AZƏRBAYCAN
ZİRVƏSİ
Azərbaycan Respublikası Milli Məclisinin
böyük iclas salonu...
Çağdaş tariximizdə yeri xüsusi olan bir məkanda, illər əvvəl Ulu Öndər Heydər Əliyevin tikib-ucaltdığı, acılı-şirinli günlərimizə şahidlik etmiş divarların əhatəsində 2013-cü ilin xoş bir payız günü, Prezident İlham Əliyevin andiçmə mərasiminə toplaşmışıq...
Prezidenti gözləyirik - dövlətə və xalqa növbəti sədaqət andını içərək, şanlı missiyasının yeni mərhələdə davamına başlayacaq...
Ətrafa nəzər sala-sala həm də
yaddaşıma üz tuturam. Bu divarlar, bu məkan nələrin şahididir... Siyasi qovğalar, məmləkəti uçuruma
aparan ambisiyalar, ərazi itkilərinə rəvac verən
intriqalar, ən nəhayət, Azərbaycanın "olum, ya
ölüm" seçimi qarşısında qalarkən ən
doğru yolu müəyyənləşdirərək,
Qurtuluş missiyasının başlanması da bu məkanın
xatirələr silsiləsindədir.
Bəli,
müasir tariximizin ən məşəqqətli səhifələrinin
yazıldığı bu məkan indi inkişaf salnaməmizin
ən uğurlu fəslinin başlanmasına şahidlik
edirdi...
"Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan
heç vaxt tarixdə bu qədər güclü
olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər
möhkəm olmamışdır. Biz
hamımız bundan sonra da çalışmalıyıq və
çalışacağıq ki, ölkəmizi inkişaf
etdirək, müstəqilliyimizi əbədi, dönməz edək"
- inauqurasiya nitqi zamanı Prezidentin səsləndirdiyi bu kəlmələri
qürurla dinləyib alqışladığım zaman anidən
Azərbaycanın bütöv tarixi kino lenti kimi gözlərimin
önündən keçdi.
Ulu
Öndəri düşündüm - Onun işıqlı
çöhrəsini, gülümsər gözlərini...
İllərin o üzündən eşidilən qətiyyətli
səsini duydum. Bu günün möhtəşəm nailiyyətlərinin
müjdəsi Onun 20 il öncəki nitqində
belə verilirdi: "Azərbaycanın tutduğu yol müstəqil
Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət
qurmaq yoludur. Biz bu yolla gedirik və gedəcəyik.
Bizi bu yoldan heç kəs döndərə bilməyəcəkdir!
...Bütün Azərbaycan vətəndaşlarına
üzümü tutaraq bir daha deyirəm: indi Azərbaycanın
müstəqilliyi xalqımızın öz əlindədir. Bu gün bir daha bəyan etməliyik ki, Azərbaycanın
müstəqilliyi daimidir, əbədidir, dönməzdir və
bu yolda hamımız əl-ələ verərək
çalışmalıyıq!"
Ulu Öndəri düşündüm - 1993-cü ilin,
ağır, təlatümlü günlərində xalqın
ürəyində közərtdiyi bu ümidlərin illər
sonra tam reallığa çevrildiyi yerdə, Onun
özünün ömrün bivəfalığından cismən
iştirak edə bilməməsi, qəlbimi sızlatdı.
"Kaş
bu kəlmələrin səsləndiyi anlarda Heydər
Əliyev də önümüzdə olsaydı" deyə xəyal
etdim... O da bu sözləri sağlığında öz
davamçısından duya biləydi, Azərbaycanın
minillik tarixi boyu gəlib çatdığı bu möhtəşəm
günün sevincini Heydər Əliyev də bizimlə birgə
yaşayaydı...
Amma elə
o an da insanın cismani dünyasının
faniliyini, əbədi ömrünsə hər kəsin əməllərinə
köçdüyünü, qurub-yaratdıqlarında əbədiləşdiyini
xatırladım. 20 il sonra müstəqil Azərbaycanın
milli dövlətçilik tariximizdəki ən qüdrətli
mərhələyə çatması barədə Prezident
İlham Əliyevin səsləndirdiyi qətiyyətli kəlmələr
bu anda sadiqliyin, Azərbaycan xalqının Heydər Əliyev
ideyalarına olan inamının, on illər ərzində bu
ideyaların işığında üst-üstə yüksəlib
bu günün Azərbaycanının sarsılmaz
bünövrəsinə çevrilmiş nəcib əməllərin
təntənəsi idi.
Xəyalən
bu əməllərin hamısını bir yerə
toplayıb, eyni şəkildə təsəvvür edirəm:
müstəqil Azərbaycan dövləti və bu dövləti
kərpic-kərpic ucaltmış Heydər Əliyevin əzəmətli
surəti gözlərim önündə bütün möhtəşəmliyi
ilə canlanır.
Haradan
baxıramsa, Azərbaycanda Heydər Əliyevi görürəm,
Heydər Əliyevdə isə Azərbaycanı...
Tanrının
birgə yazdığı tale kimi, əməllərlə
yüksəldilmiş əbədiyyət abidəsi kimi...
O,
bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə
həsr etmişdi və indi gündən-günə daha da
güclənən, inkişaf edən müstəqil Azərbaycan
dövlətinin qazandığı hər bir uğur Heydər
Əliyevin ömrünün davamıdır.
Və bu həqiqət Heydər Əliyevsiz on ilin xiffətini
unutduran ən böyük təsəllidir.
Ötən əsrin 30-cu illərinin Azərbaycanında
doğulanları ümumi tale birləşdirir. Stalin
repressiyası dövründə dünyaya gəldik. Doğmalarımızın bizə zillənmiş
sevgi, mərhəmət, şəfqət dolu
baxışlarında qəribə bir qorxu və inamsızlıq
da vardı. İndiki nəslin, şükürlər ki,
təsəvvürə belə gətirə bilməyəcəyi
belə ürkək baxışlar o illərdə
insanların iç dünyasında yaşanan vahimənin,
sabaha olan inamsızlığın, qeyri-müəyyənliyin,
ümidsizliyin izharı idi.
İnsanlar sevmədikləri, qorxub çəkindikləri,
qəlbin dərinliyində isə nifrət bəslədikləri
bir sistemə, bir rəhbərə kor-koranə itaət etməyə
məhkum idilər.
İkinci cahan savaşının keşməkeşlərində
böyüdük. Hər gün cəbhədən
doğmalarımızın qara kağızını gözləyə-gözləyə,
gündüzlər tarlalarda ailə üzvlərimizlə
birlikdə sümüklərimiz sızlayana qədər
çalışıb, gecələr qara çıraq
işığında kitablar aləminə baş vura-vura
yaşa dolub dünyanı dərk etməyə başladıq
və belə bir dünyanın içərisində xoş gələcəyin
xəyallarını qurduq...
Gəncliyimiz sovet dövrünün ən çətin
sosial mərhələsinə düşdü. Biz kommunist
rejimində yaşayan, Ümumittifaq sosialist dövlətinin tərkibində
müstəqilliyini itirmiş, ancaq bəzi dövlətçilik
atributlarına malik Azərbaycanın vətəndaşları
idik. Xalq həmin dövrdə mövcud
şəraitə uyğunlaşsa da, insanların bir qisminin
müstəqillik, milli azadlıq hisslərini itirmədiyini,
xalqın bu hissləri daxilində
yaşatdığını, qeyri-müəyyən, məchul,
xəfif şəkildə də olsa, milli azadlığa,
istiqlala can atdığını duyub-hiss etmək olardı.
Cəmi
bir neçə il keçəcək, xalqın istiqlal ruhunun
tərcümanı olan Milli Lider - Heydər Əlirza oğlu
Əliyev hakimiyyətə gələrək belə bir
qeyri-müəyyənliyin, məchulluğun içindən gələcəyə
doğru aydın yol müəyyənləşdirməklə
bu meyli gələcək müstəqilliyin sosial-iqtisadi, mədəni-siyasi
əsaslarına çevirəcəkdi.
Respublikanın iqtisadiyyatı yüksək sürətlə
inkişaf etdiriləcək, xalqımızın mədəni,
təhsil səviyyəsi yüksələcək, Azərbaycanda
böyük iqtisadi, sosial və mədəni-intellektual
potensial yaranacaqdı.
Azərbaycanda 15 iyun təqvimdə Milli Qurtuluş
Günü kimi təsbit edilmişdir. Əlbəttə, bu, 1993-cü ilin
iyununda yaşanan ağır günlərin, 15 iyun günü
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin,
xalqımızın xilası naminə hakimiyyətə
qayıdışı faktının tarixi mahiyyətindən
irəli gəlir.
Amma etiraf edim ki, Azərbaycanda Qurtuluş
Gününün 15 iyundan götürülməsi ilə tam
razı deyiləm. Çünki, fikrimcə, Azərbaycanın Qurtuluş
Günü, əslində, Heydər Əliyevin Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri vəzifəsinə təyin edildiyi
1967-ci ilin 21 iyun günündən başlanır. Heydər
Əliyev bu vəzifədə ilk azərbaycanlı idi və
Heydər Əliyevin şəxsində ilk azərbaycanlının
belə bir strukturda ən yüksək mərtəbəyə
gəlib çatması, Azərbaycanın qurtuluşunun, ilk
növbədə, şüurlarda başlanması, təfəkkürlərdəki
qadağa buzunun əriməsi, milli düşüncənin
qüdrətli bir himayədar qazanması sayıla bilərdi.
1969-cu ilin 14 iyul günü Ulu Öndərin Azərbaycana
rəhbərlik missiyasını üzərinə
götürməsi isə milli dövlətçilik
mübarizəmizin ən müəzəffər tarixi zəfəri
oldu.
Heydər Əliyev birinci dəfə hakimiyyətə
çətin bir zamanda gəlmişdi. Onda Azərbaycan
iqtisadi və mədəni tənəzzül
dövrünü yaşayırdı. Azərbaycana
SSRİ-nin ucqar əyalətlərindən biri, uçuz xammal
mənbəyi kimi baxırdılar. Ölkənin
inkişafı qeydinə qalan yox idi. 1960-cı
illərin sonlarına doğru vəziyyət lap çətinləşmişdi.
Sosial-iqtisadi həyatın bütün sahələrində
geriləmə addımbaşı özünü hiss
etdirirdi. Mənfi meyillər güclənərək
getdikcə daha dərin kök salırdı. Gizli qrupların hakimiyyət uğrunda mübarizəsi
getdikcə daha eybəcər şəkil alırdı. Ən ağrılısı isə cəmiyyətin
mənəvi-pxisoloji durumunda təzahür edən
aşınma meyilləri idi. Respublikada
kosmopolit bir hava duyulurdu. Milli kadrların
hazırlanması, milli dilin inkişaf etdirilməsi və
istifadə olunması, dövlət idarəetmə
strukturlarında azərbaycanlıların irəli çəkilməsi
barədə danışmağa belə dəyməzdi. Bu yöndə irəli sürülən təşəbbüslərin
qarşısı dərhal alınırdı.
Azərbaycan ictimai fikrinin inkişafında əhəmiyyətli
rol oynayan Bakı kimi böyük mədəniyyət mərkəzləri
"beynəlmiləlçi" yanaşmanın təsiri
alında öz milli simasını itirirdi. Əyalətlərdən
öz arzularının ardınca Bakıya, başqa
böyük şəhərlərimizə gəlmiş gənclər
buralarda özlərini tapa bilmirdilər, illərlə kirayələrdə
ömür sürür, özlərinə ev,
ocaq qura bilmir, yad, ögey münasibətlərin mühitində
depressiyaya qapılırdılar.
Cəmiyyətdə ədalət meyarları
aşınmışdı. Halal-haram bir-birinə
qarışmışdı. Dövlət
strukturlarındakı havadarların dəstək verdiyi gizli
sexlərin fəaliyyəti hesabına kölgə
iqtisadiyyatı tüğyan edirdi. Belə
bir zamanda Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin
birinci işi respublikada iqtisadi potensialın
dağılmasının, ictimai-siyasi həyatda
yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji
vəziyyətinə mənfi təsirinin
qarşısını almaqdan ibarət olmalı idi. Heydər Əliyev milləti siyasi müstəqilliyinə
doğru aparan ilk addımın onun iqtisadi
azadlığından irəli gəlməsinin, təbii ki, fərqində
olmaya bilməzdi və belə bir azadlığın əldə
olunmasından ötrü O, dinclik bilmədən
çalışırdı.
Heydər
Əliyev keçmiş SSRİ-nin inkişaf baxımından ən
geridə qalmış, insanları kasıblıq, qıtlıq
içində min bir zillət çəkən ölkəsini
təhvil aldı, cəmi bir neçə il içərisində
Azərbaycanı İttifaqın 3 ən qabaqcıl
respublikalarından birinə çevirdi!
O
dövrdə Heydər Əliyevin rəhbərliyi altında
görülmüş işlər barədə təfsilatı
ilə söhbət açmaq, faktları ard-arda sıralamaq
üçün cild-cild kitablar yetməz. Bir məqalədəki
təəssüratlarımız həcmində isə
bütün bu faktları, təfərrüatları ümumiləşdirirək,
yalnız onu qeyd edə bilərik ki, Onun yorulmaz fəaliyyəti
nəticəsində 1969-1982-ci illər - baş verən dəyişikliklərin
miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə
və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə
keçməsinə görə Azərbaycanın milli
dövlətçilik tarixinin o dövrədək ən parlaq
səhifələri idi...
Heydər Əliyev şəxsiyyəti, Onun Azərbaycan
tarixindəki yeri və rolu xalqın əsrlər boyu
toplanmış milli enerjisinin, tarix boyu qazandığı mənəvi
nailiyyətlərin, milli ruhunun seçkin insanların
ömürlüyündən yol gələ-gələ konkret
liderin həyat və fəaliyyətində ən yüksək
zirvəsinə çatması idi.
Bəli,
Heydər Əliyev Azərbaycan tarixinin min illər ərzində
ömürlərdən-ömürlərə əmanət
edib boya-başa çatdırdığı, hər
işıqlı ömürdən bir zərrə pay verib
yetirdiyi - dünyanın ən böyük azərbaycanlısı
idi!
Dədə
Qorqud müdrikliyi, Babək əzmi, Nizami Gəncəvi bəsirəti,
Şah İsmayıl ruhu, Abbasqulu ağa Bakıxanov, Mirzə
Fətəli Axundov, Həsən bəy Zərdabi ziyası, Azərbaycan
Xalq Cümhuriyyətini qurub-yaratmış zəka sahiblərimizin
vətənpərvərliyi və idrakı Heydər Əliyev
şəxsiyyətində təcəlla tapmışdı.
Ulu
öndərin hər əməlində bu insanlardan, onların
ideallarından bir nişanə var. Amma fərq ondadır ki,
Heydər Əliyev bu dəyərli böyüklərimizin
axıra yetirə bilmədiyi müqəddəs vəzifələri
məntiqi sonluğuna uğurla çatdıra bildi!
Həzrəti-Məhəmməd
(ə.s.) buyururdu ki: "Bir gün ədalətlə iş
görmək, altmış il ibadət etməkdən
üstündür".
İndi
özünüz təsəvvür edin: 60 il ədalətlə
iş görən KİŞİnin - Heydər Əliyevin mənəvi
ibadətinin müddəti nə qədərdir?!.
Heydər Əliyev öz əməlləri ilə zəmanəsinin
ən adil insanı idi. O, cəmiyyətə ədalət gətirdi. Hansısa sahədə irəli getmək, müəyyən
bir mövqe sahibi olmaq üçün istedadı, bilik və
bacarıqları, mənəvi-əxlaqi keyfiyyətləri
yeganə meyara çevirdi, öz imkanlarını ifadə etmək
istəyən hər kəsə meydan açdı, şərait
yaratdı.
Heydər
Əliyev sıravi Azərbaycan insanının təknəsinə
çörək verdi, insanların
gündəlik dolanışığını yüksəltdi,
süfrələrə ruzi-bərəkət gətirdi,
insanların əyin-başı, tələbatları, həyat
tərzi dəyişdi, müasirləşdi.
Azərbaycan kəndlisi əsrlərdir
yaşadığı qara damlardan, palçıq daxmalardan
yavaş-yavaş çıxdı. Onun sayəsində, kəndlərimizdə
ilk dəfə ikimərtəbəli, kürsülü daş
evlər dikəldi, aradan keçən aylar-illər belə
evlərin sayını artırıb yan-yana sıraladı.
Ölkəni başdan-başa nurlandıran
elektrik lampaları, şəhərlərimizə, qəsəbələrimizə,
kəndlərimizə doğru uzanan qaz xətləri ilə
Heydər Əliyev evlərə işıq, hərarət gətirdi.
Çəkdirdiyi yollarla, bina etdiyi körpülərlə
uzaq yollarımızı yaxın etdi, insanların mənəvi
dünyasında bir aləm savab qazandı. Onun yaratdığı imkanlar sayəsində Azərbaycanda
avtomobil sahibi olanların sayı artdı, bir zamanlar ucqarlarda
böyük möcüzə kimi qarşılanan avtomobil
sıravi azərbaycanlının həyatında adi məişət
texnikasına çevrildi.
Heydər
Əliyev biliyindən, bacarığından başqa güvənc
yeri olmayan kasıb gənclərimizə əsl ata kimi arxa
durdu, kiminsə, vəzifə, pul, nüfuz gücünə
onların haqqını yeməsinə imkan vermədi, Azərbaycan
balalarını keçmiş İttifaqın ən hörmətli
universitetlərində oxutdu, əllərini çörəyə
çatdırdı, şəhərlərimizdə, qəsəbələrimizdə,
kəndlərimizdə tikdirdiyi mənzillərdə ev-eşik
sahibi elədi.
Həmişə düşünmüşəm ki, ən
müdrik rəhbər heç də insanların hansısa dərdinə
əncam çəkən, problemini yoluna qoyan rəhbər
deyil, bütün bunları aradan qaldırmaq üçün
ona inam verən, ümidləndirən şəxsdir.
Heydər
Əliyev öz ədaləti ilə Azərbaycana ümid gətirdi...
Heydər Əliyev insanları halal zəhmətə
alışdırdı. Bir tərəfdən öz qətiyyəti,
sərt addımları ilə fərdləri bəd əməllərdən,
intriqalardan, çəkişmələrdən
uzaqlaşdırdı. Başqa tərəfdən
də müdrikliyi, ustadlığı ilə uğura, qazanca
doğru aparan ən düzgün yolun halallıqdan,
düzgünlükdən, zəhmətsevərlikdən
keçdiyini öyrətdi.
Heydər Əliyevin idarəetmə fəlsəfəsinin
başlıca ideya-siyasi istiqamətini məhz xalqın milli
özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi
və milli şüurun yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil edirdi.
Heydər Əliyev o dövrdəki mövcud ideologiyanın
qəlibləri çərçivəsində və bu
ideologiyaya gizli formada olsa belə, müxalif qalaraq, Azərbaycanda
milli ruhun məhv edilməsinə yol vermədi. Üstəlik,
bu ruhu yüksəltməkdən ötrü bütün
imkanlardan faydalanmağa çalışdı.
Totalitar
sistemin elm və mədəniyyət xadimlərinə,
ziyalılara qarşı ağır təzyiqləri, təqib
və təhdidləri Sovetlər İttifaqının bir
çox başqa respublikalarında özünü aşkar
hiss etdirdiyi halda, Heydər Əliyev Azərbaycanda
yaradıcı insanlar üçün sərbəst
düşünmək və düşündüyünü
tam ifadə edə bilmək, yazıb-yaratdıqlarının
alt qatında milli-mənəvi ideallara, müstəqillik dəyərlərinə
aparan yolları aramaq imkanları yaratdı.
Ulu Öndərin bütün bunları nümayişkəranə
şəkildə etdiyini yazsaq, onun ruhuna yaraşmayan tərzdə
qeyri-səmimilik göstərmiş olarıq. Heydər
Əliyev bunu özünəməxsus müdrikliklə, ilk
baxışdan kimsənin duyub-başa düşməyəcəyi
bir şəkildə edirdi.
O,
dövlət orqanlarının, təhlükəsizlik
strukturlarının Azərbaycanda dissident ovuna
çıxmasına imkan vermirdi. Hər
hansı faktın səs-küyünü böyük məharətlə
yatıra bilirdi. Problemləri məhdud bir
çevrədə sakitliklə yoluna qoymağı, bunun milli
düşüncəli Azərbaycan ziyalıları
üçün hər hansı təzyiqlərə
çevrilməsini qabaqlamağı bacarırdı.
Cəsarətli çıxışları ilə
xüsusi xidmət orqanlarının nəzər-diqqətini cəlb
etmiş alimlərin, şairlərin,
yazıçıların cəzasının ziyansız xəbərdarlıqla,
bəzən yüngül tənbehlə məhdudlaşdırılmasına
müvəffəq olurdu. Az sonra isə həmin şəxslərin
adları aram-aram ən ali dövlət təltiflərində
görünürdü, yüksək mükafatlarda əksini
tapırdı. Heydər Əliyev bununla
onları ürəkləndirirdi, arxalarında
dayandığını sezdirirdi.
Azərbaycan
xalqının tarixi keçmişində, mənəvi mədəniyyət
tarixində iz qoymuş böyük şəxsiyyətlərin
bütün ölkə boyu abidələrini ucaltmaqla, ev muzeylərini yaratmaqla, xalqın milli
özünüdərk məsələsini özünəməxsus
tərzdə gündəmə gətirirdi. Bu
şəxsiyyətlərin obrazında ifadəsini tapan milli
ideyaları insanların gündəlik həyatına, ictimai
düşüncəyə daşıyırdı.
Heydər
Əliyev ulu Cavidin nəşini uzaq Sibirdən Azərbaycana -
Naxçıvana gətirən, bununla da, milli təfəkkürümüzdə
Cavid məfkurəsini dirildən, bu ideyalara yenidən həyat
verən və bu cür cəsarətli addımların
işığında azərbaycanlıların gözlərindəki
30-cu illərin qorxu-ürküsünü silib insanların
baxışlarını sevgi ilə, ümidlə, qətiyyətlə
nurlandıran milli lider idi.
Heydər Əliyev ən böyük vətəndaş
idi. O, milli
maraqları, azərbaycançılıq ideyasını, hələ
sovet dövründə milli varlığımızın ən
böyük rəmzinə çevirmişdi!
Heydər Əliyev dünyanın ən cəsarətli vətənpərvərlərindən
idi. Azərbaycanın
adı, Azərbaycanın maraqları olan yerdə, kimlərsə
bu maraqları bütün oyun qaydalarına, haqq-ədalət
mizanına zidd bir şəkildə həyasızcasına
tapdamağa qalxdığı yerdə, ütülü
diplomatik davranışların fayda vermədiyi anda Heydər
Əliyev, bunun sonunu düşünmədən
çılğınlıqla hətta ən sərt addıma
əl atacaq qədər, keçmiş SSRİ
imperiyasının ən yüksək kürsüsündə
imperiyanın rəhbəri M.Qorboçovla
döş-döşə gəlib ona əsl yerini
nümayişkəranə şəkildə göstərəcək
qədər cəsur idi.
1990-cı ilin 20 yanvarında Bakıda yüzlərlə
vətəndaşımızın qanının
axıdıldığı, həyatına son qoyulduğu o
müdhiş gecənin səhəri ailə üzvlərini
başına toplayıb Azərbaycanın Moskvadakı
nümayəndəliyinə tələsəcəkdi. İmperiyanın
keçmiş rəhbərlərindən biri kimi dövlət
qarşısında hələ də müəyyən siyasi
öhdəlikləri, məsuliyyəti olan partiya-dövlət
xadiminə, KQB generalına, onun ailə üzvlərinə
qarşı qəfil sui-qəsd, həbs, hücum təhdidlərinə
rəğmən xarici media mənsublarının önünə
çıxacaqdı. Bu faicənin əsl
günahkarlarını bütün dünyanın gözü
önündə ifşa edəcəkdi. Azərbaycanın
adı olan hər yerdə Heydər Əliyev belə bir cəsarət
sahibi idi.
Heydər Əliyev dünyanın ən ləyaqətli
lideri idi və kimsənin onun ləyaqətinə, mənliyinə
xələl gətirəcək davranışına əsla
izn verməzdi.
Çünki
Heydər Əliyev öz şəxsiyyəti ilə Azərbaycanın
dövlətçilik dəyərlərindən,
atributlarından birinə çevrildiyinin fərqində idi!
Öz ləyaqətini, əslində, Azərbaycan
dövlətinin ləyaqəti kimi uca tutmağa, qorumağa
çalışırdı. Onun öz şəxsiyyətinə
böyük diqqəti, həyat və fəaliyyəti ilə
yaratdığı tarixə həssas münasibəti, bu
tarixin hər bir anının yazıya, lentə
alınmasına böyük həvəsi də elə bundan
irəli gəlirdi.
Özünün
Azərbaycanın milli dövlətçilik tarixi
üçün bir şans olduğunu Heydər Əliyevdən
yaxşı heç kim bilməzdi. Onun
özündən Azərbaycan tarixinə mümkün qədər
daha zəngin irs qalması istəyi, bu mənada
tam təbii idi.
Heydər Əliyev heç zaman öz haqlı
mövqeyindən geri çəkilmək istəməzdi. Çünki
Onun nəzərincə bu, bir fərdin deyil, Azərbaycanın
geri çəkilməsi demək olardı. Heydər Əliyev hər yerdə Azərbaycanın
təmsilçisi kimi duruş gətirirdi.
Heydər
Əliyev bütün vəzifələrində, bütün
statuslarında, ilk növbədə, öz mənliyini qorudu!
Daha sonra doğulub boya-başa çatdığı
Naxçıvan Muxtar Respublikasının çətin
günlərində, mühasirə şəraitində
tarixinin ən ağır günlərini yaşayan bu vətən
parçasını qorudu! Nəhayət, ağır
anlarında Ona pənah gətirmiş, onun fəhminə,
müdrikliyinə, qətiyyətinə tapınmış
müstəqil Azərbaycan dövlətini qorudu!
1993-cü ildə bu, Ona həyatı bahasına başa
gələ bilərdi. Heç düşünmüşükmü ki,
1994-cü ilin oktyabrında, təpədən dırnağacan
silahlanmış başıpozuq qüvvələrin qiyam cəhdi
zamanı Heydər Əliyevin gecəyarı televiziya ilə
müraciətindən sonra xalq meydana axışmasaydı, Heydər
Əliyevin şəxsində müstəqilliyinin ən
kövrək dövrünü yaşayan Azərbaycan dövlətini
üzük qaşı kimi dövrəyə almasaydı, nə
baş verərdi?! Həmin gecə taleyi sapdan
asılı olan müstəqil dövlətimizlə birgə
bu xalqın özünün də aqibəti necə
olardı?!
Düşünməmişik!
Çünki həmişə bizə belə gəlib
ki, əgər bu addımı Heydər Əliyev
atmışdısa, hər şey elə
yaşandığı kimi də baş verməli idi.
Amma axı, bütün bunların tamam əksi də ola bilərdi. Bunu isə güman
ki, heç Heydər Əliyev özü də
düşünməmişdi. Hadisələrin necə cərəyan
edəcəyini yenə dərin fəhmi ilə sezdiyindən
deyil, sadəcə, xalqa inandığından və
inandığının uğrunda əsl qəhrəman kimi
sonunu düşünmədiyindən!
Sonunu
düşünməyərək də o gecə, sonra da dəfələrlə
həyatını Azərbaycan naminə oda atmışdı.
Həyatından bir məşəl yandırmışdı və
həmin məşəlin işığında Azərbaycan
xalqının müstəqil dövlətimizin indiki xoşbəxt
günlərinə doğru möhtəşəm
yürüşü başlanmışdı...
Heydər
Əliyevin sevdikləri çox idi: Zərifə xanım,
övladları, nəvələri...
Amma Onun ən böyük sevgisi Azərbaycana idi. Bu sevgi
bütün sevgilərin fövqündə dayanırdı.
Bu sətirləri yaza-yaza Ulu Öndərin 1998-ci ildəki
bir mərasim zamanı Səməd Vurğunun "Azərbaycan"
şeirinin bir bəndini göz yaşlarına boğularaq əzbər
söyləməsini xatırlayıram. Qeyri-ixtiyari gözlərim
dolur...
Bu, bir sevdalının sevdiyinin yolunda ona doğma olan hər
kəsi, hər şeyi fəda etməyə hazır olması
andına oxşayırdı.
Zaman gəldi, Heydər Əliyev bu andına da sadiq
qaldı. Həyatda Ona ən doğma olan insanı, doğma
balasını - İlham Heydər oğlunu, əslində, Azərbaycanın
milli amalları uğrunda oda atdı. Xalqın
istiqbalı naminə ciyərparasını dünyanın alov
dilli siyasət əjdahası ilə üz-üzə qoydu.
Dövlət idarəetməsinin min bir çətinlikləri,
gözlənilməzlikləri, dörd bir yandan səngimək
bilməyən təzyiq və təhdidləri, gərginlikləri
ilə qarşı-qarşıya buraxdı.
Başqa MDB ölkələrinin rəhbərləri
kimi, övladına xaricdə güzəran düzəltmək
qeydinə qalmadı. Müasir innovasiyalara, yeni inkişaf meyillərinə,
iş dünyasının incəliklərinə hələ
ötən əsrin 80-ci illərindən dərindən bələdliyi,
peşəkar menecer bacarıqları ilə, əslində,
atasının heç bir dəstəyinə ehtiyac duymadan belə
bir güzəranı qurmaq üçün özü hər
cür imkan və bacarıqlara malik olan oğlunun öz
taleyini Azərbaycandan kənarda müəyyənləşdirməsinə
izn vermədi.
Onun
taleyini də müstəqil Azərbaycan dövlətinin
çətinliklərlə, acılarla dolu taleyinə şərik
etdi...
Bu gün İlham Əliyev dünyanın inkişaf etməkdə
olan qüdrətli ölkələrindən birinin prezidentidir. Oktyabrın
9-da ölkəmizdə keçirilmiş prezident seçkisi ərəfəsində
Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq əhali
ilə ardıcıl görüşlər keçirdik,
sıravi vətəndaşlarla sıx-sıx təmaslarda
oldum. Bu təmaslarımızda
insanların necə yekdilliklə, necə böyük ürəklə
"İlham Əliyev" dediklərini gördüm. Bu adı nə qədər sonsuz məhəbbətlə
dilə gətirdiklərinə, gələcək talelərini
necə böyük inamla Onun zəkasına, qətiyyətinə
etibar etmələrinə şahid oldum.
Bir daha anladım ki, İlham Əliyev bizim
üçün sadəcə, Prezident deyil. Həm də dövlət
müstəqilliyimizi qoruyan, Heydər Əliyevin milli dövlətçilik
amallarını yaşadan və bu amalların
işığında cəmiyyətimizi indikindən də
daha parlaq, daha xoşbəxt gələcəyə doğru
aparan mükəmməl sistemdir!
Çox
sevindiricidir ki, bu amalların
həyata
keçirilməsinə Heydər Əliyevin adını
daşıyan fond, bu qurumun rəhbəri, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva da öz dəyərli
töhfələrini verir.
Bu ilin 10 mayında Ulu Öndərin anadan olmasının
90-cı ildönümünə həsr edilmiş mərasim zamanı
Azərbaycan Prezidentinin xatırladığı xəfif bir
epizod çoxlarımızı kövrəltmişdi.
İlham
Əliyev həmin gün səhər gül bayramında onunla
şəkil çəkdirən 4-5 yaşında bir
qızcığazın söylədiyi kəlmələri dilə
gətirmişdi: "Bir qız yaxınlaşdı, - 4-5
yaşında, - dedi ki, mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz. Bilirsiniz, bu, bu gün eşitdiyim ən gözəl,
ən əziz sözlərdir".
Heydər Əliyevin vəfatı günü
doğulmuş körpələrimiz indi 10 yaşa
çatıb.
Onlar Heydər Əliyevi həyatda görməyiblər,
onun rəhbərlik etdiyi Azərbaycanda yaşamayıblar.
Amma bu uşaqların dünyasında müqəddəs mənəvi
məbəd - Heydər Əliyev var. Bu uşaqların
dünyasında dünyanın ən inkişaf etmiş
ölkələrindən birinin Prezidenti bütün ali statuslarından əvvəl məhz Heydər
Əliyevin oğludur.
Bir
ömrün insana qazandıra biləcəyi ən
böyük dəyər də, yəqin ki, elə bu
olardı...
Fəttah HEYDƏROV
Milli Məclisin deputatı, Azərbaycan
Ağsaqqallar Şurasının sədri
Azərbaycan $g 2013.-
11 dekabr.- S.3.