Müasir iqtisadiyyatda turizmin rolu

 

Hazırda Azərbaycan Respublikasında təsərrüfat fəaliyyətinin əsas dairəsi kimi turizm böyük əhəmiyyət kəsb edir və bir sıra xarakterik cəhətlərə malikdir. Turizm insanların, bütövlükdə cəmiyyətin maraqlarının ifadəçisi, mikro və makro səviyyələrdə gəlirlərin mənbəyi kimi çıxış edir. Bu sahə  əməktutumlu fəaliyyət növü olduğundan, ölkədə əlavə iş yerlərinin açılmasında mühüm rol oynayır, infrastrukturun, yerli sənayenin və xalq yaradıcılıq nümunələrinin inkişaf etdirilməsinə şərait yaradır, hotellərin tikintisini sürətləndirir. Ümumdünya Turizm Təşkilatının 2020-ci ilə olan proqnozlarına əsasən turistlərin sayı 1,6 milyard nəfərə çatacaq, gəlirlər isə 2 trilyon dollar təşkil edəcəkdir.

Ölkənin ÜDM-nin formalaşmasında, xarici ticarət balansının aktivləşməsində turizm mühüm əhəmiyyət kəsb edir. Lakin turizm ölkə iqtisadiyyatının hakim mövqelərində duran nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, əhaliyə istehlak mallarının istehsalı və s. sahələrə güclü təsir göstərir, sosial-iqtisadi inkişafın özünəməxsus katalizatoru kimi çıxış edir.

Eyni zamanda, bu sahənin özünə də demoqrafik, təbii-coğrafi, sosial-iqtisadi, tarixi, dini, siyasi-hüquqi və s. müxtəlif amillər təsir göstərir. Ümumdünya iqtisadi bazarının məlumatlarına əsasən turizmin iqtisadi inkişaf göstəriciləri əksər ölkələrdə ən dinamik inkişaf edən sahə kimi daim artım tempinə malikdir.

Bu istiqamətdə xüsusi hazırlığı olmayan işçilər çoxluq təşkil edir. Lakin bu o demək deyildir ki, turizm sahəsində yüksək ixtisaslı əmək istifadə olunmur. Əksinə, turizm inkişaf etdikcə daha ixtisaslı, peşəkar işçilərə tələb artır və iqtisadiyyatın digər sahələri ilə müqayisədə onun coğrafi miqyası da genişlənir.

Dünyada turizmin inkişafına elmi-texniki tərəqqi, əhalinin yaşayış səviyyəsinin və onun səmərəli asudə vaxtının, məzuniyyətinin artması, iqtisadi və siyasi sabitlik kimi amillər təsir göstərir.

Daxili turizmlə yanaşı, xarici turizmin inkişafı hər bir ölkə üçün onun iqtisadiyyatının fundamental əsası hesab edilə bilər. Son dövrlərdə turizmdə işgüzar səfərlərin, təqaüdçülərin və yaşlı nəslin səyahətlərinin rolu artmışdır. Bununla əlaqədar beynəlxalq turizmin inkişafı bir çox amillərlə izah edilə bilər:

1. İqtisadi inkişaf və sosial tərəqqi nəticəsində həm işgüzar, həm də maraq dairələrinin artması ilə bağlı səfərlərin sayının çoxalması;

2. Nəqliyyatın bütün növlərinin təkmilləşdirilməsi sayəsində gediş-gəlişin ucuzlaşdırılması, əhalinin bütün təbəqələrinin bunlardan istifadəsinə münbit şəraitin yaradılması;

3. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə fəhlə və qulluqçuların sayının, maddi və mədəni səviyyələrinin yüksəlməsi, onların dünyagörüşü və mənəvi dəyərlərinin artmasına səbəb olması. Bundan başqa, əməyin intensivləşdirilməsi və işçilər tərəfindən uzunmüddətli məzuniyyətlərin əldə edilməsi onların daha məzmunlu istirahəti üçün əsas olmuşdur.

Dövlətlərarası əlaqələrin və mədəni mübadilələrin genişlənməsi  turizmin inkişafına təkan vermişdir. Xidmətin inkişafı telekommunikasiya sahəsində texnoloji tərəqqini stimullaşdırmış, turizm mübadilələrinin coğrafiyasını və miqyasını genişləndirmişdir. Nəhayət, valyutanın ölkədən çıxarılmasına olan məhdudiyyətlərin yumşaldılması və sərhəd rəsmiyyətlərinin sadələşdirilməsi turizmin inkişafını stimullaşdırmışdır.

Beynəlxalq miqyasda turizmin inkişafının iqtisadi imkanları ayrı-ayrı ölkələrdə təşkilati-iqtisadi proseslərin inkişafı üçün münbit şərait yaratmışdır.

 

Onların bir çoxu üçün beynəlxalq turizm aşağıdakıları nəzərdə tutur:

1. Valyuta daxilolmalarının mühüm mənbəyi;

2. Tədiyə balansının artmasında stimullaşdırıcı amil;

3. Bir çox sahələrin inkişafında və diversifikasiyasında güclü təkan (turizm sahəsinə xidmət edən yeni müəəssisələr və sahələr yaranır).

İqtisadi münasibətlərdə turizmə istehsal, mübadilə və məhsul bölgüsü sahəsində ictimai münasibətlərin müəyyən məcmusu; istehsalın müəyyən sahə və iqtisadi fəaliyyət növlərini daxil edən ölkənin xalq təsərrüfatı kompleksinin bir hissəsi; turizmi regionun və ya ölkənin təsərrüfat fəaliyyəti kontekstində öyrənən iqtisadi elm (turizmin iqtisadiyyatı); turist məhsulunun istehsalı, istehlakı, bölgüsü və mübadiləsi sferalarında davranışı öyrənən ictimai elm kimi baxılır. İqtisadçılar bu sferalarda baş verən prosesləri təhlil edir, onların nəticələrini fiziki şəxslər, təşkilatlar və bütövlükdə cəmiyyət üçün  proqnozlaşdırırlar. Turist iqtisadi sistemi bütün səviyyələrdə ailənin, firmanın və bütövlükdə cəmiyyətin məhdud resursları çərçivəsində insanların tələbatını ödəmək məqsədilə turist xidmətlərinin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı proseslərində təsərrüfat subyektləri kimi insanların davranışını öyrənən müasir iqtisadi nəzəriyyədir.

Fundamental iqtisadiyyat nöqteyi-nəzərindən turizm iqtisadi kompleksdən ibarətdir. Onun inkişaf etməsi isə daha çox dünya təsərrüfatı prosesləri və münasibətləri ilə izah edilir, nəinki immanent (daxili) səbəblərlə. Turizm bir çox hallarda iqtisadyyatı sürətlə inkişaf edən ölkələrin iqtisadi artımında mühüm katalizatordur. Bu halda turizm ümummilli məhsulun ölkələr arasında yenidən bölgüsündə vasitəçi rolunu oynayır. Turistlər səfərdə olduqları ölkələrdə yerli malları almaqla və xidmətlərdən istifadə etməklə həm yerli istehsalı artırır, həm də o ölkələrdə yeni iş yerləri yaradırlar.

Müasir turizm iqtisadi təzahür kimi ilk növbədə, sahə şəklindədir; yığımı və nəql edilməsi mümkün olmayan turist məhsulları və xidmətləri kimi çıxış edir; yeni iş yerləri, milli iqtisadiyyatın sürətlə inkişaf etdirilməsinə münbit şərait yaradır; milli gəlirin  turizm sahəsində ixtisaslaşan ölkələrin xeyrinə yenidən bölgüsü mexanizmi şəklində təzahür edir; milli gəlirin, məşğulluğun artması, yerli infrastrukturun inkişafı və yerli əhalinin həyat səviyyəsinin artması multiplikatorunun qismində çıxış edir; investisiyaların yüksək səmərəliliyi və qısa müddətdə investisiyaların ödənilməsi ilə xarakterizə edilir; təbiətin mühafizəsində və mədəni irsin qorunub saxlanmasında səmərəli vasitə kimi üzə çıxır, çünki bu elementlər onun resurs bazasının əsasını təşkil edir; xalq təsərrüfatının bütün sahələri və insan fəaliyyətinin bütün növləri ilə uyğunlaşır.

Azərbaycan Respublikası yüksək turist potensialının olmasına baxmayaraq, dünya turist bazarında böyük yer tutmur. Belə ki, 2011-ci ildə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1561.9 min nəfər olmuşdur və ÜTT-nin 2011-ci ilə olan məlumatına əsasən Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 1562.0 min nəfərə çatmışdır, bu isə dünya dövlətləri arasında 83-cü yer deməkdir.

2011-ci ildə xarici ölkələrdən Azərbaycana gələn xarici  vətəndaşların sayı 2239,2 min nəfər, onlardan isə 1561,9 min nəfəri (69,8 faiz) turizm məqsədilə gəlmişdir. Gələnlərin qalan hissəsi müxtəlif məqsədlərlə Azərbaycana səfər etmişdir:  işgüzar turizm - 591,9 min nəfər (26,4 faiz), fərdi ziyarətlər - 374,7 min nəfər (16,7 faiz), digər məqsədlər - 677,3 min nəfər (30,2 faiz).

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 3550,2 min nəfər olmuşdur. Statistikadan göründüyü kimi, Azərbaycandan gedən turistlərin sayı gəlmə turistlərin sayından 1.59 dəfə çoxdur.

Beləliklə, turizm ölkənin (regionun) iqtisadiyyatına, onun təsərrüfat, sosial və humanitar əsaslarına aktiv təsir göstərməsinə kömək edir. Turizm sahəsinin inkişafında, ümumi iqtisadi, texniki və sosial nailiyyətlərin birbaşa təsiri mövcuddur. İnkişaf etmiş sənaye ölkələrində artan həyat səviyyəsi işçilərin məzuniyyət müddətinin uzadılmasına, yüksək səviyyəli pensiya təminatına gətirib çıxarır. Bu isə turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Eyni zamanda, səyahətlərə və turizmə tələbat bazar mexanizmləri (turist, ekskursiya və digər xidmətlərə tələbatla, bu xidmətlərin təklifi və bölgüsü ilə) və ekzogen dəyişikliklərlə, yəni, turizm vasitəsilə təklifə əhəmiyyətli dərəcədə təsir edən turizmlə və səyahətlə bilavasitə əlaqəsi olmayan amillərlə müəyyən edilir. Ekzogen amillərə demoqrafik və sosial dəyişikliklər, iqtisadi hüquqi nailiyyətlər, ticarətin, nəqliyyat infrastrukturunun, informasiya texnologiyalarının inkişafı və səyahətlərin təhlükəsizliyinin yüksəldilməsi aiddir.

Demoqrafik və sosial dəyişikliklərə əhalinin qocalması, kifayət edən pensiya təminatı ilə təqaüdə çıxma, tənha və kimsəsizlərin sayının artması, işləyən qadınların, uşaqsız ailələrin sayının çoxalması və s. aiddir. Beləliklə, demoqrafik strukturda və cəmiyyətin sosial modellərində baş verən dəyişikliklər çoxlu sayda olan insanların səyahət etməçi üçün vaxtın, istəyin və maliyyə imkanlarının olması ilə əlaqədardır.

Turist fəaliyyəti təcrübəsində turistləri göndərən (donor) ölkələr və turistləri qəbul edən (resipiyent) ölkələr kimi fərqləndirilirlər. Birincisinə, ABŞ, Almaniya, İngiltərə, Belçika, Danimarka və s. kimi ölkələri aid etmək olar. İkincisinə isə  Fransa, ABŞ, İspaniya, İtaliya, Macarıstan və s. aiddir.

Ümumdünya Turizm Təşkilatının ekspertləri müəyyən etmişlər ki, ölkədə turizmin inkişaf tendensiyası ilə onun ümumi iqtisadi vəziyyəti arasında sıx əlaqə mövcuddur. Səyahətlərin dinamikası isə ölkədə olan iqtisadi vəziyyətə çox həssasdır. ÜTT-nin statistikası göstərir ki, son bir neçə il ərzində beynəlxalq səyahətlər və onlardan əldə edilən gəlirlər dünyanın bütün regionlarında artmışdır.

Dünyanın hər bir turist regionunda turist bazarının təhlili onun yaranma tarixini, cari vəziyyətini və ümumdünya turist sektorunun gələcəyini işıqlandıraraq bir çox məqsədlər güdür:

1. Beynəlxalq turizmin artdığı və azaldığı regionları eyniləşdirmək;

2. Turistlərin sayının coğrafi paylanmasında böyük fərqlərin mövcudluğunun səbəblərini, onlardan əldə edilən gəlirləri və bu dinamikada olan fərqləri təhlil etmək;

3. İqtisadiyyatın daha da genişləndirilməsi məqsədilə beynəlxalq turizm üçün böyük potensialı olan ölkələri araşdırmaq.

Beynəlxalq turist mübadilələrinin coğrafi cəmlənməsi ticarətin coğrafi təmərküzünə uyğundur, lakin iki mühüm fərqli cəhətə malikdir.

Birincisi, turizmdən daxilolmalardan müsbət saldoya malik olan ölkələr, məsələn, ABŞ, İspaniya, Portuqaliya, Yunanıstan ticarətdə tez-tez mənfi balansa malik olurlar. Turist mübadilələri sahəsində mənfi saldosu olan ölkələr isə müsbət ticarət balansına malik olurlar, məsələn, Almaniya, Yaponiya və s.

İkincisi, analoji tələb nümunələrinə uyğun olaraq sənaye ölkələri arasında turist məhsulları ilə mübadilə ticarətdə olduğu kimi deyil, fərqli tip məhsulların mübadiləsi də ola bilər.

Həqiqətən, sənaye ölkələri arasında əmtəə mübadiləsi bir qayda olaraq eyni kateqoriyalı məhsulların mübadiləsidir, məsələn, ABŞ-la Yaponiya arasında avtomobil və ya Avropa ölkələri arasında ərzaq məhsullarının ticarəti. Bu, sahədaxili ticarət adlanır. Turizmdə də məhsulların belə mübadiləsi mövcuddur, məsələn, mədəni servis sahəsində, lakin daha kiçik ölçülərdə. Bir qayda olaraq, Avropanın şimal ölkələrinin əhalisi, əsasən Aralıq dənizi hövzəsində olan ölkələrin kurortlarında öz məzuniyyətlərini keçirirlər, isti cənub ölkələrin əhalisi isə dağ-xizək kurortlarında istirahətə üstünlük verirlər.

Turizmin və sosial-mədəni sferanın iqtisadi məkanı dünya iqtisadiyyatının əksər hissəsini əhatə edir. Bir çox inkişaf etmiş ölkələr turizmi və xidmət sferasını özlərinin iqtisadi inkişafının prioritet istiqaməti kimi təqdim edirlər, çünki bu sahə investisiya baxımından çox cəlbedicidir, ölkənin və regionların infrastrukturunun inkişaf etdirilməsinə, ölkəyə valyuta vəsaitlərinin axınına gətirə bilir.

Beynəlxalq təcrübədən göründüyü kimi dövlət tərəfindən turizmə qoyulan irimiqyaslı investisiyalar özəl sektorda xüsusi maraq yaradır və onlar bu investisiya proqramlarında dövlətlə bərabərhüquqlu iştirakçı olurlar. Bu faktı Türkiyənin timsalında göstərmək olar. İlk əvvəl, türk dövləti turizm sektoruna külli miqdarda investisiya qoymuş, sonradan turizm obyektlərini kontrakt idarəetmə müqavilələri əsasında yerli və xarici menecerlərin idarəçiliyinə vermiş, onlara vergi və bank kreditlərinə dair güzəştlər etmişdir. Bu addımları görən özəl kapital dərhal dövlətin ardınca bu prosesə aktiv qoşulmuş, dövlət isə sonradan öz iştirakını məhdudlaşdıraraq kənara çəkilmiş və turizm infrastrukturunun sosial komponentlərinə diqqət yetirmişdir.

İtaliyada turizmdə keyfiyyəti yüksəltmək məqsədilə dövlət standartlarının uyğunluğu yoxlamalarından keçən müəssisələr dövlət tərəfindən yardım edilən müəssisələr kateqoriyasına aid edilirlər. Bu müəssisələrə dövlət maddi (vergi ödəmələrinə və kreditlərə güzəştlər, dotasiya) və qeyri-maddi (sərgilərdə pulsuz iştirak, müvafiq keyfiyyət nişanlarının verilməsi və s.) şəklində yardım edir.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi birbaşa səmərəni əyani sübut etmişdir: hotellərin və restoranların, Qəbələ və Qusar qış-yay turizm komplekslərinin istifadəyə verilməsi, infrastrukturların yaradılması, yolların tikintisi və s. Lakin bu proqramın realizə edilməsi xalq təsərrüfatının başqa sahələrinə investisiya qoyuluşları tələb edir: tikinti, rabitə və informasiya texnologiyaları, emal sənayesi, kənd təsərrüfatı və s.

Bu proqramın həyata keçirilməsindən multiplikativ (artma) səmərə bu işə sahibkarlığın müxtəlif subyektlərinin cəlb edilməsini nəzərdə tutur (reklam agentliklərini, ticarət və ictimai iaşə müəssisələrini, əyləncə təşkilatlarını, nəqliyyat müəssisələrini) və onların fəaliyyəti nəticəsində əldə edilən vəsaitlər yerli büdcələrə və dövlət büdcəsinə mədaxil olacaqdır.

Beynəlxalq turizm iqtisadiyyatın enmə riskinə baxmayaraq özünün inkişafını davam edəcək, turist tələbatı özünün determinantlarına malikdir. Digər bir fakt onu təsdiqləyir ki, turizm sektorunda beynəlxalq qeyri-bərabərlik əhəmiyyətli dərəcədədir. Turizmin inkişaf etdirilməsi məqsədilə qeyri-bərabərliyin aradan qaldırılması üçün beynəlxalq kooperasiya yeni yanaşmalara əsaslanmalıdır. Beləliklə, beynəlxalq kooperasiya və turizmin əsas komponentləri (hotellər, nəqliyyat, turist firmaları) arasında olan razılaşmalar turizm sahəsinin gələcək inkişafına zəmanət verməlidir.

Turizm sosial-mədəni fəaliyyət növü olmaqla yanaşı, həm də səyahət zamanı insanların zəruri tələbatını təmin edən iqtisadiyyatın mühüm sahəsidir və onun gələcək inkişafı, təkmilləşdirilməsi ölkənin gəlirlərinin artmasına imkan yarada bilər.

 

 

 

Mais KÖÇƏRLİ,

Azərbaycan Turizm İnstitutunun "İqtisadiyyat" kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Azərbaycan.-2013.- 10 dekabr.- S.9.