Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

 

Dekabrın 10-da ulu öndər Heyər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Səbail rayonunda tədbir keçirildi. Azərbaycan Dövlət Filarmoniyasında keçirilən anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi.

Natiq bildiridi ki, ulu öndərin əbədiyyətə qovuşmasından 10 il ötür. Hər zaman respublikamızın bütün şəhər və rayonlarının nümayəndələri, paytaxt sakinləri, xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar Fəxri xiyabana gələrək Azərbaycanın baş ziyarətgahında ümummilli liderin məzarını ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyir, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə sevilir, anılır. Çünki millətinin inkişafı üçün onun başladığı dünyəvilik və müasirlik siyasəti, eyni zamanda, quruculuq işləri bu gün sürətlə davam etməkdədir.

Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixitaleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. Ulu öndər müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda  səfərbər edən milli təlim - azərbaycançılıq ideologiyasını da yaratdı. Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf Prezident İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.

Tədbirdən sonra 600 nəfərin iştirakı ilə ehsan mərasimi keçirilib. O da qeyd olunub ki, dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edəcək və həmin gün  rayonun Badamdar və Bibiheybət qəsəbələrində, 20-ci yaşayış sahəsində ümummilli liderin əziz xatirəsinə həsr olunmuş, ümumilikdə 2000 nəfər üçün ehsan süfrələri təşkil olunacaq, həmçinin Bibiheybət və İçərişəhər "Cümə" məscidlərində mərasimlər keçiriləcək.

 

 

Elnur HACALIYEV,

 

Azərbaycan.-2013.- 11 dekabr.- S.4.