Azərbaycan xarici
işlər nazirinin İslam
Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat
orqanı
olan
«OIC Journal» jurnalında müsahibəsi
dərc edilmişdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun
İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) rəsmi mətbuat orqanı olan "OIC
Journal" jurnalının son nömrəsində müsahibəsi
dərc edilmişdir.
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən
AzərTAc-a bildirilmişdir
ki, jurnal İƏT-in
Xarici İşlər
Nazirləri Şurasının
dekabrın 9-11-də Qvineyada
keçirilən 40-cı sessiyasında
təqdim olunmuşdur.
Əvvəlcə nazir müsahibədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və ölkəmizin quruma sədrliyi ilə əlaqədar sualı cavablandırmışdır. O, dünyanın 155 dövlətinin dəstəyi ilə Təhlükəsizlik Şurasına iki illik müddətə qeyri-daimi üzv seçilən Azərbaycanın əsas məqsədinin BMT-nin Nizamnaməsinə uyğun olaraq ədalətin və beynəlxalq hüququn aliliyinin qorunması olduğunu söyləmişdir. Nazir Azərbaycanın bu müddət ərzində iki dəfə Şuraya sədrlik etdiyini bildirmişdir.
Elmar Məmmədyarov Azərbaycanın Təhlükəsizlik Şurasına birinci sədrliyinin 2012-ci ilin mayında həyata keçirildiyini diqqətə çatdırmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə terrorizmə qarşı mübarizə sahəsində Şuranın yüksək səviyyəli iclasının keçirildiyini qeyd etmişdir. Nazir 2013-cü ilin oktyabr ayına təsadüf edən ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə qurumun "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda xüsusi iclasının keçirildiyini xatırlatmışdır.
Nazir Azərbaycanın Şurada fəaliyyəti və sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün qəbul edilmiş qətnamələr və sənədlər barədə də məlumat vermişdir. O, Azərbaycanın sədrliyi dövründə Təhlükəsizlik Şurası üzvlərinin Afrikaya səfərini və Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyətlə əlaqədar həyata keçirilən tədbirləri və səmərəli fəaliyyəti qeyd etmişdir.
Azərbaycanın İƏT çərçivəsində
aktiv fəaliyyəti,
dinlər və sivilizasiyalararası dialoqda
rolu barədə sualı cavablandıran nazir ölkəmizin islam sivilizasiyasının
ayrılmaz bir hissəsi olduğunu və onun mütərəqqi
irsini bölüşdüyünü
diqqətə çatdırmışdır.
E.Məmmədyarov İƏT ölkələri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritetlərindən
biri olduğunu vurğulamış və
təşkilat çərçivəsində
rəsmi Bakı tərəfindən görülmüş
işlər barədə
məlumat vermişdir.
Sivilizasiyalararası dialoq məsələsinə toxunan Elmar Məmmədyarov sülh şəraitində birgə yanaşı yaşama və dözümlüyün Azərbaycan xalqının tarixən həyat tərzi olduğunu qeyd etmişdir. O, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq üzrə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkəyə çevrildiyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında sualı cavablandırarkən nazir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və həmin ərazilərdə etnik, mədəni və dini əsasda dəhşətli "təmizləmə" siyasətinin yürüdüldüyünü diqqətə çatdırmışdır. Nazir İƏT-ə üzv dövlətlərin Ermənistanın işğalçılıq siyasətini kəskin şəkildə pisləməklə qətiyyətli mövqe nümayiş etdirdiklərini və Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etdiklərini xatırlatmış, bu qətiyyətli mövqenin İƏT ölkələrinin Qahirə Zirvə toplantısının sənədlərində də öz əksini tapdığını bildirmişdir. E.Məmmədyarov İƏT ölkələrinin bu mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır. O əlavə etmişdir ki, İƏT-in Qahirə Zirvə toplantısının yekun sənədində dövlət və hökumət başçıları tərəfindən Xocalı hadisələri soyqırımı aktı və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmiş və üzv dövlətlər onun tanınmasına çağırılmışlar.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri
İƏT-in baş katibi
kimi vəzifə müddəti bitən Ekmələddin İhsanoğlunun
fəaliyyətinin yüksək
qiymətləndirildiyini qeyd
etmiş və ona gələcək fəaliyyətində uğurlar
arzulamışdır. Nazir
Azərbaycanın yeni baş
katib İyad Əl-Mədəni
ilə də eyni əzmlə sıx əməkdaşlıq
edəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan.-2013.- 12 dekabr.- S.14.