Azərbaycanda
insan hüquqlarının təminatı sisteminin banisi
"Azərbaycan hüquqi, sivilizasiyalı, demokratik
dövlət qurmaq yolu ilə gedir. Respublikada siyasi
plüralizm, şəxsiyyət azadlığı, insan
hüquqlarının qorunması, söz azadlığı, mətbuat
azadlığı bərqərar olubdur, çoxpartiyalı
sistem artıq fəaliyyət göstərir".
Heydər
ƏLİYEV
Müstəqil respublikamızda insan
hüquqlarının prioritetliyi 1991-ci il
oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı"nda əksini tapmışdır. Bu ali sənəddə Azərbaycanda hakimiyyətin
və bütün təbii sərvətlərin xalqa mənsubluğu,
mülkiyyətin bütün formalarının bərabərliyi,
vətəndaşların seçki hüququnun,
çoxpartiyalı sistemin təminatı, habelə insan və
vətəndaş hüquq və azadlıqlarının
ümumi prinsipləri rəsmən elan edilmişdir. Lakin müstəqilliyimizin bərpasından
sonrakı ilk illərdə bir sıra obyektiv və subyektiv səbəblər
üzündən Azərbaycanda bu sahədə, demək olar
ki, əsaslı irəliləyiş baş verməmişdir.
Xalqımız əsrlər
boyu milli azadlıq hüququnu təmin etmək, müstəqilliyə
nail olmaq arzusu ilə yaşamışdır. Müstəqilliyin
təmin edilməsinin və qorunub saxlanılmasının nə
qədər çətin olduğunu dəfələrlə bəyan
etmiş ulu öndər Heydər Əliyev ötən
yüzilliyin sonunda Azərbaycan xalqının bu fundamental
haqqını gerçəkliyə çevirmişdir.
Odur ki, hər il
xalqımız çoxəsrlik tarixinin ən parlaq günlərindən
biri olan Dövlət Müstəqilliyi Gününü qeyd edərkən
həmin keşməkeşli zamanda milyonlarla azərbaycanlının
təməl hüququnu - müstəqil məmləkətdə
yaşamaq, azad ölkənin vətəndaşı olmaq
hüququnu təmin edən ümummilli liderin ruhu
qarşısında baş əyir.
Dövlətin ən mühüm
prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və
demokratik hüquqlarının geniş kompleksini qanunvericilik
yolu ilə təsbit etmək, onun reallığına
hüquqi, mənəvi və digər üsullarla təminat
vermək onu hüquqi vasitələrlə etibarlı şəkildə
müdafiə etməkdir ki, bu da konstitusiyamızda öz əksini
tam dolğunluğu ilə tapmışdır.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə müstəqil, demokratik,
hüquqi dövlət quruculuğu prosesi başlandı. Ulu öndər
demokratik, hüquqi dövlət quruculuğu yönündə
ardıcıl siyasət yeridərək, ölkədə insan
hüquq və azadlıqlarının başlıca prinsiplərinin
bərqərar olması üçün əsaslı zəmin
yaradılmasını təmin etdi. 1995-ci
ilin noyabrında referendum yolu ilə Azərbaycanın
Konstitusiyası qəbul edildi, 1995-ci və 2000-ci illərdə
çoxpartiyalılıq əsasında parlament seçkiləri
keçirildi, Konstitusiya Məhkəməsi fəaliyyətə
başladı, ölkədə ölüm cəzası, mətbuat
üzərində senzura ləğv olundu.
Demokratik, hüquqi dövlət
quruculuğu, insan hüquq və azadlıqlarının
fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan
ardıcıl, məqsədyönlü tədbirlərin həyata
keçirilməsi yoluna doğru aparan islahatlar Heydər
Əliyev siyasi xəttinin əsasını təşkil
etmişdir.
Azərbaycan dövlət müstəqilliyinin əldə edilməsi
ilə paralel şəkildə tarixdə ilk dəfə olaraq:
1) milli dövlət; 2) müstəqil siyasi dövlət; 3)
demokratik hüquqi dövlət quruculuğu vəzifələrini
eyni vaxtda və qısa bir zamanda həyata keçirmək tələbləri
ilə üz-üzə durmuşdur. Əgər
tarixə nəzər salsaq, dövlətçilik
quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn
bu mərhələlərin hər birini dünya ölkələri
çox böyük bir zaman müddətində, tədricən
keçmiş, təkamül yolu ilə ardıcıl qət
etmişdir.
Hüquqi dövlət
dövlətin təşkilinin və fəaliyyətinin elə
bir formasıdır ki, burada insan və vətəndaş
hüquqları və azadlıqları təmin olunur, dövlət
hakimiyyətinin fiziki şəxslər və onların
müxtəlif birlikləri ilə əlaqələri hüquq
əsasında qurulur. Belə dövlət quruculuğunun əsas cəhətləri
bunlardır: hakimiyyətin bölünməsi prinsipi; ictimai həyatın
bütün sahələrində konstitusiya qanunlarının
aliliyi; insanların və vətəndaşların hüquq və
azadlıqlarının həyata keçirilməsinin təmin
edilməsi; konstitusiya və qanunlar çərçivəsində
dövlətin fəaliyyət göstərməsi; beynəlxalq
hüququn hamılıqla tanınmış prinsiplərinin və
normalarının üstünlüyü; dövlət tərəfindən
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının tanınması, onlara əməl
olunması və onların müdafiə edilməsi; dövlətlə
şəxsiyyət arasında qarşılıqlı məsuliyyətin
olması; məhkəmənin müstəqilliyi, hakimiyyət
üzərində və konstitusiyaya əməl olunması
üzərində məhkəmə nəzarəti;
qanunçuluğun, ictimai qaydanın, şəxsi və
ictimai təhlükəsizliyin təmini; siyasi və ideoloji
plüralizm.
Ümummilli lider Heydər Əliyevin
hüquqi islahatlar strategiyasından danışanda bu prosesin Azərbaycanda
özünəməxsus cəhətlərinə nəzər
salmaq çox önəmlidir:
* Müstəqillik tarixinin suveren Azərbaycan
torpaqların işğalı, ərazi
bütövlüyünün pozulması ilə paralel şəkildə
başlanılması, bütün səviyyələrdə
xalqımızın və beynəlxalq hüququn pozulmuş
fundamental prinsiplərinin bərpasının tələb edilməsi
mövqeyindən çıxış etmək, həm daxili
qanunvericiliyin, həm də beynəlxalq hüquq məkanına
inteqrasiyanın ana xəttini təşkil etmişdir;
* Ölkəmizdə hüquqi
islahatlar qabaqcıl dünyanın demokratik hüquq məkanına
inteqrasiya xəttini bəyan edən milli inkişaf
strategiyasının ayrılmaz tərkib hissəsi olmuşdur;
* Azərbaycanda bütün sahələrdə
olduğu kimi, hüquqi dövlət quruculuğu yönündə
də həyata keçirilən fəaliyyətin ən
mühüm xüsusiyyətindən biri burada islahatlara
"yuxarıdan təşəbbüslə" təkan
verilməsi, dövlət başçısının siyasi
iradəsindən qaynaqlanması olmuşdur. Hüquqi
islahatların ideoloqu, təşəbbüskarı,
aparıcı qüvvəsi və subyekti kimi siyasi elita və
onun liderinin çıxış etməsi olmuşdur;
* Hüquqi islahatlar dövlətçiliyin
bütün - milli, demokratik, siyasi və s. formalarının təməlidir.
Məhz buna görə də bu sahə strateji
xarakter daşıyır. Bəzən təsəvvür
və izah edildiyi kimi bu, sadəcə, yeni qanunların qəbul
edilməsi demək deyildir. Dövlətin siyasəti hər
bir addımda hüquqi əsaslar üzərində bərqərar
olur;
* Azərbaycanda hüquqi islahatlar
dövlət tarixində köklü transformasiyalarla, dəyişikliklərlə
bağlı olmuş, müstəqil, demokratik, hüquqi
dövlət quruculuğu ilə əlaqəli proses kimi
başlanğıcını götürmüşdür;
* Bütün dövrlərdə və
ya bütün ölkələrdə hüquqi islahatlar birmənalı
qarşılanmır. Əksər hallarda
qeyri-adekvat reaksiya müşahidə olunur. Onun tərəfdarları
da, əleyhdarları da olur;
* Suveren dövlət kimi Azərbaycanda
qabaqcıl dünya təcrübəsindən islahatlar
gedişində optimal bəhrələnmə, ən
yaxşı olanın qəbul edilməsi və seçilməsi,
milli qanunvericiliyin beynəlxalq hüquqi prinsip və normalarla
ahənginin nəzərə alınması son dərəcə
həssaslıq tələb edən məsələ
olmuşdur. Bu, milli təhlükəsizlik məsələləri
ilə sıx bağlıdır;
* Yeni hüquqi dövlətin təşəkkülü
məsələlərinin geniş ictimaiyyətin hüquq mədəniyyəti
və maariflənməsi ilə paralel
aparılması həyati vacib məsələ kimi nəzərə
alınmışdır;
* İslahatların mövcud olan
bütün hüquqi infrastruktura nüfuz etməsi və yeni
infrastrukturun yaranması ən mühüm məsələ
kimi diqqət mərkəzində olmuşdur;
Bu gündən baxanda
islahatlar kursunda bütün dünyada varislik, komplekslilik, tətbiq
edilən dünya təcrübəsinə tənqidi
yanaşma, milli reallığın və hüquq məkanının
özünəməxsus cəhətlərinin nəzərə
alınması kimi prinsiplərin rəhbər tutulduğunu
görə bilərik.
Azərbaycanın adı
Şərqdə ilk olaraq ölüm hökmünü ləğv
edən ölkə kimi tarixə düşmüşdür. 1993-cü ildə
ölüm hökmü üzərində moratorium qoyulmuş
və 1998-ci ildə isə bu cəza tamamilə ləğv
edilmişdir. Bu, hələ ölkəmizin
Avropa Şurasına üzv olmadığı vaxtlarda belə,
insan hüquqları sahəsində atılan ən mütərəqqi
addımlardan biri kimi dəyərləndirildi. Ölüm hökmünün ləğvi ilə
ölkəmiz Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq
Paktın 2-ci protokoluna qoşuldu. Bununla
yanaşı, Azərbaycan BMT-nin insan hüquqlarının
qorunmasına dair bəyannaməsinə və digər beynəlxalq
konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində
dünyada təsbit olunmuş prinsiplərə sadiqliyini
nümayiş etdirdi.
Azərbaycan Respublikası
insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə
qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların
həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla
sıx əməkdaşlığa başladı. Bu təşkilatların
sırasında BMT-nin insan hüquqlarının təşviqi
və müdafiəsi sahəsində fəaliyyət göstərən
müxtəlif qurumları, ATƏT , Avropa
Şurası və Avropa İttifaqı mühüm yer tutdu.
Ölkəmizdə insan hüquq və azadlıqlarına verilən
böyük önəmin daha bir təzahürü kimi ulu
öndər Heydər Əliyevin 1998-ci il
fevralın 22-də imzaladığı "İnsan
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında" fərmanı
göstərmək olar.
Konstitusiyada təsbit edilmiş insan
hüquqlarının həyata keçirilməsinin
asanlaşdırılması üçün dövlət
siyasətinin əsas istiqamətlərini müəyyən edən
bu fərman bir sıra kompleks tədbirlərin həyata
keçirilməsinə təkan vermişdir. Fərman əsasında
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş
insan hüquqlarının müdafiəsi sahəsində
dövlət proqramı çərçivəsində isə
qanunvericilik və institusional islahatlar həyata
keçirilmişdir. Demokratik ədalət
mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə
sistemi yaradılmış, konstitusiyaya nəzarət gücləndirilmiş,
hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş,
qeyri-hökumət təşkilatlarının, kütləvi-informasiya
vasitələrinin fəaliyyəti genişlənmiş, insan
hüquqlarının müdafiəsi sahəsində effektiv
müdafiə mexanizmləri
formalaşdırılmışdır.
Azərbaycanda bir çox MDB ölkələrindən
əvvəl 28 dekabr 2001-ci il tarixində qəbul olunan qanunla
"Azərbaycan Respublikasının insan hüquqları
üzrə müvəkkili (ombudsman)" vəzifəsinin təsis
edilməsi ölkəmiz üçün
yeni bir institut olub, dövlət müstəqiliyinin bərpa
edilməsi və demokratik quruculuq yoluna qədəm qoyması
ilə bilavasitə bağlı olmuşdur. Ölkəmizin
2001-ci ildə üzv olduğu Avropa Şurası
qarşısında götürdüyü öhdəliklərə
uyğun olaraq 2002-ci ildə Azərbaycanda insan hüquqları
üzrə müvəkkil (ombudsman) institutu təsis
edilmişdir.
Ümummilli liderin insan
hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində
həyata keçirdiyi siyasət onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Bunu çoxlu sayda qəbul
edilən qərar və sərəncamlardan da aydın görmək
mümkündür.
Prezident
İlham Əliyevin 2006-cı il dekabrın
28-də Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsinə dair
imzaladığı sərəncam da mühüm əhəmiyyətə
malikdir. Bu sərəncamda Azərbaycanın
müasir inkişaf dövründə hüquqi dövlət
quruculuğu və insan hüquqlarının müdafiəsi
sahəsində səylərin gücləndirilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən
edilmişdir.
Sərəncamda qeyd
edilmişdir ki, hazırda Azərbaycanın
yaşadığı yeni inkişaf mərhələsi insan
hüquqlarının müdafiəsi sahəsində
aparılan ardıcıl islahatların davam etdirilməsini
şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının insan
hüquqlarına dair beynəlxalq standartlara tam
uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla
yeni əməkdaşlıq strategiyasının
hazırlanması və həyata keçirilməsi, dövlət
orqanlarının fəaliyyətinin insan hüquqlarının
təminatı baxımından təkmilləşdirilməsi,
elmi-analitik işlərin stimullaşdırılması,
hüquqi maarifləndirmə işinin genişləndirilməsi,
dövlətlə vətəndaş cəmiyyəti
arasında qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi kimi vəzifələr müəyyən
edilir.
Azərbaycanın yeni
inkişaf mərhələsi insan hüquqlarının
müdafiəsi sahəsində aparılan ardıcıl
islahatların davam etdirilməsini şərtləndirir. Bu səbəbdən Azərbaycan
Respublikasının normativ-hüquqi aktlarının insan
hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun
təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq
strategiyasının hazırlanması və həyata
keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin
insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi,
elmi-analitik işlərin stimullaşdırılması,
hüquqi maarifləndirmə işinin genişləndirilməsi,
dövlətlə vətəndaş cəmiyyəti
arasında qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi kimi vəzifələr müəyyən
edilmişdir. Bütün bunlar Azərbaycanda
insan hüquqlarının etibarlı təminatının
xüsusi diqqət mərkəzində saxlandığını
göstərir. Azərbaycan demokratik
inkişafını əvvəlki əzmkarlıqla davam etdirməkdə,
bu sahədə əməli işlər görməkdədir.
İctimai münasibətlərin
dinamik xarakterindən asılı olaraq hər bir dövlət
vaxtaşırı olaraq konstitusiyaya müəyyən əlavə
və dəyişikliklər etməli olur. 2009-cu il
martın 18-də Azərbaycan Respublikasının
Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə
bağlı keçirilən referendumun nəticələri də
belə obyektiv şərtlərdən irəli gəlirdi.
Referendumun keçirilməsində əsas məqsəd bir
idi: insan və vətəndaşların
hüquqlarının genişləndirilməsində və təminatında
dövlətin üzərinə əlavə öhdəliklər
qoyulması. Konstitusiyanın 12-ci maddəsində göstərilir
ki, insan hüquq və azadlıqlarının təmin edilməsi
dövlətin ali məqsədidir. 12-ci maddənin birinci hissəsinə vətəndaşların
layiqli həyat səviyyəsinin təmin edilməsi
sözünün əlavə edilməsi dövlətin, insan
və vətəndaşların hüquqlarına daha çox
diqqət yetirdiyini göstərir. Bu
gün Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə
tutulan əlavə və dəyişikliklərin əksəriyyəti
insan və vətəndaşların konstitusion hüquq və
azadlıqlarının genişləndirilməsini və
onların təminatını nəzərdə tutur. Xüsusilə qeyd olunur ki, hər kəsin üzərinə
vəzifələr mövcud konstitusiya ilə qoyula və ya
dövlətin digər qanunları ilə müəyyən
edilə bilər. Azərbaycan
Respublikası Şərqin ilk demokratik dövləti olaraq
tolerant bir ölkə kimi seçilir. Ona
görə də təklif olunan əlavə və dəyişikliklərdə
heç kəs öz dini etiqadını və əqidəsini
ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə
və iştirak etməyə məcbur edilə bilməz.
Konstitusiyaya, bundan başqa, bir sıra digər əlavə
və dəyişikliklər də nəzərdə
tutulmuşdur.
Bütün bunlarla
yanaşı, ölkəmizdə insan hüquqlarının
qorunmasının əsas göstəriciləri olan
tolerantlığın yüksək səviyyədə təmin
edilməsi, irqi ayrı-seçkiliyə heç bir vəchlə
yol verilməməsi çox mühüm
uğurlarımızdır. Azərbaycan tarixin
heç bir dönəmində milli-dini zəmində
qarşıdurmanın və ayrı-seçkiliyin
olmadığı nadir ölkələrdən biridir. Müxtəlif millətlərdən, dinlərdən
olan, ayrı-ayrı adət-ənənələrə, mədəniyyətlərə
mənsub olan insanlar arasında dostluq münasibətlərinin
təmin edilməsi, milli-dini tolerantlığın hökm
sürməsi dövlətimizin tarixi nailiyyətidir. Azərbaycanlılar heç vaxt başqa xalqlara və
dinlərə qarşı mənfi münasibət göstərməmiş,
düşmənçilik etməmiş, ədavət
aparmamış və digər xalqın nümayəndəsini
öz dininə və mədəniyyətinə itaət etməyə
məcbur etməmişlər.
Məlumdur ki, qadın
hüquqlarının müdafiəsi insan
hüquqlarının müdafiəsinin tərkib hissəsidir
və o, bir sıra sənədlərdə ("İnsan
alveri və üçüncü şəxslər tərəfindən
istismarı ilə mübarizə haqqında" BMT
Konvensiyası, "İqtisadi, sosial və mədəni
hüquqlar haqqında" Beynəlxalq Pakt, "Qadınlara
qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi" haqqında
Konvensiya) öz əksini tapmışdır. Azərbaycanda da
qadınlara qarşı zorakılıq Milli Fəaliyyət
Planına daxil edilmiş strategiyadır və
zorakılığın sosial-iqtisadi, hüquqi və psixoloji
səbəblərini, qadınların zorakılıqdan
qorunmasını, qadın ticarəti kimi problemləri, habelə
qadınların zorakılıqdan qorunması sahəsində
beynəlxalq sənədlərin öyrənilməsini və
tətbiqini özündə əks etdirir. Bu problemlərlə
əlaqədar Cinayət Məcəlləsinin gender
ekspertizası keçirilmiş, bir sıra dəyişikliklər
edilmişdir. 2001-ci ildə Azərbaycan Respublikası BMT-nin
Qadınların Vəziyyətinə Dair Komissiyasına 4 il müddətinə üzv
seçilmişdir.
Ümummilli lider Heydər
Əliyevin təməlini qoyduğu hüquqi islahatların XXI
əsrdə uğurlu davamı, bu sahədə dünyada qəbul
edilən irəliləyişlər, təbii ki, öz nəticəsini
göstərir, dünya miqyasında ölkəmizə olan
münasibət yaxşılığa doğru dəyişir. Azərbaycan insan hüquq və
azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul edir. Ölkədə
insan hüquq və azadlıqları milli qanunvericilik vasitəsilə
qorunur. Azərbaycan bu məsələ ilə
bağlı bütün beynəlxalq konvensiyalara qoşulub.
Demokratiya və inkişaf yolunu tutan Azərbaycanda
insan hüquqlarının təminatı üçün
parlamentin qəbul etdiyi çoxsaylı qanunlarla bu sahədə
mükəmməl qanunvericilik bazası
formalaşmışdır. Milli Məclis
200-dən çox beynəlxalq sənədi ratifikasiya
etmişdir. Yenə də qeyd edək ki,
ölkədə insan hüquqlarına dair yeni Milli Fəaliyyət
Proqramı həyata keçirilir. Parlamentdə
hazırlanan bütün qanun layihələri qəbul edilməmişdən
əvvəl insan hüquqları baxımından ekspertizadan
keçirilir. Bu gün Azərbaycanda insan
hüquqlarının müdafiəsi ilə məşğul
olan institutlar, insan hüquqları üzrə müvəkkil,
Milli Məclisdə İnsan Hüquqları Komitəsi fəaliyyət
göstərir. Azərbaycan vətəndaşı
təhsil almaq, sağlamlığını qorumaq, sərbəst
yaşamaq, seçmək və seçilmək kimi
hüquqlara sahib olmaqla istədiyi zaman bu təminatlarla
bağlı azad şəkildə yerli və beynəlxalq məhkəmələrə
çıxa bilir.
Azərbaycanın insan hüquqları sahəsində yeganə problemi Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin zəbt edilməsindən sonra yaranmışdır. İndi ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş yüzlərlə Azərbaycan vətəndaşı mənəvi-psixoloji gərginlik şəraitində yaşayır. İnsan haqlarına xüsusi diqqətin ayrıldığı müasir dünyada Azərbaycan Ermənistan tərəfindən siyasi soyqırımı və etnik təmizləməyə məruz qalmışdır. İnsan Hüquqları Günü ilə bağlı BMT-nin Baş katibi Pan Gİ Munun dünya ictimaiyyətinə ünvanladığı müraciətdə də etnik münaqişələr pislənilir və insan hüquqlarının pozulmasına qarşı mübarizə aparılmasına çağırış edilir.
Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan hakimiyyətinin yeritdiyi uğurlu siyasi xətt ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına töhfələr verməkdədir.
Rəbiyyət
ASLANOVA,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,
fəlsəfə elmləri doktoru, professor
Azərbaycan/-2013.-
12 dekabr.- S.3.