Jan-Pol Başi: Fransa inkişaf edən Azərbaycan
ilə işgüzar əlaqələrini daha da genişləndirməlidir
Fransa yüksək sürətlə inkişaf edən Azərbaycan ilə işgüzar əlaqələrini daha da genişləndirməlidir. Bu fikri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Fransanın Şampan-Ardenn Regional Şurasının sədri Jan-Pol Başi AzərTAc-a müsahibəsində demişdir.
Jan-Pol Başi bildirmişdir ki, müasir dövrün qlobal humanitar məsələləri, sülhün və əmin-amanlığın qorunub saxlanması ətrafında fikir mübadiləsi aparmaq məqsədi ilə dünyanın müxtəlif ölkələrinin tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin, bir çox dövlətin sabiq prezidentlərinin, 13 Nobel mükafatı laureatının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı tədbirin xüsusi əhəmiyyət daşımasından, möhtəşəmliyindən və yüksək səviyyədə keçirilməsindən xəbər verirdi.
Fransanın ayrı-ayrı dairələrini təmsil edən nümayəndə heyətinin tərkibində foruma qatıldığını vurğulayan J.P.Başi iştirakçıların ölkəmiz barədə hərtərəfli məlumat almaları üçün yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, Şərq ilə Qərbin qovuşuğunda, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan artıq mədəniyyətlərarası və dinlərarası dialoqun vətəni kimi tanınır, müsəlman və xristian dünyası arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Müasir və güclü dövlətə çevrilən Azərbaycan nəinki yeraltı, həmçinin yerüstü sərvətlərlə zəngin ölkədir. Azərbaycanda Fransanı maraqlandıran əlverişli sahələr vardır. Fransa yüksək sürətlə inkişaf edən Azərbaycan ilə işgüzar əlaqələrini daha da genişləndirməlidir.
Forum çərçivəsində Azərbaycanın ikinci şəhəri qədim Gəncəyə səfər etdiklərini vurğulayan J.P.Başi vurğulamışdır ki, əsas məqsəd İkinci Beynəlxalq Üzümçülük və Şərabçılıq Festivalı ilə yaxından tanış olmaq idi. Avropada üzümçülük təsərrüfatı ilə məşğul olan komissiyanın sədri kimi festivala qatılmaq mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Şərabçılıq mütəxəssisi olaraq məni Azərbaycanda istehsal olunan şərabın keyfiyyəti hədsiz dərəcədə maraqlandırırdı. Biz Fransada şərabçılıqla məşğul olan regionlarla Gəncə arasında əməkdaşlıq yaratmaq istəyirik. Dünyada tolerant və dünyəvi dövlət kimi tanınan Azərbaycan varlı ölkədir və daha işıqlı gələcəyə böyük şövqlə çalışır.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.-10 dekabr.-S.11.