Azərbaycanda insan hüquqlarının təminatı:
nailiyyətlər,
problemlər, perspektivlər
10 dekabr
Ümumdünya İnsan Hüquqları Günüdür
Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları dünyada hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. Çünki istənilən cəmiyyətin və dövlətin inkişafı demokratiyanın ali prinsiplərindən biri sayılan insan hüquqlarına hörmət olmadan, insan hüquqlarının nə olduğunu dərk etmədən mümkün deyil. Buna görə də hələ 65 il əvvəl - 1948-ci il dekabr ayının 10-da BMT-nin Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi insan hüquqlarının etibarlı təminatının sivil cəmiyyətlərdə nə qədər mühüm və aktuallıq kəsb edən məsələyə çevrildiyini göstərirdi.
Azərbaycan Respublikası da dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçib. Odur ki, respublikamızda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur.
"Azərbaycan" qəzeti redaksiyasında keçirilən "dəyirmi masa"da ölkəmizdə insan hüquqlarının təminatı sahəsində əldə olunan nailiyyətlər, mövcud problemlər və gələcək perspektivlər ətrafında müzakirələr aparıldı. "Dəyirmi masa"nın iştirakçıları Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli, Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Elman Məmmədov, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri, hüquq elmləri doktoru Lətif Hüseynov və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev idi.
"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
- Demokratiyadan danışdıqda daha çox insan hüquq və azadlıqlarının önə çəkilməsi təsadüfi deyil. Demokratik dəyərlərin təsbit olunduğu cəmiyyətlərdə ən mühüm amillərdən biri insan hüquq və azadlıqlarının təmin ediməsidir. Çünki ilk növbədə, insan hüquq və azadlıqları təsbit olunmasa, hər hansı demokratikləşmədən söhbət belə gedə bilməz. İnsan hüquqları həm də müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu dünyada insanları və cəmiyyətləri birləşdirən əsas meyardır. İnsan hüquqlarının qorunması və ona hörmət müasir dünyaya inteqrasiyanın əsas yoludur. Digər tərəfdən, bu hüquqlar hər bir demokratik dövlət tərəfindən tanınmalı və müdafiə olunmalıdır. Elə buna görə BMT Baş Assambleyası bütün xalqların və dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifələrin məntiqi yekunu kimi 1948-ci il 10 dekabr tarixli qərarı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib.
Dövət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılmışdır. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir. Amma ölkəmizdə demokratikləşmənin əsas mərhələsi, insan hüquqlarının qorunması sahəsində əsas işlər məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı. Tarixə qısaca ekskursiya etsək, Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında insan hüquq və azadlıqları sahəsində hansı nailiyyətlərin qazanıldığını görmək olar. Birinci növbədə Azərbaycanın adı Şərqdə ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşdü. 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. Bu, hələ ölkəmizin Avrora Şurasına üzv olmadığı vaxtlarda belə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin insan hüquqlarının qorunmasına dair bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.
Demokratikləşməni hüquqi dövlət quruculuğunun əsas meyarı kimi qəbul edən ölkəmizin insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi önəm verməsini 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya da təsdiq edir. Bu Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət olaraq insan hüquqlarına böyük önəm verdiyini bir daha nümayiş etdirdi. Təqdirəlayiq haldır ki, demokratik dəyərə və prinsiplərə uyğun hazırlanmış Konstitusiyanın müddəalarının üçdəbiri məhz insan hüquq və azadlıqlarına həsr edilmişdir. Əsas Qanunumuzun üçdəikisi birbaşa insan hüquqlarını əhatə edir. Beynəlxalq təşkilatlar tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən Əsas Qanunumuz Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, insan hüquq və azadlıqlarının tam bərqərar olmasına zəmin yaratmışdır.
Ölkəmizdə insan hüquq və azadlıqlarına verilən böyük önəmin daha bir təzahürü Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmandır. Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən bu fərman bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə təkan verdi. Fərman əsasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı çərçivəsində isə qanunvericilik və institusional islahatlar həyata keçirildi. Həmçinin qeyd olunan Dövlət Proqramı əsasında, eləcə də ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu təsis edilmişdir.
Aydın siyasi iradənin, müasir hüquqi dövlət quruculuğu işində qısa müddətdə mühüm uğurlar əldə edilməsinin, cəmiyyət həyatının bütün sferalarını əhatə edən demokratik islahatların qətiyyətlə və ardıcıl həyata keçirilməsinin nəticəsi olaraq 2001-ci ilin yanvarında ölkəmiz Avropa Şurasına üzv qəbul olundu. AŞ-yə üzv qəbul edilməklə Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı istiqamətində yeni mərhələnin əsası qoyuldu. Ölkəmiz AŞ-yə üzv qəbul olunmasından ötən illər ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə xüsusən insan hüquqlarının təmini sahəsində mühüm uğurlara imza atmışdır. AŞ ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə insan hüquqlarının inkişafı ilə yanaşı, məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı mühüm tədbirlər görülmüşdür. Azərbaycan hakimiyyəti hər zaman bəyan edir ki, AŞ ilə insan hüquqlarının təmini sahəsində hərtərəfli əlaqələrə böyük önəm verir və əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsindən ötən 10 il ərzində insan hüquqlarının təmini ilə bağlı həyata keçirilən işlər davam etmiş, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq daha da inkişaf etdirilmişdir. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.
Azərbaycanın yeni inkişaf mərhələsi, ölkə iqtisadiyyatının dinamik yüksəlişi insan hüquq və azadlıqlarının təmini sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. İnsan hüquqlarının qorunmasını və inkişafını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bu məqsədlə 2006-cı il dekabrın 28-də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nı təsdiq etmişdir. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına yeni töhfələr verdi.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Bu proqram ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir və bir daha göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir. Bütün bunlar ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial addımlar atmağa imkan yaradır.
Bir məsələni də qeyd etməliyik ki, əldə olunan uğurlarla yanaşı, Azərbaycan həm də vətəndaşlarının bir qisminin hüquqlarının pozulduğu bir ölkədir. Ermənistanın həm azərbaycanlıları deportasiya etməsi, həm də Azərbaycan torpaqlarının bir hissəsini işğala məruz qoyması nəticəsində 1 milyondan artıq azərbaycanlının mülkiyyət və yaşamaq hüququ pozulub. XXI əsrdə Avropanın qonşuluğunda yerləşən, AŞ-nin üzvü olan bir dövlətin vətəndaşlarının bu cür ağır və mənəvi iztirablara səbəb olan hüquq pozuntusuna məruz qalması yolverilməzdir! Yolverilməz olduğu qədər də düşündürücüdür! Bu barədə "dəyirmi masa"da ayrı-ayrı çıxışlarda söhbət açılacaq.
İndi isə Azərbaycanda insan hüquqlarının təminatı sahəsində əldə edilən mühüm irəliləyişlərlə bağlı danışmaq üçün sözü Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovaya verirəm.
Rəbiyyət ASLANOVA:
- İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti düşündürən problemlərdən olmuşdur. Tarixə nəzər salsaq, hələ qədim Roma dövründə qanunun aliliyinin təmin edilməsi ilə yanaşı, hüquqi dövlətin digər mühüm əlaməti olan hakimiyyətin bölünməsi prinsipinin rüşeyminə də rast gəlirik.
Dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illik yubileyi qeyd edilir. Şübhəsiz ki, bu epoxal bir hadisə kimi həm qəbul olunmuş sənədin əhəmiyyəti, həm də onun əsasında duran insan hüquqları konsepsiyasını bir daha yenidən təhlil və dərk etməyi gündəmə gətirdi. İnsan hüquqlarına dair Bəyannamənin 65 illiyinin artıq arxada qaldığı bir zamanda ona yalnız müxtəlif yanaşma mövqeləri ciddi tənqidə məruz qalmaqdadır.
Böyük bir prosesin məntiqi nəticəsi olaraq 1948-ci ildə çox vacib bir tarixi məqamda məhz insan hüquqları üzrə Ümumdünya Bəyannaməsi qəbul edilmişdir. İlk növbədə bu bəyannamənin qəbul edilməsi bəlkə də ümumi tale üçün ümumi məsuliyyət hissinin ortaya qoyulması idi. Çünki həmin tarixi dövrə baxsaq görərik ki, İkinci Dünya müharibəsindən sonra yaranmış tarixi şərait ayrı-ayrı ölkələrin bir araya gəlib gələcək talelərini düzgün istiqamətləndirməyə məcbur edirdi. Doğurdan da, həmin zaman 50-dək ölkənin bir araya gəlib belə bəyannamə imzalaması çox önəmli idi. Tarix üçün yeni bir inkişaf istiqaməti idi. Düzdür, bu bəyannamədə olan müddəalar (30 müddəa) məcburi xarakter daşımır. Ancaq ölkələr üzərilərinə düşən o məsuliyyəti dərk edirdilər və başa düşürdülər ki, bəşəriyyətin gələcəyi üçün məsuliyyət hissini bərabər bölmək lazımdır. Bu baxımdan 65 il ərzində dünyada baş verən hadisələr, ayrı-ayrı ölkələrin orada əks olunan həmin hüquqlara münasibəti və bugünkü gerçəklik bu "dəyirmi masa"da müzakirə olunacaq. Çünki 65 il az müddət deyil! Bu, çox ciddi bir tarixi kəsimdir və bu illər ərzində dünyada çox hadisələr baş vermişdir, sistemlər çökmüşdür, yeni qurumlar meydana gəlmişdir, qlobal təşkilatlardan başqa regional təşkilatlar da yaradılmışdır. Bu təşkilatlar da insan hüquqları ilə bağlı məsələyə öz münasibətlərini ortaya qoymuşlar.
Nəhayət, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində olan müddəalar bu gün gerçəkləşdimi, bəşəriyyətin gözləntiləri özünü doğrultdumu? Çünki 65 il öncə dünya düşünürdü ki, əmin-amanlığın, sülhün təmin oluduğu bir məkan yaranacaq. Ancaq gözləntilər özünü dorğrultmadı və həmin dövrdən başlayaraq bugünkü günə qədər dünyada saysız-hesabsız müharibələr baş verdi. Məhz vəziyyətin bu cür ciddiləşməsinə görə yenidən ayrı-ayrı konvensiyaların yazılmasına ehtiyac duyuldu. Avropa İnsan Haqları Konvensiyasının meydana gəlməsi də bunun nəticəsi idi. Onun ardınca yeni-yeni sənədlər hazırlandı və bu konvensiyanı ratifikasiya edən hər bir dövlət üzərinə çox böyük məsuliyyət götürdü - ölkəsində olan insanların hüquq və azadlıqlarının təmin edilməsi. Bir prinsip də aydın idi ki, artıq insan haqlarının qorunması konkret bir dövlətin funksiyasına daxil deyil. Bir dövlət buna təkcə cavabdeh deyil. Bu prinsiplər universal xarakter daşıdığına görə həmin təşkilatlar hər bir ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasını öz nəzarətlərində saxlayırdılar və bu gün də belədir.
Müasir dünyada insan hüquqlarına dair elmi-siyasi müzakirələr bütün başqa mövzuları sıxışdırıb aradan çıxarır. Bəzən elə gəlir ki, bəşəriyyətin yeganə problemi insan hüquqlarıdır. Tədqiqatçıların fikrinə görə, bu da bir fundamentalist yanaşmadır və problemləri heç də həll etmir. Çünki universal və mütləq hesab edildiyi halda "insan hüquqları" indiyə qədər, - məsələn, "nisbilik nəzəriyyəsi kimi", - bitkin elmi nəzəriyyə qismində formalaşmamışdır.
Nəzərə almalıyıq ki, insan hüquqlarının vahid anlamı və mənası hələ yoxdursa, onun dəyərləndirilməsinə dair deyilənlər qeyri-obtektivlikdən başqa bir şey deyildir. Məsələn, Nobelçi alim L.Fridman qeyd edir ki, "insan hüquqları - təəssüf ki, qeyri-müəyyən və yayğın bir ifadədir".
Amma bununla belə insan hüquqları dedikdə təsəvvürə çoxsaylı məna çalarları gəlir. Məsələn: İnsan hüquqları - bir fəlsəfədir, dəyərlərlə, insanın dünyagörüşü ilə bağlı məsələdir. Məsələn, kimsə onu yalnız məişət probleminin həlli ilə bağlı səviyyədə başa düşür; İnsan hüquqları - bir ideya və ideologiyadır, Qərb-Avropa sivilizasiyasının gətirdiyi ideyadır; İnsan hüquqları - konsepsiyadır; İnsan hüquqları - normalar sistemidir, beynəlxalq və milli qanunvericiliklərdə təsbit edilmiş normaların məcmusudur.
Bu dörd məna bir-biri ilə sıx bağlıdır. Yəni, subyektiv müstəvidə hüquqlara kim nə məna verirsə, o cür də dəyərləndirmə baş verir. Bütün problemlər, fikir ayrılıqları da buradan yaranır.
Yunan professoru Kostas Duzinas 2000-ci ildə nəşr edilən "İnsan hüquqlarının sonu" kitabında yazırdı ki, insan hüquqlarının nikbin gələcəyi naminə biz konkret olaraq müəyyən etməliyik: insan hüquqları bizə hansı məqsədə çatmaq üçün lazımdır? Məsələn, Platon və Aristotel üçün insan hüquqlarının məqsədi - ədalətə nail olmaq idi, insan hüquqları fərd üçün deyil, cəmiyyət üçün mövcud idi". Bu gün bizə məlum olan hüquqlar başlıca olaraq liberal hüquqlardır və burada əksinə, fərd, insan hüquq sisteminin mərkəzində durur.
Sözsüz ki, 65 il öncə biz insan hüquqları deyərkən onu ilk olaraq 30 maddədə məhdudlaşdırmışdıqsa, bu gün onun çərçivəsi həddindən artıq genişdir. Çünki dünyada yeni-yeni hüquqlar meydana çıxır. Məsələn, miqrantlar haqqında mövcud olan qanunlar 65 il öncə yox idi. Uşaq hüquqları, qadın hüquqları ayrı-ayrılıqda müzakirə olunmurdu. Nəzərə alaq ki, bu gün dünyanın böyük ölkələri həmin maddələri ratifikasiya edib, ancaq demokratiyadan danışan bəzi dövlətlər bu konvensiyaya imza atmayıblar.
Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən insan hüquq və azadlıqlarının qorunmasını ali məqsəd sayıb. Təsadüfi deyil ki, 1995-ci ildə Konstitusiyamızda bu müddəalar, yəni insanların hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi qeyd olundu. Demokratiya, hüquqi dövlət, sosial tərəqqi yolunu seçmiş hər bir ölkə bilməlidir ki, ilk növbədə, insan hüquq və azadlıqlarının təmin olunması onun əsas prioritet sahəsidir.
Lətif HÜSEYNOV:
- Hazırda insan hüquqlarının müdafiəsi sahəsində 80-ə yaxın beynəlxalq müqavilə, yüzlərlə digər normativ sənəd var. Onlardan ən əhəmiyyətlisi, beynəlxalq müqavilə olmasına baxmayaraq, məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. 1948-ci il dekabrın 10-da qəbul olunmuş bu bəyannamə dünyada ən çox tərcümə olunan sənəd kimi "Ginnesin rekordlar kitabı"na düşüb.
Qeyd edim ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi müasir beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır. O, insan hüquqlarını dövlətlərarası münasibətlərin təməl prinsipləri səviyyəsinə qaldırmışdır. Bu gün birmənalı demək olar ki, beynəlxalq səviyyədə insan hüquqlarının məzmununu müəyyənləşdirmək üçün müraciət edilən ilk sənəd məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir.
Nəyə görə? Birincisi, beynəlxalq səviyyədə ilk dəfə olaraq məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquq və azadlıqlarının "kataloqu" müəyyən edilmişdir. Bəyannamədə həm mülki və siyasi hüquqlar, həm də iqtisadi, sosial və mədəni hüquqlar təsbit olunmuşdur. İkincisi, bu sənədi qəbul etməklə dünya birliyi bəyan etdi ki, insan hüquqları təbii xarakter daşıyır və dövlətin qanunvericilyindən kənarda və ondan asılı olmayaraq mövcuddur. Üçüncüsü, dövlətlər razılığa gəldilər ki, insan hüquqları dövlətin daxili işi sayıla bilməz; insan hüquqlarının təmin edilməsi beynəlxalq öhdəlikdir və hər bir dövlət digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, öz yuridiksiyası altında olan hər bir şəxsin hüquqlarını irqindən, dinindən, cinsindən, vətəndaşlığından, mənşəyindən, əqidəsindən və digər əsaslardan asılı olmayaraq təmin edəcəkdir. Dördüncüsü, dövlətlər bəyan etdilər ki, insan hüquqları fərdin cəmiyyət və dövlət qarşısında məsuliyyəti ilə üzvi surətdə bağlıdır. Yəni, istənilən toplumda, cəmiyyətdə insan hüquqları qeyri-məhdud və mütləq başa düşülə bilməz! İnsan hüquqları özbaşınalıq, hərc-mərclik və məsuliyyətsizlik demək deyil! Hər bir şəxs malik olduğu hüquq və azadlıqlardan yalnız o halda tam bəhrələnə bilər ki, o bu zaman sui-istifadəyə yol verməsin. İndiki dövrdə, qloballaşma dövründə insan hüquqlarının məsuliyyətlə bağlılığı xüsusilə aktuallaşır.
Rəbiyyət ASLANOVA:
- Bu gün bütün dünyada bu sual böyük müzakirələrə rəvac verir: dünyada insan hüquqları sahəsində fərdin, yoxsa dövlətin maraqları üstün olmalıdır? Bu suala da aydınlıq gətirməyimiz labüddür.
Lətif HÜSEYNOV:
- Rəbiyyət xanımın "insan hüquqları sahəsində fərdin, yoxsa dövlətin maraqları üstün olmalıdır" sualı həm nəzəri, həm də praktik cəhətdən maraqlı olan məsələdir. Bu barədə çox geniş danışmaq olar, amma mən qısaca olaraq fikirlərimi sizinlə bölüşmək istəyirəm.
Əvvəla qeyd etmək istəyirəm ki, məsələ bu cür ümumi şəkildə, yəni "fərdin hüququ və ya dövlət marağı əsas götürülməlidir" kimi qoyulmamalıdır. Hər bir halda fərdin hüququ ilə dövlətin marağı və ya ictimai maraq arasında ədalətli balans müəyyənləşdirilməlidir. Problem yaranarsa, son sözü insan hüquqlarının əsas müdafiəçisi olan məhkəmə orqanı deməlidir.
Məlumdur ki, hər bir dövlətin fərd və cəmiyyət qarşısında vəzifələri var və o, həmin vəzifələri səmərəli yerinə yetirməyə borcludur. Məsələn, dövlət milli təhlükəsizliyi təmin etməlidir, ictimai qaydanı qorumalıdır, cinayətlərin qarşısını almalıdır və s. Bütün bunlar dövlətin maraqlarıdır. Bu maraqların təmin olunması üçün dövlət fərdin hüquqlarını məhdudlaşdıra bilər, bu və ya digər hüququn həyata keçirilməsinə müdaxilə edə bilər. Məsələn, götürək söz azadlığını. Hər bir şəxsin söz demək, öz fikrini ifadə etmək azadlığı var. Lakin bu azadlıq qeyri-məhdud ola bilməz! Əgər kimsə dövlət sirrini yayırsa, ictimai mənəviyyata zidd materiallar dərc etdirirsə və ya başqalarını zorakılığa təhrik edirsə, dövlət bu halda müdaxilə edə bilər və əslində etməlidir! Lakin istənilən halda dövlətin müdaxiləsi, onun tətbiq etdiyi sanksiya qanuni məqsədə, məsələn, cinayətin qarşısını almaq və ya mənəviyyatı qorumaq məqsədinə mütənasib olmalıdır. Mütənasiblik insan hüquqları ideyasının əsasında duran prinsiplərdən biridir. Fərdin hüququ ilə dövlət marağı arasındakı münaqişəni həll edərkən məhz bu prinsip əsas götürülməlidir. Başqa sözlə, dövlətin insan hüququna müdaxiləsinin qanuni olub-olmadığını müəyyənləşdirərkən əsas iki suala cavab vermək lazımdır. Birincisi, müdaxilə zəruridirmi və ikincisi, bu cür müdaxilə zəruridirmi?
Əli HÜSEYNLİ:
- Oxucular "Azərbaycan" qəzetini hər zaman cəmiyyətimiz, xalqımız və dövlətimiz üçün çox maraqlı müzakirələr ünvanı kimi qəbul edir, açdığı bu cür diskussiyaları çox maraqla qarşılayırlar. Budəfəki mövzu seçimi də çox uğurludur. Biz BMT-nin Ümumdünya İnsan Hüquqları haqqında Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi ərəfəsindəyik. Bu ərəfədə ölkəmizdə insan hüquqlarının təmini istiqamətində əldə olunan nailiyyətlərin, mövcud problemlərin və perspektivlərin müzakirəsi olduqca yerinə düşür. Bu, klassik jurnalist yanaşmasıdır və bu tədbirin təşkilinə görə təşəkkürümü bildirirəm.
Bu günün cəmiyyətini sovet dövrü cəmiyyətindən fərqləndirən həm də odur ki, hazırda insan hüquqlarının qorunması ilə bağlı real işlək mexanizm hakimiyyətin qollarından biri olan məhkəmə sistemidir. Lakin mən sovetlər dövründə bütün insan hüquqlarına məhdudiyyətlərin olması fikri ilə tam razı deyiləm. Hətta tarixdən bəlli olduğu kimi, BMT-nin insan hüquqlarına dair sənədlər qəbul olunarkən məhz SSRİ diplomatları insanların sosial hüquqları ilə bağlı çox maraqlı təkliflər irəli sürmüşdülər. Bəli, o zaman siyasi hüquqlar məhdud idi, amma sosial-mədəni hüquqlar səmərəli şəkildə qorunurdu. Başqa bir misal: Baxmayaraq ki, o dövrdə məhkəmə hakimiyyəti kifayət qədər müstəqil deyildi və üstəlik, insanların indiki kimi müraciət hüququnun sərbəstliyi yox idi, amma müraciətlərə baxılma qaydası inzibati qaydada çevik və ədalətli idi!
Əlbəttə, indi yeni dövrdür - müstəqil və demokratik. Bu dövrü iki əsas yeni anlayışla səciyyələndirmək olar: biri bu gün müzakirə etdiyimiz insan hüquqları, digəri isə bazar iqtisadiyyatı!
Mən o fikirlə razıyam ki, məhz sosial və iqtisadi hüquqlar səmərəli qorunanda bəlkə də siyasi hüquqlar çox da qabarmır. Baxmayaraq ki, bu hüquq da insanlar üçün vacibdir. Bugünkü cəmiyyətimizin keçmiş cəmiyyətdən üstünlüyü ondadır ki, siyasi hüquqlar mövcuddur və məhz sosial-iqtisadi hüquqların qorunması üçün bir vasitədir.
İnsan hüquqları bu gün demokratiya və qanunun aliliyi ilə birbaşa bağlıdır. Ona görə müasir dünya insan hüquqları mövzusunu demokratiya və qanunun aliliyi çərçivəsində müzakirə edir. Hazırda insan hüquqları mövzusunda çox geniş, demokratik çərçivədə danışılır və bu konteksdən yanaşanda biz həm də dəyərlərimizlə toqquşmaları görürük. Bəzən söz azadlığının tətbiqi zamanı hətta şantaja belə yol verilməsi demokratik çərçivədə məqbul qəbul olunur. Bu vəziyyət təkcə bizim yox, bir çox ölkələrin, xalqların dəyərləri ilə ziddiyyət təşkil edir. Beləliklə, insan hüquqları mövzusu aktual və hər zaman çox həssas mövzudur. Yeni dövrün tələbləri ortaya çıxıb və əlbəttə ki, yeni mexanizmlər də öz rolunu oynamağa başlayıb. Bu mərhələdə məhkəmə müdafiəsi əsas elementdir. Məhkəmələr insan hüquqlarının qorunması üçün demokratik hüquqi cəmiyyətdə ən vacib bir orqan kimi öz yerini tapıb. Bununla yanaşı, bəzən biz insanların öz növbəsində məhkəmə orqanlarının fəaliyyətlərindən də şikayətləri ilə üzləşirik. Görürsünüzmü, necə həssas və çoxşaxəli bir mövzudur...
Rəbiyyət ASLANOVA:
- XXI əsrin insan hüquqları fəlsəfəsində hansı meyillər özünü göstərir? Ən ümumi cavab belədir ki, bütövlükdə hüquq fəlsəfəsi, o cümlədən insan hüquqlarının fəlsəfəsi bu gün xeyli təkmilləşdirilməyə möhtacdır.
İnsan hüquqlarına dəyərlər
sistemi kimi mənadan məhrum edildikdə ziddiyyətlər
baş verir. Bu dəyərlər Hammurapi qanunlarından
tutmuş, Poma hüququna qədər dünya dinlərində
əksini tapıb. 65 il əvvəl
Ümumbəşəri Humanitar ideologiya kimi bəyan edilib. Totalitar ideologiyalara qalib gəlib. Eyni zamanda onu da görürük ki, XX əsrin sonu -
XXI əsrin əvvəllərində məzmunu təhrif
edilib, siyasi və geosiyasi doktrinalar qəlibinə salınaraq
təzyiq alətinə çevrilib. Beynəlxalq
qərəz və ikili standartların tətbiqi məqsədilə
"özəlləşdirilib".
Bir sözlə, insanların təsəvvüründə
hüquqlar bir-birindən obyektinə, subyektinə, predmetinə,
mənbəyinə görə fərqlənə bilər. Müxtəlif
ölkələrin və mədəniyyətlərin dəyərlər
sistemi eyniyyət təşkil etmədiyi üçün
onların hüquq fəlsəfəsi də fərqlənir.
Bir neçə mədəniyyətə mənsub
olan insanlara hüquqlar haqda təsəvvürlərini
yazmağı təklif etsək, onların tərtib etdiyi
siyahı tamamilə fərqli olacaq. Bu
siyahı Fransada bir cür, Yaponiyada başqa cür olacaq.
Yaxud da XX əsrdə yazılan siyahı XXI əsrdəkindən
fərqli olacaq. Məhz burada insan hüquqlarının
prioritetlər sırası, iyerarxiyası - siyasi, sosial,
iqtisadi, mədəni, vətəndaş hüquqları və
s. məsələsi də gündəmə gəlir. Şərqdə və Qərbdə buna yanaşma
sivilizasiona faktordan asılı olaraq müxtəlif olacaq.
Bundan əlavə, hazırkı dövrdə şəxsi
həyat və fərdi məlumatların
toxunulmazlığı və informasiya-kommunikasiya amili ön
sıraya çıxır, beynəlxalq qalmaqallar baş verir. İnsan
hüquqlarının universal xarakterini inkar edərək mədəni
relyativizmin nəzərə alınması Cənub-Şərqi
Asiya ölkələri alim və siyasətçilərinin
yaratdığı "Asiya dəyərləri"
adlandırılan konsepsiyada verilmişdir. Bu
baxımdan ilk növbədə, Sinqapurun ilk baş naziri Li
Kuan Yu və Malayziyanın baş naziri Mahathir Mühəmmədin
hüquq konsepsiyalarının adlarını çəkmək
olar. Onu da əlavə etmək
lazımdır ki, bu şəxslər öz ölkələrinin
inkişafında xüsusi xidmətləri olan liderlər kimi
tarixə düşmüşdür. Hüquqlara
yanaşmada əsas fərq fərdin, yoxsa dövlətin
maraqlarının mərkəzi hesab edilməsi, eləcə də
mədəni-sivilizasion amillərin əhəmiyyətinə
münasibəti ifadə edən "Asiya dəyərləri"dir.
1993-cü ildə
Vyanada İnsan hüquqları üzrə Ümumdünya
Konfransının başlanmasından öncə bir qrup Asiya
ölkəsi Banqon Bəyannaməsi qəbul etmişdi. Bəyannamədə
deyilirdi: "İnsan hüquqları universal xarakter
daşısa da, milli, regional, mədəni və dini
xüsusiyyətlərin mühüm rolu nəzərə
alınmalıdır". Vyana Konfransında Sinqapurun nümayəndəsi
Von Kanq Sen plenar iclasda belə bir fikir səsləndirdi ki,
"insan hüquqlarının ümumi ideal kimi
tanınması zərərli ola bilər,
çünki bu, gerçək müxtəlifliyin itirilməsinə
və səviyyələrin eyniləşməsinə gətirib
çıxarır". Çindən gəlmiş 20
nümayəndə isə özlərinin xüsusi rəyini bildirdi:
insanlar öz şəxsi hüquqları qarşısında
dövlətin hüquqlarının
üstünlüyünü tanımalıdırlar".
Bu gün bir tərəfdən insan
hüquqları siyahısının daha da genişləndiriliməsi
müzakirə olunur, digər tərəfdən isə həm
beynəlxalq hüquqi sənədlərdə (məsələn,
İnsan hüquqları barədə Avropa Konvensiyasında,
bank fəaliyyətinə dair sənədlərdə), həm
də ayrı-ayrı dövlətlərin qanunvericiliyində
nəzərdə tutulmuş hüquq və azadlıqların
məhdudlaşdırılması mexanizmləri fəallaşır.
Amerika Konqresi 2001-ci il 11 sentyabr hadisələrindən
sonra qəbul edilmiş "ABŞ Vətənpərvərlik
Aktı"nın qüvvəsini hər il uzadır. Hüquq-mühafizə orqanları əvvəlki kimi
ekstremizmdə şübhəli bilinən şəxsləri,
hətta onlar konkret terror təşkilatları ilə əlaqəli
olmasalar belə, təqib edə bilərlər. Xüsusi xidmət qurumları terrorçuluqda
şübhə doğuran şəxslərin və təşkilatların
telefon danışıqlarını dinləmək, elektron və
poçt yazışmalarını məhkəmənin qərarı
olmadan əldə etmək sahəsində hələ də
qeyri-məhdud səlahiyyətlərə malikdirlər. Nəhayət, onlar maraqlandıqları
informasiyanı, o cümlədən məxfi məlumatı
(maliyyə hesabatları, tibbi kartlar, bank hesabları barədə
məlumatlar və s.) istənilən idarədən və
kommersiya şirkətindən ala bilərlər. Yaxud,
Avropaya baxaq: 2009-cu ildən Avropa İttifaqının vətəndaşları
olan 11 minə yaxın Şərqi Avropa qaraçısı
öz vətənlərinə - eyni zamanda, Aİ-yə
üzv olan Şərqi Avropa ölkələrinə
sürgün edilmişlər. 2010-cu ilin əvvəlindən
fransızlar 15 minə yaxın qaraçını
Rumıniyaya və Bolqarıstana sürgün etmişlər.
İnsan hüquqları adı altında hansısa
suveren dövlətin ərazisinə də daxil olurlar,
sülhyaradıcı missiyalar həyata keçirirlər,
onların informasiya təhlükəsizliyini də pozurlar. Bütün
bunların qarşısını almaq üçün nə
etmək lazımdır? Çünki bu,
artıq böyük bir millətin, böyük bir regionun
xalqlarının hüquqlarının pozulmasıdır.
Öz üzərinə sülhyaradıcı
missiyanı götürən bir dövlət böyük bir
regionda öz düşüncə tərzini, əxlaq modelini
yaratmaq üçün insan hüquqlarının qorunması
adı ilə müdaxilə edir. Bu, artıq həmin
universal prinsiplərlə üst-üstə düşmür!
Bu gün insan hüquqları ilə bağlı
ayrı-ayrı regional təşkilatlar qlobal təşkilatlar
qarşısında öz hüquqlarını müdafiə
etmək iqtidarında deyil! Halbuki mövcud
regionun xüsusiyyətlərini nəzərə alaraq
bütün tarixi, coğrafi, milli və digər məsələləri
nəzərə alaraq həmin regionu qorumaq uçun nəsə
etməlidir. Amma biz bunu görmürük! Bu, o demək deyilmi ki, regional təşkilatlar qlobal
təşkilatlar qarşısında iflic vəziyyətindədir?!
Bu gün dünyada müxtəlif dəyərlər
sistemi arasında mübarizə gedir. Deməli,
hüquqların gələcəyinə dair müzakirələr
daha kəskin mərhələyə qədəm qoyub.
Bir neçə yüz il müddətndə
Avropa mədəniyyətində formalaşan hüquq sistemi
labüd olaraq dəyişikliyə uğrayır. İnsanların azadlıq dərəcəsi, səviyyəsinə
dair təsəvvürlər yeniləşir. Şəxsi və qeyri-şəxsi həyat
arasındakı sərhədlər aradan qalxır.
Bu gün insan hüquqları adı ilə nə baş
verir? Hansı proqnozları vermək olar? Məsələn, tədqiqatlarda belə bir sual da səsələnir
ki, bir neçə onillik sonra insanın suya tələbatının
təmin edilməsi hüququ, "su azadlığı"
daha vacib olacaq, yoxsa söz azadlığı? Belə bir
pessimist proqnozlar var ki, XXI əsrin ikinci yarısından
başlayaraq, insan hüquqlarına ən böyük təhdid
təməl hüquqların "süqutu",
"parçalanması", "fraqmentasiyası" olacaq. Əsas mübahisələr qadın, miqrant, fəhlələrin
və uşaqların, göydələn bina sakinlərinin,
istehlakçıların, evdar qadınların və evsizlərin,
nəhayət heyvanların və onların sahiblərin,
"konkret kiçik maraq qruplarının"
hüquqları olacaq.
Alimlər düzgün qeyd ediblər ki, elə ki insan
hüquqları geniş fəlsəfə və dəyər
kimi məzmunlardan məhrum edilərək yalnız standart və
normativ akt kimi başa düşülür, o zaman onun
iflası baş verir. Hər hansı bir dövlət
özünü arbitr rolunda görərək
başqalarına "insan hüquqlarının nə
olduğunu diktə etməyə başlayır. Nəticədə hüquqlar - qanunlar kimi şərh
edilməyə başlayır. Halbuki qanun və
hüquq eynimənalı fenomenlər deyil. Qanunlar
qeyri-hüquqi ola bilər. Bunun nəticəsidir
ki, bu gün dünyada yağışdan sonra göbələk
kimi artan beynəlxalq konvensiya, qətnamə və s. fonunda
soyqırımı, etnik təmizləmələr, gizli həbsxanalar,
hava limanlarından üçüncü ölkələrə
fövqəladə deportasiyalar (rendisiya) kimi hüquqpozma
formaları baş verir".
Bu gün insan hüquqları - sırf hüquq elminin
deyil, yaxud hər hansı bir ölkənin də deyil, bəşəriyyətin
yaşadığı mərhələnin dərk edilməsi
problemidir. Çağırışlara cavab vermək
üçün yeni şəraitdə hüquq fəlsəfəsini
və siyasətini birgə, kollektiv səylərlə müəyyən
etmək məsələsidir. Bir çox
suallara cavab vermək lazımdır. Qloballaşma
və informasiya sivilizasiyasının formalaşması
hüquq məkanına təsirsiz ötüşə bilməz.
Bu gün insan hüquqları konsepsiyası
insanı müdafiə etməklə yanaşı, bu
çağırışlara ən optimal cavabları da verməyi
bacarmalıdır.
Əli
HÜSEYNLİ:
- Mənim
şəxsi müşahidəm belədir ki, istənilən
sahədə iqtisadi rifah vacib komponentdir. Misal
üçün, qaçqınların vəziyyəti ilə
bağlı: onlar bəzi hallarda məcbur olaraq vaxtilə digər
vətəndaşların mənzillərini zəbt etmişlər.
Mülkiyyət hüququ ilə bağlı
müasir Avropa hüquq sistemi onları müdafiə etməyə
imkan vermir. Bu məsələdə iqtisadi
inkişaf bizim yardımımıza gəldi. Onlar müvəqqəti də olsa,
torpaqlarımız işgaldan azad olunana qədər keyfiyyətli
mənzillərlə təmin olunurlar.
Digər
bir misal: vətəndaşların müraciətlərinə
dövlət orqanlarında çevik baxılması və həlli
məsələsi. Bayaq qeyd etdim ki, sovet
dövründə insanların müraciətinə çevik
reaksiya verilirdi. Bu məsələ müstəqillik
əldə etmiş ölkələrin bir çoxunda indi də
aktual problem kimi mövcuddur. Amma cənab
Prezidentin tapşırığı ilə ölkəmizdə
"ASAN" adlanan xidmət yaradıldı. Qısa zaman çərçivəsində bu xidmət
əhali arasında rəğbət qazandı. On minlərlə insan sürətli, keyfiyyətli və
şəffaf xidmətdən bəhrələnir. Artıq regionlarda da "ASAN" xidmətlər fəaliyyət
göstərir. Beləliklə, iqtisadi
inkişafımız nəticəsində innovativ sistemlər
tətbiq olundu və insanların bir çox hüquqları səmərəli
qorunmağa başlandı. Demək istəyirəm
ki, müasir dövrdə insan hüquqlarının səmərəli
təminatının əsas yolu iqtisadi rifahdır. Bəzi postsovet ölkələrində, misal
üçün, Ukrayna və Gürcüstan kimi ölkələrdə
müstəqilliyin verdiyi azadlıqlar, o cümlədən
siyasi hüquqlar iqtisadi rifahla təmin olunmadığına
görə ciddi sosial konfliktlərə və vətəndaş
qarşıdurmasına gətirib çıxardı. Azərbaycanın isə bu inkişaf modeli çox
doğrudur. İqtisadi rifah bəlkə də biz
hüquqşünasların illərlə həll edə bilmədiyi
bir insan hüququ problemini qısa zaman çərçivəsində
həll etmək iqtidarındadır!
Lətif
HÜSEYNOV:
- Biz insan
hüquqları və demokratiyanın qarşılıqlı
nisbəti, onların inkişafı ilə bağlı
müxtəlif modellərdən danışa bilərik. Azərbaycan Konstitusiyası artıq bu suallara birmənalı
cavab verib. Yəni, Azərbaycan xalqı
insan hüquqlarına və demokratiyaya münasibətini
referendum yolu ilə qəbul etdiyi Əsas Qanunda dəqiq və
birmənalı müəyyənləşdirib. Xüsusi vurğulamaq istəyirəm ki,
Konstitusiyamızda bir sıra müddəaların dəyişdirilməsinin
qeyri-mümkünlüyü qeyd olunub. Azərbaycanın
demokratik və hüquqi dövlət olmasını bəyan
edən 7-ci maddə bu
müddəalar sırasındadır.
7-ci maddədə başqa bir prinsipial müddəa təsbit
olunmuşdur ki, Azərbaycanda dövlət hakimiyyəti daxili
məsələlərdə yalnız hüquqla məhdudlaşır. Bununla dövlətin
üzərinə həm də belə bir vəzifə
qoyulmuşdur ki, hakimiyyət insan hüquqlarını təmin
etməklə həyata keçirilməlidir və əslində,
bu məqsədə xidmət etməlidir. Bu
ideya daha aydın şəkildə Konstitusiyanın 12-ci maddəsində
öz əksini tapmışdır. Həmin maddədə
insan hüquqlarının təmin edilməsi dövlətimizin
ali məqsədi kimi bəyan edilmişdir.
Bundan əlavə, Konstitusiyada göstərilib
ki, bütün dövlət orqanları - qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanları insan
hüquqlarını gözləməli və
qorumalıdırlar.
Digər bir mühüm müddəa ondan ibarətdir ki,
Konstitusiyada təsbit olunmuş insan hüquqları Azəbaycanın
iştirakçısı olduğu beynəlxalq müqavilələrə
uyğun tətbiq edilməlidir. Bununla bağlı həm
də Əsas Qanunumuzun 71-ci maddəsinin VI hissəsini
xatırlatmaq istəyirəm. Burada deyilir
ki, ölkə ərazisində insan hüquqları birbaşa
qüvvədədir. Bu iki müddəa
insan hüquqlarına dair beynəlxalq standartların ölkəmizin
hüquq sisteminə gətirilməsi üçün baza
rolunu oynayır.
Elman
MƏMMƏDOV:
- İnsan hüquqlarının qorunması ilə əlaqədar
beynəlxalq sənədlər toplusu ilə - BMT, NATO,
ATƏT, Avropa Şurası, Avropa İttifaqının
Dağlıq Qarabağla bağlı yüzdən çox sənədini
oxumuşam. O
sənədlərin demək olar ki, əksəriyyətində
bir bənd, bir cümlə ilə olsa da, insan
hüquqlarının müdafiəsi nəzərdən
keçirilir, yəni öz əksini tapır. Təəssüf
ki, onlar işləmir. Bunun işləmə
mexanizmi nədən ibarətdir? Bunun işləmə
mexanizminə kim və yaxud hansı təşkilat
nəzarət etməlidir?
İnsan hüquqları ilə bağlı qanunlar, bəyannamələr,
qətnamələr - sənədlər qəbul edilib. Bunlar təqdir
olunasıdır. Məsələn,
bayaq burada Avropa və Beynəlxalq məhkəmələrdən
danışıldı. Ancaq bu Beynəlxalq, yaxud Avropa Məhkəməsi
ancaq Vətənə xəyanətdə ittiham olunan
Əlikram Hümbətovu və onun kimilərini müdafiə
edir, amma bütün hüquqları pozulan qaçqın və
məcburi köçkün həmvətənlərimizin birinin də hüququ təmin
olunmur! Bu da vətəndaşlarımızda
haqlı olaraq narazılıq yaradır. Təəssüflər
olsun ki, insan hüquqları ilə bağlı məsələyə
yanaşmada beynəlxalq qurumların ikili standartları ilə
üzləşirik.
Bir neçə məqama diqqəti cəlb etmək istərdim. 1990-cı ilin
ortaları idi. Gecə ermənilər Xocalını
üç tərəfdən güclü atəşə
tutdu, çoxsaylı ev
yanıb-dağıldı. Səhər
V.Polyaniçko xəbər göndərdi ki, Böyük
Britaniyandan Baronessa Koks buradadır, göndərirəm, gəlsin
yerdə vəziyyətə baxsın. Ermənipərəstliyi
ilə ad çıxartmış B.Koks gələn zaman ona
uçulub-dağılan evləri, yaralıları göstərdik.
Biz Koksun diqqətinə həmçinin Ermənistandan
zorla çıxarılan soydaşlarımızın
düşdüyü ağır vəziyyəti də
çatdırdıq. O, bizə diqqətlə qulaq
asdı və dedi ki, bilirsiz nə fikirləşirəm? Maraqla qulaq asıdıq ki, görəsən bu ermənipərəst
nə deyəcək, nəhayət ki, erməni
işğalını pisləyəcəkmi? Dedi ki,
"dəhşətə gəlirəm ki, görün bu ermənilərin
canını boğazına necə
yığmısınızsa, onlar məcbur olub raket atıb,
sizi bu günə qoyublar". Yəni, insan hüquqlarına
20 il öncə də belə ikili
standartlarla, tərəfkeşliklə yanaşırdılar,
bu gün də bu acınacaqlı vəziyyət dəyişməyib!
Yaxud başqa bir fakt. 1988-ci il senytabrın
18-də ermənilər Xankəndidə mitinq keçirərək
qərar qəbul edib oradan Xocalı istiqamətinə on-on iki
min nəfərlə hücum etmişdilər ki, bizi oradan
çıxarsınlar. Bunlar 10 km məsafədən bizə
hücum ediblər: evlər yandırılıb,
dağıdılıb, xeyli insan yaralanıb. Biz isə
özümüzü, ailə-uşağımızı
qoruyuruq ki, qırmasınlar! O vaxt bir qrup SSRİ xalq
deputatları - akademik Yemelyanov,
Qadınlar Komitəsinin sədri Zoya Puxova, məşhur ukraynalı yazıçı
B.Oleynik, bir sözlə, on üç nəfərdən ibarət
qrup gəlmişdi. Onlar əvvəlcə Xankəndidə
olmuşdular, oradan isə Xocalıya bizimlə
görüşə gəlmişdilər. Qəribəsi bu idi ki, onlar bizi borclu
çıxardılar ki, ermənilər sizə neyləyir,
niyə onlara güllə atırsız?! Başa
salmağa çalışdım ki, ermənilər hücum
edib evlərimizi yandırıblar, insanları
öldürüblər. Gördüm ki, bunları
başa sala bilmirəm! B.Oleynikə dedim ki, sənin evinə, ailənə
kənardan hücum etsələr, neyləyərsən?!
Çox çılğın və emosional halda cavab verdi ki, baltanı götürüb, ən
azı, ailəmi qoruyaram! Bax,
görürsünüzmü, söhbət bizdən gedəndə
necə reaksiya verirlər, söhbət onlardan, yaxud
havadarları olan ermənilərdən gedəndə isə
aqressiv insana çevrilirlər.
İnsan hüquqlarını qoruyan beynəlxalq təşkilatların
münaqişə ilə bağlı mühüm qərarları
var. Ancaq elə bil ki, bu hüquqlar da monopoliyadadır. Bunlar kimlərinsə
göstərişi və istiqaməti ilə işə
düşür. Çox maraqlıdır,
avropalını, amerikalını, ermənini incitmək,
toxunmaq olmaz! Çünki onlar toxunulmazdır! Ancaq müsəlmanı,
türkü, azərbaycanlını incitmək, öldürmək,
onun hüququnu pozmaq, didərgin salmaq, evini uçurmaq olar!
Dünya da bu haqsızlığa göz yumur! Belə
olan halda həmin o sadaladığımız insan haqlarına
aid bütün qanunlar dayanır, fəaliyyətini dondurur.
Guya ki, bu
qanun pozuntularını görmürlər.
Bu sənədlər haqqında söz
açmışkən, prezident seçkiləri ərəfəsində
qarşılaşdığım bir məqamı
xatırlatmaq istərdim. Xocavəndə aid seçki məntəqələrinə
3 nəfərdən ibarət beynəlxalq müşahidəçi
missiyası gəlmişdi. Bunlardan soruşuram ki,
yaxşı, gəlib
seçki ilə belə ciddi şəkildə
maraqlanırsız, deyirsiniz ki, məcburi köçkünlərin
seçki hüququ təmin olunub. Onda sual olunur: 20 ildən
çoxdur bunların insana aid olan digər bütün
hüquqları pozulub! Bəs, niyə bu məsələyə
də belə həssas yanaşmırsınız, onun aradan
qaldırılmasına can yandırmırsınız, onlarla
görüşə getmirsiniz, tədbir
görmürsünüz? Bir ağsaqqalı göstərib
dedim ki, onun evi, bax, o təpənin arxasındadır. Atasının, qohum-əqrabasının qəbri də
oradadır. İyirmi ildən
çoxdur ki, o, gedib həmin qəbrləri ziyarət edə
bilmir! Bəs, niyə siz bununla maraqlanıb,
hüququnu bərpa etmirsiniz?! Təcavüz,
işğal, qaçqın-köçkün kontingenti
faktı var? Var! Hüquqlar pozulub?
Pozulub! Niyə bizim hüquqlarımızı bərpa
edib qaytarmırsız yerimizə-yurdumuza? Belə ki bizə
"canınız yanır" - seçkilərə gəlirsiz,
insan hüquqlarından danışırsız, - belədirsə,
ilk növbədə, 1 milyondan artıq
soydaşımızın pozulmuş hüquqlarından
danışın! Təbii ki, həmin
müşahidə missiyası bu suallara tutarlı cavab verə
bilmədi. Bu faktları sadalamaqla bitməz-tükənməz!
Amma əsas fakt odur ki, azərbaycanlı
qaçqın-köçkünlərə qarşı beynəlxalq
təşkilatların ikili standartları davam edir.
Lətif
HÜSEYNOV:
- Fikrimcə, insan hüquqları
siyasi vasitələrlə qorunmamalıdır. O yerdə ki
siyasət insan hüquqlarından önə keçir, orada
insan hüquqları öz mahiyyətini itirmiş olur. Təəssüf ki, bu cür hallara biz rast gəlirik.
"Realpolitik", siyasi mülahizələr bu
gün bəzən hüququn aliliyindən, insan
hüquqlarından önə keçir. Bu
zaman ikili standartlar, insan hüquqlarına ikili yanaşmalar
ortaya çıxır. Bütün bunlar
yolverilməzdir və əslində, hüququn, ədalətin,
insan hüquqlarının deyil, gücün təşviqinə
xidmət edir.
Nəzərə almaq lazımdır ki, BMT-nin Təhlükəsizlik
Şurası hüququ bərpa edən yox, sülhü bərpa
edən orqandır. Sühün və hüququn bərpa edilməsi isə
heç də həmişə üst-üstə
düşmür! Əlbəttə ki,
hüququn aliliyi prinsipi beynəlxalq münasibətlərdə
də tam bərqərar olunmalıdır.
Elman
MƏMMƏDOV:
- Birləşmiş
Millətlər Təşkilatının münaqişənin
həlli ilə bağlı 4 məlum qətnaməsi, eyni
zamanda BMT-nin və onun TŞ-nin
çoxsaylı bəyanatları var. Bu bəyanat və
qətnamələrdə birmənalı olaraq göstərilir
ki, Azərbaycanın işğal olunmuş ərazilərindən
Ermənistanın silahlı qüvvələri qeyd-şərtsiz
çıxarılmalıdır! Avropa
Şurasının sənədlərində də çox dəqiq
bəndlə ifadə olunub ki, erməni silahlı qüvvələri
Dağlıq Qarabağ və onun ətrafında olan rayonlardan
çıxarılmalıdır. Bu, qəbul
olunmuş bütün sənədlərdə deyilir.
Sual olunur: bəs, niyə icra olunmur?
Belə
hallar az deyil, kimsə cinayət edib cəzasız
qalırsa, o, ikinci dəfə ondan daha dəhşətli cinayət
edəcək! Çünki görəcək ki, cəzasızlıqdır!
İndi beynəlxalq aləmdə, beynəlxalq hüquqda, insan
haqlarında, eyni zamanda, dövlətlərin ərazi
bütövlüyünün təmin olunması məsələsində
bu qərar və
qətnamələr - sənədlər işləmir!
Dağlıq Qarabağa dair yüzdən çox sənəd
var! Ermənistanın Azərbaycan torpaqlarını
işğal etməsi faktına dair BMT, NATO, Avropa
İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatının
rəsmi sənədləri var. Orada birmənalı şəkildə
Ermənistanın təcavüzü, işğal faktı
tanınır. İşğala son qoyulması məsələsi
burada vurğulanır və tələb olunur ki, erməni hərbi
qüvvələri Azərbaycanın ərazilərindən
çıxarılsın və ölkənin ərazi
bütövlüyü təmin edilsin!
Bunu kim etməlidir? Bəzən deyirlər
ki, BMT-nin, ATƏT-in hərbi müdaxilə etməsi
üçün mexanizmləri yoxdur. Təbii
ki, bu məsələdə də ikili standartlar üzə
çıxır. Necə olur, məsələn,
İraqa, Əfqanıstana, Liviyaya, digər müsəlman
ölkələrinə gələndə, elə günorta qərar
qəbul edib, bəzən də heç qərar qəbul etmədən
belə gecəylə həmin ölkələrə minlərlə
əsgər və hərbi texnika yeridilir. Demək,
belə çıxır ki, problemi həll etmək
üçün həmin qurumlar məlum fövqəlgüclərin
mövqeyini gözləyirlər.
Rəbiyyət
ASLANOVA:
- Azərbaycan
dövləti Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
ruhunun ifadə etdiyi dəyərlərə, insan
hüquqları idealına sadiqliyini həmişə
nümyiş etdirib. Xalqımız əsrlər
boyu milli azadlıq hüququnu təmin etmək, müstəqil
yaşamaq haqqına nail olmaq arzusu ilə
yaşamışdır. Müstəqilliyin
təmin edilməsi və qorunub saxlanılmasının nə
qədər çətin olduğunu dəfələrlə bəyan
etmiş ulu öndər Heydər Əliyev ötən
yüzilliyin sonunda Azərbaycan xalqının bu fundamental
haqqını gerçəkliyə çevirmişdir.
Azərbaycan dövlət müstəqilliyinin əldə edilməsi
ilə paralel şəkildə tarixdə ilk dəfə olaraq:
milli dövlət; müstəqil siyasi dövlət; demokratik
hüquqi dövlət quruculuğu vəzifələrini eyni
vaxtda və qısa bir zamanda həyata keçirmək tələbləri
ilə üz-üzə durmuşdur! Əgər
tarixə nəzər salsaq, dövlətçilik
quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn
bu mərhələlərin hər birini dünya ölkələri
çox böyük bir zaman müddətində, tədricən
keçmiş, təkamül yolu ilə onları
ardıcıl qət etmişdir.
Zaman var
idi ki, Azərbaycan vətəndaşlarını üç
qrupa bölürdük: öz hüquqlarını bilən və
onun gerçəkləşməsi uğrunda mübarizə
aparan insanlar; öz hüquqlarını bilən və bu
hüquqların gerçəkləşməsini dövlətin
üzərinə qoyanlar; eyni zamanda, nə
hüquqlarını bilən, nə də onlar uğrunda
mübarizə aparmaq iqtidarında olmayan insanlar var idi.
Ancaq bugünkü Azərbaycan vətəndaşı
öz hüquqlarını gözəl bilən və onun təminatı
üçün hər bir şeyi tələb edən
mübariz vətəndaşdır. Azərbaycan insanı dəyişir!
Azərbaycan insanı hüquq və
azadlıqları çərçivəsini, vəzifələrin
səddini çox gözəl bilir və öz dövlətinə,
dövlət başçısına sədaqətli bir insan
kimi formalaşır. Bu, çox önəmlidir.
Müstəqillik dövründə bizim əldə etdiklərimiz
də budur!
Bu
imkanı yaradan dövlətdir, bu dövlətin rəhbəridir!
Ümummilli liderin insan hüquqlarının
qorunması, demokratik inkişaf istiqamətində həyata
keçirdiyi siyasət onun layiqli davamçısı Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Bunu çoxlu sayda qəbul edilən qərar və
sərəncamlardan da aydın görmək
mümkündür.
Prezident
İlham Əliyevin 2006-cı il dekabrın
28-də Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsinə dair
imzaladığı Sərəncam da mühüm əhəmiyyətə
malikdir. Bu Sərəncamda Azərbaycanın
müasir inkişaf dövründə hüquqi dövlət
quruculuğu və insan hüquqlarının müdafiəsi
sahəsində səylərin gücləndirilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən
edilmişdir.
Azərbaycanın yeni inkişaf mərhələsi insan
hüquqlarının müdafiəsi sahəsində
aparılan ardıcıl islahatların davam etdirilməsini
şərtləndirir. Bu səbəbdən Azərbaycan Respublikasının
normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq
standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq
təşkilatlarla yeni əməkdaşlıq
strategiyasının hazırlanması və həyata keçirilməsi,
dövlət orqanlarının fəaliyyətinin insan
hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi,
elmi-analitik işlərin stimullaşdırılması,
hüquqi maarifləndirmə işinin genişləndirilməsi,
dövlətlə vətəndaş cəmiyyəti
arasında qarşılıqlı əlaqələrin inkişaf
etdirilməsi kimi vəzifələr müəyyən
edilmişdir. Bütün bunlar Azərbaycanda
insan hüquqlarının etibarlı təminatının
xüsusi diqqət mərkəzində
saxlandığını göstərir. Azərbaycan
demokratik inkişafını əvvəlki əzmkarlıqla
davam etdirməkdə, bu sahədə əməli işlər
görməkdədir.
Ölkəmizdə demokratik prinsiplər və dəyərlər,
insan hüquq və azadlıqları getdikcə daha dolğun və
real məzmun kəsb edir, vətəndaşların əsas
hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir,
bu sahədə beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlıq həyata keçirilir. Azərbaycan
hakimiyyətinin yeritdiyi uğurlu siyasi xətt ölkəmizdə
insan hüquqlarının etibarlı təminatına, Avropa və
dünya hüquq məkanına inteqrasiyanın daha da
inkişafına töhfələr verməkdədir.
Ümumən
qəbul olunmuş yekdil fikir mövcuddur: insan hüquqları
və sülh, dinc yaşamaq hüququ ayrılmaz
anlayışlardır. Biri təmin edilməyibsə,
digərinə nail olmaq olmaz. Bu müddəadan
çıxış edəndə və bu gün Azərbaycanın
insan hüquqlarından danışanda ən böyük
problemi - Ermənistanın işğalçılıq siyasəti
nəticəsində torpaqlarımızın 20 faizinin zəbt
edilməsi nəticəsində yaranan vəziyyəti bir daha
dünyanın diqqət mərkəzinə gətirməli
oluruq. Ölkədə 1 milyondan çox
insan qaçqın və məcburi köçkün şəraitində
yaşayır. Bəyannamənin 40 illiyinin qeyd edildiyi ildə
Azərbaycan Ermənistan tərəfindən siyasi
soyqırımı və etnik təmizləməyə məruz
qalmış, bugünkü 65 illik tarixi ərəfədə
hələ də ərazi bütövlüyümüz təmin
olunmamışdır.
İnsanın öz həyatında özünü təsdiqi
üçün böyük vaxt lazımdır. Dövlətdə
də belədir. Xüsusilə də yeni
müstəqillik əldə etmiş bir dövlətin
sözünün eşidilməsi üçün, onun
hüquqlarının təmin olunması üçün
böyük bir zaman lazım idi. Ayrı-ayrı
beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın
ərazi bütövlüyünün tanınması və
onun etiraf edilməsi üçün dövlət
başçımızın apardığı böyük
siyasət lazım idi və nə yaxşı ki, bu gün o
siyasət var və davam edir. Bu gün biz həmin
o qurumların ikili münasibətinin dəyişməsinin
şahidi oluruq. Hər dəfə
hansısa beynəlxalq təşkilatda Azərbaycanın ərazi
bütövlüyünün tanınması hökumətin
xarici siyasətinin böyük uğuru hesab olunur. Bu gün elə bir regional və qlobal qurum yoxdur ki,
Azərbaycanın ərazi bütövlüyünü
tanımasın.
Bu gün gücün hökmran olduğu bir dünyada
yaşayırıq. Amma yenə də pessimist
olmamalıyıq. Çünki Azərbaycanın
dostlarının sayı artmaqda davam edir, Azərbaycan
insanının öz dövlətini qoruması
üçün, ərazi bütövlüyünü təmin
etməsi üçün gücü, qüdrəti var!
Müdafiə qüdrətimiz günü-gündən
artmaqdadır və hüquqları qorunan, öz vəzifəsini
gözəl bilən vətəndaş bu hüquqi dövlətin
qorunmasında, onun sosial tərəqqi yolunda irəliləməsində
həmişə maraqlı olub və maraqlı olacaq da!
Bu gün Azərbaycanda öz hüququnu gözəl bilən
gənc nəsil yetişir və hüquqlarının harada
bitdiyi, vəzifələrinin harada
başladığını gözəl bilən yeni bir nəsil
formalaşır. Biz XXI əsrdə insan haqlarının
perspektvindən danışdıq və bu perspektivlərin
çox gözəl olduğunu görürük. İnanırıq ki, bəşəriyyət 65 ildə
əldə etdiyi bu böyük uğurların daha da
davamlı olması üçün əlindən gələni
edəcəkdir.
Əmir
ƏLİYEV:
- İnsan hüquqlarının yaranması və
inkişafı sivilizasiyanın növünü və mərhələsini
müəyyənləşdirməyə imkan verir. İnsan
hüquqları cəmiyyətin möhkəmlənməsinə,
siyasi qarşıdurmanın aradan götürülməsinə
yönəlmişdir, çünki öz təbiətinə
görə onlar konsensualdır və "mənim
azadlığım başqalarının azadlığına
zərər yetirməməlidir" prinsipinə əsaslanmışdır.
İnsan hüquqları sahəsində
çoxlu sayda beynəlxalq sazişlərdə iştirak edən
dövlətlər pacta sunt servanda prinsipinə uyğun olaraq
onları vicdanla yerinə yetirməli və bu məqsədlə
də beynəlxalq öhdəliklərin realizəsi
üçün dövlətdaxili tədbirlər həyata
keçirməlidirlər. Bütün
dövlətlər insan hüquqları sahəsində beynəlxalq
hüququn ümumtanınmış prinsip və normalarına,
o cümlədən dövlətin özünün bu sahədə
beynəlxalq öhdəliklərinə əməl etməyə
borcludur. Hər bir dövlətin insan hüquqlarına
hörmət və əməl etmək öhdəliyi isə
bilavasitə Birləşmiş Millətlər Təşkilatının
(BMT) Nizamnaməsində ümumi formada göstərilmiş,
1975-ci il Helsinki Yekun Aktı ilə daha da inkişaf etdirilərək
beynəlxalq hüququn əsas, ümumtanınmış
prinsiplərindən biri kimi təsbit edilmiş əsas insan
hüquq və azadlıqlarına hörmət etmək
prinsipindən irəli gəlir. Bu sahədə
qəbul edilmiş kifayət qədər beynəlxalq sənədlər
həmin prinsipin əhəmiyyətini daha da
artırmışdır.
Qəbul edilmiş mühüm beynəlxalq sənədlərlə
insan hüquqlarının universallığı
tanınmışdır. İnsan
hüquqları hansı dövlətdə, hansı ərazidə
yaşamasından asılı olmayaraq, ictimai münasibətlərin
iştirakçısı kimi şəxsiyyət hüququdur.
Beynəlxalq konvensiyalarda insan
hüquqlarının ancaq vətəndaşa deyil, hər kəsə
məxsusluğu daha geniş yayılmış və artıq
formalaşmış bir tendensiyadır. Bir
qayda olaraq, dövlətlər qarşısında duran əsas
vəzifələrdən biri bütövlükdə insan
hüquq və azadlıqlarının təmini və
müdafiəsidir. Bu, beynəlxalq cəmiyyət,
o cümlədən beynəlxalq təşkilatlar
qarşısında duran əsas vəzifələrdən
biridir. Belə ki, BMT Nizamnaməsinin 1-ci
maddəsinin 3-cü bəndində BMT-nin əsas məqsədlərindən
biri kimi iqtisadi, sosial, mədəni və ya humanitar xarakterli
beynəlxalq problemlərin həll edilməsində və irqinə,
cinsinə, dili və ya dini mənsubiyyətinə fərq
qoyulmadan bütün insanların əsas hüquq və
azadlıqlarına hörmətin dəstəklənməsində
və həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa
nail olmaq göstərilir. Bunlar BMT Nizamnaməsinin
55-ci maddəsi ilə təsdiqlənir. Orada
göstərilir ki, BMT irqinə, cinsinə, dilinə və ya
dini mənsubiyyətinə fərq qoyulmadan bütün
insanların əsas hüquq və azadlıqlarına
hamılıqla hörmət edilməsinə və riayət
edilməsinə dəstək verir.
İnsan hüquqları və əsas azadlıqlarına
hörmət prinsipi beynəlxalq hüququn əsas prinsiplərindən
biridir və dövlətlərarası münasibətlərin
əsasını təşkil edir. İnsan
hüquqlarına hörmət prinsipi insan hüquqları, əsas
azadlıqları, demokratiya və qanunun aliliyini özündə
ifadə etməklə, beynəlxalq xarakterə malikdir. Bundan əlavə, insan hüquq və
azadlıqlarına hörmət beynəlxalq təhlükəsizlik
sisteminin tərkib hissəsidir. Ümumiyyətlə,
insan hüquqlarının müdafiəsi haqqında
ayrı-ayrı normalar beynəlxalq hüquqda müəyyən
tarixi əhəmiyyətə malikdir.
Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq
cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn
müstəqil subyekti kimi əsrlərin sınağından
çıxmış ümumbəşəri dəyərlərin
üstünlüyünü qəbul edərək demokratik,
hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni
zamanda bəşər sivilizasiyasının idealları olan
azadlığı, insan hüquqları, ədaləti və
sülhü özünün inkişaf yolu seçmişdir. Azərbaycan Respublikası bir tərəfdən insan
hüquqları sahəsində qəbul edilmiş əksər
beynəlxalq müqavilələrə qoşulmuş, digər
tərəfdən isə bu sahədə mövcud beynəlxalq
standartlara uyğun olaraq özünün dövlətdaxili
qanunvericiliyini yaratmışdır. İnsan
hüquqlarının qorunmasını dövlətin ali məqsədi hesab edən Azərbaycan
Respublikasının Konstitusiyasında beynəlxalq hüquq
normalarının primatlığını
(üstünlüyünü) qəbul edən kifayət qədər
müddəalar vardır.
Əli
HÜSEYNLİ:
- "Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının ana xəttində
ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına qatılması
ideyası durur. İnkişaf etmiş ölkələr
deyəndə isə bütün komponentlər nəzərə
alınır. Bu, həm iqtisadi yüksəlişi,
həm də qanunun aliliyinin təminatı və demokratik
inkişaf komponentləridir. Məsələyə
belə kompleks şəkildə yanaşılanda insan
hüquqları müdafiəsinin tam uğurlu perspektivi
görünür.
Məhkəmə və hüquq-mühafizə
orqanlarında həyata keçirilmiş islahatlara gəldikdə
isə hesab edirəm ki, biz yaxşı bir təməl
qurmuşuq. Ənənəvi olaraq insan hüquqlarından
danışarkən polis orqanlarının fəaliyyəti
xatırlanırdı. İndi mən bunu
tam məsuliyyətlə deyirəm ki, xüsusən son illərdə
polis orqanlarında həyata keçirilən islahatlar təqdirəlayiqdir.
Onu da qeyd edim ki, son dövrlərdə polis
orqanlarından olan şikayətlərin sayı sürətli
şəkildə azalmağa başlayıb. Prokurorluq orqanlarında 2000-ci ilin əvvəllərindən
başlanan yeni islahat konsepsiyası isə elə ilk illərdə
öz töhfəsini verməyə başladı. Məhkəmə orqanlarına gəldikdə isə,
biz həqiqətən də son illər gərgin, amma effektiv
bir yol keçmişik. Çox
yaxşı uğurlarımız var, problemləri də
müşahidə edirik, amma Məhkəmə-Hüquq
Şurası onları daim diqqətdə saxlayıb həlli
istiqamətində mütəmadi fəaliyyət göstərir.
Bu gün inzibati hüquq anlayışı vətəndaş-məmur
münasibətlərinə həsr olunub. Azərbaycanda
artıq inzibati məhkəmələr mövcuddur və vətəndaşların
dövlət orqanları ilə mübahisələrinin təxminən
75-80 faizi onların xeyrinə çıxarılmış qərarlardır.
Amma düşünürəm ki,
insanlarımızın məhkəmə hakimiyyətinə
inamının möhkəmləndirilməsi sayəsində
dönüşə nail olmalıyıq. Necə ola bilər ki, məhkəmə tərəfindən
qanuni və ədalətli qərar qəbul olunur, amma vətəndaşı
buna inandırmaq mümkün olmur? Hesab edirəm
ki, vətəndaşın ədalət mühakiməsinin həyata
keçirilməsində iştirak etmək formaları barədə
düşünməyimiz gərəkdir. Bu
baxımdan, insan hüquqlarının müdafiəsinin
perspektivi kontekstində Azərbaycanda andlılar məhkəməsinin
pilot layihə kimi tətbiqi zamanının
çatdığını hesab edirəm. Amerika
hüquq sisteminin uğuru onda deyil ki, onlarda hər şey
idealdır, xeyr! Orada andlılar məhkəməsi
institutu mövcuddur, insanlar ədalət mühakiməsinin həyata
keçirilməsində iştirak edirlər, qərar verirlər.
Vətəndaş bu prosesin
iştirakçısı olduğuna görə, ədalət
mühakiməsinin uğurunu və mənfi cəhətlərini
bölüşməyə məcburdur. Əlbəttə
ki, opponentlərimizin fərqli arqumentləri ola bilər: Azərbaycan
kiçik ölkədir, ənənələri mövcuddur,
insanların bir-birinə yaxınlığı, qohumluğu
var və s. Amma düşünürəm ki, biz insan
hüquqlarının müdafiəsinin perspektivi mövzusundan
danışanda dünyanın bu sahədə əldə
etdiyi nailiyyətləri özümüzün müəyyən
korrektələrimizlə birgə tətbiq etməliyik.
Digər bir məsələ, bilirsiniz ki, ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
Şərqdə ölüm cəzasını ləğv edən
ilk dövlət oldu. Hazırda Avropa Şurasının
müharibə şəraitində ölüm cəzasının
ləğvini nəzərdə tutan xüsusi protokolu
mövcuddur. Hesab edirəm ki, Azərbaycanın
imkanı var ki, bu protokola da qoşulsun, baxmayaraq ki, biz
müharibə şəraitindəyik. Çünki Azərbaycanın
artıq müasir və güclü ordusu var. Bu günün əsgəri
və insanları hansısa cəzanın təsiri altında
yox, ancaq Vətənə
xidmət, dövləti qorumaq hissi ilə ölkəni
müdafiə edir və yaşayırlar. Buna
görə də düşünürəm ki, müharibə
şəraitində ölüm cəzasını ləğv
edə bilərik. Bu cür qərarlar ola
bilsin ki, cəmiyyətdə diskussiyalara səbəb olsun. Amma hesab edirəm ki, insan hüquqlarına töhfə
verə biləcəyimiz perspektiv qərarların qəbulunda
xalqımızın müasir inkişaf səviyyəsinə
arxalana bilərik.
Əmir
ƏLİYEV:
- İnsan hüquqları amili ümummilli lider Heydər
Əliyev fəaliyyətinin əsası olmuşdur ki, bu da
bilavasitə onun rəhbərliyi və təşəbbüsü
ilə kifayət qədər normativ-hüquqi sənədlərin
qəbul edilməsi ilə nəticələnmişdir. 1993-cü ildə
ümummilli liderin xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıdışından sonra dövlətimizdə
insan hüquqlarının təminatlı sisteminin əsası
qoyulmuş oldu. Əvvəlcə Azərbaycan
Respublikasının qanunvericilik sisteminin əsası olan
Konstitusiyanın qəbul edilməsi bu işdə əməli
dönüş olmuşdur. Konstitusiya layihəsi
üzrə komissiyaya rəhbərlik edən ümummilli lider
Əsas Qanunda əksini tapmış bütün maddələrin
məhz insan hüquq və azadlıqlarına tam cavab verməsi
məqsədini ön plana çəkmişdir. Bu zaman ümummilli lider Heydər Əliyev tərəfindən
insan hüquqları sahəsində qəbul edilmiş bir
sıra sənədlər də xüsusi qeyd edilməlidir.
Məsələn, "İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında" 22
fevral 1998-ci il tarixli Fərman, "İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramının təsdiq edilməsi haqqında" 18 iyun
1998-ci il tarixli
Sərəncam və s.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
dövlətdaxili sferada və beynəlxalq aləmdə, o
cümlədən mühüm beynəlxalq təşkilatlarda
aparılan uğurlu və ideal fəaliyyət isə dövlətimizin
insan hüquqları istiqamətində də düzgün
siyasətini bir daha sübut edir. Belə ki, dövlətimiz insan
hüquqları sahəsində 300-dən çox beynəlxalq
müqavilənin iştirakçısı və mühüm
nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa
Şurası, Beynəlxalq Əmək Təşkilatı
(BƏT), Müstəqil Dövlətlər Birliyi (MDB),
İslam Konfransı Təşkilatı və s.)
üzvüdür. Təkcə bir faktı qeyd etmək
lazımdır ki,
BƏT-in 70-ə yaxın Konvensiyasına qoşulan
dövlətimiz həmin təşkilatın ən
mühüm partnyorlarından hesab edilir. Bu
gün də Azərbaycan Respublikası insan
hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri
ilə sıx əməkdaşlıq edir və onlara
müvafiq dövri hesabatlar təqdim edir. Beynəlxalq
mexanizmlər tərəfindən irəli sürülən
tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən
dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində
istifadə edilir.
"Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr
2006-cı il tarixli Sərəncamının 5-ci bəndində
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
və Azərbaycan Respublikası Ali Məhkəməsinə
tövsiyə edilmişdir ki, insan hüquqlarının
müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin
müddəalarının məhkəmə
təcrübəsində tətbiqini təmin etsinlər. Eyni zamanda, normativ-hüquqi aktların müddəalarının
beynəlxalq sənədlərə tam uyğunlaşdırılmasının
da təmin edilməsi mühüm vəzifə kimi
qarşıya qoyulmuşdur. Daha sonra Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və "Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Fərmanının 6-cı bəndində
Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan
Respublikası Apelyasiya məhkəmələrinə tövsiyə
edilmişdir ki, insan hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnun öyrənilməsi işini təşkil
etsinlər və onu məhkəmə təcrübəsində
nəzərə alsınlar.
Beləliklə, Azərbaycan Respublikası nəinki beynəlxalq
müqavilə müddəalarının, eyni zamanda, presedent
hüququnun da nəzərə alınması ilə insan
hüquqlarının təminatında çox mühüm
addım atmışdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il
tarixli Fərmanı ilə hər il iyunun 18-i ölkəmizdə
"İnsan hüquqları günü" kimi qeyd edilir. Bu isə dövlətin özünün beynəlxalq,
o cümlədən mülki cəmiyyət
qarşısında öhdəliklərinə bir daha
qayıtması və daim xüsusi yanaşması deməkdir.
18 mart 2009-cu il tarixdə keçirilmiş
referendum isə insan hüquqlarının təminatında
yeni mərhələnin başlanğıcını
qoymuşdur. Konstitusiyaya əlavə və dəyişikliklərin
edilməsi, ilk növbədə, insan hüquqlarının
daha real təminatının əsası olan hüquqi dövlət-sosial
dövlət münasibətlərini meydana gətirmiş, Azərbaycan
Respublikasının sosial dövlət kimi möhkəmlənməsini,
dövlətimizin özünün vətəndaşları
qarşısında daha ciddi öhdəlik götürməsinin
qanunvericilik əsaslarını müəyyən etmişdir.
Bütövlükdə, referendumla Konstitusiyaya edilən əlavə
və dəyişikliklər Azərbaycan Respublikasında
dövlət quruculuğunun yeni mərhələsinin
başlandığını bildirmiş, insan hüquq və
azadlıqlarının daha real və səmərəli təmininə
şərait yaratmış, dövlət hakimiyyət
orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə
və daha da təkmilləşdirilməsinə, dövlətimizin
beynəlxalq cəmiyyətə daha sürətli
inteqrasiyasının konstitusion əsaslarının
inkişafına gətirib çıxarmışdır.
Bu gün də müxtəlif istiqamətlərdə
insan hüquqlarının real təminatı sahəsində
dövlətimiz yeni-yeni beynəlxalq sazişlərə
qoşulur, kifayət qədər normativ-hüquqi aktlar qəbul
edilir və ya mövcud normalar təkmilləşdirilir. Əsas məqsəd isə
qloballaşma və beynəlxalq inteqrasiya dövründə
insan hüquqlarının daha real təminatına və bu
istiqamətdə həyata keçirilən uzunmüddətli
tədbirlərin davamlılığına nail olmaqdır. Belə
ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və
hüquq müdafiə sisteminin təkmilləşdirilməsi
istiqamətində tədbirlərin
davamlılığının təmin edilməsi məqsədi
ilə qəbul edilmişdir.
Milli Fəaliyyət Planı son dövrlərdə insan
hüquqları sahəsində əldə olunan ən
böyük nailiyyətlərdən biri olaraq ölkəmizdə
insan hüquqlarının müdafiəsinin yeni mərhələsini
özündə ehtiva edir. 5 hissə və 48 bənddən ibarət
olan Milli Fəaliyyət Planı qanunvericiliyin təkmilləşdirilməsi,
insan hüquqları sahəsində fəaliyyət göstərən
beynəlxalq təşkilatlarla əməkdaşlıq, əhalinin
müxtəlif qruplarının hüquqlarının
müdafiəsinin gücləndirilməsi, dövlət
orqanlarının fəaliyyətinin insan
hüquqlarının təmini baxımından yenidən
qurulması, insan hüquqları sahəsində tədris,
maarifləndirmə, elmi-analitik və əməkdaşlıq
kimi vəzifələrin həlli istiqamətində
mühüm tədbirləri özündə birləşdirmişdir.
İnsan hüquqları sahəsində ardıcıl və
dinamik fəaliyyətə xüsusi diqqət yetirən
dövlətimiz bu sahədə elmi tədqiqatları və
kadr hazırlığını da ön plana çəkmişdir. Belə ki, Bakı Dövlət
Universitetinin hüquq fakültəsində xaricdən dəvət
olunmuş mütəxəssislərin iştirakı ilə
artıq neçə illərdir magistratura səviyyəsində
ingilis dilində tədrisi aparılan "İnsan
hüquqları" ixtisaslaşmasında bu sahədə
peşəkar kadr hazırlığı həyata
keçirilir. Eyni zamanda, 2013-cü ildən Bakı Dövlət
Universitetinin hüquq fakültəsində "İnsan
hüquqları" kafedrasının və Hüquq
Klinikasının yaradılması da insan
hüquqlarının tədrisi, təbliği və təminatında
mühüm rol oynamaqla dövlətimizin bu sahədəki fəaliyyətinə
xüsusi və önəmli dəstək verəcəkdir.
Hesab edirəm
ki, bu fəaliyyətin davamı olaraq ali təhsil müəssisələrində
humanitar elmlər sahəsində bakalavr və magistratura səviyyələrində
kadr
hazırlığı üzrə gələcəkdə
"İnsan hüquqları"nın bir fənn kimi tədrisi
də insan hüquqlarının inkişafında xüsusi təkan
rolunu oynaya bilər. O ali məktəbi qurtaran şəxs
ən azı hüququnu bilməlidir. Öz
hüququnu bilmək həm də qarşı tərəfə
həmin hüquqa riayət etməsinə ciddi təsir
göstərməyə imkan yaradır. Bununla
da cəmiyyətin müəyyən problemləri həll
olunar. Jurnalist də biləcək ki, soz
azadlığı nədən ibarətdir, onun axır
nöqtəsi nədir. Onu da bilməlidir
ki, bu söz azadlığı ilə bərabər, onun
hansı vəzifələri var və vəzifəsini də
yerinə yetirməlidir. Yoxsa, tək
hüquqla məsələ həll olunmur. Hüquq,
azadlıq və vəzifə qarşılıqlı əlaqədədir!
Lətif
HÜSEYNOV:
- İnsan hüquqlarının daha səmərəli təmin
edilməsi ilə bağlı dövlət proqramının
olması çox vacibdir. Bu baxımdan beynəlxalq qurumlar
"Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nı yüksək qiymətləndiriblər. Bu mühüm sənədin icrası istiqamətində
bu günə kimi xeyli işlər görülüb, amma gəlin
görək bu barədə insanlarımız nə dərəcədə
məlumatlıdırlar? Hesab edirəm ki, Milli Fəaliyyət
Planının icrasının işıqlandırılması
arzuolunan səviyyədə deyil! Fikrimcə,
kütləvi informasiya vasitələri bu sahədə daha fəal
olmalıdırlar. Maarifləndirmə işinə, insan
hüquqlarının təşviqinə və müdafiəsinə
mətbuat və televiziyalar əhəmiyyətli töhfə
verə bilərlər və verməlidirlər!
Bəxtiyar
SADIQOV:
- Demokratik yüksəlişdə vətəndaş cəmiyyətinin rolu böyükdür. Azərbaycan hakimiyyəti bunu yüksək dəyərləndirir və bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da fəaliyyətini təşviq edir. Bu gün QHT-lər insan hüquqları ilə bağlı mühüm layihələr həyata keçirir və bu istiqamətdə formalaşan dövlət siyasətinə özlərinin dəyərli töhfələrini verirlər. İstərdim bununla da bağlı öz fikirlərinizi bölüşəsiniz.
Rəbiyyət ASLANOVA:
- Əgər hüquqi dövlətin formalaşmasından danışırıqsa, bunun əsas atributlarından biri də məhz vətəndaş cəmiyyətinin mövcudluğudur. Vətəndaş cəmiyyətində qeyri-hökumət təşkilatlarının fəaliyyəti III sektorun fəaliyyəti kimi səciyyələnir. Onlar bir növ dövlət və vətəndaş arasında bufer rolunu oynayan bir strukturlardır və üzərlərinə çox böyük missiya götürürlər. Bu gün insanların ictimai iştirakçılığı, hadisələrə münasibəti, proseslərin aktiv iştirakçısına çevrilmək istəyi həmin təşkilatların yaranmasına gətirib çıxarır.
Hazırda Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı mindən çox qeyri-hökumət təşkilatı mövcuddur. Bu gün elə bir qrup yoxdur ki, onun müdafiəsi ilə məşğul olan QHT olmasın. Azərbaycandakı böyük təşkilatların Avropanın qeyri-hökumət təşkilatları assosiasiyası ilə əlaqələri mövcuddur. Azərbaycanı kifayət qədər yaxşı təmsil edən, ölkədə yaxşı maarifləndirici işlər görən QHT-lərimiz var. Onlar olmasaydı, bu gün biz vətəndaş cəmiyyətinin formalaşmasından danışa bilməzdik.
Bu gün Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək bir məkandır. Nədən bunları Azərbaycan vətəndaşı bilməsin? Milli Məclisdə qəbul olunan qanunlardan, sənədlərdən niyə xəbəri olmasın? Əslində, vətəndaş bunu bilməlidir ki, qəbul olunan qanunlar onun hansı hüquqlarını təmin edir. Bu bün QHT-lərlə Milli Məclis arasında çox gözəl əlaqə var. Biz birgə səmərəli fəaliyyət göstəririk. Onların müəyyən təklifləri sonradan milli qanunvericilikdə öz əksini tapır. Ona görə də bütün bunlar göstərir ki, bu gün sadalanan məsələlərdən Azərbaycan vətəndaşı məlumatlı, xəbərdar olmalıdır.
Bu prosesi isə KİV, xüsusən də televiziya kanalları həyata keçirməlidirlər. Kanal rəhbərlikləri milli maraq və mənafeyi hər şeydən üstün tutmalıdırlar. Bu gün müharibə şəraitində olan bir dövlətin vətəndaşlarının, gənclərinin milli vətənpərvərlik ruhunda böyüdülməsi, milli-mənəvi müqavimət qüvvəsinin gücləndirilməsi sırf milli təhlükəsizlik məsələsidir və bunu həyata keçirmək tələb kimi ortaya qoyulmalıdır. Olmazmı ki, telekanallar şou proqramlarının saatlarını azaldıb maarifləndirici proqramlara xüsusi yer versinlər?
Azərbaycan teleməkanında olan gərəksiz şou proqramların tamamilə əleyhinəyəm! Çünki bunlar Azərbaycan insanının şüurunda zombiləşdirməyə gətirib çıxaran, onu bəsit kosmopolit insana çevirən zərərli proqramlardır. Əgər bir vətəndaş olaraq vətənpərvərlik və dövlətin maraq, mənafeyini qorumaq bizim vəzifəmizdirsə, bu vəzifə telekanal rəhbərləri üçün də mütləq olmalıdır.
Mən inanıram ki, 65 ildə əldə edilən uğurların davamı olacaq və növbəti illərdə biz həmin nailiyyətləri həm də öz milli qanunvericiliyimizə də gətirəcəyik. Prezident İlham Əliyevin bir əsas fikri bizim üçün çox önəmlidir ki, fəaliyyətimizin əsasında insan amili durur və bütün fəaliyyətimizin məqsədi də Azərbaycan vətəndaşı üçün, onun bu gerçəklikdə rahat, əmin-aman yaşaması üçündür. Ona görə də deyə bilərik ki, həmin qanunlar o mövcud münasibətləri özündə əks etdirərək dövrün çağırışına cavab vermək iqtidarında olacaq.
Lətif HÜSEYNOV:
- İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində qeyri-hökumət təşkilatları prinsipial əhəmiyyətə malikdir. Beynəlxalq qurumlarda uzun müddət çalışan bir şəxs kimi deyə bilərəm ki, hər hansı bir ölkədə insan hüquqlarının təmin edilməsi səviyyəsindən danışanda həmin ölkədə mövcud olan hüquq müdafiə təşkilatlarının fəaliyyəti, onlara hakimiyyət orqanları tərəfindən göstərilən münasibət mütləq nəzərə alınır.
Dövlətin insan hüquqlarının təşviqi və müdafiəsi ilə məşğul olan QHT-lərə dəstək verməsi insan hüquqlarına müsbət münasibətin göstəricisi kimi qeyd olunur. Olduqca müsbət haldır ki, Azərbaycanda QHT-lərə dövlət dəstəyini həyata keçirən qurum yaradılıb. Bu günlərdə Milli Məclis "İctimai iştirakçılıq haqqında" mühüm bir qanun qəbul etdi. Hesab edirəm ki, həmin qanun ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, vətəndaşlarımızın dövlətin idarə olunmasında daha fəal iştirak etmələrinə təkan verəcək. Bu istiqamətdə atılan növbəti addım yaxın günlərdə "Sosial sifariş haqqında" qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması olacaq.
Bir məqamı qeyd edim ki, beynəlxalq təşkilatlar insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin qərəzsizlik və neytrallıq prinsiplərinə əməl etmələrini vacib sayırlar. Bu, olduqca vacib məsələdir. Qeyri-hökumət təşkilatı nə antihökumət mövqeyində, nə də hökumət tərəfində dayanan qurum olmalıdır. Əgər hüquq müdafiə təşkilatı siyasi şüarlar səsləndirirsə, siyasi quruma çevrilirsə, o, artıq insan hüquqlarının müdafiəçisi statusunu itirmiş olur.
Bəxtiyar SADIQOV:
- Hər bir dövlətin və cəmiyyətin inkişafı orada demokratiya və insan hüquqlarının nə dərəcədə təsbit olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Başqa sözlə ifadə etsək, demokratik dünyanın qəbul etdiyi dəyərlər olmadan inkişafı təsəvvür etmək qeyri-mümkündür. Çünki bütövlükdə demokratik dəyərlər bir-biri ilə üzvi surətdə bağlı olan və nəticə etibarilə hər bir cəmiyyətin inkişafını şərtləndirən amillərdir. Söz, vicdan, fikir, əqidə azadlığı, yaşamaq, şəxsiyyətin və ləyaqətin toxunulmazlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, digər bu kimi hüquqlar demokratik cəmiyyətdə insan həyatının qurulmasının zəruri şərtidir.
Ümumiyyətlə, cəmiyyət həyatında müşahidə olunan fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısı İlham Əliyev bunu nəzərə alaraq xüsusi qeyd edir ki, respublikamızın fəal inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbuluna daha yaxşı imkanlar yaranmışdır. Bu çağırışın əsasında Azərbaycanda liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan idarəetmə modelinin formalaşdırılması məqsədi dayanır.
"Dəyirmi masa"da səslənən fikirlərin ümumi qənaəti ondan ibarətdir ki, Azərbaycan hakimiyyətinin uğurlu siyasətinin nəticəsi olaraq bu gün ölkəmiz dünyada hüquqi dövlət ideyasının reallaşdığı, insan hüquq və azadlıqlarının etibarlı təmin olunduğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant bir məmləkət kimi tanınır. Hər ötən illə müqayisədə ölkəmizdə demokratik dəyişikliklərin insanlarımızın və cəmiyyətimizin həyatına tətbiqolunma tempi artan xətt üzrə inkişaf edir.
Bununla da "dəyirmi masa"mız başa çatır. Hər birinizə iştirakınıza və dəyərli çıxışlarınıza görə təşəkkürümü bildirirəm.
Azərbaycan.-2013.- 10 dekabr.- S.5.