Fırça ustasının əsərlərindən ibarət sərgi

 

"Artist" rəsm qalereyasında xalq rəssamı, dövlət mükafatı laureatı, unudulmaz Böyükağa Mirzəzadənin əsərlərindən ibarət sərgi təşkil edildi. Burada Azərbaycan Rəngkarlıq Məktəbinin görkəmli nümayəndəsinin 50-dən artıq əsəri nümayiş olundu.

Bənzərsiz fırça ustası Böyükağa Mirzəzadənin yaradıcılığı Azərbaycan təsviri sənətinin ən qiymətli səhifələrindən hesab edilir. Mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov fırça ustasının yaradıcılıq xüsusiyyətlərindən danışaraq onu böyük sənətkar və müəllim adlandırdı. Xatirə və ürək sözlərini dilə gətirən digər çıxışçılar Böyükağa Mirzəzadənin zəngin bədii yaradıcılığından söz açdılar. Məlum oldu ki, görkəmli fırça ustası bir vaxtlar həm də Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, Mədəniyyət və İncəsənət Universitetində, eləcə də Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olaraq gələcək rəssamların yetişdirilməsində böyük zəhmət sərf edib.

Böyükağa Mirzəzadə zəhməti sənəti ilə seçilən insanlara sonsuz məhəbbətini rənglərin dili ilə nümayiş etdirən bənzərsiz fırça ustası idi.

 

Azərbaycan.-2013.-11 dekabr.-S.8.