AZƏRBAYCANIN RƏMZİ
...Bu kəlmələrin belə ali mərtəbədən var səslə ucalıb dünyaya ün salmasından ötrü zaman əsrləri yola salmışdı.
Bu kəlmələrin səsləndiyi əsrarəngiz məqama doğru gətirən yol tarixin çətin dolanbaclarından adlamışdı. Bu yolda yaşanan zəfər və faciələrdən, itkilərdən, ümidlərdən keçmişdi.
Nə vaxtsa belə bir günün gələcəyini gözləyən bütöv nəsillərin taleyinə qarışmışdı, köçünü dünyadan sürən ixtiyarlarla onların gənc davamçıları arasındakı ümid və arzu körpüsünə çevrilmişdi.
Vaxtın belə bir anı uğrunda
bütöv ömrünü qurban vermiş yurd
sevdalılarının ruhuna oxunan ən müqəddəs dua
idi, o kəlmələr, o sözlər...
"O dəm
kim ibtisam eylər əməl, xəndan
olar Hadi,
Mənim
zərrati cismim qəbrdə rəqsan olar, Hadi"
- deyə
qəlbindəki istiqlal həsrətinin içində qeybə
çəkilib niskilli misralarında belə bir günün
intizarını yaşayan ölməz Məhəmməd
Hadinin bu beytində rəsmi cızılmış nigaran
ümidlərin göyərdiyi, narahat ruhların
şadlandığı, yurdun bir ovuc torpağına
çevrilmiş mübarək cisimlərin məzarda rəqsan
olduğu anlar idi o kəlmələrin səsləndiyi saniyələr.
Və həm də qismətində o
kəlmələri eşitmək yazısı olan insanlara qadir
Allahın ən böyük bəxşişi... O kəlmələr
19 oktyabr 2013-cü il tarixdə Milli Məclisin iclas zalında
keçirilən Azərbaycan Respublikası Prezidentinin
andiçmə mərasimində cənab İlham Əliyevin
dilindən səslənərək müstəqil Azərbaycan
Respublikasının milli dövlətçilik tarixinin ən
güclü, qüdrətli mərhələsinə gəlib
çatdığını, Azərbaycan xalqının
öz taleyinin sahibinə çevrildiyini, dövlət müstəqilliyimizin
heç vaxt indiki qədər möhkəm
olmadığını dünyada bəyan edirdi.
İnsanın öz
arzularına qovuşduğu, murada yetdiyi, bir zamanlar xəyallarında
şəkilləndirdiklərini zərrə-zərrə duyub
hiss etdiyi, öz arzularına toxunduğu bütün anlar
gözəldir. Azərbaycan Prezidentinin o tarixi nitqini
müşayiət edən gurultulu alqışlar da bizim
arzularımızın səsi idi. Əsrlərdən
sonra çin olan, reallığa dönüşən munis diləklərimizin
dil açıb danışması idi.
Bir anlıq mənə elə gəldi
ki, bu, sadəcə, həmin mərasimdə iştirak edən
kəslərin hiss-həyəcanı deyil, müstəqil Azərbaycan
uğrunda ömrünü, zəkasını fəda
etmiş bütün insanların müqəddəs ruhlarının
məmnunluğu, coşğusu da var bu hiss-həyəcanın
içində!.. Bu alqışları belə
gurultulu edən, təntənəli edən də elə budur,
bu alqışların içində real dünyayla ruhi aləmin,
keçmişlə bu günün bir araya gəlməsidir.
İnsan zamanla arzu, vacib, şərt dilində, əfsus
ki, ancaq qrammatik mənada danışa bilir, vaxtı ancaq
qrammatik qəliblərin içində öz iradəsinə
ram etməyi bacarır. Reallıqda isə vaxt axar çaydır,
onun heç bir anını geri qaytarmaq mümkün deyil.
Düşünürəm ki, əgər insan
keçmişin heç olmasa bircə anını bu günlə
görüşdürə bilsəydi, dünyadan hansısa
amalların həsrəti ilə köçənləri, o
amalları arzularında yaşadanları öz
ideallarındakıların reallığı ilə
qovuşdurmaq dünyanın ən müqəddəs
missiyası, ən böyük savabı olardı.
Bu günləri dövlətinin,
xalqının istiqlalı naminə atəşdən köynək
geyinmiş Heydər Əliyevin də görməsi
üçün, təəssüflər ki, vaxtın cəmi
10 il gözləməyə səbri
çatmadı.
Bir tərəfdə Azərbaycanın
tarixdəki qüdrətli günlərinin fərəhi, bir tərəfdə
2003-cü ilin 12 dekabrından bəri bizi Heydər Əliyevdən
ayıran illərin üzüntüsü...
Amma
xatırlayanda ki bu illərin hər biri bizi ulu öndərin
ideyalarında yaşatdığı Azərbaycana bir qədəm
də yaxın edib, bu illərin hər biri Azərbaycanı
Heydər Əliyevin formalaşdırdığı sarsılmaz
bünövrə üzərində bir kərpic də
yüksəldib, ucaldıb, bu illərin
üzüntüsünü ovudur, daş kimi ürəyimizdən
asılmış ayrılıq qubarını əridir.
Böyük şəxsiyyətlərin
talelərini bir-birinə bənzədən qəribə bir
qanunauyğunluq var, illər bir-birinin ardınca səflənib
cərgələndikcə, bu insanların boyu ucalır, mənəvi
əzəməti daha aydınlığı ilə
görünür, nə vaxtsa onlarla eyni bir zamanda yaşamanla,
eyni dünyanın torpağını, havasını, suyunu,
atəşini paylaşmanla qürur duyursan, onların
ömürlüyündən, həyat tərzindən, ideallarından
mümkün qədər çox öyrənmək,
bacardıqca çox şeylər əxz etmək və bu qiymətli
irsi övladlarına da ötürmək istəyirsən...
***
Tarixi şəxsiyyətləri
bəzən tarixi təsadüflər yetişdirir, əgər
həmin təsadüflər baş verməsəydi, onlar da
dünyanın milyardlarla insanınından biri kimi yaşayar və
öz sıravi statusları ilə dünyadan köçərdilər.
Elə tarixi şəxsiyyətlər
də var ki, onların ömür yolu hər hansı təsadüflərlə
bir araya sığmır, bu yolun hər bir addımında
onların qolunun qüvvəsi, alın təri, mübarizə
əzmi var.
Heydər Əliyev də, həyatı
heç bir təsadüfdən asılı olmayan,
ömrü qələbə və uğursuzluqlardan, ən
xoşbəxt dəqiqələr və sonsuz kədərdən
keçən, lakin bütün acılara, mərhumiyyətlərə
rəğmən öz məramına yetişən tarixi
şəxsiyyətlərdən idi.
Heydər Əliyevin doğulduğu
bahar gününün havasına yaz fəslinin xoş istisi,
yaz çiçəklərinin ətri ilə birgə
zamanın hərarəti, gərginliyi də
qarışmışdı. Rusiya
imperiyasının ucqarlarından biri kimi Azərbaycanda da sovet
hakimiyyəti yenicə qurulmuşdu. Cəmiyyət
böyük bir çaşqınlıq içində idi, sabah nə baş verəcəyindən tam xəbərsiz
şəkildə hamı həyatındakı hər şeyi
yenidən qurmaq məcburiyyətində idi. İnsanların
tapındıqları dəyərlər
sarsılmışdı, cəmi 23 ay ömür
sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin
süqutunun dərin məyusluğu da dolmuşdu insanların
qəlbinə.
O illərin uşaqlarının
taleyində marksizm ideologiyası mühitində tərbiyələnmək,
həyata bu ideologiyanın müəyyən etdiyi pəncərədən
baxmaq vardı. Heydər Əliyev də marksizm
ideologiyasının dəyərləri mühitində
formalaşmışdı, bu dəyərlərə ürəkdən
inanmışdı. Zaman gələcək, o bir zamanlar qəlbən
bağlandığı idealların puça
çıxdığını görəcək,
böyük əzmlə, yüksək sadiqlik hissi ilə xidmət
etdiyi siyasi təsisatın onun ideallarına necə xəyanət
etdiyini, necə dağıldığını böyük təəssüf
içində müşahidə edəcək, yeni bir dönəmə
qədəm basıb hər şeyi sıfırdan
başlayacaq və yenidən siyasi zirvəyə yüksələcəkdi.
Ömürlüyünü nəzərdən
keçirib, həyatının müxtəlif dönəmləri
ilə tanış olunca bu fərqli həyat
parçalarını sanki bir şəxsiyyətin deyil,
ayrı-ayrı adamların yaşadığını
düşünürsən.
Otuzuncu illər... Naxçıvan
Pedaqoji Texnikumunun əlaçı məzunu məktəblərin
birində pedaqoji fəaliyyətə başlamağa
hazırlaşır, amma məktəbdə müəllimlik
ona nəsib olmur...
O, memar olmaq istəyir, qurub-yaratmaq
arzusunun ardınca Bakıya doğru qanadlanır, Azərbaycan
Sənaye İnstitutuna daxil olur, iki il memarlıq təhsili
alır, fəqət, həyatının ilk ağır
çətinlikləri Ona təhsilini başa vurub memar
olmağa imkan vermir...
Sonra Naxçıvan Xalq Daxili
İşlər Komissarlığında keçən xidmət
illəri, çekist karyerasının
başlanğıcı, leytenantlıqdan generallığa - Azərbaycan
Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə
qədər gətirən yüksəliş yolu...
Ardınca partiya işində ən
yüksək vəzifə - Azərbaycan SSR KP MK-nın birinci
katibi, sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini, SSRİ boyda ucsuz-bucaqsız
imperiyanın rəhbərlərindən biri...
...Və elə bu məqamda taleyin qəfil
zərbəsi, bütün vəzifələrdən istefa,
Moskvada fərdi təqaüdçü statusu ilə 3 illik
guşənişin həyatı, dörd bir yandan üzərinə
yönəlmiş təzyiq və təhdidlərə mənəvi
müqavimət, Azərbaycana, Naxçıvana - həyatının
başlandığı nöqtəyə dönüş,
Naxçıvan Muxtar Respublikasının sədri vəzifəsində
keçən ağır illər və Azərbaycan
Prezidenti...
Fərqli zamanlar, müxtəlif talelər...
Amma bunların hər birində ortaq
olan dəyərlərlə, ümumi cizgilərlə
qarşılaşırsan, o dəyərlər, o cizgilər
zamanın işıq selində çiliklənmiş
parçaları birləşdirir və heç vaxt, heç
bir şəraitdə öz ideallarına, xalqına, dövlətinə
asi çıxmamış bir bütöv şəxsiyyətin
tam portreti gözlərin önündə ucalır.
"Rəhbər
işçinin iradəsi olmalıdır, böyük iradəsi. Hər bir rəhbər
işçi bütün varlığı ilə dərk etməlidir
ki, o öz xalqının, öz millətinin, öz
torpağının keşiyində dayanmalıdır. Yəni, sən kənara çəkilib yalnız
öz maraqlarını düşünməməlisən.
Özünü yalnız bu işə həsr
etməlisən. Mən Mərkəzi Komitədə
işlədiyim on dörd il ərzində
özümü xalqıma, respublikamıza həsr etmişəm.
Amma indi heç nəsiz qalmışam. Lakin təəssüf etmirəm. Əgər yenidən siyasi fəaliyyətə
başlasaydım, yenidən bu yolu tutardım".
Heydər Əliyev bunu
Naxçıvana dönüşündən sonrakı ilk
müsahibələrindən birində söyləmişdi. Bu, uzun illər ərzində
zərrə-zərrə əldə etdiyi bütün karyera
uğurlarını bir anda itirib, özünün söylədiyi
kimi, indi heç nəsiz qalmış, üstəlik, təmsil
olunduğu, inandığı kommunist partiyasının xəyanətləri
ilə üzləşmiş, haqqında min cür böhtan və
şayiələr yazılan bir ixtiyar ictimai-siyasi xadimin
ömrün küskün bir vədəsində özünə
verdiyi təsəlli deyildi.
Heydər Əliyev həqiqətən
həyatını məhz bu cür yaşamışdı və
xalqa həsr edilmiş ömrün sonda ona verdiyi, əslində,
heçnəsizlik deyildi, Azərbaycan
xalqının
böyük sevgisi idi. Naxçıvana
döndüyü gün şəhər meydanında onun
görüşünə axışan on minlərin
yaratdığı insan dənizi idi. Azərbaycanın hər
yerindən üzərinə "Naxçıvana - Heydər
Əliyevə" yazılmış, hər sətri Azərbaycan
vətəndaşlarının yüksək hüsn-rəğbəti
ilə süslənmiş məktublar idi... Yenicə müstəqillik
qazanmış respublikanın ağır anında məhz onu
çağıran, taleyini məhz ona əmanət etmək
istəyən insanların inam və etibarı idi...
***
Dünyanın
özünü azərbaycanlı sayan hər bir sakini
üçün Heydər Əliyevin tarixdəki yerini müəyyən
edəcək çox nəsnələr var. Fikrimizcə, onun
yaratdığı ömür nümunəsi bunların
hamısından öndə gəlir.
Nə qədər kitablar
oxusaq da, nəzəri biliklərlə nə qədər
silahlansaq da, həyatı, insanı nə qədər öyrənməyə
çalışsaq da, ömür yollarında
qarşımıza çıxan sualların
aydınlaşdırılması, məqsədlərimizə
doğru addımlarımızın
ardıcıllığı üçün bunlar kifayət
etmir.
Bu faktdır ki, insan nümunələrdən
görüb-götürür, onların göstərdiyi yolla
tərbiyələnir, çətin anlarında suallarına
cavabları o nümunələrdə arayır. Ömrünü
örnək saydığın bir şəxsin, bəzən
adicə bir aforizmi, onun həyatından
xatırladığın adicə bir nümunə cild-cild
kitabların yerini tutub, bağlı mətləblərə
işıq salır, sənə mənəvi güc verir, irəliyə
doğru hərəkət əzmini artırır.
Heydər Əliyev də
dünyanın bütün azərbaycanlıları
üçün Azərbaycanın coğrafi məkanında,
milli təfəkkür, milli adət-ənənələr,
milli təhsil-tərbiyə mühitində ən yüksək
məqama çatmış mükəmməl insan nümunəsidir!
Hər bir azərbaycanlı uğur əldə etməyi də,
uğursuzluqla qarşılaşan zaman buna mətanətlə
duruş gətirməyi də, həyatı cani-könüldən
sevməyi də onun hər bir gözlənilməzliyinə
hazır olmağı da məhz Heydər Əliyevin həyatından
öyrənə bilər!
İstedad və iradə Heydər
Əliyev şəxsiyyətinin ali keyfiyyətləri
idi. Bu keyfiyyətləri onun özünə
qarşı son dərəcə sərt tələbkarlığı
və mütəşəkkilliyi tamamlayırdı.
Xalqla bu qədər vəhdət, birgəlik, yəqin ki,
çox az dövlət adamına nəsib
olur. O, təmsil etdiyi xalqın simasını, istək və
arzularını, ideyalarını, məqsədlərini
öz obrazında yüksək mütəşəkkilliklə
əks etdirə bilmişdi.
Heydər Əliyevi dinləyərkən
onda xalqı görürdün!
Onun qərarlarında
xalqın arzularını, məqsədlərini duyub hiss
edirdin. Onunla insanlar hər zaman arxayın idilər, sabahdan bədgüman
deyildilər, onların taleyinə görə çətin məsuliyyət
hissinin daşınmasını Heydər Əliyevin öhdəsinə
buraxmışdılar. Çünki Heydər
Əliyevin heç bir qərarında onları
yanıltmayacağı düşüncəsi vardı, vətəndaşların
içində.
Onun simasında böyük
siyasətçinin peyğəmbər uzaqgörənliyi və
sərkərdə şücaəti cəmləşirdi. Dərin savada
və fitrətən incə estetik duyuma malik idi. Heydər Əliyev yüksək ədalət və
alicənablıq keyfiyyətlərini də özündə
birləşdirmişdi. O, qətiyyən kinli deyildi. Bilmədən səhv edənləri də
bağışlamağı bacarırdı. Amma simasızlar, təmənna güdənlər,
şəxsi mənfəəti naminə Azərbaycan
xalqının, dövlətinin maraqlarını satanlar onun mərhəmətinə
ümid bəsləyə bilməzdilər.
***
Heydər Əliyev yüksək
savada malik ziyalı, müdrik dövlət adamı kimi həyatı
boyu çox nəzərəriyyələr oxuyub öyrənmişdi,
çox ideyalara vaqif olmuşdu. Amma bütün bu nəzəriyyələrin,
ideyaların onu gətirib çıxardığı bir nəticə
vardı: milli amil bütün ideyalardan, nəzəriyyələrdən,
şüar və prinsiplərdən öndədir. Bunu tarix özü də sübuta yetirdi və
yaşadığımız dünyanın reallıqları
içində hər gün də sübuta yetirməkdədir.
Ona görə də Heydər Əliyev
xalqın milli ideyalar mühitində səfərbərliyi
prosesinə hələ ötən əsrin 60-cı illərinin
sonunda Azərbaycana birinci rəhbərliyi dövründə
başlamışdı.
Heydər Əliyevin Azərbaycana rəhbər
təyin edildiyi 1969-cu il SSRİ-nin
özü üçün gərgin bir dövr idi. Cəmi
bir il əvvəl Çexoslovakiyada məşhur
"Praqa baharı" yaşanmışdı. Gərginlik odunu ənənəvi olaraq qanla səngitmək
üçün sovet tankları bu ölkəyə daxil
olmuşdu. Kreml eyni vəziyyətin əvvəl-axır
15 müttəfiq ölkədə də
yaşanacağından əndişələnirdi. Çünki imperiyanın daha çox xammal mənbəyi
kimi baxdığı Azərbaycan kimi milli respublikalarda, vəziyyət
o qədər də ürəkaçan deyildi. Cəmiyyətin sosial-iqtisadi həyatının
bütün sahələrində geriləmələr
müşahidə edilirdi. Bunun
müqabilində mərkəzdənqaçma təzahürü
ilə nəticələnə biləcək milli əhval-ruhiyyənin
yaranması təhlükəsi güclənirdi.
Azərbaycanın rəhbəri
vəzifəsinə Heydər Əliyev kimi bacarıqlı və
inanılmış kadrın təyin olunması bu təmayüllərin
aradan qaldırılması məqsədindən irəli gəlirdi. Amma Heydər Əliyev
özünün böyük dövlətçilik məharəti,
müdrikliyi sayəsində bu missiyaya tamam başqa istiqamət
verdi. O, həmin illərdə Azərbaycan
cəmiyyətində müşahidə edilən gərginliklərin,
əslində millətçilikdən deyil, korrupsiyadan, haqq-ədalət
meyarlarının itməsindən, dəyərlərin
aşınmasından irəli gəldiyinə Kremli inandırdı.
Faktiki olaraq millətçiliyə qarşı
mübarizə missiyasını korrupsiyaya, ədalətsizliyə
qarşı mübarizə missiyasına çevirdi.
Milli ruhun oyanışına isə təkan verdi,
bu prosesin insanlara ziyan gətirməyəcək, onları
repressiyalarla üz-üzə qoymayacaq bir tərzdə, daha
böyük faydalarla müşayiət olunacaq bir şəkildə
aram-aram inkişafını təmin etdi.
Beləliklə, 1969-cu il
iyulun 14-dən Azərbaycan tarixinin Heydər Əliyev
dövrü başlandı. Elə bir dövrü ki, sovet
quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan
bütün məhdudiyyətləri və
çatışmazlıqları ilə bərabər,
respublikanın sosial, iqtisadi və mədəni
inkişafında əvvəllər görünməyən
sıçrayışlarla, ən başlıcası isə
xalqın mənəvi intibahı, oyanış proseslərinin
dərinləşməsi, milli özünüdərkin
kütləvi şəkildə oyanması ilə xarakterizə
olunurdu.
***
Heydər Əliyevin o illərdə
gördüyü işlərlə Azərbaycanı müstəqillik
dövrünə hazırladığını, bir neçə
ildən sonra ölkənin öz istiqlalını elan etməsi
planına hazırlıq gördüyünü iddia etmək
tarixin kobud təhrifi olardı. Məsələ
burasındadır ki, Heydər Əliyev ömrün gənclik
çağlarından inandığı kommunist partiyasına
da heç zaman xəyanət yolu tutmamışdı. Əsl ideya adamı kimi bu siyasi ideologiyaya sədaqət
hissini də onun çöküşünü görənə
qədər qorumuşdu. Heç müstəqil
Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə
də kimsə Heydər Əliyevin dilindən keçmişə
ittiham dolu bir kəlmə belə eşitmədi. Heydər Əliyev, öz keçmişinin
bütün məqamlarına sahib çıxdı, bir
ömrün, bir xalqın tarixi kimi daim uca tutdu, dəyərləndirdi.
Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illər İkinci Dünya
savaşını qələbə ilə başa vurmuş
SSRİ-nin öz yetmiş illik tarixindəki ən
güclü, dünyanı hərbə-zorba dili ilə
qorxutduğu vaxtları idi. Ona görə də SSRİ-nin cəmi
bir neçə ildən sonra param-parça olacağını,
milli respublikaların müstəqillik əldə edəcəklərini
o dövrdə heç kim xəyal edə
bilməzdi. Azərbaycanın sosial-iqtisadi yüksəlişinin
təmin olunması, milli ruhun oyanışı, milli kadr
potensialının formalaşması yönündə işlərə
isə Heydər Əliyev o illərdə ona görə o qədər
böyük əzmlə zəhmət sərf edirdi ki, bunların tarixin bütün
dövrlərində Azərbaycana lazım olduğunu,
lazım olacağını fərq edirdi.
Heydər Əliyev onda da
hesab edirdi ki, azərbaycanlılar dünyanın ən
yaxşı yaşayan xalqlarından biri olmalıdırlar. Onda da
düşünürdü ki, Azərbaycanın sözü, səsi
ədəbi incilərimizin, milli musiqi sərvətimizin
işığında dünyanı dolaşmalıdır.
Yer üzündə Azərbaycan adlı bir
dövlətin, bir xalqın varlığından hər kəs
xəbər tutmalıdır. Azərbaycan
xalqı zamanın ən böyük elm adamlarını,
şair və yazıçılarını, rəssamlarını,
musiqi xadimlərini, müəllimlərini, həkimlərini,
mühəndislərini yetirməlidir. Azərbaycanlılar
sırasından ən peşəkar hərbçilər
çıxmalıdır, azərbaycanlı gənclər hərbçiliyi
də gələcək sənət arzusuna çevirməlidirlər.
Azərbaycan balaları o illərin imkanları çərçivəsində
SSRİ-nin ən nüfuzlu ali məktəblərində
təhsil almalıdırlar. Azərbaycanın
ictimai fikir tarixində böyük rolu olmuş insanların
xatirəsi uca tutulmalıdır, milli-mənəvi dəyərlər
göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan dili hər bir azərbaycanlının təfəkkür
dili olmalıdır. Ən gözəl
memarlıq abidələri Azərbaycanda
ucaldılmalıdır, ən xoş, ən rahat həyat Azərbaycanda
olmalıdır. İnsanlar Azərbaycanda
yaşamalarından zövq almalıdırlar, burada həyat
yaşamaq üçün bir dəyərə çevrilməlidir.
İndi bütün
bunların adını millətçilik və ya nə istəyiriksə
qoya bilərik, amma reallıq budur ki, Heydər Əliyevin
zaman-zaman gerçəkləşdirdiyi bu arzularda sovet
ideologiyasının ümumi prinsiplərinə zidd heç nə
yox idi. Zatən, bəlli ideologiyanın irəli
sürdüyü əsas hədəf də dünyanı
insanlar üçün bir cənnətə çevirmək
deyildimi?!
Heydər Əliyevinsə
böyüklüyü onda idi ki, o, bütün bunların,
sadəcə, kağızlarda, gurultulu manifestlərdə
öz əksini tapmış utopik arzular deyil, gerçək
olması, ən azı Azərbaycan boyda məkan hüdudunda
arzulardan reallığa dönüşməsi
üçün gecə-gündüz bilmədən
çalışırdı və buna zərrə-zərrə
nail olurdu.
O, həmin illərdə
gördüyü işlərlə cəmiyyət
qarşısında Azərbaycan xalqının tarix və mədəniyyətinin
dərin qatlarını açdı, bu da insanlarda öz millətinə
böyük qürur hissi yaratdı, milli özünüdərk
meyarını yüksəltdi. Heydər
Əliyev Azərbaycan insanlarının nəzərində
dövlətin onlara xidmət edən, onların qulluğunda
dayanan, hər bir çətinliklərində onların
yanında olan, öz vətəndaşlarının səsini
eşidib harayına yetişən bir təsisat obrazını
formalaşdırdı.
Qədərdə isə
bütün bunların müstəqil Azərbaycan
Respublikasına doğru aparan yolun yeni bir
başlanğıcına, müstəqilliyimizin sarsılmaz
özülünə çevrilməsi qisməti də
varmış.
Müstəqil Azərbaycan dövlətinin bu
bünövrə üzərində qərar tutub gələcəyə
doğru istiqamətlənməsini təmin etmək də yenə
onun taleyinə yazılıbmış.
***
Heydər Əliyev Moskvadan
Naxçıvana Allahın verdiyi ömür payını o
ömrün başlandığı bu doğma məkanda
sakitcə yaşamaq məramı ilə
qayıtmışdı. Amma həyat, hadisələrin axarı,
bütün ruhu ilə bağlı olduğu xalqın durumu və
müstəqilliyini yenicə əldə etmiş fidan
ömürlü dövlətin gələcəyi ilə
bağlı böyük fəhmlə gördüyü təhlükələr
ömrün davamına öz təshihlərini etdi.
Azərbaycanın tarixi zərurət
kimi qazandığı dövlət müstəqilliyinin ilk
illərində başımıza gələnlər barədə
çox geniş söhbət açmaq, bütün
bunların günahkarlarının əməl dəftərini
sətir-sətir sərf-nəzər etmək olar. Amma illərin bu
üzündən baxanda o insanların
yanlışlarını, xalqa çəkdirdiklərini bəlli
bir əsasla tarixə buraxmaq, onların xalq
qarşısındakı günahlarının
bağışlanmasını zamandan təvəqqe etmək də
mümkündür: bu insanlar, sadəcə olaraq,
bacarmırdılar, müstəqil dövlət və
ümumiyyətlə, dövlət haqqında təsəvvürləri
yox idi, müstəqil dövlətin necə idarə edilməli
olduğunu bilmirdilər, dövlətçilik təfəkküründən
xali idilər və bir çoxlarının mövqeyində
şəxsi maraqlar aparıcı idi.
Bütün
bunlar üzündən cəmiyyətdə baş verənlər
Azərbaycanın parçalanmasından, ölkədə vətəndaş
müharibəsinin baş verməsindən heç də az təhlükəli olmayan bir tendensiyanı
gündəmə gətirirdi. İnsanlar cəmi bir neçə
il əvvəl uğrunda meydanlara axışdıqları,
şəhidlər verdikləri müstəqillikdən bədgüman
olmağa başlamışdılar. Sosial-iqtisadi
vəziyyətin getdikcə ağırlaşması, ailələrin
çörəklə imtahana çəkilməsi, sovet
dövründəki xoş günlərin yenidən geri
dönməsini bir çoxlarının ümumi xiffətinə
çevirmişdi.
Heydər Əliyevin hakimiyyət rəhbərliyinə
qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən,
vətəndaş müharibəsi qorxusundan hifz etməklə
bərabər, cəmiyyətdəki məlum xiffəti, zərərli
sovet nostaljisini də tədricən aradan qaldırdı,
insanlarda müstəqillik, hüquqi dövlət, ölkənin
inkişaf yolu, azad bazar iqtisadiyyatının prinsipləri barədə
aydın təsəvvür formalaşmağa başladı.
Ölkənin müstəqilliyinin təməlini onun
sosial-iqtisadi müstəqilliyində görən ulu öndərin
həyata keçirdiyi strateji inkişaf kursunun uğurları
insanların gündəlik dolanışığında,
süfrəsindəki ruzinin bolluğunda, əyin-başında,
maraqlarında, tələbatlarında, istirahət və əyləncəsində
özünü büruzə verdikcə həyatlarının
müəyyən bir dövrü sovet quruluşunda
keçmiş cəmiyyət üzvləri fərqində
oldular ki, onların illərdən bəri can atdıqları,
övladlarının gələcəyi üçün
arzuladıqları əyyam, quruluş elə məhz bu
imiş.
Heydər Əliyevin müstəqillik
dövründə Azərbaycan xalqı, dövləti
üçün gördüyü işlər mahiyyət etibarilə onun sovet dövründə Vətənimizin
rifahı naminə apardığı ardıcıl fəaliyyətdən
fərqlənmirdi, sadəcə olaraq, Azərbaycan indi öz
taleyinin, halal sərvətlərinin sahibinə
çevrilmişdi və bu üstünlüyün verdiyi
güc zamanında mümkünsüz görünənləri
də mümkün edirdi. Bu imkanlar içində
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
tərəqqisi üçün bir insanın həyatı
boyunca bir dövlət üçün edə biləcəyi
hər şeyi etdi və ömrünün ən möhtəşəm
əsərini əmin əllərə tapşırıb
rahatlıq hissi ilə dünyadan köçdü.
İnsanın övladları onun
arzularının davamıdır!
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev də ulu öndərin
milli dövlətçilik arzularının
davamçısı oldu...
Onun bütün arzularını
göyərtdi, qol-qanad verdi. Dövlət
təsisatlarının imkanları, ulu öndərin
ideyalarından güc alan Heydər Əliyev Fondunun, Azərbaycanın
birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın dəstəyi ilə Azərbaycanı Heydər
Əliyevin bir zamanlar xəyallarında təsvirlənmiş
günlərə çatdırdı, müstəqil dövlətimizi
Yer üzündə layiq olduğu ucalığa yüksəltdi,
səsimizi, ünümüzü bütün bəşəriyyətə
yetirdi.
***
Zahirən bir-birinə çox bənzəyən
bu iki ifadə arasında bir dünya qədər məzmun fərqi
var: üzünə ağ olmaq,
üzünü ağ etmək....
Birində doğma
övladın hansısa qəbahəti ilə səni
dünyaya gəlməyinə peşman edər, birində dillərdə
dastan olan xoş əməlləri ilə sənə
dünyanı bağışlar.
Heydər Əliyev heç zaman Azərbaycanın
üzünə ağ olmamışdı,
həmişə ali məqamlardan eşidilən sorağı
ilə dünyadakı bütün azərbaycanlıların
dost-düşmən yanında üzünü ağ,
başını uca etmişdi.
Tanrının bu nəcibliyə, bu
alicənablığa verdiyi ən böyük qiymət də,
yəqin ki, ulu öndərin ömrünün,
arzularının davamıdır - öz nəcib əməlləri
ilə, ucalara yüksəltdiyi Azərbaycanla tarix
qarşısında Ata üzünü ağ
edən doğma övlad...
Azərbaycanın milli
dövlətçilik tarixində kürsüdən "Azərbaycan
xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt
tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt
müstəqilliyimiz bu qədər möhkəm
olmamışdır. Biz hamımız bundan sonra da
çalışmalıyıq və
çalışacağıq ki, ölkəmizi inkişaf
etdirək, müstəqilliyimizi əbədi, dönməz edək"
- deyə dünyaya səslənən ilk Azərbaycan
Prezidenti...
Qürur dolu bu kəlmələri
dinləyincə düşünürdüm ki, əgər o an sevinc yaşları ilə dolmuş gözlərim
Heydər Əliyevin aydın çöhrəsinə baxsaydı,
onun üzünün ağlığında gələcəyin
xoşbəxt Azərbaycanının gülümsədiyini
görə bilərdim...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan/-2013.-
12 dekabr.- S.7.