Çıraqlarımız
sönməyəcək
Gəncə Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixə çevrilmiş unudulmaz anları, təsirli səhnələri özündə əks etdirən videoçarx nümayiş olundu.
Elmi-praktik konfransı giriş sözü ilə tədris işləri üzrə prorektor, professor Yusif Yusibov açdı. O, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın siyasi, iqtisadi sahələrdə inkişafı, mühüm transmilli layihələrin həyata keçirilməsi sayəsində ölkəmizin Qafqazda lider dövlətə çevrilməsi, müasir dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsi haqqında danışaraq sözü məruzəçilərə verdi.
Tarix-coğrafiya fakültəsinin dekanı, professor Həsənbala Sadıqov "Heydər Əliyev dünya miqyaslı siyasətçi kimi" məruzəsində ulu öndərin anım gününü onun yolunu davam etdirənlərin hesabat günü adlandırdı. Alim ən risqli qərarları belə qəbul edib uğurla həyata keçirən Heydər Əliyevin dünya şöhrətindən, dahi strateqin göstərdiyi yolla gedən Azərbaycanın uğurlarından bəhs etdi. Professor H.Sadıqov dedi: "Məhz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya siyasət qatarının arxasınca baxanlardan deyil, onun idarə edicilərindən biridir". H.Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini xüsusi ilə vurğuladı.
Azərbaycan tarixi kafedrasının müdiri,
dosent Emma Aslanova "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
memarıdır" adlı
məruzəsində ulu
öndərin 1990-cı il 20 Yanvar faciəsindən
sonra Vətəninə
qayıtmasından, əvvəlcə
Naxçıvanda, 1993-cü ildən isə Azərbaycanda dövlət
quruculuğu sahəsində
gördüyü qlobal
işlərdən bəhs
etdi.
Ümumi tarix kafedrasının müdiri, dosent Vüsalə Veysəlovanın "Heydər Əliyev Azərbaycan təhsilinin hamisidır" adlı məruzəsində fenomenal şəxsiyyət olan Heydər Əliyevin hakimiyyəti illərində ölkədə təhsilin inkişafı, yenidən qurulması faktları ışıqlandırıldı. Azərbaycan dili ilə bağlı verdiyi fərmanlardan ayrıca bəhs edildi və göstərildi ki, bu gün təhsil sahəsində Heydər Əliyev siyasəti ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sosial fənlər kafedrasının müdiri, dosent Cavad Tağıyevin "Heydər Əliyev fenomenal rəhbərdir" adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılandı. Dosent C.Tağıyev ümummilli liderin siyasi və iqtisadi strategiyasının son dərəcə böyük uzaqgörənliyə əsaslandığını və qarşıya çıxan maneələri dəf etməklə onların müvəffəqiyyətlə həyata keçirildiyini xüsusi vurğuladı, "Əsrin müqaviləsi"nin bağlanması ilə əlaqədar çətinliklərin necə aradan qaldırılması haqqında faktları konfrans iştirakçılarına çatdırdı.
Məruzəçilərdən sonra ilk söz alan pedaqoji fakültənin dekanı, dosent Bayram Apoyev çıxışına "Azərbaycan səmasında doğan günəş" adlandırdığı Heydər Əliyev haqqında şeiri ilə başladı, ulu öndərin dahi Azərbaycan şairi Nizami Gəncəvini dünyada tanıtmaq üçün həm sovet, həm də müstəqillik dövründə gördüyü işlərdən danışdı, Nizami Gəncəvi ilə bağlı tədqiqatından bir faktı da açıqlayaraq: "Heydər Əliyev 1993-2000-ci illərdə - 7 il ərzində öz çıxışları zamanı 140 dəfə Nizami Gəncəvidən bəhs etmişdir" - dedi. Bayram müəllim gənclik illərinə aid maraqlı bir xatirəni danışaraq ulu öndərin sadə xalq nümayəndələrinə olan qayğıkeş münasibəti haqqında daha bir ibrətamiz fakta toxundu.
Filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov ulu öndər Heydər Əliyevin ən böyük xidmətinin azərbaycançılıq ideologiyasını hazırlayıb xalqa aşılamasından ibarət olduğunu vurğuladı.
İqtisadiyyat və idarəetmə fakültəsinin
dekan əvəzi, dosent Əli Allahverdiyev sosial-iqtisadi inkişaf modelinin banisi kimi ulu
öndərin
iqtisadi sahədə
həyata keçirdiyi
kompleks islahatların miqyasından və əhəmiyyətindən, Azərbaycan
iqtisadiyyatının sürətli
inkişafının dünya
tərəfindən etiraf
edildiyindən; hamıya,
xüsusən də gənc nəslə xüsusi proqram-strategiya yaradıb məqsədə
çatmaq nümunəsi
göstərməsindən bəhs etdi.
Musiqi fənləri
kafedrasının müdiri,
professor Sevda Qurbanəliyeva Heydər Əliyevin mədəniyyətimizə,
o cümlədən musiqimizə
verdiyi qiymətdən
danışdı.
YAP universitet təşkilatınin sədri,
baş müəllim Cavid
Bağırzadə Heydər
Əliyevin həmişə
vətəni üçün
çalışdığını, hətta sovet dövründə dövlət
tapşırığı ilə Şərq ölkələrində olduğu
zaman gərginliyə baxmayaraq Hələbə gedib Nəsiminin qəbrini ziyarət etməsini yada saldı.
Elm və texnika üzrə prorektor, dosent Pərvin Kərimzadə bildirdi ki, Heydər Əliyev 2 ixtisas sahibi idi: memar və tarixçi. Ulu öndər memar kimi yeni, müstəqil Azərbaycan dövlətini qurdu, tarixçi kimi Azərbaycan tarixini yazdı. "Dünyanın 3 məşhur siyasətçisinin: Atatürk, Şarl de Qol və Adenauerin gördüyü işləri o təkbaşına gördü - ölkəni parçalanmaqdan qorudu, iqtisadi böhrandan çıxardı, müasir dövlət qurdu" - söyləyən dosent P.Kərimzadə həm də Heydər Əliyevin son çıxışını yada salaraq: "Heydər Əliyev ömrünün son dəqiqələrinədək ayaq üstə dik dayandı ki, vətəni qoruyanlar Ali Baş Komandanın əyilməz olduğunu görsünlər" - dedi.
Prorektor Yusif Yusibov konfransda yekun sözü söylərkən yenə
də ulu öndərin son çıxışındakı
axırıncı cümləni
xatırlatdı:
- Ulu öndərin son sözləri "Çıraqlarınız sönməsin" - oldu. Biz əminik ki, Heydər Əliyevin siyasi kursu ilə inamla addımlayan Azərbaycanın çıraqları heç vaxt sönməyəcək.
Firəngiz
İDRISQIZI,
GDU-nun "Yüksəliş" qəzetinin
əməkdaşı
Azərbaycan/-2013.- 12 dekabr.- S.12.