UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyasının yekunları müzakirə edilmişdir
Dekabrın 10-da Mədəniyyət və
Turizm Nazirliyində
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin Bakıda
keçirilmiş 8-ci sessiyasının
yekunlarına həsr olunmuş iclas keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əlaqədar dövlət qurumları və təşkilatlarının nümayəndələrinin iştirak etdikləri iclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə genişmiqyaslı, beynəlxalq səviyyəli tədbirə ölkəmizin ev sahibliyi etməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, tədbirdən sonra qonaqlar, UNESCO Komitəsi, katiblik sessiyanın çox yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdə böyük qonaqpərvərliklə qarşılandıqlarını söyləmiş, yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkür etmişlər.
Nazir xüsusi vurğulamışdır
ki, Azərbaycanda keçirilən silsilə
beynəlxalq tədbirlər
ölkəmizi dünyada
tolerantlıq və mədəniyyətlərarası dialoq mərkəzinə çevirmişdir.
Qeyd olunmuşdur ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında iştirak etmək üçün 793 nəfər qeydiyyatdan keçmişdir. Bu mötəbər beynəlxalq tədbirdə 116 ölkədən 611 nəfər (katibliklə birlikdə) iştirak etmişdir. Ümumilikdə tədbirin iştirakçılarının ümumi sayı (Azərbaycan tərəfi ilə birlikdə) 900-ə yaxın olmuş və budəfəki sessiya UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin tarixinə ən çox iştirakçı sayı olan iclas kimi düşmüşdür.
Bildirilmişdir ki, sessiyada Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq üçün
12 nominasiya irəli sürülmüş və
cəmi 4 ölkənin
- Azərbaycan, Qvatemala,
Monqolustan və Uqandanın nominasiyaları siyahıya
salınmışdır.
Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmaq
üçün 31 nominasiya
irəli sürülmüş
və onlardan 25-i qəbul olunmuşdur.
Hökumətlərarası Komitənin
Bakı sessiyası, həmçinin təşkilatın
Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Konvensiyasının
10 illik yubileyinə təsadüf etməsi ilə əlamətdardır.
Sessiya Azərbaycanda internet vasitəsilə onlayn yayımlanan ilk beynəlxalq tədbirdir və gündəlik izləyicilərinin sayı UNESCO Hökumətlərarası Komitəsinin əvvəlki sessiyalarından iki dəfə artıq - gün ərzində 14300 nəfər olmuşdur.
Nazir çıxışında
xüsusi olaraq qeyd etmişdir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin
Bakıda keçirilmiş
8-ci sessiyasının ölkəmiz
üçün ən
mühüm nəticələrindən
biri xalqımızın
qeyri-maddi mədəni
irsində mühüm
yeri olan, çövkənin - Azərbaycan
Respublikasının ənənəvi
Qarabağ atüstü
oyununun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsidir.
Sessiyanın ölkəmizin mədəni
həyatı, beynəlxalq
münasibətləri, o cümlədən
UNESCO kimi mötəbər
təşkilatla qarşılıqlı
səmərəli əməkdaşlığının
inkişafı baxımdan
mühüm əhəmiyyətini
vurğulayan nazir, tədbirin yüksək səviyyədə təşkilində
və uğurla həyata keçirilməsində
əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.
Azərbaycan.-2013.-11 dekabr.-S.7.