Ulu öndər Heydər
Əliyevin əziz xatirəsi
qədirbilən
xalqımızın qəlbində əbədi
yaşayacaqdır
Azərbaycan Prezidenti İlham Əliyev
ümummilli
lider Heydər
Əliyevin məzarını ziyarət etmişdir
Müasir
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, dünya şöhrətli siyasi xadim,
xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından
on il keçir. Ulu öndər Heydər Əliyev misilsiz
xidmətlərinə görə hər zaman
Vətəni, xalqı üçün əziz
olaraq qalacaqdır. Bu böyük insan öz xidmətləri ilə hələ
sağlığında ikən tarixin
yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz
rəhbər, qüdrətli dövlət
başçısı, fədakar insan, əfsanəvi
şəxsiyyət, ulu öndər, ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli
övladı kimi qalmışdır və
qalacaqdır.
Dahi
şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu
Azərbaycan xalqının ümummilli liderinə, dünya
siyasətinin nəhənglərindən birinə
çevirmişdir. Ona görə də Azərbaycan xalqı bu
böyük övladı ilə haqlı olaraq öyünür. "Mənim həyat amalım bütün
varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni
inkişafına xidmət olmuşdur",
- deyən ulu öndər Heydər
Əliyev 30 ildən artıq bir müddətdə
- istər sovet dövründə,
istərsə də müstəqillik illərində qüdrəti
və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı
dünya dövlətləri
sırasında layiqli yerə
çıxarmışdır. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu
dövrdə ulu öndərimiz tərəfindən
görülən böyük işlərin,
onun həyata keçirdiyi
xilaskarlıq və quruculuq
missiyalarının məntiqi nəticəsidir ki,
bu gün
xalqımız demokratik və hüquqi bir dövlətdə
yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün
təminatları yaratmış, ən başlıcası isə
siyasi və iqtisadi
müstəqilliyə nail olmuşdur.
Azərbaycanın
dahi oğlu Heydər Əliyevin əbədiyyətə
qovuşmasından sonra hər il olduğu kimi, ulu öndərin
vəfatının onuncu ildönümü günü -
dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın
rayon və şəhərlərinin nümayəndələri
Fəxri xiyabanda xalqımızın ümummilli liderinin xatirəsini
dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər,
gül dəstələri qoyur, müdrik dövlət xadiminə
Allah-Taaladan rəhmət diləyirdilər.
Dekabrın
12-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək,
xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını
ziyarət etdilər.
Milli Məclisin
deputatları, nazirlər, komitə, şirkət və idarə
rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri
də Fəxri xiyabana gəlmişdilər.
Prezident
İlham Əliyev ulu öndərin məzarı önünə
əklil qoydu.
Azərbaycanın
dövlət himni səsləndi.
Dövlət
başçısı və ailə üzvləri ulu öndərin
ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı
üzərinə gül dəstələri qoydular.
Tanınmış
dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan
Əliyevin də xatirələri yad edildi, məzarları
üstünə gül dəstələri düzüldü.
Ümummilli
lider Heydər Əliyevin məzarının ziyarət edilməsi
mərasimində Milli Məclisin Sədri Oqtay Əsədov,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və
digər rəsmi şəxslər iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2013.-13 dekabr.-S.1.