Azərbaycan Prezidenti
İlham Əliyevin adından ümummilli lider
Heydər Əliyevin
vəfatı günü
ilə əlaqədar
ehsan verilmişdir
Dekabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin adından ümummilli liderin vəfatı günü ilə əlaqədar ehsan verilmişdir.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkəmizin
bütün şəhər
və rayonlarından ictimaiyyətin nümayəndələri
mərasimdə iştirak
etmişlər.
Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.
Dövlət
başçısı mərasimdə çıxış etdi.
Prezident
İlham Əliyevin çıxışı
- Bu gün ulu öndər Heydər
Əliyevin anım günüdür. On il bundan əvvəl Vətən
öz böyük oğlunu itirmişdir. Ancaq bu on ilin hər
bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili
olmuşdur. Çünki bu on ildə Heydər Əliyev siyasəti
davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
Heydər Əliyev böyük
tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın
qurucusudur, onun banisidir. Azərbaycan 1991-ci ildə Sovet
İttifaqının dağılması nəticəsində
dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq
1993-cü ilə qədər Azərbaycanı müstəqil
dövlət saymaq düzgün olmazdı. Müstəqil
dövlətin bir neçə əlaməti vardır ki,
onların heç biri Azərbaycanda yox idi. Azərbaycan
müstəqil xarici siyasət apara bilmirdi, başqa dövlətlərin
təsiri altında idi. Müstəqil iqtisadiyyat, demək olar
ki, yox idi, ümumiyyətlə, iqtisadiyyat
dağılmış vəziyyətdə idi. Dövlətçiliyin
əsasları yaradılmamışdı. Belə olan halda Azərbaycanı
1993-cü ilə qədər müstəqil dövlət
saymaq düzgün olmazdı.
Məhz Heydər Əliyevin
müdrikliyi, siyasəti nəticəsində Azərbaycan,
sözün əsl mənasında, müstəqil dövlətə
çevrilmişdir. Ona görə biz hamımız haqlı
olaraq Heydər Əliyevi Azərbaycanın dövlət
müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər
Əliyevin tarix, xalq qarşısında gördüyü
işlər içərisində bu, ən böyük xidmətdir.
1993-cü ildə Azərbaycan
xalqı böyük müdriklik göstərmiş, ölkəmiz,
xalqımız üçün ən ağır anlarda Heydər
Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət
etmişdir. Nə üçün? Bir neçə səbəb
var idi. İlk növbədə, Heydər Əliyevin
1970-1980-ci illərdə gördüyü işlər
xalqın yaddaşında yaşayırdı. Azərbaycan
1970-ci ilə qədər sovet məkanında ən geridə
qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti
nəticəsində 1980-ci illərin əvvəllərində
sovet miqyasında ən qabaqcıl respublikaya
çevrilmişdi. O illər xalqın yaddaşında
yaşayırdı. Eyni zamanda, xalqımız
üçün ən ağır anlarda Heydər Əliyev
daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o,
öz haqq səsini ucaltmışdır. O vaxt Sovet
İttifaqının süqutuna hələ iki il vaxt
qalmışdı. Ancaq Heydər Əliyev öz cəsarətli
səsini ucaltmışdır, sovet rəhbərliyinin bu cinayətini
pisləmişdir, onu qınamışdır. Sovet rəhbərliyini
ittiham etmişdir, Kommunist Partiyasından imtina etmişdir, onun
sıralarını tərk etmişdir və əsl liderlik
keyfiyyətləri nümayiş etdirmişdir. Məhz Heydər
Əliyevin qərarı ilə Azərbaycanın milli
bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı Naxçıvanda dövlət
bayrağı kimi elan edilmişdir.
Bütün bunlar onu göstərir
ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər
Əliyev bütün dövrlərdə əsl lider, əsl
öndər idi. Məhz buna görə 1993-cü ildə -
xalqımızın ən ağır anlarında xalq ona
üz tutmuş, hakimiyyətə dəvət etmiş və
ondan sonra Azərbaycanın sabitlik və inkişaf
dövrü başlamışdır. Dövlətçiliyin
əsasları qoyuldu, müstəqil Azərbaycanın
Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan
beynəlxalq aləmdə öz möhkəm yerini tuta
bilmişdir. Ölkə daxilində aparılan islahatlar ölkəmizin
inkişafını təmin etmişdir. Azərbaycan dövləti
çox dərin milli köklər, milli dəyərlər
üzərində qurulmuşdur. 1993-2003-cü illərdə
Azərbaycanın sürətli inkişafı bugünkü
reallıqları da təmin etmişdir. Məhz o illərdə
aparılan siyasət nəticəsində Azərbaycan
inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə
daxili siyasətlə bağlı olan bütün məsələlərdə
öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada
böyük hörmətə malik oldu. Ölkə daxilində
başlanan islahatlar dövlətimiz üçün həlledici
rol oynamışdır.
Ondan
sonrakı dövrdə də Heydər Əliyev siyasəti
davam etdirilmişdir. 2003-2013-cü illərdə Azərbaycan
dünya miqyasında ən sürətlə inkişaf edən
ölkə kimi tarixdə qalmışdır. Bu
inkişafın təməli məhz ulu öndər tərəfindən
qoyulmuşdur. Sadəcə olaraq, biz ulu öndərin siyasətinə
sadiq qalaraq onun siyasətini yaşatmışıq, zənginləşdirmişik
və Azərbaycanı inamla irəliyə
aparmışıq.
Son on il ərzində istənilən
istiqamət üzrə böyük nailiyyətlər, nəticələr,
uğurlar vardır. Azərbaycan dünya birliyinin böyük
dəstəyi ilə dünyanın ən mötəbər
qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv
seçilmişdir. Azərbaycan iqtisadi sahədə dünya
miqyasında ən sürətlə inkişaf edən ölkə
olmuşdur. Bütün istiqamətlər üzrə nəticələr
göz qabağındadır. Bakı dünyanın ən
gözəl şəhərlərindən birinə
çevrilmişdir. Bizim rayonlarımızın
abadlaşması proqramı uğurla icra edilmişdir.
Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları uğurla icra edilmişdir. Biz kosmik dövlətə
çevrilmişik. Artıq Azərbaycan peyki fəzaya
qaldırılmışdır. Biz energetika, nəqliyyat sahələrində
ölkəmiz üçün, dünya üçün vacib
olan layihələri icra etmişik ki, bu layihələr
xalqımızın, ölkəmizin uğurlu yaşaması
üçün bundan sonra onilliklər ərzində xidmət
göstərəcəkdir.
Bütün bu nailiyyətlərin əldə
edilməsində başlıca şərt Heydər Əliyev
siyasətinə olan sədaqətimizdir. On il bundan əvvəl
Azərbaycan xalqına söz vermişdim ki, əgər mənə
etimad göstərilərsə, mən bu siyasətə sadiq
qalacağam, bu yoldan dönməyəcəyəm. Şadam ki,
verilən bütün sözlər həyatda öz əksini
tapmışdır. On il ərzində Heydər Əliyev siyasəti
yaşadı, inkişaf etdi, Heydər Əliyevin əziz xatirəsi
Azərbaycan xalqının qəlbində yaşadı.
Son 20 il ərzində Azərbaycanın
əldə etdiyi uğurlar bu gün dünyada öyrənilir,
tədqiq edilir, müxtəlif məqalələr, elmi əsərlər
yaradılır və Azərbaycanın uğurlu
inkişafının sirləri araşdırılır. Mənə
dəfələrlə bu məsələlərlə
bağlı suallar verilir ki, Azərbaycan son illər ərzində
belə böyük inkişafa necə nail ola bilmişdir?!
Əlbəttə ki, bu barədə
çox danışmaq olar. Bu gün, sadəcə olaraq, demək
istəyirdim ki, öz xalqına bağlı olmaq, xalqı sevmək
lazımdır. Dövlətə bağlı olmaq
lazımdır. Müstəqilliyi hər şeydən
üstün tutmaq lazımdır və Heydər Əliyev kimi
lider olmaq, ona oxşamaq lazımdır. O, öz müdrikliyi, cəsarəti
ilə Azərbaycan xalqının sevgisini
qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan
xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi,
dövlət maraqlarını, xalqımızın, dövlətimizin
maraqlarını qoruyacaq və xalqımızın
inkişafı ilə bağlı ən düzgün qərar
verəcəkdir. Xalqın inamı ona əlavə güc
verirdi. Ona imkan verirdi ki, ölkə maraqlarını daha da
böyük uğurla müdafiə etsin. Xalqla iqtidar
arasındakı birlik bizim uğurlarımızın əsas səbəbidir.
Çünki bizim siyasətimizin təməlində Azərbaycan
xalqı, Azərbaycan vətəndaşı, onun problemləri,
onun qayğıları dayanır. Belə olan halda, əlbəttə
ki, uğurlar da olacaqdır. Düşünülmüş
siyasət aparılmalıdır, xalqla iqtidar arasındakı
birlik möhkəm olmalıdır və əlbəttə ki,
müasir dünyada, dünya xəritəsində layiqli yer
tutmaq üçün cəsarətli siyasət
aparılmalıdır.
Bütün bunları biz Heydər
Əliyevdən öyrənmişik, öyrənirik, öyrənəcəyik.
Gənc nəsil də vətənpərvərlik ruhunda tərbiyə
alır. Gənc nəsil də gələcəkdə bu yolla
getməlidir. Heydər Əliyev siyasəti davam etdirilməlidir. Ölkəmizin
xoşbəxt gələcəyi üçün bu siyasətin
alternativi yoxdur. Mən bunu on il bundan əvvəl demişəm,
bu gün də deyirəm və həyat bunu təsdiq etdi.
Əgər Azərbaycan 1993-cü
ildə, yaxud da ki, 2003-cü ildə başqa yolla getsəydi,
ölkəmizi böyük faciələr gözləyərdi.
Bizim üstünlüyümüz, xoşbəxtliyimiz ondan
ibarətdir ki, Azərbaycan xalqı həlledici anlarda
müdriklik göstərərək düzgün seçim
etmişdir və bu seçimə sadiqdir. Bu seçim bizim gələcək
uğurlarımızı da təmin edəcəkdir.
Bu gün bu ehsan mərasimi Heydər
Əliyevin adını daşıyan bu möhtəşəm
mərkəzdə keçirilir. Bu mərkəz dünya
miqyasında ən gözəl və ən əzəmətli
binalardan biridir. Bu mərkəz Heydər Əliyevin xatirəsinə
abidədir. Ancaq Heydər Əliyevin xatirəsinə ən
böyük abidə müstəqil Azərbaycan dövlətidir.
Bu gün burada hər bir rayondan
nümayəndələr, ziyalılar, ağsaqqallar,
tanınmış insanlar əyləşiblər. Bu gün
bütün Azərbaycan buradadır. Ölkəmizin hər
bir rayonunda bu gün ehsanlar verilir, ulu öndər yad edilir. Bu
gün kədərli bir gündür. On il bundan əvvəl
Azərbaycan öz böyük oğlunu itirmişdir. Eyni
zamanda, bu gün milli birlik, milli həmrəylik
günüdür. Çünki bu gün Azərbaycan
xalqı Heydər Əliyev siyasəti ətrafında, onun
ideyaları ətrafında daha da sıx birləşmişdir.
Əminəm ki, gələcəkdə
bu siyasət uğurla davam etdiriləcəkdir. Bizim
qarşımızda bütün yollar, bütün
üfüqlər açıqdır, aydındır. Biz irəliyə
gedirik, inkişafa doğru gedirik, bundan sonra da Azərbaycanı
Heydər Əliyev siyasəti ilə idarə edəcəyik,
Azərbaycan xalqının xoşbəxt gələcəyini
bundan sonra da təmin edəcəyik. Allah ulu öndərə
rəhmət etsin.
*
* *
Sonra ehsan süfrəsi
açıldı.
*
* *
AzərTAc
Azərbaycan.-2013.-13 dekabr.-S.2.