Xalq məhəbbətinin təntənəsi
Zamanın sərt sınaqlarından əzmlə çıxaraq xalqın sevimlisinə çevrilmək, ucalığa yüksəlmək çoxlarına nəsib olmayan xoşbəxtlikdir. Xalqımızın ümummilli lideri, ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyatı örnəyə çevrilən ulu öndər Heydər Əliyev məhz bu zirvəyə çatıb. Millətimizin olduqca mürəkkəb və taleyüklü qayğılarını çiyninə alan ulu öndər Heydər Əliyev xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixə öz imzasını şərəflə yazdı.
Ulu öndər respublikada istər birinci, istərsə də ikinci dəfə hakimiyyətdə olduğu dövrlərdə əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməlləri, əməli fəaliyyəti ilə təsdiq etdi. Ulu öndərin yalnız özünəxas cəsarəti, möhkəm iradəsi, əsl liderə məxsus bacarığı ilə qısa zamanda Ermənistanın təcavüzünün qarşısını almaq üçün ön cəbhədə atəşkəsə nail olması, dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, dünyaya səpələnmiş soydaşlarımızın birliyini yaratması onun tarixi xidmətləridir. Bunlardan ən vacibi isə dünyanın aparıcı dövlətlərinin strateji maraqlarını Azərbaycanın mənafeyi istiqamətində birləşdirməyə nail olması idi. Ulu öndər bunu da öz iradəsinə və siyasi təfəkkürünə sığınaraq bacardı. İctimai-siyasi fəaliyyətini, daha doğrusu, mənalı ömrünün bir qərinədən artıq dövrünü xalqımızın və müstəqil dövlətimizin inkişafına həsr edən, bu yolda misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyev zamanın tarixini yaradan və yaşadan, onun fövqündə dayanmağı bacaran, dövlət idarəçiliyini kamil bilən fenomen kimi yaddaşlara yazıldı.
...Düz on il bundan öncə də paytaxt Bakı beləcə sükut, qüssə, kədərə bürünmüşdü. O zaman hüznlü baxışlardan, kədərdən, qəhər və qüssədən qaynayan göz yaşları yanaqları yandırırdısa da, bu dəfə ziyarətçilər qürurla irəliləyirdilər Fəxri xiyabana doğru. Çünki ulu öndərin qurub-yaratdığı müstəqil Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqazda, hətta inkişaf sürətinə görə dünyanın aparıcı dövlətləri sırasındadır. Müəyyənləşdirdiyi siyasi kurs isə dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ziyarətə gələnlərin yaş fərqləri də onu göstərirdi ki, xalqın qəlbində əbədi məşəl yandıranlar cismən uzaqlaşır, haqqın dərgahına qovuşurlar, onlar mənən yaşayır və əbədiyyət simvoluna çevrilirlər. Qışın şaxtası-sazağına baxmayaraq, dekabrın 12-də Fəxri xiyabana üz tutub ulu öndərin müqəddəs məzarını ziyarətə gələnlərin ardı- arası kəsilmirdi. Gecəyə kimi davam edən ziyarət ulu öndərə xalq məhəbbətinin təntənəsi idi.
Bu ümumxalq və ümummilli məhəbbətin şahidinə çevrilənlərin arasında əcnəbilər də az deyildi. İstər ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, istərsə Azərbaycanın füsunkar təbiətinin gözəlliyini gözləri ilə görməyə gələnlər də ziyarətçilərin arasında idilər. Yaşından və vəzifəsindən asılı olmayaraq, ölkənin minlərlə vətəndaşı (nəinki paytaxt sakinləri, dünən respublikamızın ayrı-ayrı bölgələrindən ziyarətə gələnlər də az deyildi) ulu öndərə sonsuz məhəbbətini ifadə etmək üçün Fəxri xiyabana üz tutmuşdular...
Ziyarətçi məcburi köçkün Məzahir Səfərov 2003-cü ildən bu günədək dövlətimizin keçdiyi inkişaf yolundan, qazandığı uğur və nailiyyətlərdən söz açaraq bildirdi ki, Azərbaycanın regionda lider dövlətə çevrilməsi, həyat və fəaliyyətini bütünlüklə müstəqil respublikamızın çiçəklənməsinə, onun dünya birliyində layiqli yer tutmasına yönəltmiş ulu öndər Heydər Əliyevin xidmətidir. Ümummilli lider Azərbaycanın sivil dövlət kimi inkişafının əsasını qoydu. Çətin yol keçmiş Azərbaycanın bugünkü inkişafına baxanda böyük qürur hissi keçirirsən. Ölkəmiz heç vaxt görünməmiş qüdrətli bir inkişafa nail olub. Bizim hər birimizin bu ziyarəti ölkə vətəndaşının Vətənə və dövlətinin qurucusuna əbədi ehtiramı deməkdir.
Ziyarətə gələnlərdən biri, kapitan Əkrəm Şadmanov hərbi qulluqçu olduğunu bildirdi. O, ulu öndərin Azərbaycan Ordusunun yaradılması və formalaşması istiqamətində göstərdiyi xidmətlərdən danışdı: "Xalqımızın tarixində ulu öndərin misilsiz xidmətləri danılmazdır. Keçmiş sovetlər dövründə Azərbaycan kimi bir müsəlman respublikasında hərbi kadrlar hazırlayan milli məktəbin yaradılması mümkün deyildi. Yazılmamış qanunlara görə, belə məktəblər yalnız Rusiya, Ukrayna və Belorusiyada ola bilərdi. Lakin Heydər Əliyev mərkəzin qoyduğu bütün qadağa və maneələri aşaraq Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin açılmasına nail oldu. 1973-cü ildə Bakıda C.Naxçıvanski adına ilk hərbi məktəbin açılışını etdi. Beləliklə də respublikada hərbi kadrların yetişdirilməsinin təməli qoyuldu. Hərb sənətinə ölkədə maraq oyandı, gənclər arasında bu sahəyə üz tutanların sayı artdı. Bu məktəb sonralar Azərbaycanda milli ordu quruculuğunda əvəzsiz rol oynadı. Keçmişə boylananda ulu öndər Heydər Əliyevin nə qədər öncəgörən olduğunu müəyyən edirsən. Bizim borcumuz isə, əlbəttə, Vətənə məhz ulu öndərin nümunə göstərdiyi kimi xidmət etmək, yeni nəsil hərbçilər yetişdirməkdir".
Dünən diqqət çəkən məqamlardan biri də ziyarətçilərin əksəriyyətinin kollektiv halında gəlmələri idi. "Aztelekom" İstehsalat Birliyinin əməkdaşlarından Səlim Məmmədov, Aydın Nəsibov, "Aztelekom" İstehsalat Birliyi gənclər təşkilatının üzvləri Sona Əfəndiyeva ilə Aysel Həsənli bildirdilər ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrlərə nəzər salsaq, görərik ki, hər iki dövrdə ölkəmiz böhranlı vəziyyətdə olub. Lakin sonradan Azərbaycan sürətli inkişaf yoluna çıxıb.
Sona Əfəndiyavanın söylədiklərindən: "Müstəqil Azərbaycan dövlətinin gəncliyini təmsil etdiyim üçün qürur hissi keçirirəm. Dövlətimizin gənclər siyasəti bu gün çox uğurla və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan gənci elmi və intellektual dünyagörüşü ilə dünyadakı həmyaşıdları arasında seçilir. Dünyanın ən aparıcı ali təhsil ocaqlarında elmin müasir nailiyyətlərini öyrənən gənclik gələcəyin kadrlarıdır. Bu potensiala diqqət yetirən dövlət rəhbərimizlə fəxr duyuruq. Həm də ona görə ki, Prezident, öz ətrafında vətənpərvər gəncləri birləşdirən Yeni Azərbaycan Partiyasının lideridir. Biz gənclik ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla və məqsədyönlü şəkildə davam etdirən liderimiz - Azərbaycan Prezidenti ilə Vətənimizi daha da inkişaf etdirəcəyik. Bu uğurlar isə erməni təcavüzünə məruz qalmış torpaqlarımızın azad olunmasında vacib faktorlardan biridir. Bunu düşmən tərəfin gəncliyi də artıq etiraf etmək məcburiyyətindədir".
Həmsöhbətimiz Rəsul Lələkişiyev ailəsi (həyat yoldaşı Ülviyyə və 5 yaşlı oğlu Rinadla) Gəncədən gəldiklərini bildirdi. O, ixtisasca müəllimdir. Ulu öndərə əbədi ehtiramının sübutudur ki, ailəsi ilə birlikdə hər il ziyarətə gəlir. Bildirdi ki, bu gün saysız-hesabsız ziyarətçilərdən biri olmağından qürur hissi keçirir. Axı, gənclərin azad, müstəqil ölkənin vətəndaşları olması məhz ulu öndərin davam etdirilən siyasəti ilə mümkün olub. Gənclər fəxr edir ki, xalqımızın belə böyük şəxsiyyəti var: "Dünya xalqları da ümummilli liderimizin şəxsiyyətinə dərin ehtiram göstərir. Ulu öndər Heydər Əliyev müəllimə böyük dəyər verirdi. Hər dəfə çıxışlarında təhsil məsələsinə toxunur, müəllim sənətini yüksək qiymətləndirirdi. Dəfələrlə müəllimlərin əməkhaqlarını artırmışdı. Ən yüksək keçid balı ilə ali məktəblərə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi də məhz ulu öndərin təşəbbüslərindən biridir. Cənab Prezident İlham Əliyev ulu öndərin təhsilə və müəllimlərə göstərdiyi qayğını bu gün çox uğurla davam etdirir. Son illər ölkəmizdə, xüsusən də rayonlarda və kəndlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yüzlərlə yeni məktəb binası tikilib. Burada gördüyümüz izdiham, qələbəlik isə dahi öndərin bu gün də milyonların qəlbində yaşamasının sübutudur. Şagirdlərin də ziyarətçilərin arasında olması bir daha ümummilli liderin əbədiyaşarlığını göstərir.
Fatma Həsənova ziyarətə iki tələbə övladı ilə gəlmişdi. Dedi ki, bu ziyarət ailələr üçün çox müqəddəsdir. Qızı Mətanətlə oğlu Vüsal tələbədirlər: "İnsana verilən ömrü hər birimiz müxtəlif cür yaşayırıq. Amma ulu öndər hamıdan fərqli və ləyaqətli bir ömür sürdü. Ulu öndərin qaçqın və məcburi köçkünlərlə görüşlərinin dəfələrlə şahidi olmuşam. Ulu öndərin hər kəlməsi çox dəyərli və mənalı idi. Qızım Mətanət Həsənzadə Slavyan Universitetinin II, oğlum Vüsal isə Azərbaycan Tibb Universitetinin I kurs tələbəsidir. Övladlarımın hər ikisi də seçdikləri ali məktəblərə 600 baldan yuxarı göstərici ilə qəbul olunub. F.Həsənova bildirdi ki, müasir dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin müqəddəs məzarını daim ziyarət etməyi ailəlikcə özlərinə borc bilirlər".
Gənclərin hər ikisi ölkə başçısının uğurla davam etdirdiyi gənclər siyasətini bəyəndiklərini, həmyaşıdlarının isə bu kursu daim dəstəklədiklərini xüsusi vurğuladılar. Üstəlik, onu da əlavə etdilər ki, ulu öndər daim gənclərin ən yaxın dostu olub və bu gün Prezident İlham Əliyev də həmin siyasəti uğurla davam etdirir. Bu isə, əlbəttə, Azərbaycanın sabahı üçün olduqca vacib məsələdir.
Azərbaycan Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Həbib Misirov dedi ki,
xalqımızın xoş və firavan həyatına
ömrünü həsr edən ümummilli lider Heydər
Əliyevin böyük şəxsiyyət olması tariximizin bütün səhifələrində
özünü təsdiqləyir.
Emin və Elçin Əliyevlər və Bəhram Bəylərzadə ziyarətçi gənclərin sırasındadırlar. Emin Dənizçilik, qardaşı Elçin Aviasiya akademiyalarının, Bəhram isə Turizm İnstitutunun tələbələridir. Bəhram dedi: "Yetişən gəncliyin Heydər Əliyevin ideyaları ruhunda tərbiyə olunması, müdrik rəhbərimizin qurub-yaratdığı müstəqil dövlətimizin şanlı tarixinin onlara elmi əsaslarla mənimsədilməsi vacib məsələdir. Azərbaycan yaşadıqca ulu öndərin adı onunla qoşa çəkiləcək. Ulu öndərin misilsiz xidmətləri xalqımızın gözü önündədir. Biz ulu öndərin xalqa sədaqətli xidmət mədəniyyətinin təbliğatçılarına çevrilməli, vətəni onun kimi sevməli və sevdirməliyik. Gəncliyin üzərinə düşən şərəfli missiya isə Vətənə layiqli övlad olmaqdır. Biz buna nail olmağa çalışmalıyıq. Dövlətimizin gənclərə qayğısına yalnız bununla cavab verə bilərik".
Öz əməli, xilaskarlıq missiyası ilə tarixdə silinməz izlər qoymuş şəxsiyyətlər azdır. Amma hər xalqın, millətin təkamül tarixində belə şəxsiyyətlər olub. Kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqının köməyinə yetən ulu öndər Heydər Əliyev Azərbaycan tarixində silinməz izlər qoydu. Onun titanik fəaliyyəti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilir. Başqa xalqların, millətlərin əsrlərlə əldə etdiyini Azərbaycan xalqı bir neçə ilə gerçəkləşdirir.
...Ulu öndərin vəfatının onuncu ildönümü günü yalnız matəm libaslı deyildi. Ziyarətçilər belə qüdrətli dövlətin banisi olduğu üçün ümummilli liderlə daim fəxr edəcəklərini dilə gətirir, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, respublikamızın inkişafında öz əmək və zəhmətlərini bundan sonra da əsirgəməyəcəklərini əminliklə ifadə edirdilər.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2013.-13 dekabr.-S.4.