Böyük ədəbiyyat heykəli
Çingiz Aytmatov-85
Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, böyük ədəbiyyatın ən qüdrətli ustadlarından biri kimi qəbul olunur. Çingiz Aytmatov (1928-2008) dünya ədəbiyyatında yeni nəsrin əbədiyaşar yaradıcıları sırasına daxil olmuşdur. Bu böyük sənətkarın adı Ernest Heminquey, Markes, Folkner, Soljenitsın, Elis Munro və onlarca başqaları kimi dünyada əsərləri ən çox oxunan yazıçıların sırasında çəkilir. XX əsrin ikinci yarısında böyük ədəbiyyatda yeni tipli insan obrazının formalaşdırılmasında və təşəkkülündə Çingiz Aytmatovun əvəzsiz xidmətləri vardır.
Sovet rejiminin sərt ideoloji tələblərinə baxmayaraq, Çingiz Aytmatov sadəcə, əməli, işi ilə deyil, mənəvi aləminin bütün zənginlikləri, qəribəlikləri ilə yeni olan sadə insanı ciddi bir ədəbiyyat hadisəsi səviyyəsində təbii şəkildə təqdim etmək vəzifəsini bacarıqla həyata keçirmişdir. Sovet dövründə Çingiz Aytmatovun milli mövqeni, yeni insanı və bəşəri problemləri böyük ədəbiyyat miqyasında ifadə etməklə yanaşı, həm də əsərləri vasitəsilə nəşr etdirib dünyada yaya bilməsi sosializm dövrünün möcüzələrindən biri idi. Bəzi sovet yazıçıları kimi Çingiz Aytmatov da əsərlərində əks etdirdiyi problemləri bir qədər gərginləşdirərək Nobel mükafatı alıb ölkəni tərk etmək imkanını gerçəkləşdirə bilərdi. Lakin Çingiz Aytmatov sosializm cəmiyyətində yaşayıb, həm də sovet gerçəkliyinin sədlərini aşa bilən böyük ədəbiyyat yaratmağın təkrarsız nümunəsini göstərmişdir. Hətta bəzi Nobel mukafatı laureatları ilə müqayisədə Çingiz Aytmatovun əsərlərində dərin həyati proseslər siyasi motivlərdən daha çoxdur.
Çingiz Aftmatov Nobel mükafatı səviyyəsində yazıb-yaradan və Sovetlər İttifaqında qalıb yaşamağı bacarmış qüdrətli dünya yazıçısı idi. Fikrimcə, bu mənada Nobel mükafatı almamış Çingiz Aytmatovun xidmətləri bu böyük beynəlxalq mükafatın laureatlarından heç də az deyil. Dünyanın digər görkəmli yazıçılarının yaradıcılığına və fəaliyyətinə kölgə salmadan, əksinə, onlardan hər birinin əsərlərinə obyektiv şəkildə yüksək qiymət verməklə, həm də bu qənaətdəyəm ki, Çingiz Aytmatovun yaradıcılığı ilə dünya ədəbiyyatının yeni standartı meydana çıxmışdır. XX əsrin əvvəllərində ədəbiyyatda meydana çıxmış kiçik insanı hər yazıçı öz ölkəsində, Çingiz Aytmatov isə dünya ədəbiyyatı miqyasında böyük ədəbiyyatın əsas obrazına çevirə bilmişdir. Bəlkə də nə vaxtsa, dünyanın bu tipli ədəbiyyatı üçün də yeni bir beynəlxalq mükafat - Çingiz Aytmatov mükafatı da təsis ediləcəkdir.
Çingiz Aytmatovun əsərlərində və baxışlarında milliliklə bəşərilik vəhdət halındadır. Milliliklə bəşəriliyin dahiyanə harmoniyası Çingiz Aytmatov sənətinin özünəməxsusluğunu müəyyənləşdirir. Millilik və bəşəriliyin dialektik əlaqəsi və üzvi sintezi Çingiz Aytmatovun ümumdünya tarazlığı modelinin əsas dayaqlarını təşkil edir. Çingiz Aytmatov ədəbiyyatda insanı milli varlığı və bəşəri dəyəri ilə vəhdətdə təqdim etməyi zəruri saymış və yaradıcılığını bu harmoniya üzərində tarazlamışdır. Çingiz Aytmatovun yaradıcılığında millilik amili, ümumtürk ruhundan, qırğız etnik düşüncəsindən doğan və qlobal dünyanın hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin insani keyfiyyətlər şəklində təzahür edir. Beləliklə, Çingiz Aytmatovun yaradıcılığında ayrılıqda götürülmüş bir obrazın və ya xalqın timsalında bütovlükdə bəşər övladı üçün əhəmiyyətli olan problemlərin ümumiləşdirilməsi kimi məsuliyyətli və şərəfli vəzifə özünün orijinal bədii həllini tapmışdır. Dünya ədəbiyyatında milli ilə bəşərinin vəhdətini əks etdirmək yeni hadisə olmasa da, bu sahədə Çingiz Aytmatov öz modelini yaratmışdır. Çingiz Aytmatovun yaradıcılığında milli və bəşəri anlayışlarını geniş mənada insanlıq düşüncəsi birləşdirir. Hətta Çingiz Aytmatovun əsərlərində həm də özünü, millətini və dünyanı qavramış yazıçı mənəviyyatını da ifadə etmişdir. Tanınmış türk alimi, professor Ramazan Qorxmaz doğru olaraq yazmışdır ki, "Çingiz Aytmatov Simurq quşu kimi həm bütün insanlarda özünü, həm də özündə bütövlükdə insanlığı duymağa çalışır". Beləliklə, zəngin və dərin yazıçı dünyası milli düşüncə ilə bəşəri qavrayışı özündə cəmləşdirir. Bu məqamda Çingiz Aytmatov özü də geniş mənada əsərlərindəki milli və bəşəri düşüncələrin rəmzinə çevrilir.
Bundan başqa, Çingiz Aytmatovun ümumdünya tarazlığı modelinin daha bir özünməxsusluğu da bu dahi sənətkarın dünyadakı problemləri qan tökmək, müharibələrə təkan vermək yolu ilə deyil, mədəniyyəti, ədəbiyyatı ön mövqeyə çəkmək üsulu ilə həll etməyə hesablanmış dahiyanə çağırışları idi. Çingiz Aytmatovun 20 il əvvəl meydana çıxmış "Müharibə kultunun yerinə mütləq mədəniyyət gəlməlidir" - çağırışı bu gün dünənkindən də aktual səslənir. Millilik və bəşəriliyin Çingiz Aytmatov modeli insanlığa ədalət, sülh, birlik vəd edir.
Göründüyü kimi, Çingiz Aytmatov Asiya ağırlıqlı və Avropa meylli yazıçıdır. Böyük sənətkarın yaradıcılığında milli varlığın ifadəsi ilə bəşəri meyarların vəhdəti Asiya və Avropa düşüncə miqyasları hüdudlarında öz həllini tapır. Qırğız həyatının timsalında təqdim olunan Asiya gerçəkliyi və Avropa düşüncəsi əsasında ədəbi-bədii yanaşmalar onun yaradıcılığında üzvi sintez halında ifadə olunur. Çingiz Aytmatov öz əsərlərində milli dəyərlərlə bəşəri düşüncənin ideal balansını tapmışdır. O, bütün kökləri, nəbzi, qayəsi etibarilə ümumtürk təfəkküründən, qırğız ruhundan doğan dahiyanə bədii əsərlərində əsas ideyanı ifadə edərkən nümayiş etdirdiyi cəsarət, ümid bəslədiyi gələcək mənasında həm doğma xalqına və həm də ümumiyyətlə, insanlığa şərəflə xidmət etmişdir.
Çingiz Aytmatovun Asiya düşüncəsinin ana xətləri mənsub olduğu qırğız xalqının taleyinin və mənəvi dünyasının əsasında formalaşdırdığı dərin həyat fəlsəfəsində və ümumiləşdirmələrində əks-səda tapır. O, qırğız ellərinin və çöllərinin ruhunu bütün reallıqları və özünəməxsusluqları ilə böyük ədəbiyyatda canlandırmaqla bütövlükdə Orta Asiya coğrafiyasının ümumiləşmiş obrazını yaratmışdır. Dünya xalqları Qırğızıstanı və Orta Asiyanı Çingiz Aytmatovun əsərləri vasitəsilə xəritədəkindən də yaxından tanımaq imkanı əldə etmişlər. Bu mənada ümumtürk təfəkkürünün möhtəşəm daşıyıcısı olan Çingiz Aytmatov ilk növbədə qırğız ruhunun böyük ədəbiyyat heykəlidir. O, mənsub olduğu xalqı və ölkəni ana torpaq və insan haqqında bəşəri düşüncə səviyyəsində təqdim etmək istedadı ilə dünya ədəbiyyatı məkanına daxil olmuşdur.
Çingiz Aytmatov "Manas" dastanından doğulan, əsərləri ilə yeni tipli Manas fəlsəfəsi və müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkirdir. Obrazlı şəkildə desək, insanlığa xidmət edən ölməz əsərləri ilə birlikdə Çingiz Aytmatov dünyanın ən uca zirvələrindən biri olan Tyan Şan dağlarında bədii sözün qüdrətinə, böyük ədəbiyyata ucaldılan möhtəşəm abidədir. Onun yüksək və təkrarsız istedadının məhsulu olan bədii əsərləri qitələri, ölkələri, xalqları yaxınlaşdıran və doğmalaşdıran böyük sənət körpüləridir. Çingiz Aytmatovun "Əsrə bərabər gün" əsəri ideyası və bədii-sənətkarlıq xüsusiyyətləri etibarilə XX əsrin ən möhtəşəm epopeyasıdır. "Əsrə bərabər gün" romanının qəhrəmanı Boranlı Yedigey dünya ədəbiyyatında bənzəri olmayan, bütöv bir epoxanı, nəhayət, mənsub olduğu xalqın və məmləkətin taleyini ümumiləşmiş şəkildə əks etdirən nadir bədii obrazdır. Nayman Ana milli kimliklərin unutdurulması proseslərinin yaşandığı dünyada yenidən oyanıb özünə "Mən kiməm" sualını verib, cavab axtaran insanlığın milli-mənəvi özünədərkinin tamam yeni bədii təcəssümüdür. "Əsrə bərabər gün" romanı dünya ədəbiyyatının son bir əsrlik dövrünün möhtəşəm yekunu, yenidən özünüdərkə qayıtmağa can atan müasir epoxanın ədəbiyyatının start nöqtəsidir.
Çingiz Aytmatovun
düşüncəsində Avropa meyli onun əsərlərində
siyasi və mənəvi əsarətin gərginliklərini, əzablarını,
milli azadlığın çətin və əzablı
yollarını böyük cəsarətlə ifadə etmək
bacarığında öz əksini tapmışdır. O,
milli-mənəvi özünüdərki hər bir xalqın, o cümlədən
qırğız xalqının böyük
borcu və amalı səviyyəsində
təqdim etmişdir. Sovet
imperiyasının sərt rejimi çərçivəsində
bütövlükdə insan və ya konkret bir
millət haqqında taleyüklü böyük ideyalları əks etdirmək Çingiz Aytmatovun qəhrəmanlığı
idi.
Asiya gerçəkliyi haqqındakı böyük ədəbiyyata örnək olan, milli və bəşəri mövqenin sintezi əsasında yazılmış əsərləri ilə Çingiz Aytmatov geniş mənada Avropanı və ümumiyyətlə, dünyanı təəccübləndirməyi və düşündürməyi bacarmışdır. Çingiz Aytmatov postsovet dövrü ədəbi-ictimai fikrinin axırıncı böyük ədəbiyyat mogikanıdır.
Janrından asılı olmayaraq
Çingiz Aytmatovun bütün əsərlərində roman
ağırlığı var. Çingiz
Aytmatov dünyanı roman
miqyasında qavrayan və ifadə edən
qüdrətli yazıçıdır. Görkəmli sənətkarın
həcminə görə povest kimi görünən əsərləri əhatə
etdiyi problemlərə və maraqlı,
keşməkeşli insan taleyini
əks etdirməsinə görə ciddi roman təəssüratları yarada
bilir. "Cəmilə",
"Əlvida, Gülsarı", "Ana
tarla", "İlk
müəllim" kimi kiçik
povestlərin daşıdığı böyük
ideya-mənəvi yük cild-cild
romanlarla müqayisədə ağır gələr.
Bu əsərlərlə dünya
ədəbiyyatı yeni süjetlərlə
və obrazlarla təzələnmiş və
zənginləşmişdir. XX əsrin əllinci illərində,
otuz yaşlı Çingiz
Aytmatovun yaratdığı Cəmilə
obrazı təkcə sovet ədəbiyyatında
deyil, bütövlükdə dünya ədəbiyyatında yeni
hadisə səviyyəsində
qarşılanmışdır. Təsadüfi deyildir
ki, məşhur fransız
yazıçısı Lui Araqon "Cəmilə" povestini
"dünyanın ən gözəl eşq
hekayəsi" kimi dəyərləndirmişdir.
Qazax ədəbiyyatının
klassiki Muxtar Auezovun "Literaturnaya qazeta"nın 23 oktyabr
1958-ci il tarixi nömrəsində çap etdirdiyi "Cəmilə"
povesti haqqında təəssüratlarını əks etdirən
"Yolun açıq olsun" adlı məqaləsi
Çingiz Aytmatovun böyük ədəbiyyata təqdimatı
kimi mühüm əhəmiyyət kəsb etmişdir. Məqalədə
deyilirdi: "Cəmilə" Çingiz Aytmatovun ilk əsəri deyildir... Məncə
"Cəmilə" ilə özünəməxsus parlaq istedadını nümayiş
etdirən bu əsərində Aytmatovun təsvir etmək gücünün
yüksək bir noqtəyə
çatdığı qəti şəkildə görünür... Doğrusu, Çingiz
Aytmatovun qırğız ədəbiyyatına
bir yenilik kimi daxil olan
ən mühüm özünəməxsusluğu
insanın duyğularını və münasibətlərini yad bir şəxs kimi deyil, onları tam mənası ilə anlayan
bir gözlə, son dərəcə
təbii bir şəkildə
canlandırmasıdır."
Çingiz Aytmatovun digər əsərləri və qəhrəmanları da dünyada yeni ədəbiyyatın bənzərsiz təzahürləri olaraq qəbul edilmişdir. Cəmilə, Daniyar, Sadıq, Tolunay, Aysel, Altınay, Baytemir, Toğulan, Altın və başqaları Çingiz Aytmatovun nadir istedadından və dərin müşahidələrindən doğulan yeni tipli obrazlardır. Çingiz Aytmatovun yaratdığı obrazlar sovet ədəbiyyatında model kimi qəbul edilmiş müsbət qəhrəman və mənfi obraz qəlibini aşıb keçən, bu ideoloji formatın fəlsəfəsini dağıdan hadisədir. Çingiz Aytmatovun ədəbiyyatda sovet adamını yox, sadəcə olaraq təbiiliyi və gərginliyi ilə insanı təsvir etmişdir. Tanrı dağlarının ətəklərində, yovşanlı çöllərdə yaşayıb çalışan bu adi insanların taleyində bütövlükdə insanlığın taleyi və düşüncələri öz əksini tapmışdır. Beləliklə, Çingiz Aytmatovun əsərləri, ideyaları və obrazları ilə dünya da, dünya ədəbiyyatı da irəliyə doğru dəyişikliklər prosesi yaşamalı olmuşdur. Dəyişilməkdə olan dünyanın yeniləşmə proseslərinin çox mükəmməl ədəbiyyatını Çingiz Aytmatov yaratmışdır.
Geniş mənada bütöv bir
sistem halında Çingiz Aytmatovun əsərlərinin
hamısı bir yerdə son yüzilliyin ən möhtəşəm
epopeyasıdır. Bütövlükdə,
bəşəriyyət, xüsusən də,
qırğız xalqı həmin çoxcildlik
və dərin mənalara malik
Çingiznamədə özünün
dünənini tapdığı kimi, bu gününü də
güzgüdə olduğu kimi görə, sabahına gedən yolları da müəyyən edə bilir.
Yer
kürəsinə Qırğızıstanla ərazi etibarilə
Qazaxıstanı qovuşduran və Orta Asiya ilə əlaqələndirən
Talas vadisindən baxan
Çingiz Aytmatov XX əsrə
gətirdiyi süjetlər, ideyalar və obrazlarla dünyada yeni ədəbiyyat təfəkkürü
formalaşmışdır. Dünya
ədəbiyyatının fonunda möhtəşəm
ədibin əsərləri əzəmətli bir
abidənin pyedestalı, bu əsərlərin
müəllifi olan qüdrətli
yazıçı Çingiz Aytmatov isə onun heykəlidir.
Bu möhtəşəm ədəbiyyat
abidəsinin baş memarı da Çingiz Aytmatovdur.
Manasın böyük oğlu Çingiz Aytmatovun adı və əsərləri Azərbaycanda da məşhurdur. Azərbaycan Çingiz Aytmatovun əsərlərində əks etdirdiyi ideyaların, tarixi-mənəvi proseslərin tale ortağıdır. Dünya ədəbi-ictimai fikrinin qüdrətli təmsilçisi, qırğız ədəbiyyatının görkəmli klassiki Çingiz Aytmatovun əsərləri Azərbaycanda ana dilində yazılmış bədii ədəbiyyatın ən qiymətli nümunələri kimi oxunur. Çingiz Aytmatovun demək olar ki, bütün əsərləri Azərbaycan xalqının dəyərli mənəvi sərvətinə çevrilmişdir. Bakıda 2008-ci ildə keçirilmiş Çingiz Aytmatov həftəsi xalqlarımızın və ədəbiyyatlarımızın qardaşlığının, ölkəmizdə böyük sənətkara bəslənilən xüsusi ehtiramın daha bir hadisəsi olmuşdur. Vaxtilə xalq şairi Bəxtiyar Vahabzadənin Çingiz Aytmatovdan "qan qardaşı" kimi söz açması bütövlükdə Azərbaycan xalqının böyük yazıçıya bəslədiyi ümumxalq ehtiramını ifadə edir. Bəxtiyar Vahabzadə böyük qürurla yazırdı ki: "Aytmatov hər şeydən öncə, mənim qan qardaşımdır. O, qırğız torpağının əli qələm tutan Batır Manası olmaqla yanaşı, həm də bütün türk dünyasının üzünü ağ edən XX əsrin klassikidir... Aytmatov qələminin sehri, ecazı dünya ədəbiyyatına misilsiz incilər bəxş edib... Çingiz Aytmatov mənim üçün yaş həddinə sığmayan, əsərlərilə çoxdan əbədiyyətə qovuşan sənət cəngavəridir".
Dəfələrlə ölkəmizdə
olmuş Çingiz Aytmatov Azərbaycan xalqı və mədəniyyəti
haqqında qiymətli fikirlər söyləmişdir. O, Azərbaycanın böyük
demokrat yazıçısı Cəlil Məmmədquluzadənin
yaradıcılığını yeni nəsrin
mühüm hadisəsi kimi
dəyərləndirmişdir. Çingiz Aytmatovun qüdrətli Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatındakı yeri və yaradıcılığındakı
novatorluq barəsində 1967-ci ildə deyilmiş aşagıdakı fikirləri
yazıçı təəssüratından çox
mütəfəkkir bir şəxsiyyətin
dərin düşüncəsini aydın şəkildə
ifadə edir: "Müasir
dövrdə milli ədəbiyyatların,
xüsusən də, bədii nəsrin inkişafında Cəlil
Məmmədquluzadə yaradıcılığının əhəmiyyətini
dəyərləndirməmək mümkün
deyildir. O, türk
xalqları ədəbiyyatında realist nəsr
məktəbinin əsasını qoymuşdur.
Böyük sənətkar həm də alovlu satirik, mükəmməl
ruhlu yazıçı və sosioloq kimi də
çıxış edir. O, bütün hallarda yeniləşməyə
nail ola bilmişdir".
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində bədii nəsr sahəsində görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin göstərdiyi hünəri keçən yüzilliyin ikinci yarısından sonra özünəməxsus cəsarət və uzaqgörənliklə böyük qırğız ədibi Çingiz Aytmatov nümayiş etdirmişdir. Nəticə etibarilə Molla Nəsrəddin təxəllüsü ilə böyük şöhrət qazanmış Cəlil Məmmədquluzadə və Manasın böyük oğlu olaraq qəbul edilmiş Çingiz Aytmatov dünyada yeni nəsrin böyük qurucuları kimi dərin iz qoymuşlar.
Çingiz Aytmatovun Azərbaycan yazıçılarından Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar və başqalarının yaradıcılığına verdiyi yüksək qiymət Azərbaycan ədəbiyyatında gedən mühüm dəyişikliklərin fonunda yaranan böyük ədəbiyyatın obyektiv şəkildə dəyərləndirilməsi ilə yanaşı, həm də ədəbiyyatımızın geniş miqyasda təqdim olunmasına da xidmət etmişdir. Qüdrətli sənətkarın xalq şairi Bəxtiyar Vahabzadə, xalq yazıçısı Anar, Şahmar Əkbərzadə, Hidayət, Hüseynbala Mirələmov, Cəmil Əlibəyov və başqaları ilə dostluğu xalqlarımız arasındakı çoxəsrlik əlaqələrin yeni mərhələsini təşkil edir. Azərbaycanın xalq yazıçısı Anar çox haqlı olaraq yazır ki, Çingiz Aytmatovla "biz də qürur duyuruq". Türk xalqlarından hər biri Çingiz Aytmatovu öz xalqının doğma yazıçısı olaraq qəbul edir. Çingiz Aytmatov dünyada oxşar taleləri yaşayan, insan, zaman, cəmiyyət və gələcək haqqında eyni düşüncədə olan xalqların hamısının yazıçısıdır.
Görkəmli dövlət xadimi
Heydər Əliyevin böyük siyasətdəki yeri və
xalqına xidmətləri haqqında Çingiz Aytmatovun
aşağıdakı fikirləri keşməkeşli bir
epoxanın fonunda qüdrətli bir şəxsiyyət barəsində
roman səviyyəsində ifadə olunan dərin mənalı
ümumiləşdirmələr kimi səslənir. "Heydər
Əliyev həqiqətən də, tarixi,
hətta əfsanəvi bir şəxsiyyətdir.
Bu, sovet dövründə
də belə idi, bugünkü
MDB məkanında, xeyli çətinləşmiş
müasir dünya
şəraitində də belədir. Heydər Əliyev hər
zaman xalqının xidmətində olmuşdur.
Heydər Əliyev və onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin təcrübəsinin və humanitar dünya görüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir!"
Eyni zamanda, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev də
böyük yazıçı və ictimai xadim Çingiz
Aytmatovun şəxsiyyətinə və xidmətlərinə
yüksək qiymət vermişdir: "Dünya ədəbiyyatı
xəzinəsinə gözəl əsərlər bəxş
etmiş Çingiz Aytmatov həm
Qırğızıstanın, həm də bütün türk
dünyasının fəxridir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə dünya şöhrətli yazıçı Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etməsi bütövlükdə bu böyük söz ustadına, onun ölməz sənətinə Azərbaycanda verilmiş yüksək qiymətlə yanaşı, həm də bəslənilən ümumxalq ehtiramını əyani şəkildə ifadə edir. Prezident İlham Əliyevin 25 fevral 2008-ci il tarixdə Bakıda "Dostluq" ordeninin təqdimetmə mərasimindəki aşağıdakı fikirləri Çingiz Aytmatovun Azərbaycana münasibətinin dərin mahiyyətini aydın surətdə mənalandırır: "Siz həmişə, bütün dövrlərdə Azərbaycanın dostu olmuşsunuz. Bu sovet dövründə də belə olub, ...müstəqillik dövründə də... Çətin anlarda siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demisiniz".
Azərbaycan teatrları Çingiz Aytmatovun irsinə müraciət etmişlər. Böyük ədibin görkəmli qazax yazıçısı Muxtar Şaxanovla birlikdə yazdığı əsərlər də Azərbaycan teatr səhnəsində nümayiş etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında 2013-cü ildə Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı əsasında hazırlanmış "Manqurt" tamaşasının səhnəyə çıxarılması ölkəmizin mədəni həyatında əlamətdar hadisə olmaqla bərabər, həm də milli-mənəvi özünüdərk proseslərinin daha da dərinləşməsində böyük ədibin qiymətli irsindən müxtəlif formalarda istifadə ənənəsinin davam etdirilməsinə nümunədir.
Çingiz Aytmatovun həyatı və yaradıcılığının elmi şəkildə tədqiqi sahəsində də ölkəmizdə müəyyən addımlar atılmışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilmiş məqalələr və xatirələr toplusu Azərbaycan aytmatovşünaslığının ümumiləşdirilmiş təqdimatlarından biridir. Son illərdə yeni elmi nəslin çap etdirdiyi kitablar, müdafiə olunmuş dissertasiyalar Çingiz Aytmatov sənətinə elm səviyyəsində yanaşmanın uğurlu başlanğıcıdır. Bütün bunlarla bərabər, Çingiz Aytmatov və Azərbaycan mövzusu geniş və sistemli bir tədqiqatın, ədəbi əlaqələr üzrə qiymətli bir monoqrafiyanın mövzusu ola bilər.
Çingiz Aytmatovun böyük idealları və ölməz əsərləri yeni dünyanın inkişafına, ölkələrimiz və xalqlarımız arasındakı dərin bağlılıqların daha da möhkəmləndirilməsinə şərəflə xidmət edir. Planetimizdə yeni dünya təfəkkürünün formalaşmasında mühüm rolu olan Çingiz Aytmatovun ölməz əsərləri və idealları həmişə müasir cəmiyyətin və insanlığın yollarına gur işıq salır.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
Azərbaycan.-2013.-
11 dekabr.- S.6.