Prezident İlham Əliyev Pakistanın Azərbaycandakı səfirini

 diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Azərbaycan ilə Pakistanın qardaşdost ölkələr olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini dedi. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirdi. Dövlət başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını dedi. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək işlərində də uğurlar arzuladı.

Səfir İkramullah Məhsud ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi. Pakistanlı səfir ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 11 dekabr.- S.1.