Heydər Əliyev
Fondunun təşkilatçılığı
ilə Miluz şəhərində Məhsəti
Gəncəvinin
yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və konsert
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin
dəstəyi ilə dekabrın 10-da
Miluz şəhərində
müsəlman intibahının
parlaq nümayəndəsi,
ilk Azərbaycan şairəsi
və qadın şahmatçısı Məhsəti
Gəncəvinin yaradıcılığının
900 illiyinə həsr
olunmuş sərgi və konsert təşkil edilmişdir.
Miluzun Tanpl San-Etyen kilsəsində təşkil
olunan konsertin aparıcısı Alen Tremoliyer Qafqazın mirvarisi Azərbaycanın Cənubi Qafqazda qədim İpək Yolunun üzərində, Şərq ilə Qərb arasındakı strateji qovşaqda yerləşdiyini,
bəşəriyyətin beşiklərindən
biri kimi dəyərləndirilən zərdüştlüyün
vətəni olduğunu
xatırlatmışdır.
Azərbaycanın dünya ədəbiyyatına və
musiqisinə dahilər
bəxş etdiyini diqqətə çatdıran
aparıcı Şərq
aləmində ilk demokratik
respublikanın da ölkəmizdə qurulduğunu,
1918-ci ildə qadınlara
seçki hüququnun
verildiyini, müsəlman
dünyasında ilk dünyəvi
teatrın, operanın,
baletin və milli akademiyanın yarandığını, yeraltı
sərvətlərlə yanaşı,
tarixi və mədəni irslə zəngin olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, Azərbaycan
ilə Fransa arasında mədəni əlaqələrin özünəməxsus
tarixi kökləri vardır. Böyük fransız
yazıçısı Aleksandr
Dümanın (Ata) XIX əsrin ikinci yarısında Azərbaycana səyahəti,
Jorj Sandın məşhur "Koroğlu" epik
poemasını fransız dilinə tərcümə etməsi,
XX əsrin əvvəllərində Parisdə "Qafqaz" məcmuəsinin çap
olunması, azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevanın Fransada
yaşayıb-yaratması və nəhayət Fransanın ictimai-siyasi həyatında mühüm
rol oynayan Prezident Şarl de Qolla Əhmədiyyə
Cəbrayılovun görüşü
xalqlarımız arasındakı dostluğun
parlaq nümunəsidir.
Tarixən yaranan dostluq əlaqələri Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə bu gün
də davam edir və möhkəmlənir. Azərbaycanın
fransızlara daha yaxından
tanıdılması istiqamətində fondun
Fransada keçirdiyi mədəni
tədbirlər təqdirəlayiq hadisədir.
Keçən
ay Reymsdə, bu gün Miluzda Azərbaycanın görkəmli
şairəsi Məhsəti
Gəncəvinin yaradıcılığının
900 illiyi münasibətilə təşkil olunan sərgi və konsert fondun Fransada həyata keçirdiyi mədəni
tədbirlərin davamıdır.
Aparıcı Məhsəti Gəncəvinin
Azərbaycanın ikinci
böyük şəhəri
qədim Gəncədə
yaşayıb-yaratdığını, Qafqazda ilk dəfə Gəncənin 2016-cı il üçün
"Avropanın gənclər
paytaxtı" seçildiyini
bildirmişdir.
Tədbirdə çıxış edən
Yuxarı-Alzas Universitetinin
ədəbiyyat fakültəsinin
dekanı xanım
Greta-Komur-Thilloy Məhsəti Gəncəvi
yaradıcılığının əsas məziyyətlərindən danışmış,
azərbaycanlı şairənin
əsərlərində bəşəri
ideyalardan söhbət
açdığını diqqətə çatdırmışdır.
"Xocalı-613"
əsərinin bəstəkarı
Pyer Tilua çıxışında Azərbaycanın
qədim və zəngin mədəniyyətə
malik olduğunu vurğulamış, xalqımıza
məxsus ayrı-ayrı
musiqi alətləri barədə tamaşaçılara
məlumat vermişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Miluzda təşkil olunan konsert və sərginin dahi Azərbaycan şairəsi Məhsəti
Gəncəvinin yaradıcılığının
900 illiyinə həsr
olunduğunu diqqətə
çatdırmış, Heydər
Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə Fransanın müxtəlif
regionlarında, o cümlədən
Miluzda mədəni tədbirlərin keçirildiyini,
bu konsert və sərginin
2013-cü il üçün
nəzərdə tutulmuş
tədbirlərdən biri
olduğunu bildirmişdir.
Sonra incəsənət
ustalarının ifasında Azərbaycan bəstəkarlarının
əsərləri, Məhsəti Gəncəvinin sözlərinə
bəstələnmiş mahnılar və xalq
yaradıcılığı nümunələri səslənmişdir.
Fransanın müasir tipli "Fundari" sarayında Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illiyi münasibətilə
təşkil olunan sərgini açan Yuxarı-Alzas Universitetinin rektoru xanım Kristin Gangloff
Ziegler Gəncədə
səfərdə olduğunu
və görkəmli şairənin abidəsinə
baş çəkdiyini,
onun xalqı tərəfindən yüksək
hisslərlə yad edildiyini xatırlatmış,
rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycan
Dövlət Aqrar, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetləri ilə əməkdaşlıq
perspektivlərindən və
tələbə mübadiləsi
imkanlarından söhbət
açmışdır.
Miluz şəhərinin meri Jan
Rottner iki xalq arasında dostluq əlaqələrinin
inkişafında bu cür sərgi və konsertlərin təşkilinin mühüm
rol oynadığını,
bu istiqamətdə Heydər Əliyev Fondunun Fransada Azərbaycanı tanıtmaq
baxımından həyata
keçirdiyi mədəni
tədbirləri yüksək
qiymətləndirmiş, ölkələrimiz
arasında əməkdaşlıqda
iqtisadi əlaqələrlə
yanaşı, mədəni
əlaqələrin də
mühüm rol oynadığını qeyd
etmişdir.
Səfir Elçin Əmirbəyov Məhsəti Gəncəvinin
Şərq intibahının
böyük mədəniyyət
mərkəzlərindən biri olan Azərbaycanın
ikinci böyük şəhəri Gəncədə
doğulduğunu və
bu şəhərdə
yaşayıb-yaratdığını, Gəncənin dünya mədəniyyətinə Nizami
Gəncəvi kimi düha bəxş etdiyini xatırlatmış,
şairənin öz fikirlərini açıq
şəkildə bildirən
Şərq qadınlarından
biri olduğunu, yaşadığı cəmiyyətdə
qadın problemini və rolunu ortaya qoyduğunu,
yaradıcılığının əsas qayəsini bərabərlik, qardaşlıq və azadlıq kimi bəşəri ideyalar təşkil etdiyini vurğulamışdır.
M.Gəncəvinin yalnız şairə
deyil, eyni zamanda fəal bir qadın olduğunu diqqətə çatdıran səfir onun gənc qızları ətrafına
toplayıb ədəbi
dərnək yaratdığını,
onların arasında öz dövrünün tanınmış şairələrinin
də yetişdiyini bəyan etmişdir.
E.Əmirbəyov şairənin əsərlərində
əks olunan ideyaların və fikirlərin səsləndiyi
vaxtdan 900 il keçməsinə baxmayaraq,
həmin ideyaların bu gün də
aktuallığını itirmədiyini bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin yaradıcılığının
900 illik yubileyi ilə bağlı Sərəncam imzaladığını
diqqətə çatdıran
səfir birinci xanım Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun şairəni dünya ictimaiyyətinə yaxından
tanıtmaq məqsədi
ilə onun fars və ərəb
dillərində yazdığı
əsərlərin xarici
dillərdə nəşr
etdirməsindən danışmışdır.
E.Əmirbəyov Parisdə, Reymsdə və Miluzda təşkil olunan sərgilərdə Məhsəti
Gəncəvinin yaşadığı
dövrə məxsus
eksponatların nümayiş
olunduğunu bildirmişdir.
Konsert və sərgidə Miluz meriyasının və Alzas bölgəsinin
rəsmiləri, deputatlar,
senatorlar, şəhər
ictimaiyyətinin nümayəndələri,
Azərbaycanın və
Türkiyənin diaspor
təşkilatlarının təmsilçiləri iştirak
etmişlər.
Qeyd edək ki, tədbirə
marağın böyük
olmasında Miluz şəhərindəki tramvayların
üzərində Məhsəti
Gəncəvinin şəklinin
və sərgi barədə afişanın
yerləşdirilməsi də
mühüm rol oynamışdır.
Sərgi dekabrın 20-dək davam
edəcəkdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Miluz
Azərbaycan.-2013.- 12 dekabr.- S.15.