələrini varisliklə davam etdirir, ulu öndərdən öyrəndiklərini estafet kimi gələcək nəsillərə çatdırırlar. Heydər Əliyevlə canlı ünsiyyətdə olanlar daim özünü xoşbəxt sayır, onun təlim-tərbiyə məktəbindən, davranış mədəniyyətindən öyrəndiklərini mənəvi sərvət hesab edirlər. Yeni Azərbaycan Partiyasının yaradılmasında fəallıq göstərmiş Munis Bayramov deyir ki, on ildə ən azı 30 dəfə Heydər Əliyevlə görüşlərdə iştirak etmişəm. Biz hər birimiz böyük şəxsiyyətlə görüşlərdən zövq alır, onun yüksək natiqlik məharətindən, mənəvi zənginliyindən faydalanırdıq...

Bu gün Azərbaycanın hər yerində, elə Qaradağda da təkcə ziyalılar deyil, sadə zəhmət adamları, çadırlardan, yataqxanalardan işıqlı mənzillərə köçən yurdsuz-yuvasız ailələr Heydər Əliyevi millət atası, dövlət qurucusu, böyük siyasi xadim kimi xatırlayırlar, onun adını uca tuturlar.

 

 

Bəşir ŞƏRİFLİ

Azərbaycan.-2013.-  8 dekabr.- S. 5