Bakı dünyanın ən gözəl, ən rahat şəhərlərindən biri kimi tanınır

 

Bu inkişafda Bakıətrafı qəsəbələrin öz yeri, öz payı var

 

 

 

Bakının özü kimi ətraf qəsəbələri də xeyli dəyişib. Dünya standartlarına cavab verən yeni yollar, müasir xəstəxanalar, məktəblər, uşaq bağçaları, ictimai binalar, bir-birindən yaraşıqlı şəxsi mülklər, sosial-məişət obyektləri və s. göz oxşayır. Qəsəbələrdəki quruculuq və abadlıq işləri sakinlərin firavan həyat şəraitindən xəbər verir.

Bir vaxtlar Bakı kəndləri əhalisinin nəqliyyat, elektrik enerjisi, su, qaz, yolsair sarıdan üzləşdiyi problemlərdən indi əsər-əlamət qalmayıb və dövlətin bu istiqamətdə həyata keçirdiyi islahatlar nəticəsində Bakının kənd və qəsəbələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunlar təbii ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası sayəsində reallaşmışdır.

Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: "Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Proqram qısamüddətlidir, iki ili əhatə edir. Bu ilin sonunda başa çatır. Deyə bilərəm ki, iki il ərzində Bakı qəsəbələrində çox böyük işlər görülmüşdür. Görüləsi işlər hələ çoxdur. Biz gələn il bu proqramı yəqin ki, davam etdirəcəyik. Çünki məktəb tikintisi, içməli su xətlərinin çəkilişi hələ davam etməlidir".

Dövlət proqramının icrasına başlanılan müddətdən bəri aparılan abadlıq, tikintiquruculuq işləri nəticəsində Bakının Xəzər, Binəqədi, Abşeron, Sabunçu, Xətai, Qaradağ və digər rayonlarında qəsəbə və kəndlərin siması əsaslı şəkildə dəyişmişdir. İnzibati baxımdan adıçəkilən rayonların tabeliyində olan bəzi kənd və qəsəbələrdə sosial-inkişafı sürətləndirmək, tikinti-quruculuq, avtomobil yollarının əsaslı təmiri və digər problemlərin həlli üçün ölkə rəhbərinin sərəncamı ilə dəfələrlə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılmışdır. Ötən dövrdə Bakı şəhəri və qəsəbələrinin dövlət proqramının tələblərinə uyğun olaraq nəqliyyat, qaz, enerji, su-kanalizasiya və digər sahələr üzrə mühüm layihələr həyata keçirilmiş, sosial infrastrukturun inkişafı istiqamətində əsaslı tədbirlər görülmüşdür. Qaradağ rayonunun ərazisində Gəmiqayırma zavodunun, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə verməklə yüzlərlə qəsəbə sakinini daimi yeri ilə təmin etmişdir.

Bakı şəhəri və ətraf qəsəbələrində müşahidə edilən abadlıq-quruculuq işləri Binəqədi rayonunda da özünü qabarıq göstərir. Paytaxtın şimal qapısı hesab olunan ərazidə - Beynəlxalq Avtovağzalın ətrafında və Biləcəri enişində aparılan yenidənqurma və yaşıllıq işləri göz oxşayır. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların, eləcə də "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində rayonun siması tamam dəyişmişdir. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatı ödənilmiş, küçə və məhəllələr abadlaşdırılmış, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası başa çatdırılmış və onlar müasir avadanlıqlarla təchiz edilmişdir.

Dövlət başçısı İlham Əliyevin 22 aprel 2013-cü il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Xocəsən və Biləcəri qəsəbələrində də yollar əsaslı təmir olunmuş və keyfiyyətli asfalt örtüyü salınmışdır. Sakinlərin arzusu ilə bir sıra binaların dam örtüyü, mənzillərin yararsız pəncərələri təzələnmiş, 141 binanın girişində əsaslı təmir işləri aparılmış və 212 giriş qapısı dəyişdirilmişdir. Qəsəbə və kəndlərdə 20 min metrə yaxın yeni kanalizasiya xətləri çəkilmiş, qəsəbələrin işıqlandırma sistemi yenilənmişdir. Hazırda  Binəqədi-Xırdalan yolunda təzə su nasos stansiyası tikilir. Stansiyanın Yeni il ərəfəsində qəsəbə sakinlərinin istifadəsinə verilməsi gözlənilir. Xocəsən qəsəbəsində isə yeraltı yeni qaz xətti çəkilmiş və qaztənzimləyici şkaf qoyulmuşdur. Biləcəri qəsəbəsində məhəllədaxili keyfiyyətsiz qaz xətləri də dəyişdirilmişdir. M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində isə yeni qaz xətlərinin çəkilişi davam edir.

Dövlət Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafında maraqlı olduğu kimi, burada yaşayan sahibkarlara, adamlarına və fiziki şəxslərə fəaliyyətlərini genişləndirmək üçün də diqqət və qayğı göstərir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı qəsəbələrində sahibkarlara güzəştli kreditlərin verilməsi buna konkret misaldır. Həmin kreditlərlə Bakı qəsəbələrində iri layihələr həyata keçirilir. Təkcə bu il Bakı qəsəbələri üzrə 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3100-dən çox yeni yerinin yaradılması nəzərdə tutulur. Ötən ilbu il Bakıətrafı kənd və qəsəbələr üzrə 277 investisiya layihəsinin reallaşması, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 28 layihənin - faraş tərəvəz məhsulları və dekorativ bitkilər istehsal edən 9 müasir istixana və 8 müasir quşçuluq (broyler) təsərrüfatları, 7 müasir çörək istehsalı, eləcə də ət kəsimi,  ət emalı, yeyinti sənayesi məhsulları istehsalı müəssisələrinin, mebel fabriki və digər obyektlərin tikintisi üçün 43,8 milyon manat güzəştli kredit verilib. Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və mebel fabriki artıq istifadədir.

Sözügedən proqramın icra vəziyyətini analiz edən ekspertlər bildirirlər ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın böyük hissəsi yerinə yetirilib və yerdə qalan bəzi xırda işlərin isə ilin sonuna qədər görüləcəyi şübhə doğurmur. Ekspertlərin fikrincə, Bakı şəhəri və qəsəbələrində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işləri sakinlər, ictimaiyyət nümayəndələri böyük razılıqla qarşılayırlar. Bunu redaksiyamıza ünvanlanmış müraciət, məktub və teleqramlardan da aydın görmək olur. Abşeron rayonu, Qobu qəsəbəsinin sakini, əmək və silahlı qüvvələr veteranı Gülbala Güliyev yazır: "Hörmətli redaksiya, son illər Qobu qəsəbəsi xeyli dəyişib. Bakının ən qədim kəndlərindən olan Qobu indi əvvəlki deyil. Adam inana bilmir ki, 100 ildə qəsəbədə görünməyən keyfiyyət dəyişiklikləri son  5-6 ildə mümkün olarmış. Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində qəsəbəmiz böyüyür, abadlaşır, insanların rahatlığı təmin edilir, sosial müdafiəmiz gücləndirilir. Əhalinin qaz, su, elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılır. Bir müqayisənı diqqətinizə çatdırım: ötən ilədək qobulular içməli suyu kənd küçələrində satılan su maşınlarından pulla alırdılar. Amma indi gecə-gündüz Oğuz-Qəbələ suyundan istifadə edirik. 50-60 ildə görmədiyi su bolluğuna düşən Qobuda bu hesaba yaşıllıqlar çoxalıb. Kənd sakinləri, xüsusilə qadınlar və uşaqlar rahatlıq tapıblar. Hələ qəsəbə yolunu demirəm. Bakı-Şamaxı magistralındakı Höküməli dairəsindən kəndimizədək uzanan 8 kilometrlik yol yarandığı gündən təmir görməmişdi. Sürücülər bu yolla heç vaxt rahat və təhlükəsiz gedib-gəlməmişdilər. İndi qəsəbədaxili yollar da əsaslı təmir olunub. Kanalizasiya sistemi başdan-başa yenidən qurulur. Əhalinin enerji təminatını daha da yaxşılaşdırmaq üçün köhnə işıq dirəkləri və keyfiyyətsiz naqillər yenisi ilə əvəzlənir. Bəlkə də buna görədir ki, bir vaxtlar şəraitsizlik və işsizlik ucbatından kənddən şəhərə və müəyyən yerlərə köçüb gedən ailələrin çoxu indi geri qayıdır. Bu səbəbdən köhnə yurd yerləri abadlaşıb, yeni yaşayış massivləri və küçələr salınıb, parklar, istirahət guşələri yaradılıb. Rayon rəhbərliyi kəndimizdə əhalinin çoxluğunu nəzərə alaraq ikinci bir istirahət və gəzinti parkının salınması üçün yer ayırıb, müəyyən hazırlıq işləri aparılıb. Təsadüfi deyil ki, bu gün qəsəbə əhalisinin sayı 20 min nəfəri keçib. Son illər qəsəbədə müasir tələblərə cavab verən onlarca yeni sosial və iaşə obyektləri fəaliyyətə başlayıb, nə qədər mövsümidaimi yerləri açılıb. Qəsəbənin mərkəzində yaraşıqlı istirahət guşəsi yaradılıb, buradakı işıqlandırma sistemi, rahat oturacaqlar, balacalar üçün əyləncə qurğuları, səliqə-sahman hamının ürəyincədir. Qəsəbədə sovet dönəmindən qalma iki orta məktəb binası əsaslı təmir olunub, laboratoriya avadanlıqlarından, stol-stul, parta və yazı lövhələrindən tutmuş binanın suvağınadək təzələnib. Kənd camaatının arzusu ilə ötən il qəsəbənin mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tipli üçmərtəbəli yeni məktəb binası istifadəyə verilib. Qəsəbədə müasir tipli ikimərtəbəli 2 uşaq bağçası inşa edilib. Hazırda yeni mədəniyyət evinin daxilində son tamamlama işləri gedir. Yaxın vaxtlarda burada musiqi məktəbi, kitabxana və xalçaçılıq sexi fəaliyyətə başlayacaq. Bir sözlə, qəsəbədəki yenilikləri, aparılan abadlıq və quruculuq işlərini saymaqla qurtaran deyil. Bunlara görə biz qobulular Prezident İlham Əliyevə, quruculuqda əməyi olan hər kəsə minnətdarlığımızı bildirirk".

Bu, təkcə bir qəsəbədə adıçəkilən dövlət proqramının icrası çərçivəsində görülən işlərin qısa siyahısıdır. Əslində bu gün Bakıətrafı kənd və qəsəbələrin hansına baş çəksək bu cür yeniliklər və quruculuq işləri ilə tanış ola bilərik. Bakıda, ətraf qəsəbələrdə abadlıq və quruculuq işləri davam edir. Bir neçə il öncə əhalini narahat edən problemlər həll olunur, geniş prospektlər, abad yollar, səliqəli məhəllələr yaradılır, bir sözlə, Bakıətrafı qəsəbə sakinlərinin rahatlığı üçün zəruru tədbirlər həyata keçirilir.

Paytaxtda və ətraf qəsəbələrində aparılan abadlıq, tikinti və yenidənqurma işlərinin uğurlu nəticəsidir ki, son illər Bakı dünyanın ən gözəl, ən rahat şəhərlərindən biri kimi tanınır. Təbii ki, bu inkişafda Bakıətrafı qəsəbələrin də öz yeri, öz payı var.

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2013.- 10 dekabr.- S.8.