Azərbaycanı müasir
qüdrətli dövlətə çevirən mütərəqqi
ideyaların müəllifi
Tarixə möhür vurmuş böyük şəxsiyyətlər ilk növbədə insanlar üçün cəlbedici və real görünən mütərəqqi ideyalarla cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuş, ictimai inam qazanmışlar. Xalqların tarixən formalaşan maraq və mənafeyini maksimum dərəcədə özündə ehtiva edən bu ideyalar, eyni zamanda onların perspektiv milli inkişafı üçün möhkəm bünövrəyə çevrilmişlər. Həqiqi azadlığa zəmin yaradan iqtisadi müstəqillik də məhz belə fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanmışdır.
XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənəyə uyğun yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır. Ulu öndərin əbədiyyətə qovuşmasından ötən 10 illik zaman kəsiyi bizə bu fövqəlşəxsiyyətin çağdaş tariximizdə yerini və rolunu daha dərindən başa düşmək, həyata keçirdiyi siyasətin mahiyyətini dərindən dərk etmək, qiymətləndirmək imkanı vermişdir.
Bu qiymətləndirmə fonunda bir həqiqət istisnasız qəbul olunur ki, Azərbaycanın müstəqillik illərində sosial-iqtisadi, elmi və mədəni-humanitar sahələrdə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı zəngin resurslardan qaynaqlanır. 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev respublikanın keçmiş ittifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq belə vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və nəticədə buna nail olmuşdur. Heydər Əliyev respublikanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən dəqiqliklə müəyyən etmiş, xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsanların, çatışmazlıqların həllinə səy göstərmiş, ilkin mərhələdən respublikanın siyasi rəhbərliyinin birliyinə, monolitliyinə nail olmaqla yanaşı, kadrların milliləşdirilməsinə, azərbaycanlıların, xüsusilə gənc kadrların bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsinə çalışmışdır. Dövlət strukturlarında azərbaycanlıların xüsusi çəkisinin artmasını təmin etmiş, yüksək idarəçilik keyfiyyətləri əxz etməsi üçün zəruri tədbirlər həyata keçirmişdir.
Böyük strateq həmin dövrdə özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək vahid məcrada həyata keçirmişdir. Məhz Heydər Əliyevin rəhbərliyə başlaması ilə sovetlər dövrünün son onilliklərində Azərbaycan cəmiyyəti millli şüurun formalaşması baxımından daha aktiv, məhsuldar mərhələyə qədəm qoydu. Ötən əsrin 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən etibarən respublika bütün sahələr üzrə sürətlə inkişaf etmiş, ədəbiyyat, incəsənət, təhsil məsələləri milli özünüdərkin çevik komponentlərindən birinə çevrilmişdir. Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdən bütün fəaliyyətini bir həqiqətin istisnasız təsdiqinə yönəltdi ki, o qeyri-müstəqil bir respublikanın növbəti başçısı deyil, milli lideridir. Böyük strateq həmin illərdə bu reallığı tam sübuta yetirdi ki, sovet dövrünün ideoloji qadağalarına baxmayaraq, xalqın öz dilini, ədəbiyyatını, mədəniyyətini, elmini inkişaf etdirib yüksəklərə qaldırması üçün ona uzaqgörən, müdrik dövlət xadiminin rəhbərlik etməsi kifayətdir.
Həmin illərdə ümummili liderin xalq qarşısında ən böyük xidmətlərindən biri də milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması istiqamətində atdığı konkret addımlardan ibarət idi. Heydər Əliyevin respublika rəhbəri kimi ilk gündən qarşıya qoyduğu mühüm məqsədlərdən biri məhz kadrların milliləşdirilməsi idi. Milli kadr quruculuğuna göstərilən həssas münasibət bir sıra reallıqlarla şərtlənirdi. Həmin dövrdə dövlət idarəçiliyində başqa millətlərdən olan insanların önə keçməsi, ana dilinin sıxışdırılması, kosmopolit ideyaların təbliği fonunda milli ruhun, milli özünüdərkin zəifləməsi ulu öndər Heydər Əliyevi ciddiliklə narahat edirdi. Respublikanın gələcək taleyini uzaqgörənliklə düşünən Heydər Əliyev dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə milli kadrların yetişdirilməsini, azərbaycanlıların vəzifədə irəli çəkilməsini vacib məsələlərdən biri kimi nəzərdən keçirirdi. Bunun əsas səbəblərindən biri də respublikada bəzi yeni ixtisaslar üçün kadrların hazırlanmaması idi.
1969-cu ildə SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Həmin illərdə Heydər Əliyevin qayğı və diqqəti ilə ümumilikdə 10 minədək azərbaycanlı gənc respublikadan kənarda təhsil almağa göndərilmişdi. Ulu öndər həmin illərdə müttəfiq respublikalarda, əsasən də Rusiyada təhsil almaq hüququ qazanan gənclərin yüksək səviyyədə yola salınması və qarşılanmasını da müsbət ənənə kimi formalaşdırmışdı. Böyük strateq sonralar qeyd edirdi ki, "70-80-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur".
Ulu öndər Heydər Əliyev də məhz Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin məzunu olmaqla, ölkə həyatında bu elm məbədinin rolunu yüksək dəyərləndirmişdir. Ümummilli lider hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən dərhal sonra o zamankı Azərbaycan Dövlət Universitetinə xüsusi diqqətlə yanaşmış, haqlı olaraq respublikanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtarmışdır. Ulu öndərin 1969-cu il 1 noyabr tarixdə universitetin 50 illik yubileyinin keçirilməsinə qərar verməsi və həmin toplantıda Azərbaycan dilində dərin məzmunlu nitq söyləməsi də böyük rəhbərin bu elm məbədinə verdiyi yüksək qiymətin təzahürü kimi bu gün də ehtiramla xatırlanır. Heydər Əliyev mərasimdəki çıxışında demişdir ki, "Azərbaycan Dövlət Universitetinin yaranması Azərbaycanın ən yaxşı oğullarının doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elm xəzinəsini onun üzünə açmaq uğrunda apardıqları mübarizənin məntiqi yekunu olmuşdur". Bu fikirləri ilə ulu öndər həm də vaxtı ilə Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış qüvvələrə dərin hörmət və ehtiramını ifadə etmişdir.
Ümumilikdə, ötən
əsrin 70-80-ci illərində universitetin həyatında
baş verən bütün irəliləyişlər məhz
Heydər Əliyevin təşəbbüsü ilə həyata
keçirilmiş, təhsilin maddi-texniki bazasını
yaxşılaşdırmaq və tədrisin hərtərəfli
təminatının səviyyəsini yüksəltmək daim
ulu öndərin xüsusi diqqət mərkəzində
olmuşdur.
Bu da danılmaz həqiqətdir ki, məhz ulu öndər Heydər Əliyevin həmin illərdə formalaşdırdığı zəngin potensial əsrin sonlarına doğru respublikamızın dövlət müstəqilliyini bərpa etməsinə real zəmin yaratmışdır. Lakin XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanılması özü milli ideyaya çevrilmişdi. Bu mərhələdə respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.
Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır. Həmin dövrdən ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi, milli iqtisadiyyatın durğunluq prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi islahatlar həyata keçirməyə başlamışdır. Bütün bunlar isə Azərbaycana maraqların toqquşması məkanı və müxtəlif kliyentalist qrupların eksperimentləri üçün sınaq meydanı kimi yanaşanların siyasi romantizmdən və bəsirətsizlikdən irəli gələn məkrli niyyətlərinin üstündən qələm çəkmişdir.
Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi-siyasi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası isə ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Ulu öndər Heydər Əliyev bu mərhələdən respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və cəmiyyətin inkişafına uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.
Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl rolunu oynayır.
Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların Vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya da təkcə azərbycanlıların deyil, digər milli azlıqların maraqlarını özündə ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını ön plana çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikada insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur.
Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası dini tolerantlığın başlıca təminatçısı kimi çıxış edir.
Böyük strateqin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də hələ 1970-1980-ci illərdə formalaşdırdığı zəngin elmi-intellektual potensialın keyfiyyətcə yeni mərhələdə qoruması, yeni dövrün tələbləri səviyyəsində inkişaf etdirməsidir. 1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini izhar etmişdir. "...Qəlbim, ürəyim həmişə Vətənlə, xalqımla və xalqımızın qabaqcıl dəstəsi olan ziyalılarla, onların yaradıcılıq işləri ilə bağlı olmuşdur" - deyən ulu öndər Azərbaycan elminə, intellektinə dərin hörmətini təcəssüm etdirmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında akademiyanın fəaliyyətində yeni istiqamətlər müəyyənləşmiş, 1997-ci ilin 31 yanvarında ölkə rəhbərinin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra faktiki olaraq Elmlər Akademiyasının inkişafının yeni mərhələsi başlanmışdır. Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunmaqla onların aktuallığını əsaslandırmış, alimlərə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür.
Yarandığı gündən elmi-intellektual düşüncənin əsas mərkəzi olmuş Bakı Dövlət Universitetinin milli təhsil sistemindəki müstəsna yeri və rolu, milli kadr hazırlığı prosesinə əvəzsiz töhfələri də ulu öndər Heydər Əliyev tərəfindən layiqli qiymətini almışdır. Heydər Əliyevin elm və təhsilə qayğı siyasətinin tərkib hissəsi olaraq son 20 ildə universitetin hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsi, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi bunu bir daha təsdiqləyir.
Yeni mərhələdə universitetin keçmiş nüfuzunu və kadr potensialını bərpa etməsi, cəmiyyət üçün layiqli kadrların hazırlanmasında aparıcı söz sahibinə çevrilməsi məhz ulu öndərin tarixi xidmətlərinin nəticəsidir. Ümummilli lider BDU-nun 80 illik yubileyindəki tarixi çıxışında deyirdi ki, Azərbaycanın keçmişini, mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyəti Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir. Universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəklərə qaldırdığına görə ulu öndər Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim etmişdir.
Ümumilikdə, yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikanın son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır.
Ulu öndərin dövlətçilik kursunu son 10 ildə bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında" 30 dekabr 2012-ci il tarixli Sərəncamı bunun bariz nümunəsidir. Konsepsiyada bir sıra mühüm sahələrlə yanaşı, həm də elmin, təhsilin inkişafı ilə bağlı strateji hədəflər öz əksini tapmışdır.
Ümumilikdə, konsepsiya əsasında keyfiyyətcə yeni mərhələdə Azərbaycanın modernləşməsi mərhələsi uğurla başa çatdırılmalıdır. Şübhəsiz, modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni, iqtisadiyyatın xarakterinin mahiyyətcə dəyişdirilməsini başa düşmək lazımdır. Bu, ilk növbədə iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda cəmiyyətin varlı və yoxsul təbəqələri arasında aralıq mövqe tutan orta sinfin yaradılması üçün dövlətin məqsədyönlü səyləri olmadan modernləşmə mümkün deyildir.
Demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Bu da kifayət qədər əsaslı yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Dövlət başçısının iqtisadi siyasəti nəticəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır.
Son 10 ildə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. Üstəlik, sosialyönümlülük respublikanın milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Bunu Milli Məclisdə təsdiq edilmiş 2014-cü ilin dövlət büdcəsi də bir daha təsdiqləyir. Bu ilə nisbətən 2014-cü il dövlət büdcəsi xərclərində sosial müdafiə və sosial təminat xərcləri 14,3, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9, elm xərcləri 12,5, təhsil xərcləri 8, səhiyyə xərcləri 8,4, mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 7,5, müdafiə xərcləri 7,1, iqtisadi fəaliyyət xərcləri 19, nəqliyyat və rabitə xərcləri 8,7, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 artmışdır.
Ümumiyyətlə, neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını sadəcə təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün yeni dövrün tələblərinə cavab verən çevik islahatlar aparmağa imkan yaratmışdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına qoyulan investisiya sayılır. Başqa sözlə, bu insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalı yaradır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstun olmağın həlledici amili sayılır. İnsana kapital qoyuluşu - onların mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyadır. Dünya təcrübəsində insana kapital qoyuluşu ən çox gəlir gətirən investisiya hesab olunur. Prezident İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Sərəncamı da insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanlı tələbələrin xaricdə təhsilini təmin etməkdə əsas məqsəd, şübhəsiz, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır.
Ümumiyyətlə, dövlət başçısı yalnız son 5 ildə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir sıra sərəncamlar və dövlət proqramları imzalamışdır. İlham Əliyevin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.
Məlumdur ki, müasirləşdirmə, ilk növbədə qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bu baxımdan mühüm əhəmiyyətə malikdir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
Ümumilikdə, hesab edirik ki, istər təhsilin, istər elmin, istərsə də ali təhsilin inkişafı ilə bağlı belə fundamental sənədlərin qəbulu və reallaşdırılması Azərbaycanın hərtərəfli inkişafına, elmi-intellektual potensialının gücləndirilməsinə, bir sözlə, təminatlı gələcəyinə xidmət edir.
Ulu öndər Heydər Əliyev həmişə çıxışlarında vurğulayırdı ki, Azərbaycanın keçmişini, mədəniyyətini, elm və iqtisadiyyatını Bakı Dövlət Universitetindən kənarda təsəvvür etmək çətindir. "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir" deyən ümummilli lider bu sərvətin qorunması, gələcək nəsillərə ötürülməsi üçün hər zaman əzmkar fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti ulu öndərin ideallarına sadiq qalaraq, yüksək elmi potensialla Azərbaycanın uğur və inkişaf strategiyasına öz layiqli töhfələrini verməyə çalışırlar. Ölkənin elm və təhsil adamları ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə ürəkdən inanırlar.
Abel
MƏHƏRRƏMOV,
Bakı Dövlət
Universitetinin rektoru, akademik
Azərbaycan/-2013.- 12 dekabr.- S.5.