Azərbaycan Prezidenti İlham Əliyevin
adından ümummilli
lider Heydər
Əliyevin vəfatı günü ilə əlaqədar ehsan
verilmişdir
Daha sonra Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
şeyxülislam Allahşükür
PAŞAZADƏ çıxış edərək dedi:
-
Bismillahir-rəhmanir-rəhim.
Zati-aliləri,
möhtərəm Prezident İlham Əliyev həzrətləri.
Möhtərəm
Mehriban xanım.
Hörmətli
məclis əhli, qonaqlar.
Dünya
tarixində elə şəxsiyyətlər vardır ki, o
şəxsiyyətlər təkcə öz xalqına, millətinə
deyil, bütün bəşəriyyətə mənsub olurlar
və bəşəriyyət onlardan örnək alır. Belə
şəxsiyyətlərdən biri də ulu öndər Heydər
Əliyev həzrətləri idi.
Heydər
Əliyev həzrətləri ictimai-siyasi həyatın
bütün sahələrində böyük zirvələr fəth
etmişdir. Bu, bizim üçün sirr deyil, yaxın vaxtlarda biz hamımız
bunun şahidi olmuşuq ki, Azərbaycanda milli
qırğın, aclıq, hətta Azərbaycanın
parçalanması gündəlikdə idi. Allahın köməyi,
xalqın dəstəyi və çağırışı
ilə Heydər Əliyev həzrətləri ikinci dəfə
Azərbaycana qayıtdı. Nəinki Azərbaycanı
parçalanmaqdan qurtardı, yeni Azərbaycanın tarixini
yazdı, yaratdı. Bu gün də bu siyasət onun
davamçıları tərəfindən davam etdirilir.
Ulu
öndər on ildir ki, cismən bizdən ayrıdır, amma
ruhən bizimlədir. Onun dediyi sözlər, onun arzuları,
göstərdiyi yol, bizə öyrətdiyi dövlətçilik
məktəbi, həyat verdiyi müstəqillik yaşayır və
yaşamaqdadır. Əlbəttə ki, Azərbaycan 20 il əvvəlki
Azərbaycan deyildir. Azərbaycan bu gün dünyada
tanınmış qüdrətli dövlətlərdən
birinə çevrilmişdir. Əlbəttə, biz bu nailiyyətləri
dövlətimizin rəhbərinin sayəsində əldə
etmişik.
Məni
bir məsələ də çox sevindirir ki, dövlətin
təməli nə qədər möhkəmlənirsə, nə
qədər qüdrətli olursa, dövlətimizin rəhbəri
mənəvi həyata da çox böyük önəm
verir. Dünən Gürcüstandan, həmçinin Dərbənddən
Krasnodara qədər dini liderlər mənə zəng etdilər,
Prezident həzrətləri, Sizə və bütün Azərbaycan
xalqına başsağlığı verdilər. Onlar bu anım
gününü qeyd edirlər, Quran oxunur, dualar edilir. Əlbəttə,
tarix budur. Tarixi yaradanlar özləri də sonra tarixə
çevrilirlər. Bu gün Heydər Əliyev həzrətlərinin
özü bizim üçün bir tarixdir. Bayaq Prezident həzrətləri
buyurdu, bu əzəmətli binanın özü də Heydər
Əliyev həzrətlərinin adını
daşıyır. Əlbəttə, bu, onun xatirəsinin əbədiləşdirilməsi
deməkdir.
Dünyada
Heydər Əliyevin arzularının gerçəkləşməsində
dövlətçiliyimizi, irsimizi, mədəniyyətimizi
dünya səviyyəsinə qaldıran Heydər Əliyev
Fondunun və Mehriban xanımın böyük zəhmətləri
vardır. Allah-Taala ona bu işdə yardımçı olsun.
Mən
bir məsələni də demək istəyirəm. Burada həmişə
dövlət tədbirləri keçirilir. Dövlət rəhbərləri,
prezidentlər burada olur, konfranslar keçirilir. Amma mən bir
sirri də sizə açmaq istərdim ki, Prezidentimizlə məsləhətləşəndə
ulu öndərin xatirəsini, anım gününü burada
keçirməyi məsləhət gördü. Dedi, mən
adi insanlarla, ağsaqqallarla, ağbirçəklərlə,
möminlərlə birlikdə süfrə arxasında əyləşmək
istəyirəm. Bu, Prezidentimizin dinindən, dilindən, milliyyətindən
asılı olmayaraq, bütün Azərbaycan xalqının
Prezidenti olmasının daha bir dəlilidir.
Bu mənəvi
həyatı, Prezident həzrətləri, bizə
yaşatdığınıza görə mən bütün
buradakı iştirakçılar adından Sizə minnətdarlığımı
bildirirəm. Bu, bizim yadımızdan çıxmaz. Bu, bizim
üçün böyük bir tarixdir. Allah-Taala Sizin
verdiyiniz bu ehsanları qəbul etsin, inşallah! Allah-Taala ulu
öndər Heydər Əliyev həzrətlərinə rəhmət
etsin! Allah-Taala onun
ömür-gün yoldaşı Zərifə xanıma rəhmət
etsin! Allah-Taala bütün şəhidlərə rəhmət
etsin!
Amma ulu
öndərin böyük arzularından biri də Qarabağ
torpaqlarının azad olunması idi. Allah-Taala bizə
Prezidentimizin rəhbərliyi ilə tezliklə o torpaqların
azadlığını və oralarda da anım günü
keçirməyi nəsib etsin.
Bir daha mən
Allah-Taaladan ulu öndərə rəhmət diləyirəm.
Bütün Azərbaycan xalqına dövlətimizin rəhbəri
başda olmaqla xoşbəxtlik arzu edirəm.
* * *
Ehsan mərasimi
şeyxülislam Allahşükür Paşazadənin Fatihə
surəsini oxuması ilə başa çatdı.
Azərbaycan.-2013.-13 dekabr.-S.2.