«Qorxulu yuxuların qəhrəmanı» filminin təqdimatı olmuşdur

 

Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ uğrunda döyüşlərdə kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynova həsr edilmiş "Bitməmiş müharibənin qəhrəmanları" silsiləsindən "Qorxulu yuxuların qəhrəmanı" filminin təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, İbad Hüseynovun qeyri-adi həyat yoluna həsr edilmiş film "O film-studio"da hazırlanmışdır.

"Qorxulu yuxuların qəhrəmanı" filminin baş məsləhətçisi Əflatun Amaşov, ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva, montaj rejissoru Rasim İxtiyaroğlu, operatoru M.Əzizidir.  Təqdimat mərasimində filmin nümayişindən sonra layihənin rəhbəri Bəxtiyar Qaraca, ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva çıxış edərək İbad Hüseynovun Vətəninə, millətinə dərin sevgi və rəğbətindən, keçdiyi şərəfli döyüş yolundan söhbət açmışlar.

Filmdə Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqırımı və digər yaşayış məntəqələrində birbaşa  qətliamlarda iştirak edən və təcavüzkar ölkənin hərbi birləşmələrinə rəhbərlik etmiş "Avo" ləqəbli Monte Melkonyanın igid kəşfiyyatçı İbad Hüseynov tərəfindən tutulub zərərsizləşdirilməsi də əks olunmuşdur. Natiqlər gənclərimizi igid kəşfiyyatçıdan nümunə götürməyə, müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an  hazır olmağa çağırmışlar.

 

Azərbaycan.-2013.-10 dekabr.-S.11.