«Eko Rəsm
Gündəliyi-2013» Beynəlxalq müsabiqəsinin
milli mərhələsinin
qalib və finalçıları
mükafatlandırılmışlar
Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Azərbaycanda
ilk dəfə məktəblilər
arasında keçirilən
"Eko Rəsm
Gündəliyi-2013" ("Eco Picture Diary-2013") Beynəlxalq müsabiqəsinin
milli mərhələsinin
qalib və finalçılarının mükafatlandırılması
mərasimi keçirilmişdir.
Bu möhtəşəm
müsabiqə əsası
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən
qoyulmuş IDEA (International Dialogue for
Environmental Action) İctimai Birliyinin təşəbbüsü,
UNESCO-nun himayəsi, Heydər
Əliyev Mərkəzinin
və "Panasonic Marketing MDB"nin
(PMCIS) dəstəyi
ilə təşkil olunmuşdur.
Tədbirdə IDEA-nın
layihə direktoru Anara İsmayılova və Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin
direktoru, professor Vüqar
Məmmədov çıxış
edərək müsabiqənin
əhəmiyyətindən söz açmışlar.
Bildirilmişdir ki, 2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən müsabiqənin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Ekologiya sahəsində məktəblilərin biliklərinin artırılması və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi baxımından bu layihə uğurlu addım kimi dəyərləndirilə bilər.
Ümumilikdə, müsabiqəyə Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 gündəlik daxil olmuşdur. Layihə üçün xüsusi olaraq hazırlanmış, şagird sayına uyğun olaraq orta ümumtəhsil məktəblərinə paylanılmış 5000 ekoloji gündəlikdən 3032-si tam şəkildə doldurularaq təhvil verilmişdir. Bu beynəlxalq müsabiqədə iştirak edən 51 ölkə arasında ən yüksək göstərici hesab oluna bilər. Müsabiqədə aşağı yaş qrupu (6-11) üzrə 1299, yuxarı (12-15) yaş qrupu üzrə isə 1733 şagird iştirak etmişdir.
Layihənin milli turunun iştirakçıları
olmuş məktəblilər
müəyyən edilmiş
müddət ərzində
yarışma üçün
hazırlanmış xüsusi
"Gündəlik"lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının
vacibliyini əks etdirən rəsmlər çəkmiş və onların ideyalarının
qısa təsvirini əks etdirən mətnlər əlavə
etmişlər.
Diqqətə çatdırılmışdır ki, IDEA bundan sonra da uğurlu
layihələrin reallaşdırılmasına
öz dəstəyini
verəcəkdir.
Vurğulanmışdır ki, Bakı və Gəncə şəhərlərini əhatə edən 363 məktəbin qoşulduğu beynəlxalq layihənin milli müsabiqə turunun final mərhələsinin qalibi Bakı Avropa liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov olmuşdur. O, anası ilə birlikdə Parisdə beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycanı təmsil etmişdir.
Tədbirdə IDEA tərəfindən hazırlanmış videoçarx nümayiş olunmuşdur. Videoçarxda müsabiqənin qalibləri haqqında dolğun məlumatlar öz əksini tapmışdır.
Təqdimat mərasimində Yaponiyanın
ölkəmizdəki səfiri
Tsuquo Takahaşi və PMCIS-in direktoru Koji Taracima çıxış
edərək müsabiqənin
əhəmiyyətindən söz açmış və məktəblilərin
ekoloji problemlərin həllinə yeni yanaşmalarını müsbət
dəyərləndirmişlər.
Mərasimdə PMCIS-in nümayəndəsi təqdimatla çıxış etmişdir.
Sonra münsiflər heyətinin qərarı ilə milli qalib seçilmiş Fuad Soltanova, eləcə də 19 finalçıya sertifikat və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Müsabiqənin finalçıları
arasında Bakı şəhərindən Zərifə
Əliyeva adına lisey, "Ankara məktəbi"
məktəb-liseyi, İncəsənət
Gimnaziyası, 59, 99, 262, 271, 276, 290, 28, 98,
132-134, 301, 304 nömrəli, Gəncə şəhərindən
isə 4, 28, 11, 25 nömrəli
orta ümumtəhsil məktəblərinin şagirdləri
yer almışlar.
Münsiflər heyəti adından bütün qalibləri təbrik edən Azərbaycan Milli Elmlər Akademiyasının
Zoologiya İnstitutunun
şöbə müdiri
Elman Yusifov onlara yeni-yeni uğurlar arzulamışdır.
Sonda müsabiqənin milli mərhələsinin qalib
və finalçıları
Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuşlar.
AzərTAc
Azərbaycan.-2013.-11
dekabr.-S.7.