Ulu öndər Heydər Əliyevin şah əsəri
Onun yaratdığı müstəqil Azərbaycan dövlətidir
Müsahibimiz Yeni
Azərbaycan Partiyasının Sədr müavini - İcra
katibi, Azərbaycan Respublikasının Baş nazirinin
müavini Əli ƏHMƏDOVdur
Heydər Əliyev böyük bir
dövrdür
- 2003-cü ilin 12 dekabrından - Azərbaycanın ümummilli liderinin əbədiyyətə qovuşmasından bizi 10 il ayırır. Xalqın yaddaşında Heydər Əliyevin unudulmaz xatirəsi illərin təsirini hiss etmədi. Lakin Heydər Əliyevi təkcə xatirələrdə yad etmirik, həyatımızın hər addımında ulu öndərin izini görmək olur. Bunun səbəbini Siz nədə görürsünüz?
- Seçilmiş insanlar bir qayda olaraq fərqli missiya yerinə yetirirlər. Tarixin mənzərəsini yaratmaq onların üzərinə qoyulmuş vəzifədir. Heydər Əliyev heç şübhəsiz, seçilmiş insanlar siyahısına aid edilməlidir. Onun həyatının mənası da, tükənməz enerjisi də, qətiyyəti və müdrikliyi də seçilmiş insan olmasından irəli gəlir. Buna görə də Azərbaycanın tarixində Heydər Əliyevin ayrıca rolu və yeri vardır.
Həyat inkişaf edir, nəsillər dəyişir, yeni nəsil səhnəyə çıxır. Lakin Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədilik statusunu qazanıb desək, yəqin səhvə yol vermərik. Haqqında söhbət etdiyimiz ecazkar hadisənin səbəblərini araşdırmağa çalışsaq, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın müasir tarixinin gedişinə misilsiz təsirini qeyd etmək lazım gələr. Əslində, bu tarixi Heydər Əliyev yaradıb.
Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir. Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaratmışdır. Və heç şübhəsiz, bu dövrə, bu tarixə Heydər Əliyevin adı birdəfəlik həkk olunub.
Onu da ayrıca vurğulamaq ədalətli olardı ki, Heydər Əliyev zamanın gərdişinin meydana çıxardığı və bu səbəbdən tarixilik statusu qazanmış lider olmamışdır. Onun tarixi rolu və xidmətləri daha çox, bəlkə də belə demək doğru olar ki, müstəsna halda qeyri-adi istedadı və liderlik energetikası ilə əlaqədardır. Tarix isə dahi insanları unutmur. Çünki dahi insanlar tarixin bəzəyidir. Onlarsız tarix çox sönük və maraqsız olardı.
İnsanlar Heydər Əliyevi həm də ona görə unutmurlar ki, onların həyatında baş vermiş müsbət dəyişikliklər məhz ulu öndərin adı, müəyyən etdiyi siyasətlə birbaşa bağlıdır. Ötən əsrin 70-80-ci illərində Azərbaycanın intibahı fonunda insanların həyatının dəyişməsini orta və yaşlı nəsillər unutmayıb. Eynilə də 20 il əvvəl ölkənin fəlakət kandarından çıxarılmasını, əmin-amanlığın təmin edilməsini, bu-günkü inkişafa gətirib çıxaran islahatların həyata keçirilməsini hər kəs yaxşı xatırlayır. Heydər Əliyev hər bir azərbaycanlı üçün onun fərdi həyatını dəyişdirən dahi şəxsiyyət olaraq qavranılır və dəyərləndirilir.
Heydər Əliyev həm də ona görə yaşayır və daim yaşayacaq ki, O, həmişə ən möhkəm tellərlə xalqa bağlı olub, xalqla nəfəs alıb, güc və qüdrət mənbəyi xalq olub. Sağlığında hər bir azərbaycanlı Heydər Əliyevdə öz istəklərinin, arzularının ifadəsini görüb. İndi isə Ulu Öndərin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur.
Heydər Əliyev böyük bir dövrdür. İnanıram ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək. Bu inam Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm uğurlarına, xalqın Prezidentə etimadının və dəstəyinin böyüklüyünə istinad edir.
Müstəqil Azərbaycanın
mövcudluğuna görə məhz Heydər Əliyevə
borcluyuq
- Danılmaz həqiqətdir ki, Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Ümummilli lider Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi bu kontekstdə 1990-cı illərin gərgin şəraitinə, o cümlədən Ulu öndər Heydər Əliyevin həmin dövrdəki yorulmaz fəaliyyətinə nəzər salmağınızı istərdik...
- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Müstəqillik Azərbaycan xalqının çoxdankı arzusu idi və Sovet İttifaqının dağılması yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Azərbaycan da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünün dövlət müstəqilliyini elan etdi. Lakin qarşıda daha mühüm bir vəzifə dururdu - bu müstəqilliyi qoruyub saxlamaq, müstəqilliyin xalqa xeyir verməsinə nail olmaq, insanların layiqli həyatını təmin edə bilən güclü və müasir dövlət qurmaq lazım idi.
Lakin müstəqilliyin ilk illərində tarixi proseslər milyonlarla insanın istədiyi məcrada cərəyan etmədi. 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onun başı üzərində qara buludlar dolaşırdı. Bir tərəfdən erməni təcavüzü, Azərbaycan torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi, ölkə daxilində separatçı meyillər, digər tərəfdən isə hökm sürən hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül total böhrana gətirib çıxarmışdı. Azərbaycan real təhlükə qarşısında idi - o, nəinki müstəqilliyini, hətta ərazi bütövlüyünü itirə bilərdi. Əgər 1993-cü ilin ortalarında xalqın istəyi, arzusu, hətta tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, indi Azərbaycanın tarixi tamam başqa cür olar, Azərbaycan xalqı başqa taleyi yaşamağa məhkum olardı.
Buna görə də düşünürük ki, müstəqil Azərbaycanın mövcudluğuna görə biz məhz Heydər Əliyevə borcluyuq. Bunu bütün Azərbaycan xalqı başa düşür. Güclü Azərbaycan dövlətinin yaradılması, qüdrətli Azərbaycan iqtisadiyyatının qurulması 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, Onun iradəsi və müdrikliyi sayəsində təhlükəli proseslərin və təhdidlərin cilovlanması ilə bağlıdır.
Daxili və xarici təhlükələrin qarşısının alınmasında Heydər Əliyevin xidmətlərindən danışarkən ilk növbədə, Azərbaycanda sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasını qeyd etmək istərdim. Hərc-mərclik və anarxiyanın qarşısı alındı, erməni təcavüzü dayandırıldı, xaricdən yaranan təhlükələr və daxili separatizm məğlub edildi. Sabitlik və qanunçuluq iqtisadiyyatda islahatlara yönəlmiş layihələrin həyata keçirilməsi üçün bir təməl oldu. Bu sıraya neft strategiyasını, torpaq islahatını, iqtisadiyyatın bazar münasibətlərinə keçirilməsini və hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulması kimi əsaslı məqamları aid etmək olar. Əlbəttə, siyasi islahatlar da kənarda qalmadı - ölkənin yeni Konstitusiyasının qəbul edilməsi, demokratik təsisatlar yaradılması nəticəsində müstəqil Azərbaycan dövlətinin mütləq şəkildə öz müstəqilliyinə qovuşması prosesi başa çatdı. Azərbaycan xalqı haqlı olaraq belə hesab edir ki, Ulu öndər Heydər Əliyevin şah əsəri Onun yaratdığı müstəqil Azərbaycan dövlətidir. Heydər Əliyevin qətiyyəti, iradəsi, müdrikliyi və uzaqgörənliyi sayəsində qurulmuş bu dövlətin əsasları o qədər möhkəmdir ki, bugünkü güclü və müasir Azərbaycan həmin əsaslara söykənir.
Heydər Əliyevin azərbaycançılıq ideyası dövlətimizin ideya, məfkurə əsasını təşkil etməklə Azərbaycanda milli həmrəyliyin, birliyin möhkəmlənməsinə xidmət edir
- Müstəqil Azərbaycanda milli birliyin təmin olunmasında azərbaycançılıq ideyasının əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Ümummilli lider Heydər Əliyev bir azərbaycanlı kimi azərbaycançılığı öz xalqına dərindən bağlı olmaqda görürdü. O, Azərbaycan dilini, Azərbaycan mədəniyyətini, tarixini sevirdi, sözün həqiqi mənasında, fədakar vətənpərvər, Azərbaycan üçün əlindən gələni etməyə hazır olan böyük dövlət xadimi idi. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyevin "Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edirəm" sözləri qəlbinin dərinliklərindən gəlirdi. O, 1990-cı illərin əvvəlində - Azərbaycan üçün çox mürəkkəb bir dövrdə bu sözləri deməklə Vətən naminə canından da keçməyə hazır olduğunu vurğulayırdı.
Vətən sevgisi, Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə, Vətənin tarixinə məhəbbət Ümummilli lider Heydər Əliyevdə elə keyfiyyətlər formalaşdırmışdı ki, bu məziyyətlər Onu sözün həqiqi mənasında, vətəndaşlıq etalonu adlandırmağa imkan verir.
Heydər Əliyevin azərbaycançılıq konsepsiyası, ilk növbədə, Onun özünü azərbaycanlı kimi dərk etməsindən, Azərbaycanın mənafeyi naminə hər şeyə hazır olmasından irəli gəlirdi. Bundan əlavə, həmin konsepsiya müstəqil Azərbaycanın bütövlüyü, birliyi ideyası, onun hərtərəfli inkişafı və tərəqqisi strategiyası kimi qəbul edilirdi.
Azərbaycan qədim tarixə, qədim mədəniyyətə, özünəməxsus koloritə və spesifikaya malik olan ölkədir. Bütün bunları bir anlayış şəklində birləşdirsək, azərbaycançılıq məfhumu alınar. Azərbaycançılıq hər bir vətənpərvər azərbaycanlı üçün Azərbaycan dövlətçiliyi, Azərbaycan millətçiliyi, vətənpərvərlik və Azərbaycan naminə özünü qurban verməyə hazır olmaq deməkdir. Bu mənada, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən etməklə Azərbaycanın daxili vəhdətinin, onun monolitliyinin təmin edilməsi üçün ideoloji zəmin hazırlamışdır.
Eyni zamanda, azərbaycançılıq ideyası təkcə daxili milli parametrlərdən ibarət deyildir. Bütövlükdə, azərbaycançılıq dedikdə, Heydər Əliyev kimin harada yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəsin Azərbaycanın birliyi və mənafeyi naminə fədakarlığını nəzərdə tuturdu.
Azərbaycançılıq ideologiyasının əsas konturlarını müəyyən edərkən, Heydər Əliyev həm də Azərbaycan diasporunun formalaşmasını, bütün dünyada pərakəndə şəkildə mövcud olan Azərbaycan icmalarının Vətənin mənafeyinin qorunması naminə birləşməsini arzu edirdi. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu ideya əsasında Onun təşəbbüsü ilə görülmüş tədbirlər sayəsində güclü diaspor formalaşmışdır. Bütün dünyada pərakəndə şəkildə səpələnmiş azərbaycanlılar bu ideya ətrafında birləşir, harada yaşamasından asılı olmayaraq özlərini Azərbaycan xalqının bir hissəsi, Azərbaycanı isə özlərinin tarixi vətəni hesab edirlər. Beləliklə, Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq konsepsiyası bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilmişdir.
Heydər Əliyevin azərbaycançılıq ideyası dövlətimizin ideya, məfkurə əsasını təşkil etməklə, Azərbaycanda milli həmrəyliyin, birliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycançılıq dövlətçiliyimizin ideya əsası kimi, bu dövlətin daha da möhkəmlənməsinə, güclənməsinə, qüdrətinin artmasına xidmət edir. Azərbaycançılıq ideyası təkcə ölkəmizin hüdudlarında deyil, sərhədlərimizdən də kənarda, ayrı-ayrı ölkələrdə cəmləşmiş azərbaycanlıların milli həmrəyliyinin və birliyinin formalaşmasına da müstəsna təsir göstərir. Hesab edirəm ki, Azərbaycan diaspor hərəkatının da inkişafında, onun genişlənməsində Heydər Əliyevin azərbaycançılıq konsepsiyası çox mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyaları əsasında fəaliyyət göstərir
- Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz tarixi xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Ümumiyyətlə, ümumxalq partiyası olan YAP-ın yaranması və keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?
- YAP-ın yaranması ideyası, əslində, Azərbaycanın düçar olduğu bəlalardan xilas edilməsi üçün Heydər Əliyevi hakimiyyətə dəvət etməyin demokratik forması kimi çıxış edirdi. Çünki insanlar yalnız Heydər Əliyevin Azərbaycanı düçar olduğu bəlalardan xilas edəcək şəxsiyyət olduğunu birmənalı şəkildə etiraf edirdilər. Eyni zamanda, belə bir məsələnin ətrafında düşünürdülər ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişini hansı yolla, vasitələrlə təmin etmək mümkündür. Beləliklə, "Heydər Əliyev necə hakimiyyətə gəlsin" sualı ətrafında axtarışların nəticəsi olaraq Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranması oldu. Bu partiyanın yaranması ideyası Heydər Əliyevin hakimiyyətə dəvət edilməsinin forması kimi nəzərdə tutulurdu və o dövr üçün ən düzgün addımlardan biri sayılmalıdır.
İnsanların yeganə xilas yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görməsinin isə çox ciddi əsasları var idi. Əvvəla, Ümummilli lider Heydər Əliyev ötən əsrin 70 və 80-ci illərində Azərbaycana rəhbərlik etdiyi zaman uzaqgörən, təcrübəli şəxsiyyət olaraq ölkəni sürətli bir inkişaf mərhələsinə çıxardı. Ulu öndərin rəhbərliyi altında ölkəmiz tamamilə yeniləşdi, dəyişdi, həmin dövrdəki meyarlar baxımından müasirləşdi. Azərbaycanın həm iqtisadiyyatı, həm də keçmiş sovetlər birliyində mövqeyi olduqca gücləndi. Bütün bunlar insanların həyatında da çox ciddi dəyişikliklərlə müşayiət olundu, xalqın maddi rifah halı yüksəldi. Bu mənada, Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışına qədər Onun Azərbaycanda inkişafın fundamental əsasını təmin edən bir şəxsiyyət obrazı artıq insanların düşüncələrində mövcud idi.
Daha bir mühüm məqam ondan ibarət idi ki, 1990-cı illərin əvvəllərində Azərbaycan böhran vəziyyətində olanda Naxçıvana rəhbərlik edən Heydər Əliyev həmin vaxt muxtar respublikanın nümunəsində ölkəmizin başı üzərini almış təhlükələri sovuşdurmağın, sanki bir modelini müəyyənləşdirib uğurla həyata keçirirdi. Çünki ölkə boyu böhranlı vəziyyət hökm sürdüyü halda, Naxçıvan blokadada yaşamasına baxmayaraq, təhlükəsizliyini əhəmiyyətli dərəcədə təmin etmişdi və bu istiqamətdə Heydər Əliyevin rəhbərliyi altında uğurlu işlər görülürdü. Bu da öz növbəsində yaranmış vəziyyətdə Heydər Əliyevin xilaskarlıq missiyasını həyata keçirə biləcək yeganə şəxsiyyət olduğunu təsdiqləyən ciddi arqument rolunu oynayırdı. İnsanların düşüncəsinə qəti olaraq belə bir ideya hakim kəsilmişdi ki, yalnız Ulu öndərin müdrikliyi, təcrübəsi, qətiyyəti ölkəni üzləşdiyi problemlərdən xilas edə bilərdi. Yalnız O, dövlətə uğurla rəhbərlik edə, xalqın sınmış ümidlərini bərpa edə bilər. Bununla da, Ümummilli liderə bağlı olan ümidlər, böyük inam Heydər Əliyevin hakimiyyətə qayıdışı zərurətinin insanların iradəsi şəklində formalaşmasının əsasını təşkil edirdi. Sözügedən kontekstdə insanlar Heydər Əliyevin hakimiyyətə qayıdışı yollarını axtararaq Onun rəhbərliyi altında yeni bir partiyanın yaranması ideyasına gəlib çıxdılar. Bu ideyanı Azərbaycanın 91 ziyalısı Heydər Əliyevə ünvanlanmış məşhur müraciətində ifadə etdi və bunun əsasında Ulu öndərin rəhbərliyi altında YAP yarandı. Partiyanın yaranması Heydər Əliyevə olan ümumxalq inamının daha da dərinləşməsinə və əslində, o dövrün ümummilli ideyasına çevrilməsinə gətirib çıxardı. YAP-ın yaranmasından sonra təbii olaraq Azərbaycanın hər bir vətəndaşı Heydər Əliyevin hakimiyyətə gəlməsinin zərurililiyini daha artıq şəkildə dərk edərək, bunu nəinki arzulamaq, həm də reallaşdırılmasını tələb etməyə başladı. Bu səbəbdən Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi xalqın istəyi və tələbi şəklində qavranılır.
Azərbaycanın gələcəyindən narahat olan, ölkənin taleyini düşünən, onun işıqlı sabahını arzulayan insanlar Heydər Əliyevin rəhbərliyi ilə yaranmış partiyanın sıralarında birləşdilər. Partiya qısa zaman ərzində Azərbaycanın siyasi arenasında güclü siyasi qüvvəyə çevrildi. Bunun ən bariz təsdiqi YAP təsis edildikdən təxminən 6 ay sonra Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı hesab edilə bilər. Digər tərəfdən, bu, YAP-ın tarixi zərurətdən yaranmasının təkzibolunmaz sübutu sayılmalıdır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçdi. Ölkənin ictimai-siyasi həyatında ən mütəşəkkil və güclü siyasi təşkilata çevrilən Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının alternativsiz seçiminə çevrildi. YAP-ın qısa müddət ərzində cəmiyyətdə böyük nüfuz qazanması Azərbaycan vətəndaşlarının Ulu öndər Heydər Əliyev siyasətinə, ideyalarına inamının, hörmət və ehtiramının ifadəsi kimi dəyərləndirilməlidir.
Bu gün də Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyaları əsasında fəaliyyət göstərməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu fəaliyyət göstərən YAP, təsadüfi deyil ki, qələbələr partiyası kimi tanınmaqdadır. Həmçinin YAP-ın Azərbaycan xalqına tam səmimiyyətlə xidmət etməsi də vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan vətəndaşları, seçicilər YAP-ın fəaliyyətindəki bu milli-mənəvi məramları dərindən dərk edirlər və buna adekvat şəkildə öz reaksiyalarını bildirirlər. Bu reaksiyanın bariz ifadəsindən biri də YAP-ın seçkilərdə böyük əksəriyyət tərəfindən dəstəklənməsidir. Nəhayət, YAP-ın uğurlarının, qatıldığı seçkilərdən qalib ayrılmasının çox ciddi səbəblərindən biri də partiyanın hər bir dövr üçün insanlar tərəfindən rəğbətlə qarşılanan konkret proqramla çıxış etməsindən ibarətdir. YAP heç zaman arxaya baxaraq hərəkət etmək niyyətində olmayıb. Təbii ki, biz öz keçdiyimiz yolla şərəf, qürur duyuruq. Hesab edirik ki, bu yol kifayət qədər zəngin və şərəfli yoldur.
Lakin o da faktdır ki, insanlar seçki kampaniyasında bu və ya digər siyasi partiyanı dəstəkləyib-dəstəkləməməsi barədə suala cavab axtararkən onun keçdiyi yoldan daha çox, hansı proqramı müəyyənləşdirdiyi, həmin proqramın yerinə yetirmək potensialına malik olub-olmaması üzərində düşünürlər. YAP olaraq biz keçmişimizlə qürur duymaqla yanaşı, daha çox irəliyə baxaraq fəaliyyət göstərmək niyyətimizi hər zaman açıq şəkildə ifadə etmişik. Bu niyyət yenə də Azərbaycan xalqına, insanına, vətəndaşına xidmət etməkdən ibarət olub.
Digər tərəfdən, Heydər Əliyev ideyaları əsasında fəaliyyət göstərən YAP insanlara təkcə vədlər verməklə kifayətlənməyib. Çünki tək vədlərlə hər hansı bir təşkilat insanları özünə inandıra bilməz. YAP eyni zamanda, keçdiyi yolla, qoyduğu izlə insanları verdiyi vədləri yerinə yetirməyə qadir olduğuna inandırmağa nail ola bilib. Eyni zamanda, YAP o vədləri verib ki, əvvəla, onlar real xarakter daşıyıb. İkincisi, YAP həmin vədləri həyata keçirmək imkanına malik olub. Zaman daim göstərib ki, partiyamız vədlərinə həmişə sadiq qalıb. Bu, YAP-ın artıq formalaşmış imicinə çevrilib. YAP-ın uğurlarının, qələbələrinin kökündə dayanan bu reallıqlar, bu amillər və faktorlardır.
Bir sözlə, Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarını öz fəaliyyətində ali dəyərlər kimi qəbul etməkdə və Azərbaycan xalqının milli maraqlarına uyğun fəaliyyət göstərməkdədir.
Heydər Əliyev ideyalarına sadiqlik Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir
- Bu gün Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində əhəmiyyətli işlər görülür. Həmçinin, Ulu öndər Heydər Əliyevin ideyaları milli inkişafımızın əsas amili qismində çıxış edir. Ümumiyyətlə, Heydər Əliyev irsinin Azərbaycanın hazırkı və perspektiv inkişafı kontekstində öyrənilməsi və təbliğinin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu gün müstəqil Azərbaycan Respublikası Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Şübhəsiz, bu kontekstdə Heydər Əliyev irsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün Heydər Əliyev irsi geniş miqyasda öyrənilir və təbliğ olunur. Bu, həm də Azərbaycanın hazırkı və perspektiv inkişafına mühüm fundamental töhfədir.
Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir. Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycan, eləcə də ölkəmizin dünyada özünə layiqli yer tutması deməkdir. Əgər Azərbaycan bütün bu hədəflərə çatıbsa, qarşıya qoyduğu məqsədləri yerinə yetirə bilibsə, yüksək ideallar uğrunda apardığı mübarizə çox əhəmiyyətli uğurlar silsiləsinin yaranması ilə nəticələnibsə, deməli, Heydər Əliyevin ideyaları layiqincə yerinə yetirilib, real həyatda öz təcəssümünü tapıb.
Heydər Əliyevin ideyaları Azərbaycanın gələcəyi ilə bağlıdır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu ideyalar indi ləyaqətlə və layiqincə həyata keçirilir. Azərbaycan xalqı birmənalı şəkildə 2003-cü il prezident seçkilərində Heydər Əliyevin ideyalarını dəstəklədi. Bu dəstək vətəndaşların prezident seçkilərində Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə verilən səslərdə təcəssümünü tapdı. 2008-ci və 2013-cü il prezident seçkilərində də Prezident İlham Əliyevin seçicilər tərəfindən dəstəklənməsinin çox ciddi əsaslarından biri xalqın Heydər Əliyev ideyalarına inamı olub. Beləliklə də, 2003-cü ildən bu yana Azərbaycan xalqı Heydər Əliyevin ideyalarına nəinki dərin sədaqətini ifadə edir, həmçinin bu sədaqətin ölkəmizin dinamik inkişafında təcəssümünü tapması üçün hər bir fədakarlığı da nümayiş etdirir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında, Onun müəyyənləşdirdiyi konsepsiyaya uyğun olaraq inamla inkişaf edir. Azərbaycan Prezidenti, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, partiyamızın Sədri cənab İlham Əliyev ölkəmizin sosial-iqtisadi yüksəlişini, eləcə də dövlətimizin milli maraqlarını təmin etməklə, beynəlxalq nüfuzunu artırmaqla Ulu öndərin ideyalarını yaşadır.
Cənab İlham Əliyevin 2003-cü ildə birinci dəfə Prezident seçildiyi gündən indiyə qədər biz ölkəmizdə hər addımbaşı Heydər Əliyev ideyalarına sədaqəti müşahidə edirik. Bu sədaqətin nəticəsi Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətlərin elə unikal kateqoriyasına məxsusdur ki, Onun əsasını qoyduğu siyasət Özündən sonra da yaşayır və layiqlidavamçısı tərəfindən uğurla gələcəyə daşınır
- Əli müəllim, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu barədə düşüncələrinizi bilmək istərdik...
- Heydər Əliyev böyük tarixi şəxsiyyətlərin elə unikal kateqoriyasına məxsusdur ki, Onun əsasını qoyduğu siyasət Özündən sonra da yaşayır və layiqli davamçısı tərəfindən uğurla gələcəyə daşınır. Tarixdə bu cür nümunələr o qədər də çox deyildir. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində silinməz izlər qoymuş nadir dövlət xadimlərindən biridir.
Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı hesab edir. Ümummilli liderin siyasətinin həyata keçirilməsi ölkəmizin uğurlarının əsası, rəhnidir. Heydər Əliyev tərəfindən yaradılmış bünövrə o qədər möhkəmdir ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və səyləri nəticəsində bu bünövrə üzərində nəhəng və əzəmətli bir bina - güclü və müasir Azərbaycan dövləti qurulmuşdur.
Bütün bunları daha yaxşı anlamaq üçün hər şeydən öncə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticələrinə toxunmaq lazımdır. 10 il ərzində Azərbaycan, sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçmişdir. İlk növbədə, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib. Ölkə iqtisadiyyatının sürətli inkişafı ÜDM-in 3,4 dəfə artımında ifadə olunub. Bu istiqamətdə dünya dövlətlərinin təcrübəsinə nəzər yetirsək, yəqin ki, 10 il ərzində iqtisadiyyatını 3 dəfədən çox artırmağa nail olmuş ölkə tapmaq olduqca çətin olar. İqtisadiyyatın 3 dəfədən çox artmasının fonunda digər sfera və sahələrdə də çox əhəmiyyətli və möhtəşəm dəyişikliklər baş verib. Təbii ki, iqtisadiyyatın inkişafı hər şeydən əvvəl, sosial rifahın yaxşılaşmasında ifadə olunur. Bu illər ərzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində də çox ciddi irəliləyişlər baş verib. Əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, gəlirlərin artımı müşahidə olunub və insanların həyat səviyyəsində müsbət göstəricilər qeydə alınıb.
Bundan əlavə, yoxsulluq səviyyəsi ciddi şəkildə aşağı salınıb, kifayət qədər yeni iş yerləri açılıb və əhalinin məşğulluğu yüksək səviyyədə təmin edilib. 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. Həmçinin yoxsulluğun aradan qaldırılması siyasətinin nəticəsi kimi, ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 6 faizə endirilib. Azərbaycana gələn mötəbər beynəlxalq təşkilatların, o cümlədən dünya dövlətlərinin, xüsusilə də, Asiya ölkələrinin nümayəndələri bu inkişafın nə qədər böyük rezonansa səbəb olduğunu birmənalı şəkildə etiraf edirlər. Bütövlükdə, bütün bunların fonunda insanların həyat səviyyəsinin yaxşılaşdırılması imkanları artırılıb.
Əgər biz Azərbaycan dövlətinin büdcəsinin artım tempinə də nəzər salsaq, burada da möhtəşəm bir tərəqqinin əldə olunmasını görə bilərik. Son on il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb. Bir daha dünya dövlətlərinin bu sahədəki təcrübəsinə nəzər salsaq, qısa müddətdə öz büdcəsini 10 dəfə artıra bilən bir ölkəyə rast gəlmək çox çətin olar. Ümumiyyətlə, bu gün Azərbaycanın iqtisadi potensialı Cənubi Qafqazın toplam iqtisadi potensialının 80 faizi civarındadır.
Azərbaycanın iqtisadi imkanlarının artırılması ölkəmizin simasının dəyişdirilməsi siyasətinin həyata keçirilməsi üçün ciddi əsaslar yaradıb. 10 il ərzində ölkəmizdə müşahidə etdiyimiz əzəmətli dəyişikliklərdən biri Azərbaycanın simasının yeniləşməsi və müasirləşməsi olub. İnsanların rahat və keyfiyyətli həyat tərzi üçün əlverişli şərait və imkanlar yaradılıb.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlətə çevrilib. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb. Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasını göstərən ən bariz nümunə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Eyni zamanda, ölkəmiz digər beynəlxalq qurumlarda da daha çox özünün milli maraqlarına müvafiq olaraq iştirak edir.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycanın iqtisadi gücü ölkənin hərbi qüdrətinə çevrilməkdədir. Bunu Azərbaycan ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasında, ordunun maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasında görmək olur. Bu gün Azərbaycan regionun ən güclü, qüdrətli ordusuna sahib olan ölkədir. Ölkəmizin ordu quruculuğuna kifayət qədər böyük vəsait sərf etməsi ilk növbədə, işğal altında olan torpaqlarımızın qısa müddətdə azad edilməsi məqsədi ilə bağlıdır. Vaxtilə Prezident İlham Əliyev "Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən çox olacaq" deyə bəyanat vermişdi və hazırda bu hədəf reallığa çevrilib.
Əlbəttə, bütün bunların hamısı son 10 il ərzində əldə edilən nailiyyətlərin qısa xülasəsidir. Beləliklə, Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb.
Bütün bunların məntiqi nəticəsi kimi əldə edilən uğurlar milli qürur hissini daha da artırıb. Azərbaycanda yeni bir cəmiyyət formalaşmışdır. Bu cəmiyyət müasirliyi, daxili birliyi, sabitliyi və gələcəyə inamlı baxışları ilə fərqlənir. Azərbaycan xalqı həmin cəmiyyətin qurucusu, dahi insan - Ulu öndər Heydər Əliyevi unutmur və heç zaman unutmayacaq.
Müsahibəni
apardı:
İxtiyar
HÜSEYNLİ
Azərbaycan.-2013.-11 dekabr.-S.2.