İslam Əməkdaşlıq Təşkilatının yaranmasından 44 il keçir

 

Dekabrın 9-u İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təsis edildiyi gündür.

Təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır və 60-a yaxın dövləti özündə birləşdirir. 2011-ci ilə qədər İslam Konfransı Təşkilatı adı altında fəaliyyət göstərən bu qurum Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir və 1975-ci ildə BMT yanında müşahidəçi statusu almışdır. BMT Baş Məclisinin 36-cı sessiyasında "BMT ilə İKT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilmişdir.

İslam Konfransı Təşkilatının 2011-ci il iyunun 28-də keçirilən 38-ci sessiyasında qurumun adı dəyişdirilərək İslam Əməkdaşlıq Təşkilatı adlandırılmışdır. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirdiyi  müxtəlif görüşlər, eləcə də Müqəddəs Kəbədə ümrə ziyarəti bu təşkilat ilə əməkdaşlığın gələcək inkişafına zəmin yaratmışdır. 1994-cü ilin noyabrında ulu öndərin təşkilatın baş katibi ilə Bakıdakı görüşü, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilən VII zirvə toplantısında iştirakı Azərbaycanın təşkilat daxilində mövqeyini xeyli möhkəmləndirmişdir. Bunun nəticəsində İKT zirvə görüşləri tarixində ilk dəfə Kasablankada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında siyasi qətnamə qəbul edilmişdir.

Son illər Azərbaycan - İƏT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, çoxşaxəli əməkdaşlıq əlaqələri genişlənmişdir. Prezident İlham Əliyevin İKT-nin Məkkədə keçirilən III fövqəladə Zirvə Görüşündə iştirakı, dövlət başçısının təşəbbüsü ilə İKT xarici işlər nazirlərinin 33-cü konfransının, İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının Bakıda  keçirilməsi əlaqələrin yüksək səviyyədə olmasını təsdiq edir. Ölkəmiz ilə qurumun müxtəlif təşkilatları arasında münasibətlərin möhkəmlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir.

2006-cı ildə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı roluna görə Mehriban Əliyevanı qurumun xoşməramlı səfiri diplomuna layiq görmüşdür.

Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda isə qurumun baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomu Azərbaycanın birinci xanımına təqdim etmişdir. Mehriban Əliyeva İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk xanımdır.

Bakının 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi ilə bağlı qərar da İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir. Daha bir fakt da ölkəmiz ilə qurum arasında sıx əlaqələrdən xəbər verir. 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi "Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət" adlı qətnamənin qəbul edilməsində İKT-yə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynamışdır.

Bu gün İslam Konfransı Gənclər Forumunun fəaliyyəti, onun proqram və layihələri  də diqqəti cəlb edir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də  elan edilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıda törədilən insanlığa qarşı ağlasığmaz qətliamı beynəlxalq ictimaiyyətə çatdırmaq, bu cinayətə hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq, dünyada sülh, əmin-amanlıq uğrunda mübarizə aparmaqdır. Məhz gənclər proqramlarının həyata keçirilməsinə, gənclərin fəaliyyətindəki müstəsna xidmətlərinə, bu istiqamətdə verdiyi dəyərli töhfələrə görə Leyla Əliyevaya təşkilatın yüksək mükafatı təqdim olunmuşdur. Bu gün Azərbaycanı İƏT ilə təkcə milli mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də ciddi şəkildə bağlayır. Bu məsələdə Azərbaycanın beynəlxalq miqyasda qazandığı imictutduğu mövqe xüsusi rol oynayır. 2011-ci il iyunun 28-də Qazaxıstanın paytaxtı Astanada keçirilən 38-ci sessiyada da Azərbaycanın bu təşkilatda fəaliyyəti xüsusi vurğulanaraq təqdir edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 10 dekabr.- S.9.