Azərbaycan Ağsaqqallar Şurası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş toplantı keçirmişdir

 

             Dekabrın 7-də Azərbaycan Ağsaqqallar Şurası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş toplantı keçirmişdir.

AzərTAc xəbər verir ki, Şura üzvlərinin, bütün rayonlardan ağsaqqalların və gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, siyasi müdrikliyinə, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq milləti parçalanmaqdan, ölkəni məhv olmaqdan qurtarmış, tez bir zamanda Azərbaycanın dünyəvi, sivil, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olmuş ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.

Fəttah Heydərov demişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olmadığı dövrdə xalqımız bir çox faciələr yaşamışdır. Həmin dövrdə Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Ümummilli lider Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra xalqımızı bəlalardan qurtarmış və ölkəmizi parlaq gələcəyə aparan davamlı siyasətin əsası qoyulmuşdur.

Vurğulanmışdır ki, bu gün Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda dünyanın sayılıb-seçilən dövlətidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında ulu öndər Heydər Əliyevin daim xalqının yanında olduğunu, dahi şəxsiyyətin dövlət-din münasibətlərinin sağlam təməl üzərində qurulmasına əsaslı zəmin yaratdığını vurğulamışdır. O, ulu öndərin dünyanın nadir şəxsiyyətlərindən biri olduğunu söyləmişdir. Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yaratmışdır. Bu tarix yaşayır və hər zaman yaşayacaqdır. Bu gün ümummilli lider cismən aramızda olmasa da, ruhən hər zaman yanımızdadır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxışında ulu öndər Heydər Əliyevin ölkəmizdə elm adamlarına, elmin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin bilik və zəkası onu dahi şəxsiyyətə çevirmişdir. Fəaliyyətində həmişə humanist elmi ideyalara üstünlük verən ulu öndərin zəngin irsi diqqətlə öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini danışmışdır. O, ulu öndərin ölkəmizdə neft sənayesinin inkişafındakı rolundan bəhs edərək demişdir ki, Azərbaycanın enerji siyasəti dedikdə ümummilli liderin adı yada düşür. Məhz ulu öndərin uzaqgörən və qətiyyətli siyasəti, dövlət idarəçilik istedadı sayəsində Azərbaycanın enerji siyasətinin əsası qoyulmuşdur. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ni qeyd etmək kifayətdir. Bu müqavilə ilə təməli qoyulan yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi, ölkənin gələcək inkişafı təmin edilmişdir. Bütün sahələrdə olduğu kimi, enerji sektorunda da ulu öndərin əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir.

Tədbirdə akademik Teymur Bünyadov vurğulamışdır ki, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas edən, çətin günlərdə millətə sahib duran ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək ölkəmizdə ağsaqqallara və əmək veteranlarına göstərilən dövlət qayğısından danışmışdır. Demişdir ki, bu salonda əyləşənlərin əksəriyyəti hər zaman ağsaqqallara ehtiramla yanaşan ulu öndər Heydər Əliyev ilə çiyin-çiyinə Azərbaycanın inkişafı və çiçəklənməsi naminə mübarizə aparmışlar. Həmişə olduğu kimi, yenə də Azərbaycan dövlətinin ağsaqqallara ehtiyacı vardır. Ölkəmizdə hər zaman ağsaqqal sözü eşidilmişdir. Bu gün ağsaqqallar milli-mənəvi dəyərlərimizin qorunmasına, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasına mühüm töhfələr verirlər.

Toplantıda həmçinin  Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti ilə bağlı hesabat məruzəsi də dinlənilmişdir. Ağsaqqallar Şurası sədrinin müavini Südeyf İmamverdiyev məlumat vermişdir ki, təmsil olunduğu qurum 76 rayonda tədbirlər keçirmişdir. Bu tədbirlərdə Azərbaycan Respublikası prezidentliyinə seçkilərlə bağlı təbliğat və təşviqat işləri aparılmışdır.

Sonra respublika ağsaqqalları adından Prezident İlham Əliyevə ünvanlanmış müraciət diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin apardığı daxilixarici siyasəti daim dəstəkləyən ağsaqqallar bundan sonra da dövlət başçısının ətrafında birləşərək fəaliyyət göstərəcəklər.

Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film göstərilmişdir.

 

 

  AzərTAc

 

Azərbaycan.-2013.-  8 dekabr.- S.4.